SƏADƏT YOLU - 4

:

İSTİXARƏNİN MƏNASI
Əgər özü möhtac olan insana ağız açmaq ağılsızlıqdırsa, yalnız Allahdan istəmək lazımdır. Allahdan nə istəmək lazım olduğunu da bilmək lazımdır. Həzrət Əli (ə) belə tövsiyə edir: “Daim Allahdan xeyir istə.” Vəsiyyətin bu cümləsində “istixarə” sözü işlədilmişdir.

Bu söz üç mənada işlədilə bilər:
1. “Xeyir axtarışı” mənası. Bir iş görmək istəyərkən əvvəlcə götür-qoy edib, ən yaxşı yolu seçmək lazımdır. Bu mənada istixarə mümkün olan yollar arasından ən xeyirlisini, mövcud olan variantların ən üstününü seçməkdir. Əlbəttə ki, insan fitrətən, təbiətən də ən üstün şeyi seçməyə meyillidir.
2. Allahdan xeyir istəmək mənası. Daim xeyir axtaran insan, təbii ki, Allahdan da xeyir istəyəsidir.
3. Məlum üsullardan biri vasitəsi ilə ən məsləhətli, ən xeyirli yolun tapılması. Belə ki, insan ayə və rəvayətlərdə göstərilmiş üsullardan birinin vasitəsi ilə ən məsləhətli yolu tapıb, hərəkət edə bilər. Məsələn, Quran və ya təsbehin köməyi ilə müxtəlif yollar arasında ən faydalısını təyin etmək olar.
Qeyd olunan üç mənadan burada ən münasibi ikinci məna, yəni Allahdan daim xeyir istənilməsidir.

ŞƏRİƏT ƏHLİ ARASINDA İSTİXARƏ
Bəzi qaranlıq nöqtələrə aydınlıq gətirmək, şübhələri aradan qaldırmaq üçün istixarənin bugünkü anlamı haqqında bəzi məsələləri araşdırmaq münasib olardı:

1. İSTİXARƏNİN MÜNASİB YERİ
Bugünkü anlamda istixarədən o vaxt istifadə etmək olar ki, insan xeyirli yolu tapmaq üçün öz ağlından və başqalarının məsləhətindən faydalana bilmir. Yəni insan elə bir vəziyyətə düşür ki, nə edəcəyini bilmir və uyğun vəziyyətdən çıxmaq üçün istixarəyə əl atır. Xeyir yolu tapmaqda, aciz qalmış insan istixarə vasitəsi ilə Allahdan xeyir istəyir. Əlbəttə ki, Allah bu vaxt vəhy göndərmir ki, həqiqi xeyir haradadır. Sadəcə, insan istixarəni Allahla öz arasında vasitə seçir və deyir: “Pərvərdigara, mən bu işi Sənin razılıq əlamətin kimi nəzərdə tuturam, məni doğru, xeyirli yola yönəlt.” Ona görə də, istixarədən məəttəlçilikdən qurtulmaq üçün istifadə edilir. Ağıl və məsləhətin təsirli olduğu işlərdə istixarəyə üz tutmaq, istixarəni vərdişə çevirmək olmaz. Məsum imamlar (ə) bir rəvayət də olsun belə, ağıl və məsləhət əvəzinə istixarəni əsas götürməyi tövsiyə etməmişlər. Bəli, yalnız bütün yollar bağlı olduqda, insan çıxış yolu kimi istixarə edib, Allahdan xeyirli yol istəyə bilər.

2. İSTİXARƏ ÜÇÜN DƏLİL
Digər zəruri nöqtə istixarə üçün dəlilə malik olmaqdır. Yəni insan hansı dəlillə istixarə yolunu seçə bilər? Tərəddüddən qurtulmaq üçün istixarə edərkən xüsusi bir dəlilə ehtiyac yoxdur. Əql özü tərəddüdü insan üçün zərərli bildiyindən bu vəziyyətdən çıxış yolu tapılmasını zəruri sayır. Belə bir vəziyyətə düşmüş insan istənilən halal yolla vəziyyətdən çıxmalıdır. Belə bir məqamda istixarə özü məsləhətli sayılır. İstixarə duanın bir növüdür. İnsan istixarə vasitəsi ilə sanki deyir: “Pərvərdigara, qərarsızam, Sən isə hər şeydən agah, rəhimlisən. Xeyirli olan yolu mənə göstər.” Başqa sözlə, istixarə edən şəxs bir Quran ayəsini vasitə seçir ki, bu yolla nəyin Allah nəzərində xeyirli olduğunu öyrənsin. Allaha etimadlı olan, Onu alim və qadir bilən şəxs ərz edir: “Pərvərdigara mən dua edirəm, duamı qəbul et, xeyir yolu mənə göstər.” Allaha etimad göstərib, Ondan yol göstərməsini istəyən şəxs əmindir ki, Allah onu doğru yola yönəldəcəkdir. Beləcə, istixarə etmək üçün şəri dəlilimiz olmasa da, bu iş dinə zidd deyil. Çünki istixarədə sadəcə əlamət qəbul edərək deyirik: “Pərvərdigara, bu əlamət vasitəsi ilə mənə xeyir və şəri göstər.” Bu mövzuda daha artıq məlumat əldə etmək üçün “Biharul-ənvar” kitabına müraciət edə bilərsiniz. (“Biharul-ənvar”, c. 77, səh. 91)

3. İSTİXARƏNİN TƏRBİYƏVİ ƏHƏMİYYƏTİ
İnsanın qeyri-adi bir yolla həqiqətləri kəşf etməsi ilahi qayda deyil. Ruzi qazanmaq üçün minlərlə vasitə olduğu kimi, başqa ehtiyaclara çatmaq üçün də vasitələr mövcuddur. Allah hər bir bəndəsinin ruzisini onun evində də yetirə bilərdi və bu iş Onun üçün çətin deyil. Amma istənilən bir ehtiyacın ödənməsi üçün yollar qoyulmuşdur ki, insan çalışsın, səy göstərsin, dağların və dənizlərin təkindən nemətlər çıxarsın. Bu məsələnin bir çox faydaları vardır. O cümlədən, insanın təlaşı ictimai bağlılıqlar yaradır, onun üçün vəzifələr ortaya çıxır. Eləcə də, insan öz səyləri ilə imtahan verir və kamala doğru hərəkət edir. Bu baxımdan istixarə də bir təlaş, hərəkətdir. Əql və təcrübəsi yetərsiz olan insan tərəddüd burulğanından çıxmaq üçün istixarəyə əl atır. Əlbəttə ki, əvvəlcə mövcud qüvvələr işə salınmalıdır. Əql və təcrübədən, məsləhətdən faydalanmaq lazımdır. Bütün bunlardan nəticə çıxmadıqda, istixarə yolu açıqdır. Bir sözlə, yolayrıcında donub qalmaq olmaz. Möminin ən üstün cəhətlərindən biri onun çətinliklərə təslim olmamasıdır. Yəni mömin şəxs dənizin ortasında tənha qalsa belə məyus olmamalıdır. “Pərvərdigara, göndərdiyin hər bir yaxşılığa möhtacam” (“Qəsəs” surəsi, ayə: 24) – deyilməlidir.
Bəli, mömin üçün bağlı qapı yoxdur. O, ən çətin vaxtda Allahı çağırır: “Pərvərdigara, özün mənə bir yol göstər. Ya Quran, ya təsbeh vasitəsi ilə öz məsləhətini bildir.”
Demək, mömin şəxs digər vasitələrdən yararlana bilmədikdən sonra istixarəyə müraciət edir. Hər işə görə istixarəyə əl atmaq ilahi hikmətə, Peyğəmbər (s) və Əhli-beyt (ə) yoluna ziddir. Peyğəmbər (s) və məsum imamlar (ə) öz ardıcıllarını ağıl və məsləhət yolunu tərk edib, istixarə yolunu tutmağa çağırmamışlar. Əslində belə bir münasibət, istixarəni adətə çevirmək Allahın nemətlərinə qarşı küfrdür. Əql və məsləhət kimi nemətlərin inkarı heç zaman tövsiyə olunmamışdır. İnsanlar üçün əql və məsləhət kimi qapılar açıq olduğu halda, başqa vasitələrə əl atılmamalıdır. Məsələn, şəri hökmü istixarə yolu ilə yox, ictihad və təqlid yolu ilə öyrənmək lazımdır. İstixarə son anda məyusluqdan xilas qapısıdır. Son anda Allaha üz tutub dua etmək, yol istəmək təbiidir. Bəli, ağıl işlədiyi məsələdə istixarə yoxdur. İstixarə məyusluqdan qurtuluş yoludur, elmi bir məsələnin həlli yolu yox!

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Tags: QURAN, HƏDİS, NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!