ÜSTÜNLÜK TƏLƏBİNİN KÖKLƏRİ - 4

:

TƏRSLİK VƏ İNADKARLIĞIN KÖKLƏRİ VƏ NƏTİCƏLƏRİ
Həkim Loğman öz nəsihətlərindən birində buyurur: “Sizinlə məsələhətləşilən vaxt üç gün möhlət istəyin.” Namazdan sonra bu barədə düşünün, sizdən məsləhət istəyərlərsə, deyin ki, üç gündən sonra cavab verərəm. Sübh namazını qıldıqdan sonra həmin mövzu haqqında bir qədər düşünün, sonra isə qərar qəbul edin.

Çünki namaz zamanı elə bir səmimiyyət və xalislik yaranır ki, namazdan sonra düşünmək daha səmərəli olur. Ona görə də, sizdən bir məsələ haqqında məsləhət istədikdə, öz fikrinizi tələsik bildirməyin, əqidənizi açıqlamayın. İmkan olduqda, iki-üç gün möhlət istəyin, həmin vaxta uyğun həddə səbirli və hövsələli olun, heç vaxt öz fikrinizi bildirərkən tələskənliyə yol verməyin. Çünki deyilmiş sözü geri qaytarmaq mümkünsüzdür. Amma götür-qoy etdikdən sonra belə səhvə yol vermiş olsanız, səhvinizi etiraf edin. Çünki səhvi etiraf etmək inadkarlıqla onun üzərində dayanmaqdan çox-çox xeyirlidir. Siz bu yolla öz şəxsiyyətinizi qorumuş olarsınız. Əgər ətrafdakılar görsələr ki, siz səhvə yol verdikdə, səhvinizi etiraf etmək əvəzinə inadkarlıq göstərirsiniz, sizə nifrət etməyə başlayacaqlar. Bilin ki, insanlar tərs və inadkar şəxsləri sevmirlər. Biz özümüz də beləyik. Özümüz də inadkarlığı xoşlamayıb, inadkarlara nifrət ediriksə, bəs, nə üçün özümüz də belə olmalıyıq?! Öz şəxsiyyətini inadkarlığı ilə qorumaq istəyən insan anlamır ki, məhz inadkarlıq vasitəsi ilə şəxsiyyət puça çıxır. Siz tərslik göstərərək, dediyiniz səhv sözləri təkrarlamaqla kimlərisə qısa bir müddət aldada bilərsiniz. Amma əmin olun ki, bir müddət sonra həqiqət üzə çıxacaq və tərsliyimiz başımıza bəla olacaq.
Bu halları gündəlik həyatımızda dəfələrlə müşahidə etmişik. Ya özümüzdə belə bir xasiyyət var, ya ətrafımızdakılarda həmin ruhiyyə mövcuddur. Öz yersiz inadkarlığımızla qarşı tərəfi bir neçə dəfə aldada bilsək də, bir gün həqiqət məlum olduqda şəxsiyyətimiz tapdanır, əlimiz boşda qalır. Yanlış söz danışdığını və ya nöqsanlı bir iş gördüyünü anlayan insan dərhal öz səhvini düzəltməyə çalışmalıdır. Əgər bir şəxsə qarşı hörmətsizlik etmişiksə, dərhal üzr istəməliyik. Çünki vaxt ötdükcə yaranmış kin-küdurət bir az da dərinləşir və onun müalicəsi problemə çevrilir. Günaha yol vermiş insan dərhal tövbə etməli, həmin günahı təkrarlamamalıdır. Səhvə yol vermiş insanın tərsliyi və inadkarlığı onu elə bir həddə gətirib çıxarır ki, o, hətta açıq-aşkar gördüyü həqiqəti də inkar edir və gün kimi aydın gerçəklikləri qəbul etmək istəmir.
Olsun ki, bu hal bəziləri üçün inandırıcı görünmür. Düşünürlər ki, həqiqəti anlamış adam onu necə inkar edə bilər? Əlbəttə ki, belə bir halı təsəvvür etmək çətindir. Bu hal nə qədər inandırıcı görünməsə də, mövcuddur və bu barədə Qurani-Kərimdə buyurulur ki, Firon ardıcılları ilahi ayələri Musanın (ə) əlində gördükdə, bu ayələrin həqiqət olduğuna əmin oldular. Amma yenə də inkar etdilər. (“Nəml” surəsi, ayə: 14) Çünki bu insanlarda üstünlük istəyi o qədər güclü idi ki, heç bir vəchlə həzrət Musanın (ə) sözlərini qəbul etmək istəmirdilər. Onlar düşünürdülər ki, həqiqəti qəbul edəcəkləri təqdirdə hakimiyyətdən əl çəkməlidirlər. (“Nəml” surəsi, ayə: 14)
Üstünlük tələbi və başqalarına hakimlik arzusu olduqca təhlükəli bir haldır. Bir insanda üstünlük tələbi olarsa, o heç vaxt behişt əhli ola bilməz. (“Qəsəs” surəsi, ayə: 83) Belə bir ruhiyyə insanın aqibətini viran qoyur.
Əslində insandakı üstünlük tələbi aşağı mərhələlərdən başlanğıc götürür. Bu xəstəliyi kökündən qazıb çıxarmaq üçün insan tədbir tökməkdə yubanmamalıdır. İmam Baqir (ə) buyurur: “İnsanda üstünlük tələbinin nümunələrindən biri budur ki, o hətta paltarındakı tikişin başqalarının paltarlarındakı tikişdən üstün olmasını və diqqəti cəlb etməsini istəyir.” (“Biharül-ənvar” 79-cu cild, səh. 312) Rəvayətdə buyurulan istək daha təhlükəli və daha çox məzəmmət olunmuş üstünlük tələbi xasiyyətinə aparan bir yoldur. İnsan öz məsləhətini araşdırıb tapmalı və Allahın istəyini öyrənməlidir.
Demək, insan öz daxilindəki üstünlük tələbinin suallarına yox, Allahın istəklərinə cavab verməlidir. İnsanın özünü daim başqaları ilə müqayisə edib, onlardan üstün olmaq istəyi axırda həsəd, zülm, haqsızlıq kimi çirkin sifətlərlə nəticələnir. Ən nəhayətdə isə insan küfr uçrumuna yuvarlanır. Küfrün bir növü də “cuhud” adlanır. “Cuhud” həqiqəti bilərək, onu inadkarlıq ucbatından inkar etməkdir. Yəni bir şəxs həqiqəti anladığı halda ona qarşı çıxır və bu hal olduqca təhlükəlidir. Bir çox azğınlıqları doğuran məhz bu haldır.
Ehtiyatlı olmalıyıq ki, başqalarından üstün görünmək həvəsi və bu həvəsdən doğan inadkarlıq varlığımıza hakim olmasın. “Bu sözü mən demişəmsə, demək, doğrudur” ruhiyyəsi qeyd olunan çirkin sifətə aiddir. İnsan həqiqətə öz dilindən çıxdığı üçün yox, həqiqət olduğu üçün bağlanmalıdır.
Əlbəttə ki, hər şeyi sorğu-sualsız qəbul etmək də düzgün deyil. Hər ağızdan çıxan sözü qəbul etmək ağılsızlıqdır. Bu gün qərb dünyasının rəvac verdiyi “hər şeyi bağışlamaq, hər şeylə barışmaq” ruhiyyəsi, şəksiz ki, yanlışdır. İnsan əvvəlcə həqiqəti tanımalı, sonra onun ardınca getməlidir. Həqiqəti güzəştə getmək, həqiqəti qurban verərək kiminləsə razılaşmaq yolverilməzdir. Amma əgər anlasaq ki, sözümüz, mövqeyimiz və işimiz yanlışdır, inadkarlıq göstərməməli, səhvimizi etiraf edib, onu aradan qaldırmağa çalışmalıyıq. İnsan özündə elə bir ruhiyyə yaratmalıdır ki, həqiqəti qəbul edib, əmələ başlasın və bu həqiqətdən üz döndərməsin. Amma düşündüyünün yanlış olduğunu və həqiqətin mövcudluğunu dərk edən insan səhvini etiraf etməli, təkəbbür, lovğalıq, eqoistliyi kənara atmalıdır. Çünki bu çirkin xasiyyətlər həqiqətin qiymətləndirilməsində böyük maneədir. İnsan həqiqətə tabe olmalı və inadkarlıqdan əl çəkməlidir. İnadkarlıq öz süvarisini yerə çırpıb, onun varlığını təhlükə altında qoyan dəlisov bir atdır. Həddini aşıb tüğyan qoparmış şəhvət və qəzəbin də nəticəsi belədir.
Təəssüf ki, şəhvətin, qəzəbin tərsliyin acı nəticələrindən xəbərdar olsaq da, yenə də biganəlik göstəririk. İnadkarlıq aqibəti fəlakət olan dəlisov minikdən başqa bir şey deyil. Əmirəlmöminin (ə) imam Həsənə (ə) buyurur: “Gözlə ki, tərslik və inadkarlıq miniyi dəlisov at kimi səni götürüb, fəlakət girdabına yuvarlatmasın!”
Uyğun kəlamın başqa nüsxələrdəki nümunələrində də Həzrət (ə) tərsliyi dəlisov ata oxşatmışdır. Bu atın cilovunu əlinə ala bilməyən insan uçruma yuvarlanasıdır. Tərsliyin günah həddinə çatmış nümunələrindən biri də insanlar arasındakı münasibətlərdə özünü göstərən tərslikdir. Çünki tərslik və inadkarlıq üzərində israr günah üzərində israr sayılır. Ona görə də, Həzrət (ə) tərsliyi qadağan etdikdən sonra buyurur: “Bir günaha batdıqda, onu tövbə ilə yumağa tələs!” Günahın təkrarı da tərsliyin bir növüdür. Çünki bu halda insan gördüyü səhv işi yenidən təkrarlayır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

Tags: QURAN, NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!