QURAN VƏ BİOLOJİ ELMLƏR - 3

:

TƏKAMÜL HİPOTEZİ VƏ QURAN 
Təkamül təliminin isbatı üçün istinad olunan ayələr. Bu ayələri aşağıdakı şəkildə qruplaşdırmaq olar:
1. Hər bir şeyin sudan başlanğıc aldığını bildirən ayələr.
﴾  وَجَعَلْنَا مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ حَيٍّ ﴿  “Hər bir canlını sudan yaratdıq” (“Ənbiya”, 30).
Ayətullah Meşkini yuxarıdakı ayəni qeyd edərək yazır: “Məlum ayə canlı təbiətin (nəbatat, heyvanat və s.) sudan yaradıldığına aydınlıq gətirir.

Belə olduqda Təkamül təliminin bəzi müddəaları sübuta yetmiş olur.”1
Seyid Qütb də məlum ayənin suyun həyatın başlanğıcı olmasına işarə vurduğunu qəbul edir və bildirir ki, müasir elm üzvi aləmin sudan başlanğıc aldığını dəstəkləyir. Həyatın mənşəyi dəniz suyu olmuşdur. Sonradan bütün cins və növlər ondan törəmişdir. Deməli, Darvinə şöhrət qazandıran nəzəriyyə əsrlər öncə Quranda öz əksini tapmışdır.2
Bəzi yazıçılar Yerdə həyatın mənşəyi haqqında yazır: “Yerin ömründən 1500 il keçdikdən sonra tədricən soyumağa başladı. Yer təkində reaksiyalar getdi, təkanlar, zəlzələlər baş verdi. Nəticədə Yerdəki buxarlanma buludlara çevrildi. Yağış yağdı. Yer səthini su basdı və dənizlər əmələ gəldi. Təqribən 500 mln. il dənizlərdə ibtidai həyat formaları mövcud idi. Sonra birhüceyrəli varlıqlar, müxtəlif bitki və heyvanlar meydana gəldi. Bu, təqribən 175 mln. il öncəyə təsadüf edir.”3

YEKUN
Diqqətinizə çatdıraq ki, bu ayə haqqında dörd ehtimal mövcuddur (İnsanın nütfədən yaranması, ibtidai varlıqların sudan başlanğıc alması, canlı varlıqların əsasən, sudan təşkil olunmaları və dünyanın ilkin maddəsinin suyabənzər maye olması). Yalnız birinci ehtimal ayəyə nəzərən məqsədəuyğundur. Buna görə də ehtimal olaraq ayənin üzvi aləmin mənşəyinin sudan (dəniz və okeanlardan) başlanmasına işarə vurduğunu qəbul etmək olar. Lakin bu, ayənin yeganə izahı deyil.
2. ﴾ وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاءٍ فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ
“Allah hər bir canlını  sudan  yaratmışdır. Onların bəzisi qarnı üstə sürünür, bəzisi iki, bəzisi isə dörd ayaq üstündə gəzir” (“Nur”, 45).
Ayətullah Meşkini sözügedən ayə haqqında yazır: “Ayədə sözü keçən “ماء” [ma`] ifadəsinin nütfə (sperma) kimi izah olunması ayənin ilkin mənasına ziddir. Deməli, ayə canlıların sulu gildən yaranması haqqında rəyə uyğundur). Ayədə sürünənlərin (reptililər) əvvəl qeyd olunmasına səbəb çox güman ki, bu növ canlıların ən bariz nümunəsi olan balıqların zaman baxımından daha əvvəl yaradılmasıdır. Quruda yaşayan bu növ heyvanlar isə daha sonra yaradılmışlar. İkiayaqlılardan məqsəd insan, quşlar və bəzi meymun növləridir. “İki ayaq üzərində” ümumi ifadəsi bəzilərinin insan və digər canlıların ayrı növə aid olduqlarını iddia edən baxışının yanlışlığını üzə çıxarır.
Doktor Biazar Şirazi “Nur” surəsinin 45-ci ayəsini paleontologiyada göstərilən heyvanların mərhələli yaradılışına tətbiq edərək yazır: “Birinci mərhələ (dövr): Bu mərhələdə müxtəlif növ mərcan polipləri, axçalı (pulcuqlu) balıqlar, kərtənkələlər, ilanlar, bağalar, timsahlar və digər sürünənlər meydana gəldi. ﴾ فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ ﴿
İkinci mərhələ (dövr): Bu dövrdə quşlar meydana gəldi. Onların ən qədim nümunəsi göyərçin balasına oxşayan at olmuşdur. Lakin uçmaq qabiliyyətini itirmişdir. Bu heyvanlar ayədə sözü gedən ﴾ وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ ﴿ qisminə daxildirlər.
Üçüncü mərhələ (dövr): İlkin məməlilərin izləri ikinci dövrün sonlarından başlayaraq görünməkdə idi. Bu dönəmdə at, inək, dəvə, fil, müxtəlif meymun növləri və s. məməlilər meydana gəldi 4 ﴾ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ ﴿”.
Doktor Paknijad birhüceyrəli canlıların yaranması haqqında ətraflı söhbət açır və növbəti üç mərhələ arasındakı fasilə haqqında yazır:
“Birinci: Suda yaşayanlarla quruya çıxanlar arasında fasilə yarandı. Bu əsasən, qan dövranı, tənəffüs orqanı inkişaf etmiş balıq və sürünənlərə aid idi ﴾ فَمِنْهُم مَّن يَمْشِي عَلَى بَطْنِهِ ﴿.
İkinci: Quşların təkmilləşərək havada uçması ﴾ وَمِنْهُم مَّن يَمْشِي عَلَى رِجْلَيْنِ ﴿.
Üçüncü: Məməlilər. Heyvanlar təkamül nəticəsində yumurtamaqla çoxalmadan diridoğmaqla çoxalmaya keçdilər. Bunlar daha çox dördayaqlılar idi  ﴾ وَمِنْهُم مَّن يَمْشِي عَلَى أَرْبَعٍ ﴿”.
O, Quranın tədricən təkmilləşən heyvanlar haqqında verdiyi ecazkar xəbərlərə toxunaraq “Nur” surəsinin 45-ci ayəsini sözügedən mərhələlərə tətbiq edir. Onun fikrincə təkamül nəzəriyyəsi dinlə heç də ziddiyyət təşkil etmir.5

YEKUN
1. Ayənin ilk ﴾ وَاللَّهُ خَلَقَ كُلَّ دَابَّةٍ مِن مَّاء ﴿ hissəsi haqqında üç versiya mövcuddur (Nütfədən yaranma, ibtidai varlıqların sudan başlanğıc alması və canlı varlıqların əsasən, sudan təşkil olunması).6
2. Fikrimizcə, bitki və heyvanların yaradılışının ayənin üç hissəsinə tətbiq olunması doğru deyil. Ayə hazırki canlı varlıqların bölgüsü kimi izah edilsə daha məqsədəuyğun olar. Maraqlıdır ki, ayənin ikinci və üçüncü hissəsini “və” bağlayıcısı ayırır. Bu, ayənin mərhələli yaradılışa aid olmadığını göstərir. Yəni hər üç qismin sudan (nütfədən) yaradılması istisna edilmir.
Digər diqqət çəkən məqam isə ayədəki bölgünün bütün heyvanları əhatə etməməsidir. Sadəcə olaraq bir neçə nümunə qeyd olunmuşdur. Buna sübut ayədə dörddən çox ayağı olan və ya üzən heyvanlara heç bir işarə vurulmamışdır.
3. Məlum ayənin yaradılışın mərhələli inkişafı ilə bağlı elmi nailiyyətlərə tətbiq olunmasının Quranın əzəmətini göstərməsinə baxmayaraq, Quranın ecazkarlığını isbat etməsi doğru deyil.
2. Yaradılışın üç mərhələsinə işarə vuran ayələr.
Təkamül nəzəriyyəsinin müdafiəçiələrinin istinad etdiyi digər ayələr aşağıdakılardır.
وَلَقَدْ خَلَقْنَاكُمْ ثُمَّ صَوَّرْنَاكُمْ ثُمَّ قُلْنَا لِلْمَلآئِكَةِ اسْجُدُواْ لآدَم ﴾ ﴿ 
“Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: "Adəmə səcdə edin!" – dedik.” 7
Ayətullah Meşkini “Əraf” surəsinin 11-ci ayəsini izah edərək yazır: “Sözügedən ayə Təkamül nəzəriyyəsini isbat etmək üçün ən uyğun ayədir. Çünki ayəyə görə Allah öncə insanı yaratmış, naməlum müddətdən sonra ( ثم[summə] bağlayıcısı buna sübutdur) onu bugünkü insan şəklinə salmışdır. Uzun müddət sonra isə mələklərə insan növünün bir fərdinin önündə səcdə etməyə əmr etmişdir”.
O, ayəni insanın üç mərhələdə yaradılışı istiqamətində izah edərək yazır: “Birinci mərhələ: Yaradılışdan sonra və insan şəklinə salınmazdan öncəki mərhələ.
İkinci mərhələ: İnsan surəti verildikdən sonra və həzrət Adəmin (ə) insan növünün bir fərdi olaraq seçilməsindən öncəki mərhələ.
Üçüncü mərhələ: Adəmin seçilməsi və mələklərə ona səcdə etmələrinin əmr olunması mərhələsi”.
O, “Hicr” surəsinin 28-29-cu ayələrini və eləcə də “Sad” surəsinin 71-ci ayəsini izah edərək bildirir ki, ayədə sözü keçən “بشر” [bəşər] ifadəsindən məqsəd ümumilikdə insan növüdür. Yəni “Adəm” və ya hər hansı bir seçilmiş fərd deyil. “تسویه” (سویته) ifadəsi isə insanın təkamül yolunu keçərək insan şəklini alması və ruhun üfürülməsi üçün hazır vəziyyətə düşməsinə işarədir.8
Maraqlı burasıdır ki, müasir təfsir alimlərindən Ayətullah Məkarim Şirazi “Hicr” surəsinin 26, 28 və 29-cu ayələrini “Növlərin dəyişməzliyi” nəzəriyyəsinin ən tutarlı dəlili kimi dəyərləndirmişdir.

YEKUN
1. Ayətullah Meşkininin məlum ayəni (Əraf, 11) insanın yaradılışının üç mərhələsi ilə əlaqələndirməsi qəribədir. Çünki ayədə üçüncü mərhələyə hər hansı bir işarə yoxdur.
2. Hər iki tərəfin dəlillərinə nəzərən demək olar ki, məlum ayələrin “Təkamül nəzəriyyə”sinə heç bir aidiyyətı yoxdur.
3. İnsanın yaradılışının ilkin mərhələsindən (ilkin maddədən) söhbət açan ayələr.
a) İnsanın torpaqdan yaradılması;
هُوَ الَّذِي خَلَقَكُمْ مِنْ طِينٍ ثُمَّ قَضَى أَجَلاً وَأَجَلٌ مُسَمّىً عِنْدَهُ ﴾ ﴿
“Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir müəyyən əcəl təyin edən Odur. Müəyyən əcəl onun yanındadır” (“Ənam”, 2)9
إِنَّا خَلَقْنَاهُم مِّن طِينٍ لَّازِبٍ﴾ ﴿  “Axı Biz onları (insanların babası Adəmi) yapışqan (kimi) bir palçıqdan yaratdıq” (“Saffat”, 11)
إِنِّي خَالِقٌ بَشَرًا مِّن صَلْصَالٍ مِّنْ حَمَإٍ مَّسْنُونٍ ﴾ ﴿  "Mən quru və qoxumuş (dəyişib başqa şəklə düşmüş) qara palçıqdan insan yaradacağam!” (“Hicr”, 28)
Ayətullah Meşkini məlum ayələr haqqında yazır:
“Bütün bu ayələr insanın indiki şəkilə düşməzdən öncəki vəziyyətini açıqlayır. Burada məqsəd bütün fərdlər deyil. Çünki bütün fərdlər torpaqdan yaranmır. “Bir vaxt (əcəl) təyin etdik” cümləsindən məqsəd budur ki, Allah insanın yaradılışını müəyyən müddət ərzində tamamladı. Bu müddət yalnız onun özünə məlumdur. Bu zamandan məqsəd insanın yaradılışı ilə indiki şəklə düşməsi arasındakı fasilə də ola bilər.”10
Bəzi yazıçılar “Muminun” surəsinin 12-ci ayəsi﴾  وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِن سُلَالَةٍ مِّن طِينٍ ﴿ “Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq” haqqında yazırlar:
“Məlum ayə insanın birbaşa torpaqdan yaranmadığını açıqca bəyan edir.”11
Sözügedən ayə haqqında digər maraqlı fikirlər də irəli sürülmüşdür. Bəziləri ayənin darvinizmi rədd etdiyini12, bəziləri insanın su və torpaqdan yarandığına bir işarə olduğunu13, bəziləri isə hər halda Quranın elmi möcüzəsi olduğunu bildirmişlər.14

Kitаbın аdı: Quranın elmi ecazkarlığı
Tәrcümә еdәn: M. Sayıl
Ardı var ...

ARDINI BURADAN OXUYUN


1 “Quranda təkamül”, səh.23-24.
2 “Fi zilal əl-Quran”, c.6, səh.111.
3 Əbd əl-Qəni əl-Xətib, “Quran və müasir elm”, səh.129-130.
4 “Dünyanın gələcəyi və keçmişi”, səh.39-42.
5 “İlk universitet və son Peyğəmbər (s)”, c.1, səh.150-154.
6 “Təfsiri-nümunə”, c.14, səh.508-509.
7 Əraf, 11. Hicr, 28-29 və Səcdə 8-9 ayələri də eyni məzmundadır.
8 “Quranda təkamül”, səh.30-32.
9 “Sad” surəsinin 71-ci, “Səcdə” surəsinin 8-ci və Muminun” surəsinin 12 ayələri də həmin məzmundadır.
10 “Quranda təkamül”, səh.26-27.
11 “Quran, muhavələtun li-fəhmi əsri”, Doktor Mustafa Mahmud, səh.53-55.
12 “Əl-Kəvn vəl-insan bəynəl-elmi vəl-Quran”, səh.152.
13 Əl-Kəvn vəl-insan bəynəl-elmi vəl-Quran”, səh.152.
14 “Əl-İşarat əl-elmiyyə fil-ayat əl-kəvniyyə”, səh.11.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!