BÖHTANIN ACI NƏTİCƏLƏRİ

:

Dilin bəlalarından biri olan böhtanın da həm bu dünyada, həm də axirətdə acı nəticələri vardır:
1. Böhtanın bu dünyadakı pis nəticələri həm şəxsi, həm də ictimai münasibətlərə aid edilir:

a) Böhtanın şəxsi münasibətdəki mənfi nəticələri: Böhtanın şəxsi münasibətə vurduğu zərbə nəticəsində insan ilahi məkrlərdən amanda qalmır, sonda isə rüsvayçılığa düçar olur. Çünki Allah-Taala möminlərə böhtan atan şəxslərin abır-həyasını qorumaz.
Rəvayətlərdə deyilir: “Allah-Taala müsəlmanların nöqsanlarını axtaran adamları hətta öz evlərində belə rüsvay edər.”1
Belə bir şəxs isə, cəmiyyətdə asanlıqla tanınaraq öz dəyər və etibarını itirər.
b) Böhtanın cəmiyyətdəki mənfi nəticələri: Böhtan cəmiyyətdə düşmənçilik toxumu səpib dostluğu düşmənçiliyə çevirir. Böhtan etimad hisslərini məhv edərək həm böyük, həm də kiçik cəmiyyətlərə2 şiddətli zərbə endirir.
Bu pis xüsusiyyət bütün əlaqələri öz təsiri altına salıb, nikahları talağa çevirir, valideyn-övlad münasibətlərini zəiflədir, daha şiddətli formada isə böyük cinayətlərə səbəb olur.
2. Böhtanın axirətdəki nəticələri:
Böhtanın axirət dünyasına göstərdiyi mənfi təsirlə bağlı bir çox rəvayətlər nəql olunmuşdur. İmam Sadiq (ə) buyurmuşdur:

مَنْ بَهَتَ مُؤْمِنآ اَوْ مُؤْمِنَةً اَوْ قالَ فيهِ ما لَيْسَ فيهِ اَقامَهُ اللّهُ يَوْمَ الْقِيامَةِ عَلى تَلٍّ مِنْنارٍ حَتّى يَخْرُجَ مِمّا قالَ فيهِ.

“İstər mömin kişi, istərsə də qadına böhtan atan, yaxud sahib olmadığı rəftarı onlara nisbət verən şəxs dediklərinə görə qiyamət günü atəş təpəsində cəzasını çəkəcəkdir.”

اَلْبُهتانُ عَلىَ الْبَرى اَثْقَلُ مِنَ الْجِبالِ الرّاسِياتِ.

“Böhtandan uzaq olana böhtan atmaq ən yüksək dağlardan belə ağırdır.”
Bu rəvayətlərə əsasən, böhtan və töhmətin insana qazandırdığı günahların nə qədər ağır olması anlaşılır. Lakin böhtan atan şəxs günah və əzabının bu qədər ağır olduğunu hiss etmir.

مَنْ بَهَّتَ مُؤْمِنآ اَوْ مُؤْمِنَةً بِما لَيْسَ فيهِ بَعَثَهُ اللّهُ فى طينَةِ خَبالٍ حَتّى يَخْرُجَ مِمّا قالَ

“Mömin bacı və qardaşlarına layiq olmadıqları böhtanı nisbət verən şəxsi Allah-Taala qiyamətdə gilə qarışmış suya qərq edəcəkdir ki, dedikləri canından çıxsın.”
Həzrətdən soruşurlar: “Gilə bulanmış su nədir?” Buyurdu: “Qiyamət günü zinakarların ayıb yerlərindən tökülən çirkab deməkdir.”3

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. Rəsuli-Əkrəm (s) buyurmuşdur:

يا مَعْشَرَ مَنْ اَسْلَمَ بِلِسانِهِ وَ لَمْ يُخْلِصِ الْايمانَ اِلى قَلْبِهِ لا تَذُمُّوا الْمُسْلِمينَ وَ لا تَتَبِّعُوا عَوْراتِهِمْ، فَاِنَّهُ مَنْ تَتَبَّعَ عَوْراتِهِمْ تَتَبَّعَ اللّهُ عَوْرَتَهُ وَ مَنْ تَتَبَّعَ اللّهُتَعالىَ عَوْرَتَهُ يَفْضَحْهُ فى بَيْتِهِ

“Ey dildə iman gətirib, qəlblərində xalis olmayan şəxslər, müsəlmanları qınamayın, onların sirlərini axtarmayın! Həqiqətən də, camaatın eybini (istər yalan, istərsə də doğru) axtaran adamların nöqsanını da Allah Özü axtarar. Kiminsə nöqsanını Pərvərdigar axtararsa, elə evindəcə də rüsvay olar). (“Kafi”, Kuleyni 2-ci cild, səh. 354, 2-ci hədis)
2. Böyük və kiçik cəmyyətlər dedikdə məqsəd: kiçik cəmiyyət ailədir. Qohumluq əlaqələri, dostluq, iş yoldaşı və bu kimi cəmiyyətlərin birləşməsindən isə böyük çəmiyyətlər yaranır.
3. “Vəsailüş-şiə”, Hürr Amuli, 12-ci cild, səh. 287.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!