QURAN VƏ BİOLOJİ ELMLƏR - 5

:

NÖVLƏRİN DƏYİŞMƏZLİYİ NƏZƏRİYYƏSİNİN İSBATI ÜÇÜN İSTİNAD OLUNAN AYƏLƏR
1. Bütün insanların vahid bir candan yaradıldığını bildirən ayələr.  وَهُوَ الَّذِيَ أَنشَأَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ فَمُسْتَقَرٌّ وَمُسْتَوْدَعٌ “Sizi tək bir nəfərdən (Adəmdəm) yaradan da Odur. (Sizin üçün) bir qərar yeri (ana bətni, ata beli), bir də bir əmanət yeri (qəbir) vardır.”1

Bundan başqa “بنی آدم” [Bəni-Adəm] (Adəm övladları) deyə müraciət edən ayələrə2 də istinad olunmuşdur.
Ayətullah Meşkini “Növlərin dəyişməzliyi” nəzəriyyəsindən söhbət açarkən həzrət Adəmin (ə) Allah tərəfindən yaradılan ilk insan olduğunu, sonra Həvvanın yaradıldığını və digər insanların isə bu iki nəfərdən törətdiklərini bildirir.
O yazır: “Bu nəzəriyyənin isbatı üçün istinad olunan ayələr bütün insanların vahid candan (bir fərddən) yaradıldığını bildirən ayələrdir. Bəzi ayələrdə isə onun cütü də yad edilmişdir. Bunun Həvva olduğu şübhəsizdir”.
“Ənam” surəsinin 98-ci ayəsini izah edərkən yazır: “Ayədə məqsəd budur ki, Allah sizi Adəmdən yaratmışdır. Bəziləriniz hələ atalarınızın belində (مستقر), bəziləriniz isə Qiyamətə qədər qəbirlərdə əmanət olaraq (مستودع) saxlanılırsınız”.
Onun qənaətincə birinci izahı da qəbul etsək, Növlərin təkamülü nəzəriyyəsi ilə heç bir ziddiyyət təşkil etmir. Ehtimal ki, bütün insanlar Adəm (ə) və Həvvadan yaradılmışlar. Onlardan öncə də varlıqlar olmuş, lakin onların nəsli tükənmişdir. Bu arada seçilmiş nəsil, yəni yetkin zəkaya malik Adəm nəsli qalmışdır.3
Ayətullah Məkarim Şirazi “نفس واحدۃ” [nəfsin vahidə] ifadəsi haqqında yazır: “Ayələrdə “نفس واحدۃ” [nəfsin vahidə] ifadəsindən məqsəd vahid şəxsdir. O, Quranın bugünkü insanların atası kimi təqdim etdiyi Adəmdir (ə). Bir çox ayələrdə sözü keçən “بنی آدم” [Bəni-Adəm] ifadəsi də buna işarədir. Növ baxımından vəhdət ehtimalı isə zəif ehtimaldır.”4

YEKUN
“نفس” [nəfs] Quran ayələrində ruh və can (bəzən də insanın orqanizmi) mənalarını ifadə edir.5 Ayətullah Meşkininin fikirlərini (“نفس”-dən məqsədin insandan öncəki varlıqlar olması fikrini) qəbul etsək, ayənin iki izahı olduğu anlaşılacaq. Biri bütün insanların Adəmdən (ə) törəməsi, digəri isə Adəm (ə) və digər insanların özlərindən öncə mövcud olmuş varlıqlardan törəməsi. Birinci izah “Növlərin dəyişməzliyi”, ikinci izah isə “Növlərin təkamülü” nəzəriyyəsi ilə uyğun gəlir. Deməli, heç bir izahı ayələrin tam şərhi hesab etmək olmaz.
2. Adəmin (ə) torpaqdan yaradıldığını bildirən ayələr.
إِنَّ مَثَلَ عِيسَى عِندَ اللّهِ كَمَثَلِ آدَمَ خَلَقَهُ مِن تُرَابٍ ثِمَّ قَالَ لَهُ كُن فَيَكُونُ
“Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu.”6
“İnsanı (Adəmi) saxsı kimi quru palçıqdan O yaratdı.”7
Doktor Əbu Həcər yuxarıdakı ayələri,8 Doktor Ədnan Şərif isə insanın torpaqdan yaradıldığını göstərən bütün ayələri darvinizmə zidd hesab edir.(9) Çünki ayələr insanın öncəki canlı varlıqlardan deyil, torpaqdan yarandığını göstərir.
Ayətullah Meşkini “Ali-İmran” surəsinin 59-cu ayəsi haqqında iki ehtimal irəli sürür.
Birinci ehtimal: Bu ehtimala görə ayə “Növlərin dəyişməzliyi” nəzəriyyəsini təsdiq edir. Yəni insanın bilavasitə ata-anadan yaradılmadığını önə çəkir və bu, “Növlərin dəyişməzliyi” nəzəriyyəsi ilə tam üst-üstə düşür.
İkinci ehtimal: Bu ehtimala görə ayə Təkamül nəzəriyyəsini təsdiq edir. Çünki İsanın (ə) torpaqdan (qida maddələri – nütfə – laxtalanmış qan) yaradılmaqda Adəmə (ə) bənzədilməsində heç bir irad yoxdur. Əgər Allahın  həzrət İsaya (ə) Adəm (ə) kimi həyatının ilk anlarından başlayaraq fövqəladə zəka, metafizik iradə verdiyini söyləsək də yanılmarıq. Ayədə iki peyğəmbər yaradılış və elm baxımından bir-birinə bənzədilmişdir. “کن” [kun] (ol) əmri isə “fövqəladə zəka, bilik və ya peyğəmbərliyə malik ol” kimi anlaşılır.
Torpaqdan yaranmaq baxımından bənzədilmələri isə xristian təfəkkürünü rədd edir. Çünki xristianlar Adəm (ə) və İsanın (ə) yaradılışının ilahi ənənə yolu ilə baş vermədiyini iddia edirlər (yəni onlar peyğəmbər olmalarına, metafizik zəkaya malik olmalarına baxmayaraq, bioloji tərkibcə digər insanlardan fərqlənmişlər).10
Ayətullah Məkarim Şirazi “Ali-İmran” surəsinin 59-cu ayəsinin nazilolma səbəbini açıqladıqdan sonra yazır: “Adəmin yaradılışı ilə bağlı “خلقه من تراب” ifadəsindən məqsəd onun bədəni, maddi tərəfidir. Bu, ayənin ardına diqqət yetirdikdə daha aydın olur. Çünki sonra ona həyat verilməsindən, ruh bəxş edilməsindən söhbət açılır11 (Sonra ona: "(Bəşər) ol!" - dedi, o da oldu”).

YEKUN
Fikrimizcə, burada bir neçə məqama diqqət yetirmək lazımdır.
1. “Ali-İmran” surəsinin 59-cu ayəsindəki bənzətməni bir neçə şəkildə təsəvvür etmək olar.
1. Adəm (ə) və İsanın (ə) ataları olmaması baxımından.
2. Hər ikisinin vasitəli şəkildə torpaqdan yaranması baxımından (yəni qida maddələri nütfəyə çevrilir). Həzrət İsada (ə) bu proses Məryəm (ə) vasitəsi ilə, Adəmdə (ə) isə özündən öncəki insan və ya meymun nəsli vasitəsi ilə baş verdi.
3. Hər ikisinin peyğəmbərlik baxımından bənzədilməsi.
4. Bioloji tərkib baxımından bənzədilməsi. Çünki xristianlar İsanın (ə) bioloji tərkibinin digər insanlardan fərqli olduğunu iddia edirdilər.
5. Hər ikisinin fövqəlada biliyə, ecazkar zəkaya malik olmaları baxımından bənzədilməsi. Yalnız ikinci və dördüncü bənzətmələr ayənin özündə də açıqlanmışdır.

Həzrət İsanın (ə) torpaqdan yaradılması haqqında da iki ehtimal mövcuddur.
1. Bilavasitə torpaqdan yaradılması.
2. Vasitəli şəkildə yaradılışının torpağa gedib çıxması (bu iki ehtimal həzrət Adəm (ə) haqqında da mövcuddur).
 Birinci ehtimal (bilavasitə torpaqdan yaradılması) doğru deyil. Deməli, ikinci ehtimal məqsədəuyğundur (vasitəli şəkildə torpaqdan yaradılması). Bu, “Növlərin təkamülü” nəzəriyyəsini təsdiq edir.
3. Hər iki nəzəriyyəyə uyğun izah olunan ayələr.
“Allah insanı nütfədən (mənidən, bir qətrə sudan) xəlq etdi. Bununla belə, o, birdən-birə açıq-aşkar bir düşmən kəsildi.”12
“Onunla söhbət edən (mömin) yoldaşı isə belə dedi: "Əvvəlcə səni (baban Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?”13
“O Rəbbin ki, səni (yoxdan) yaratdı, düzəldib qaydaya (insan şəklinə) saldı. Sənə Özü istədiyi surətdə biçim verdi.”14
“O, insanı laxtalanmış qandan yaratdı”خَلَقَ الْإِنسَانَ مِنْ عَلَقٍ .15
“علق” [ələq] sözündən məqsəd yapışqan torpaq və ya bətndə formalaşan laxta (bərkiyib qatılaşmış) qandır.16

YEKUN
Məlum ayələrin hər iki nəzəriyyəyə aid edilməsinin yanlış olmasına baxmayaraq, bəzi ayələr haqqında keçən səhifələrdə ətraflı söhbət açdığımız üçün, digər ayələrə isə sözügedən nəzəriyyələrin isbatı üçün istinad olunmadığına görə bu bəhsi uzatmağa ehtiyac duymuruq.

QURANDA TƏKAMÜL NƏZƏRİYYƏSİ HAQQINDA YEKUN SÖZ
Müasir elmi dairələrdə elmi nəzəriyyələr əvəz oluna biləcək versiyalar şəklində qəbul olunur. Başqa sözlə desək, elmi nəzəriyyələr faydalı fikirlər kimi qəbul olunur və onu əvəz edə biləcək yeni və dəqiq bir nəzəriyyə irəli sürülənədək öz elmi dəyərini itirmir. Təkamül nəzəriyyəsi qəti olaraq isbat olunmasa da o hal-hazırda elmi ictimaiyyət tərəfindən (təcrübi elmlər nəzərdə tutulur) məqbul nəzəriyyə kimi dəyərləndirilir. Eləcə də “Növlərin dəyişməzliyi” nəzəriyyəsi bir ehtimal olaraq irəli sürülmüşdür. Gördüyünüz kimi Quran ayələri hər iki nəzəriyyənin xeyrinə şərh oluna bilər. İki nəzəriyyədən birini tam təsdiq edən aydın bir ayə mövcud deyil. Belə olduqda təbii ki, heç bir nəzəriyyəni qəti olaraq Qurana aid etmək olmaz.

Qeydlər:
1. Quranın hər hansısa bir nəzəriyyəni isbat və ya rədd etməsi bir zərurət deyil. Çünki Quran hidayət kitabıdır və onun elmi məsələlərə toxunması da hidayət məqsədi daşıyır.
2. Təkamül nəzəriyyəsini qəbul və ya inkar etməkdə dinə etiqad heç bir rol oynamır. Yəni Təkamül nəzəriyyəsini qəbul etməyib dinə etiqad bəsləmək mümkün olduğu kimi, eyni nəzəriyyəni qəbul edərək dinə etiqad bəsləmək də mümkündür. Bəzi etiqadlı təbiblər bu yolu getmişlər.17
3. Təkamül nəzəriyyəsini qəbul etmək və onu Quran ayələrinə tətbiq etmək heç də Quranın elmi möcüzəsi deyil. Çünki bir tərəfdən istinad olunan ayələr haqqında fərqli ehtimallar, müxtəlif şərhlər mövcuddur, digər tərəfdən isə növlərin (üzvi aləmin) mərhələli təkamülünün (birhüceyrəlidən insana qədər) ayələrə tətbiqi dəqiq deyil (“Nur” surəsinin 45-ci ayəsi haqqında danışarkən bunun şahidi olduq).

Kitаbın аdı: Quranın elmi ecazkarlığı
Tәrcümә еdәn: M.Sayıl
Ardı var ...

ARDINI BURADAN OXUYUN


1 “Ənam”, 98, “Nisa”, 1, “Əraf”, 189 və “Zümər”, 6 ayələri də həmin məzmundadır.
2 “Əraf” surəsi, ayə: 27-35; “Yasin” surəsi, ayə: 60; “İsra” surəsi, ayə: 70.
3 “Quranda təkamül”, səh.48.
4 “Təfsiri-nümunə”, c. 3, səh.245.
5 “Təfsiri-nümunə”, c. 5, səh.367.
6 “Ali-İmran surəsi, ayə: 59.
7 “Ər-rəhman” surəsi, ayə: 14.
8 “Ət-təfsir əl-elmi lil-Quran fil-mizan”, səh.400.
9 “Minəl-ülum əl-ərziyyə Quraniyyə”, səh.207.
10 “Quranda təkamül”, səh.55-56.
11 “Təfsiri-nümunə”, c.2, səh.435-436.
12 “Nəhl”, 4, “Yasin”, 77 və “Nəcm”, 66 ayələri də həmin məzmundadır.
13 “Kəhf”, 37, “Fatir”, 11 də həmin məzmundadır.
14 “İnfitar” surəsi, ayə: 7-8.
15 “Ələq” surəsi, ayə: 21.
16 “Quranda təkamül”, səh.63-66.
17 “İlk universitet, son peyğəmbər”, c.1, səh.154.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!