YALAN – İKİŞƏXSİYYƏTLİLİK (2)

:

YALANIN VURDUĞU MÜXTƏLIF ZƏRƏRLƏR

Düz danışmaq nə qədər gözəl və xeyirlidirsə, yalan danışmaq da bir o qədər zərərli və xoşagəlməzdir. Düz danışmaq ən gözəl xüsusiyyətlərdən biri, yalan danışmaq isə ən pis və xoşagəlməz xüsusiyyətlərdəndir. Dil, qəlbin sirrini deyən və daxili hissləri bəyan edən bir vasitədir.

Yalana həsəd və ədavət səbəb olduqda, verdiyi nəticələr olduqca ağır və acınacaqlı olur. Əgər dil yalan danışmağa adət edərsə, viranedici tufantək insanın şəxsiyyətinə ağır zərbə vurub onun şərəf sarayını qarət və yerlə yeksan edər. Yalan insanda xəyanət və nadanlıq ruhiyyəsini gücləndirir və vicdan alovunu onun qəlbində söndürür. 

Yalan birlik və həmrəyliyə son qoyub cəmiyyətdə ixtilaf və qarşıdurma köklərini salır. İnsanın haqdan uzaq düşməsinə səbəb olan əsas amillərdən biri də onun həqiqətdən uzaq olan iddialarıdır. Həris insanlar öz məqsədlərinə çatmaq üçün öz yalanları ilə həqiqətin üzərinə qalın pərdə çəkər və şirin dillərini işə salaraq sadəlövh insanları özlərinə əsir edərlər. 

Yalançı insanlar özlərinə fikirləşməyə macal vermirlər və kimsənin onun dediklərindən agah olmadığını güman etdiyi üçün heç nəyin dərinliyinə varmırlar və bunun üçün söhbətlərində dəfələrlə səhvə yol verir və bir-birinə zidd olan sözlər deyirlər. Nəticədə isə böyük rüsvayçılıqla üzləşib xəcalət çəkməli olurlar. Demək, "Yalançının yaddaşı olmaz" – misalı heç də əsassız deyildir. 

Cəmiyyətin əxlaqına ağır zərbə vuran bu xoşagəlməz xüsusiyyətin meydana gəlməsinə səbəb olan əsas amillərdən biri də "məsləhət görülən yalanlar" adını almış yalanlardır. Camaat adətən həqiqətin üzərinə pərdə çəkmək və öz xoşagəlməz işlərinə don geydirmək üçün ona arxalanırlar. Lakin onlar bunu bilməlidirlər ki, din və məntiq buna yalnız bəzi hallarda icazə verir. Məsələn, əgər hər hansı bir müsəlmanın canı, malı və ya namusu xətərlə üzləşərsə, əldə olan imkanlardan istifadə edib – hətta yalan danışmalı olsaq da belə – onun canını və ya ona aid olan şeyləri (mal və namusu) qarşılaşdığı təhlükədən qorumalıyıq. Lakin eyni zamanda həddi aşaraq ifrata da varmamalıyıq. Əgər bunun əhatə dairəsini genişləndirib öz istək və maraqlarımız üçün də istifadə edəriksə, artıq məsləhətli yalan üçün heç bir səbəb olmayacaqdır. 

Məşhur yazıçılardan biri deyir: "Hər şeyin bir dəlili vardır və görülən hər bir iş üçün dəlil gətirə bilərik. Hətta cani və cinayətkarlar belə mühakimə olunduqları zaman özlərini müdafiə etmək üçün müxtəlif dəlillərə əl atırlar. Bunu da qeyd etmək lazımdır ki, bütün yalanlar məsləhət üzündən deyilir, yəni yalan deyən şəxs ilk növbədə öz şəxsi mənfəətini nəzərdə tutur və əgər heç bir mənfəət nəzərdə tutulmazsa, deyilən yalanlar heç bir əhəmiyyət kəsb etməyib başqaları üçün də bir o qədər təhlükəli olmayacaqdır. İnsan fitri olaraq öz şəxsi mənafeyi ilə müvafiq olan hər bir şeyi xeyirli hesab edir. Deməli, nə qədər ki, insan düz danışmaqla şəxsi mənafeyinə xələl gələcəyini təsəvvür edir, yalanın ona xeyir verdiyini görüb yalan danışmağa başlayacaqdır. Çünki o yalanda xeyir və mənfəət, düz danışmaqda isə zərər görür. Bunu da unutmamalıyıq ki, yalan olduqca böyük bir təhlükədir. Lakin yalan danışmağa lazımi şərait yaranar və yalan danışmaqla meydana gələn təhlükə aradan qaldırılarsa, əksinə olaraq təhlükəyə səbəb olan şəxslərə ağır zərbə vurulmuş olunur. 

Bəyan azadlığı, fikir azadlığından daha çox əhəmiyyət kəsb edir. Çünki   tərzi-təfəkkürdə hər hansı bir çətinlik meydana gəldikdə yalnız şəxsin özünə mənfi təsir göstərir. Lakin bəyan azadlığı ictimai məsələləri əhatə etdiyi üçün xeyir və zərər də hamıya şamil olur. 

Qəzali deyir: "Dil, Allahın bizə bəxş etdiyi böyük nemətlərdən biri və olduqca incə və zərif bir bədən üzvüdür. Bu bədən üzvü çox kiçik olsa da, lakin onu idarə etmək və buraxdığı səhvləri bərpa etmək çətin və ağır olur. 

Çünki küfr və iman məhz onun şəhadət verməsi ilə aşkar olur və bu iki şey (küfr və iman) insanın Allaha tabe olub və ya Ona qarşı çıxmasından xəbər verir. Dilin şərrindən yalnız o kəslər yaxa qurtara bilir ki, onu din yüyəni ilə əlində saxlayıb yalnız dünya və axirətinə xeyir verəcəyi təqdirdə buraxmış olsun.”

Yalanın, uşaqların zehnində yer etməməsi üçün heç vaxt onlara yalan deməməliyik. Çünki uşaqlar adətən ünsiyyətdə olduqları şəxslərin rəftar və davranışlarını götürürlər. Əgər yalan uşağın tərbiyəsində ən başlıca rol oynayan ev mühitinə nüfuz edərsə və valideynlərin rəftar və davranışları da əxlaqi dəyərlərin tam ziddinə olarsa, heç vaxt uşaq düzgün tərbiyə ala bilməyəcəkdir. Moris Teylisin dediyi kimi: "Düzgün danışmağa, həqiqət barədə fikirləşməyə və yalnız həqiqət ardınca getməyə adət etmək yalnız o kəslərin işidir ki, uşaqlıqdan belə tərbiyə olunsunlar."

Kitabın adı: Əxlaqi və psixoloji çatışmazlıqların araşdırılması

Tərcümə edən: İ. Əhmədov

Ardını buradan oxuyun

 

Tags: SUALLARA CAVAB, MÜXTƏLİF DİNİ MÖVZULAR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!