ALLAHA QAYIDIŞ ÜÇÜN ƏN YAXŞI FÜRSƏT

:

İlin dəyişdiyi ay, ilahi rəhmət və bağışlanma ayı olan mübarək ramazan ayının yaxınlaşdığı bir vaxtda bizim də öz daxilimizdəki əyri-əskikliklərdən, çirkinlik və pisliklərdən üz çevirməyimiz - yəni bağışlanmaq istəməyimiz çox münasib görünür.

Bağışlanmaq diləmək və tövbə etmək - Allaha qayıtmaq, pis əməllərə arxa çevirmək və yenilik yaratmaqdır: "Rəbbinizdən bağışlanmanızı diləyin, sonra Ona tövbə edin ki, müəyyən bir müddət (ömrünüzün sonunadək) sizə yaxşı gün-güzəran və hər bir əməl sahibinə (əməlinin) mükafatını versin"[Hud surəsi 3-cü ayə]. Tövbə etmək, Allaha qayıtmaq və özümüzü daxilən islah etmək Allah-Taalanın bizə daha çox lütf və mərhəmət etməsinə, bərəkət, qüvvə və izzət nazil etməsinə bais olur. Bütün təbəqələr - istər mənim kimilər və yüksək vəzifələrdə çalışanlar, istərsə də adi insanlar bu qayıdışa və islahata ehtiyaclıdırlar. Biz vəzifəlilər digərlərindən çox özümüzə qayıtmalı, özümüz haqda yenidən düşünməli və vücudumuzda nəfsin hakimiyyətinə son qoymalıyıq.

RAMAZAN - ALLAHLA ÜNSIYYƏTIN BAHARI
Bu il təsadüfən təbiət baharı dua və Quran baharı ilə eyni vaxta düşmüşdür. Bir neçə gündən sonra insanın özünüislah və Allahla ünsiyyət baharı olan mübarək ramazan ayı başlayacaq. Məgər məsələnin bu cəhətini unutmaq olar?! Bütün səhvlər bu cəhətə qarşı diqqətsizlikdən irəli gəlir. Səhvi az, qəlbi Allahın mərifət və hidayət nuru ilə işıqlı olan, işarəsi bu xalqa, bizə və dünyanın bütün İslam aşiqlərinə yol açan, bələdçilik edən mərhum və əzəmətli imamımızın Allahla əlaqəsi bu cəhətdən təmin olunmuşdu.
İnqilab, hökumət və idarələrdə nöqsan və yayınma bu cəhətdən başlayır: mənəviyyat, Allahla əlaqə, qəlbin Allaha diqqəti cəhətinə əhəmiyyətsiz yanaşırlar. Əgər fikir versəniz, bizim inkişaf etdiyimiz, uğur qazandığımız, yaxşı işləyib razı qaldığımız yerlər bu cəhəti təmin etdiyimiz yerlərdir; harada ziyan gördüksə, işin bu cəhətinin zəifliyinə görə oldu.

ALLAHLA ƏLAQƏNI QORUMAĞIN TƏSIRLƏRI
Allahla əlaqəyə əhəmiyyətsiz yanaşmaq olmaz. Bizim hər bir işimiz bu əlaqədən asılıdır. Düşmənlərdən qorxmamaq üçün bizim qəlblərimizi möhkəmlədən amil bu əlaqədir. Fikir və üslub fərqlərinə rəğmən, bizim qəlblərimizi möminlərə və Allah yolunun yolçularına qarşı sevgi ilə dolduran Allahla bu əlaqədir. Allahla bu əlaqə öz nəfsimizdən ötrü həqiqəti tapdamamağa, ümumi məsləhəti şəxsi mənafeyə qurban verməməyə bais olur. Allahla bu əlaqə Allah yolundan yayınmamağa, bu yolu getməyə peşman olmamağa və yorulmamağa səbəb olur. Allahla bu əlaqə həmişə mümkündür, heç zaman gec və imkansız deyil.

İNSAN HƏYATINDA IKI PARALEL YOL
İnsan həyatı daim iki paralel yol üzərində gedir. Bir yolla gedənlər daim yüksəyə doğru gedir, o biri yolun yolçuları isə aşağıya, dərəyə və cəhənnəmə sarı hərəkət edirlər. Bu iki yol bir-birinin yanında və bir-birinə paraleldir. Bu iki yol eynilə bir-birinə bənzəyir. Süquta, tənəzzülə və aşağıya doğru hərəkət edənlər o biri yolla gedənlərin yaxınlaşdıqları yerdən uzaqlaşırlar. Onlar Allahdan uzaqlaşır, şeytana və cəhənnəmə yaxınlaşırlar. Ucalığa, yüksəlişə, işığa, Allaha, tövhidə, əxlaqi paklığa və mənəvi saflığa doğru hərəkət edənlər isə o biri qrupun endiyi yerdən uzaqlaşırlar.
Bu iki yol bir-biri ilə qonşudur, birindən o birinə keçmək çox asandır, yol yaxındır. Əgər biz Allah eləməmiş, ikinci yolla hərəkət edir, nəfs və əxlaq baxımından aşağıya doğru gediriksə, iradə göstərib o biri yola keçək və yüksəyə doğru hərəkət edək. Bu iş hər zaman mümkündür: "Sənə doğru gedən yol yaxındır"["Misbah əl-Mütəhəccid", c. 2, səh: 583]. Allaha doğru hərəkət edənin yolu yaxındır. Əgər Allahın yoluna keçmək istəsək, məsafə çox yaxındır. Əgər yolçularının süquta və aşağıya doğru getdiyi bu yoldan bir addım atsanız, əbədi səadətə, işığa və çox sadiq bəndələrin məqamına doğru gedən yola qədəm qoyarsınız.
O biri tərəfdən də belədir. Biz nəfsimizin istəyinə qulaq asan və insanı Allah-Taaladan uzaqlaşdıran bir iş görən anda ayağımızı o yoldan götürüb, aşağıya doğru gedən yola qoyuruq. Biz öz nəfsimizin istəklərinin əksinə hərəkət etdiyimiz, eqoistliyə, qürura və nəfs itaətinə qarşı çıxdığımız anda ayağımızı bu yaxın məsafədən götürüb o biri yola qoyur və yüksəyə doğru gedirik. Böyük imamımız bu on ildən artıq müddətdə bizi həmişə nəfsə itaətdən çəkindirirdi, hamımıza, bütün İran xalqına, o cümlədən biz məmurlara deyirdi ki, ehtiyatlı olun və onun əsirinə çevrilməyin. Bu, ramazan ayında mümkündür. Ramazan ayında nəfsə nəzarət etmək digər aylara nisbətən daha asandır.

RAMAZAN - ALLAHIN XÜSUSI BƏNDƏLƏRININ ZIYAFƏT AYI
Hikmətli Allah Öz kitabında buyurur: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) təqvalı olasınız!"[Bəqərə surəsi 183-cü ayə]. Mübarək ramazan ayının başlanması müsəlmanlar üçün həqiqətən böyük bir bayramdır. Möminlər bu ayın gəlişi münasibəti ilə bir-birini təbrik etməli və bu aydan maksimum istifadəyə çağırmalıdırlar. Çünki bu ay ilahi ziyafət ayıdır. Bu ayda Səxavətli və Kərim Allahın süfrəsində yalnız möminlər və bu ziyafətə layiqli şəxslər əyləşirlər. Bu, Allahın bütün insanların və hətta bütün məxluqların bəhrələndiyi ümumi səxavət süfrəsindən fərqli bir şeydir. Bu, Allahın xüsusi bəndələrinin süfrəsi və ziyafətidir.

MƏNBƏ:

 

 

Tags: QURAN, FİQH, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!