TÖHMƏTİN AĞIR NƏTİCƏLƏRİ

:

Töhmət həm onu vuran, həm də şamil olunduğu adam üçün acı nəticələr yaradır. Onlardan bəziləri ilə tanış olaq:

1. Töhmətin insan mənəviyyatına mənfi təsiri:

İmam Cəfər Sadiqdən (ə) belə nəql olunur:
اِذَا اتَّهَمَ الْمُؤْمِنُ اَخاهُ انْماثَ الْايüمانُ مِنْ قَلْبِهِ كَما يَنْماثُ الْمِلْحُ فِى الْماء
“Bir şəxsin mömin qardaşına töhmət vurduğu zaman duzun suda həll olduğu kimi, onun imanı da məhv olar.”1
Rəvayətdən də göründüyü kimi, töhmət möminlərin imanını məhv edir.
Bunu belə də izah etmək olar ki, insanın bir çox əməlləri onun imanı ilə sıx əlaqədardır və birbaşa təsirini göstərir. Həmçinin bu əməllər “tərk etmək”, yaxud “yerinə yetirmək” kimi iki formada özünü göstərir. Hər iki surətdə imanla öz təsirini göstərir. Bir tərəfdən vacib əməlləri tərk edib, digər tərəfdən isə günahlara bulaşmaq insan mənəviyyatına böyük zərbə endirir və onu zəiflədir. Vacibi tərk edib, haram işlər görmək bir növ əməli küfrün nümunəsidir. Əslində, “haram işlər görmək” “töhmət”ə aid olaraq insan qəlbində imanı məhv edir.
2. İnsanların ictimai əlaqələrində töhmətin nəticələri:
Töhmət insanlıq münasibətlərində məhvedici xarakter daşıyır, cəmiyyətdə etimadsızlıq və qorxu hisslərini çoxaldır. İmam Cəfər Sadiqin (ə) buyurduğu kimi:
مَنِ اتَّهَمَ اَخاهُ فى دينِهِ فَلا حُرْمَةَ بَيْنَهُما
“Din qardaşını ittihamlandıran şəxslə töhmət vurulmuş adamın arasında hörmət olmaz.”2
Xilqət və məada etiqadı olan aqil və dindar insan heç vaxt kiməsə töhmət vurmaz. Hətta dini belə olmasa, insanın insanlıq fitrəti ona bu işi görməyə icazə verməz. Bir şərtlə ki, insanlıq fitrəti heyvanlığa doğru alçalmış olmasın.
İndiki dövrdə bu kimi mövzuları araşdırdıqda məlum olur ki, şeytani məqsədlərə can atan insanlar başqalarına “töhmət” vurub, “böhtan” atmağa çalışırlar. Düşünmürlər ki, sonda zillət içində yaşamağı qəbul etmək məcburiyyətində qalacaqlar.

İBLİSİN BÖHTAN VƏ TÖHMƏT QARŞISINDA TUTDUĞU MÖVQE
Töhmət və böhtan hədsiz dərəcədə çirkin və iyrənc bir xarakter olduğu üçün, hətta şeytan belə, bu xəstəliyə düçar olmuş insanlardan uzaq gəzər. Lakin şeytan bütün xoşagəlməz rəzilətləri sevdiyindən insanları ona dəvət edər. Amma o, bəzi rəftarları təsdiqləmir. Onlardan biri də insanın cəmiyyətdə sahib olduğu imicini korlaması, böhtan və töhmət vasitəsilə biabırçılığa yuvarlanmasıdır. İmam Cəfər Sadiq (ə) bu barədə buyurmuşdur:

مَنْ رَوى عَلى مُؤْمِنٍ رِوايَةً يُريدُ بِها شَيْنَهُ و هَدْمَ مُرُوءَتِهِ لِيَسْقُطَ مِنْ اَعْيُنِ النّاسِ اَخْرَجَهُاللّهُ مِنْ وِلايَتِهِ اِلى وِلايَةِ الشَّيْطانِ، فَلا يَقْبَلُهُ الشَّيْطانُ 

“Əgər bir nəfər mömin şəxsin arxasınca nalayiq söz danışarsa, bu işdə yeganə məqsədi həmin bəndəni ictimai cəhətdən hörmətdən salmaq olarsa, habelə onu hamının gözündə alçaltmaq niyyəti güdərsə, onda Allah-Taala onu öz dostları sırasından xaric edib, şeytana tabe olanların siyahısına daxil edəcəkdir. Amma şeytan da həmin adamı qəbul etməyəcəkdir.”3

Kitabın adı: İlahi əxlaq
Tərcümə edən: F. Şükürova


1. “Kafi”, Kuleyni, 2-ci cild, səh. 361, 1-ci hədis.
2. Yenə orada, 2-ci hədis.
3. Yenə orada, səh. 358, 1-ci hədis.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!