QƏLB VƏ QƏLBİN HALƏTLƏRİ - 7

:

KEÇMİŞDƏKİLƏR İBRƏTDİR
Keçmişdə baş verənləri mütaliə etmək ibrət üçün ən yaxşı yoldur. İncə tarixi faktlar insan ruhuna böyük təsir göstərir. İnsan bu tanışlıq nəticəsində hər şeydən əvvəl dünyanın müvəqqətiliyini anlayır. Qədim sultanlıqlar, saraylar, hökumətlər, şəxsiyyətlər fəna olduğu kimi, biz də fəna olasıyıq.

Dünya dayanacaq yeri yox, keçid yeridir. Necə tikilib başa gəldiyi hələ də məlum olmayan Misir ehramlarını (piramidalarını) yada salın. Bu ehramlarda yatan fironlar bir zaman hökm sahibi idilər. Hanı o qüdrətli insanlar? Onlar da başqa ölülər tək səsini çıxarmır. Eyş-işrət içində yaşayıb ölənlə fəqirlik içində dünyasını dəyişən arasında nə fərq görürsünüz? Bütün bu deyilənlər bizim də başımıza gələsidir. Dünyanın sonu ölümdür. Dünya həyatı əbədi, sonsuz deyil. Amma ölümdən sonrakı həyat əbədidir. Həmin həyatda heç nəyə, heç nəyə ölüm yoxdur.
Məsələn, bu dünyada sadə bir yanıq insanın ölümünə səbəb olur. Amma dünya odundan min dəfələrlə güclü cəhənnəm odu günahkara əzab versə də, heç vaxt onu yox etmir. Allah-taala buyurur: “...Dəriləri yanıb bişdikcə onları yenisi ilə əvəz edəcəyik ki, əzabı həmişə dadsınlar.” (“Nisa” ” surəsi, ayə: 56)
Başqa bir ayədə buyurulur ki, cəhənnəm əhli əzab mələyinə ölüm arzusu ilə müraciət edərlər. Amma onların istəyi rədd edilər. (“Zuxruf” surəsi, ayə: 77)

HANSI DÜNYA?
İnsan dünyanı axirətlə müqayisə etməli, onlar arasındakı fərqi müəyyənləşdirməlidir. Dünya ləzzətləri naminə axirət səadətindən keçməyə dəyərmi? Tutaq ki, insana fironlar səltənəti nəsib oldu, özü üçün ehram ucaltdı, Harun ər-Rəşidin hakimiyyətini əldə etdi, xəzinəsinin açarlarını daşımaq çətin oldu (“Qəsəs” surəsi, ayə: 76), xəstəlik və narahatlıqdan amanda qaldı. Məgər istənilən xoşbəxt dünya həyatını əbədi axirətlə bir tutmaq olarmı?! Axı, dünya həyatı nə qədər ləzzətli ötüşsə də, müvəqqətidir.
İnsanı dünya həyatını üstün tutmağa vadar edən dünyaya məftunluqdur. İnsan dünya nemətlərinə, dost-tanışlara nə qədər bağlı olarsa, dünyadan ayrılmaq da bir o qədər çətin olar. Əlbəttə ki, insan heç bir hazırlıq olmadan, tanımadığı bir yerə getmək istəmir. Amma ağılı heyrətə gətirən əbədi ləzzətləri qoyub, ötəri dünya nemətlərinə uymaq insaf deyil. Qurani-Kərim buyurur: “Əməllərinin mükafatı olaraq, möminlər üçün necə göz oxşayan nemətlər saxlandığını kimsə bilməz.” (“Səcdə” surəsi, ayə: 17)
Məgər müvəqqəti ləzzətə görə əbədi nemətlərə arxa çevirmək ağıllı işdirmi?! İnsan bütün dünya nemətlərinə sahib olsaydı belə, yenə də dünya axirətlə müqayisədə dəyərsiz olardı. Çünki dünyada nə varsa, müvəqqətidir. Bundan əlavə, dünya ləzzətləri ilə çiyin-çiyinə dünya bəlaları dayanır. Bu məsələ o qədər mühümdür ki, ona diqqətsizlik insanı əbədi cəhənnəmdə sakin edə bilər.
Bilirik ki, axirət aləmi əbədidir və hər birimiz ona qovuşasıyıq. Vəsiyyətnamənin müraciət etdiyi şəxs axirətə inamlı şəxsdir. Amma o bu məsələni arabir xatırlayır. Onu yaddan çıxarmamaq üçün hansısa bir iş görülməlidir. Bu etiqadı diri saxlamaq üçün keçmişdəkilərin həyatını, tarixi mütaliə etmək lazımdır. İnsanın bütün vücudu təsdiq etməlidir ki, dünya müvəqqəti dayanacaqdır. Ona görə də, Həzrət (ə) “qədimdəkilərin xəbərlərini qəlbinə ərz et” – deyə buyurur. Keçmişdəkilərin həyatından ibrət götürməklə büdrəmələrdən qorunmaq lazımdır. Vəsiyyətin mehvəri qəlbdir. İnsan üçün əsas da qəlbdir. Səadətə çatmaq istəyirsinizsə, qəlbinizi islah etməlisiniz. Problemlərinizi həll etmək üçün qəlbinizin problemlərini həll etməlisiniz. Həzrətin (ə) nə üçün qəlbi mehvər seçməsini bilməyimiz yaxşı olar. Nə üçün qəlb keçmişdə baş verənlərdən xəbərdar olmalıdır?
Bəzən insan bir şeyi oxuyub eşitsə də, ona səthi yanaşır, dərindən düşünmür. Məsələn, qəbir ziyarətinə getsə də, ölülər haqqında dərindən düşünmür. Sözsüz ki, bu sayaq müşahidə heç vəchlə qəlbə sirayət etmir. İnsan elə baxmalı, elə dinləməlidir ki, bu gedişdə qəlb iştirak etsin. İnsan gördükləri və eşitdikləri barədə düşünməli, həqiqəti dərk etməlidir. Ona görə də, keçmişin xəbərlərini qəlbən dinləmək tövsiyə olunur.

ƏTRAFA VƏ ÖZÜNƏ SƏFƏR
Vəsiyyətin ötən cümlələrində İmam (ə) keçmişin xəbərləri ilə tanış olmağı tövsiyə etdi. Sonra buyurur: “...Diyarlarını seyr et, nişanələrindən ibrət götür. Gör nə ediblər, haradan qalxıb, hara düşüblər...” Keçmişdən danışan şəhərləri gəzmək, keçmişin qalıqlarından ibrət götürmək tapşırılır. Onların hara getdiklərini, harada məskən saldıqlarını öyrənmək tövsiyə olunur. Bəli, insan diri iman üçün çalışmalı, bu yolda göz və qulaqdan istifadə etməli, tarixlə tanış olmalı, tarixin nişanələrini seyr etməlidir. Qədim insanların hansı işlər gördüyünü, hansı nəticələr əldə etdiyini, bir ömür zəhmətdən sonra hara getdiyini, kimlərdən ayrıldığını bilmək lazımdır. Onlar bir an ayrıla bilmədikləri əzizlərindən çox-çox uzaq düşdülər. Həzrət (ə) buyurur: “...Onda görərsən ki, öz dostlarından ayrılmış, tənhalığa çəkilmişlər.” Keçmişin nişanələrini gördükdən sonra anlayırsan ki, onlar ən əziz adamlarından ayrılmış, qərib olmuşlar. Axı, onlar əvvəllər yalnız dünya əhli ilə ünsiyyətdə olmuş, axirət əhlini tanımamışdılar. Yalnız dünya ilə əlaqədə olduqlarından indi tənhadırlar. Onlar qərib müsafir tək, düşdükləri yerdə heç kimi tanımırlar. Bütün bu səhnələri görüb, dərk etdikdən sonra sual yaranır ki, indi nə etməliyik? Onların aqibətinə düçar olmalı, yoxsa çıxış yolu axtarmalıyıq? Həzrət (ə) qaçılmaz aqibət barədə xəbərdarlıq edir: “Sanki sən də tezliklə onlardan olacaqsan.” Dünya həyatının sonu həmin nöqtədir.

HƏYAT YOLUNDAN ÖTÜŞMƏ
İnsan tarixi mütaliə etməklə, dünyanın vəfasızlığından, öz aqibətindən xəbərdar olduqdan sonra, şübhəsiz ki, çarə axtarmağa başlayır. İnsan həyat yolundan ötüb-keçməyə məcbur olduğunu anlayır. Bu yolda heç bir etibarlı dayanacaq yoxdur. Varlıq aləmi yarandığı gündən bu yolu gedir. Zamanın dövrü insan əlində deyil. İnsan istəsə də, istəməsə də zaman hərəkətdədir. Bəs? daim hərəkətdə olan insan hara üz tutub? Ey insan, harada dayanmaq istəyirsən? Sənin aqibətin necə olasıdır? Yolun ortasında sərmayəni, qazancı əldən vermək ağıllı işdirmi? Bu yoldakı çətinliklər hamıya aiddir. Həyat çətinliksiz ötüşmür. Xoş gün hamı üçün müvəqqətidir. Bəşəriyyətin taleyi belədirsə, kim özünü kənara çəkə bilər?! Həzrət (ə) buyurur: “Yerini islah və abad et, axirətini dünyaya satma.”

AXİRƏT DÜNYADAN ÜSTÜNDÜR
Dünyanı tanıdıqdan, onun müvəqqətiliyini bildikdən sonra əbədi axirəti bu ötəri dünyaya satmaq olarmı?! Araşdırma aparan hər bir insan bu müamilənin zərər olması qənaətinə gələsidir. Doğrudan da, əbədi axirəti beşgünlük dünyaya satmaq ağılsızlıq olardı.
Maraqlıdır ki, insanın görüb eşitməsi ilə onun qəlbi arasında nə kimi əlaqə vardır? Həzrət Əli (ə) keçmişdəkilərin başlarına gələnləri eşidib görməyi tövsiyə edirsə, demək, bu iş qəlb üçün çox təsirlidir. Etiraf etməliyik ki, bu bağlılığı olduğu kimi dərk etməkdə acizik.
Həzrət (ə) keçmişdəkilərin aqibətini öyrənməyimizi tapşırır. Olsun ki, bu tövsiyənin nəticəsində dünyanın ötəriliyini, ölümün labüdlüyünü dərk etməliyik. Beləcə, insan bütün diqqətini yola yox, məqsədə yönəltməlidir. Ona görə də, keçid yerini yox, mənzili abad etmək tapşırılır. İnsan bu dünyada müsafir kimidir. Dünya keçid, axirət isə mənzildir. “Axirətini dünyaya satma.” Qəlbin abadlaşdırılması göstərişini alan adama sanki yol göstərilir ki, bu iş göz və qulaq vasitəsi ilə yerinə yetirilməlidir. Çünki qəlbə təsir göstərən gözün gördüyü və qulağın eşitdiyidir. Göz faydalı səhnələr görsə, qulaq faydalı sözlər eşitsə, qəlb də abad olar. İbrətamiz səhnələrin müşahidəsi, ibrətamiz sözlər dinləmək qəlbi islah edir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Ardını buradan oxuyun

 

Tags: NƏHCÜL-BƏLAĞƏ, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!