QURAN VƏ BİOLOJİ ELMLƏR - 2

:

TƏKAMÜL HİPOTEZİNİN QISA TARİXİ VƏ ALİMLƏRİN BAXIŞLARI
Burada Təkamül nəzəriyyəsinin qısa tarixinə nəzər salacaq, hər iki nəzəriyyənin izahını verəcək və dəlillərinə toxunacağıq.

Bəzi mütəfəkkirlər yazırlar: “Təkamül nəzəriyyəsi hələ miladdan öncə mövcud olmuşdur. Miladdan sonra da ərəb alimləri, (sonralar İslam alimləri) bu haqda fikir yürütməyə başladılar. Müsəlmanlardan Farabi “İdeal cəmiyyət baxışları”, Qəzvini, “Əcaib əl-məxluqat” və “İxvan əs-səfa, İbn Misqəveyh “Təhzib əl-əxlaq” və “əl-Fəvz əl-əsğər” əsərlərində bu haqda söhbət açmışlar”. Təkamül nəzəriyyəsi elm tarixində müxtəlif formalarda mövcud olmuşdur. Lakin XIX əsrdə Lamark və Darvindən sonra təkamül haqqında müzakirələr daha da genişləndi.
Təkamül nəzəriyyəsinin tərəfdarları əsasən iki katiqoriyaya ayrılırlar:
1. Təkamülü bütün varlıqlara, hətta maddə və enerjiyə aid edərək ümumiləşdirənlər;
2. Təkamülü yalnız canlı varlıqlara, üzvi aləmə (mikroorqanizmlər, bitkilər, heyvanlar və insanlar) aid edənlər.
Birinci katiqoriyaya aid olan alimlər arasında da fikir ayrılığı mövcuddur. Bəziləri təkamülün hərəkətverici qüvvəsinin təbiətin fövqündə durduğu (materiyanın mütləq inert (təsirsiz) olub “canlanmaq” üçün hərəkət verilməsi lazım gəldiyi), bəziləri isə materiyaya hərəkət verilməsi lazım olmadığı qənaətindədirlər.

TƏKAMÜL VƏ NÖVLƏRİN DƏYİŞMƏZLİYİ KONSEPSİYALARININ İZAHI
Öncə də qeyd olunduğu kimi, təbiətşünaslıq elmləri ilə məşğul olan alimlər arasında həyatın və insanın (canlı təbiətin) mənşəyi haqqında iki nəzəriyyə mövcuddur.
1. Növlərin təkamülü və ya transformizm nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmdə mövcud olan növlər sabit deyil. İndi yaşayan növlər əvvəl yaşayan növlərdən təbii yolla əmələ gəlmişdir. Deməli, indiki bütün üzvi aləm, bitkilər, heyvanlar və insan özü də milyon illər davam edən inkişaf prosesinin məhsuludur. Başlanğıcda ibtidai formalar, birhüceyrəlilər okeanlarda xüsusi şəraitdə (cansız varlıqdan) törəmişdir. Bu mikroskopik varlıqlar ibtidai həyati formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişməyə başladılar. Okeanlardan sahilə, sahildən havaya keçdilər. Təkamül prosesinin ən kamil nümunəsi bugünkü insanlardır. Onlar insanabənzər meymunların təkamülü nəticəsində meydana gəlmişlər.
2. Növlərin dəyişməzliyi nəzəriyyəsi. Bu nəzəriyyəyə görə üzvi aləmi təşkil edən növlər indiki şəkildə yaradılmış və dəyişməzdir. Heç bir növ digər növə çevrilməmişdir. İnsan da ayrıca yaradılmış və dəyişməmişdir.
Hər iki nəzəriyyənin tərəfdarları öz fikirlərini qətiyyətlə müdafiə etmiş və elmi dairələrdə dərin çəkişmələr müşahidə olunmuşdur. Lamark və Darvin Təkamül nəzəriyyəsini yeni dəlillərlə elmi ictimaiyyətə təqdim etdikdən sonra mövcud çəkişmələr daha da şiddətləndi. Şübhəsiz, təbiətşünaslıq elmi dairələrində Təkamül təlimini müdafiə edən elm adamları çoxluq təşkil edir.

TRANSFORMİSTLƏRİN DƏLİLLƏRİ
Təkamül nəzəriyyəsini müdafiə edənlərin qarşıya qoyduğu dəlilləri aşağıdakı şəkildə qruplaşdırmaq olar.
Birinci dəlil: Təkamül nəzəriyyəsinin başlıca dəlili paleontoloji nailiyyətlər, qazıntı qalıqları üzərində aparılan tədqiqatlardır. Canlı varlıqların daşlaşmış skeletləri üzərində aparılan müqayisəli tədqiqatlar göstərir ki, canlılar (növlər) ibtidai formalardan ali formalara doğru qradasiya istiqamətində dəyişilmişdir. Qalıqların bu fərqliliyini yalnız Təkamül nəzəriyyəsi ilə izah etmək olar.
İkinci dəlil: Burada müqayisəli müşahidələr əsas götürülür. Müxtəlif heyvan skeletlərinin müqayisəli tədqiqatı nəticəsində növ əlamətlərində çox geniş dəyişkənlik olduğu üzə çıxmış və bəlli olmuşdur ki, heyvanların mənşəyi birdir.
Üçüncü dəlil: Burada embrioloji tədqiqatlar əsas götürülür. Hələ təkmilləşməmiş heyvan rüşeymlərini (embrionları) müqayisə etsək, onlarda böyük bənzərlik olduğunun şahidi olarıq. Bu, onların mənşəyinin ümumi olduğunun göstəricisidir.

NÖVLƏRİN DƏYİŞMƏZLİYİ TƏLİMİNİN TƏRƏFDARLARININ CAVABLARI
Növlərin dəyişməzliyi nəzəriyyəsini müdafiə edənlər bütün bu dəlillərə bir ümumi cavab verirlər. Onlara görə, bu dəlillər qənaətbəxş deyil. Qeyd olunan hər üç dəlil insanda təkamül haqqında ilkin təsəvvür (ehtimal, zənn) yaratsa da onu qəti şəkildə sübut etmir. Daha dəqiq desək, Təkamül nəzəriyyəsinin isbatı, onun bir hipotez (fərziyyə) şəklindən qəti elmi qanun şəklinə keçməsi konkret əqli (rasional) arqument və ya təcrübi, sensual fakt tələb edir. Lakin rasional biliklər, fəsəfə bu kimi mövcudlar haqqında fikir yürüdə bilmir. Təcrübələr isə kökü milyon illər öncəyə gedib çıxan məsələlər haqqında dəqiq nəticə əldə etməkdən acizdir. Bizim müşahidə etdiklərimiz zaman keçdikcə bitki və heyvanlarda baş verən qəfil dəyişkənlikdir (mutasiya). Misal üçün, adi qoyun cinsindən qəflətən yeni qoyun tipi törəyir ki, yunu adi qoyunlarla fərqlənir. Yəni adi qoyun cinsinə nisbətdə daha zərif olur. Bu yeni törəyən qoyun tipindən merinos adlanan yeni qoyun cinsi formalaşır. Həmin mütasiyalar gözün, dırnağın rəngində, dərinin formasında da özünü göstərir. Lakin hələ başlıca bədən üzvlərində baş verən mühüm dəyişiklik və ya növdən növə keçid (çevrilmə) müşahidə olunmamışdır. Deməli, biz qəfil sıçrayışlar nəticəsində növ dəyişmələrinin, misal üçün, sürünən heyvanların uçuş qabiliyyətinə malik quşa çevrilməsini zənn etsək də bu, ehtimaldan başqa bir şey deyil. Çünki biz bunu təcrübi olaraq müşahidə etməmişik. Bütün bunlar göstərir ki, transformistlərin qarşıya qoyduğu dəlillər Təkamül təliminin yalnız bir hipotez (fərziyyə) olduğunu sübuta yetirə bilər. Buna görə də təkamül bir nəzəriyyə deyil, hipotez (fərziyyə) adlandırılmalıdır.

TƏKAMÜL TƏLİMİ VƏ TEOLOGİYA
Bir çoxları Təkamül hipotezi ilə teologiya (və ya metafizika) arasında böyük bir uçurum olduğunu göstərməyə çalışırlar. Çünki darvinizmin meydana gəldiyi dönəmdə kilsə ruhaniləri ilə bu təlimin tərəfdarları arasında şiddətli çəkişmələr baş verdi. Dövrün siyasi-ictimai şəraitinin təsiri altında elə təsəvvür yarandı ki, guya darvinizm teologiyaya qarşıdır. Lakin bu gün artıq məlum olmuşdur ki, darvinizm və teologiya heç də qarşı-qarşıya deyillər. Yəni biz darvinizmi qəbul və ya rədd etməyimizdən asılı olmayaraq teoloji inanc sahibi ola bilərik. Əgər Təkamül təlimi hipotez olmaqdan çıxıb bir elmi nəzəriyyə (qanun) kimi qəbul olunsa, səbəbiyyət qanununu isbat etmiş olacaq. Üzvi aləmdə mövcud olan səbəbiyyət qanunu qeyri-üzvi təbiətə hakim olan səbəbiyyət qanunundan heç də fərqlənmir. Təbiət hadisələrinin (yağış, zəlzələ və s.) səbəblərini dəqiqləşdirmək teoloji baxışların qarşısına sədmi çəkir? Təbii ki, yox. Buna görə də növlər arasında dəyişkənlik və ya təkamül əlaqələrinin kəşfi də teoloji baxışlara zidd ola bilməz. Bütün bunlar nəinki teoloji baxışlara qarşı deyil, əksinə bu növ baxışların isbatı üçün yeni dəlillər ortaya çıxarır.1

TƏKAMÜL HİPOTEZİ VƏ İNSANIN MƏNŞƏYİ
Antik dövrlərlə bağlı tədqiqat aparan bəzi arxioloqların fikrincə Yerdə həyat 500 mln. il bundan öncə başlamışdır. Məməlilər 80 mln. il, insan isə 3 mln. il öncə meydana gəlmişdir. Onların qənaətinə görə, bu (insanın yaradılışı) qədim Daş dövrünə (Paleolit) təsadüf edir. Doktor Paknijad yazır: “Məməlilərin nə zaman yaranması haqqında dəqiq məlumat əldə olunmamışdır. Bu gün onların tarixinin sürünənlər qədər qədim olduğu söylənilir. Onlardan bəziləri ağaclarda yaşayırdılar. Aralarında qəribə yaradılışa malik (baş barmaqlı) pişiyəbənzər, iri gözlü Samur adlanan heyvan cinsi var idi. Bunları meymuna qədərki canlılar adlandırırlar. Zaman keçdikcə onların burnu qısaldı və ilkin meymunlar şəklinə düşdü. Sonradan meymunlar bugünki dörd əsas tipdə formalaşdılar (qorilla, oranqutan, hibban, şimpanze - sonuncu, təkmilləşmə baxımından hamısından öndədir). Növbəti mərhələdə bir neçə meymun insanabənzər şəkilə düşməyə başladı. 1962-ci ildə Keniyada tapılan insan qalığının (kəllə və ətraf sümükləri) 14 mln. öncəyə aid olduğu müəyyən edilmişdir. Şərqi Afrikada (Tanzaniyada) tapılan digər insan qalığının (kəllə) 1,7 mln. il yaşı olduğu müəyyən edilmişdir. Digər qədim hominid isə Efiopiyada aşkar edilmişdir. Təyin edilmişdir ki, onların nitq ünsiyyəti ibtidai inkişaf mərhələsini keçirdi. Ehtimallara görə bir neçə yüz sözdən ibarət dildə danışırmışlar. Qəbilə şəklində yaşayır və 40 il ömür sürürmüşlər (alim və arexoloqlar digər insan növləri də aşkar etmişlər ki, bu haqda davamlı olaraq dövri mətbuatda oxuyuruq).
Qədim insanlar 500 min il tarixə malikdirlər. Lakin müasir insanın tarixi yalnız 50 min ildir. Ondan öncəki dövr haqqında isə hər hansı bir məlumat yoxdur. Ən məşhur qədim insanlar avstralopiteklər, titekantroplar, neoantroplar, və kromanyonlardır ki, ardıcıl olaraq 35, 150, 300, 550 min il öncəyə təsadüf edirlər. Onlar insan idilər və insan həyatı sürürdülər. İtiuclu, dəstəli kəsici alətlər düzəldir, oddan istifadə edirdilər. Neoantroplar öz ölülərini dəfn edirdilər. Onların arasında dini inanclar mövcud olmuşdur. Onlar 600 il öncə mağarada yaşadıqları, ölümdən sonrakı həyata etiqad bəslədikləri aşkar olunmuşdur.
Kamil insanlar 50 min il öncə geniş artımla müşayiət olunmuşlar. Lakin onların primatlardan, yoxsa digər insanabənzər meymunlardan əmələ gəlməsi məlum deyil.2 Bu insanların düzəltdiyi bəzi alətlər hələ də istifadə olunmaqdadır (tilov, ox, yay və s.). Onlar proqramlı dini ayinlər icra edirdilər. Lakin buna baxmayaraq hələ də mağarada yaşayırdılar. Təqribən 10 min il öncə mağaradan çıxaraq çıraq və geyimdən istifadəyə başladılar. Biologiyaya görə bu (mağaradan uzaqlaşmaq) bəşər sivlizasiyasının başlanğıcı olmuşdur.3

Kitаbın аdı: Quranın elmi ecazkarlığı
Tәrcümә еdәn: M. Sayıl
Ardı var ...

ARDINI BURADAN OXUYUN


1 “Təfsiri-nümunə”, c.11, səh.81-85.
2 Doktor Paknijad insan və meymun orqanizmlərinin oxşar və fərqli tərəfləri haqqında geniş söhbət açmışdır. Misal üçün, onların qanı 4 qrupa – AB, O, B, A,- bölünür. Şimpanze meymunlarının qanını insana vurmaq olar. Lakin meymunların südünü uşağa içirmək olmaz (halbuki digər heyvanların südünü - inək və s. - uşağa içirmək olar). Bir kişinin beyni erkək meymun beynindən üç dəfə böyükdür. Meymunların boğazlıq dövrü insanda olduğu kimi 270 gündür (“İlk universitet, son peyğəmbər”, c.1, səh.171-174).
3 “İlk universitet, son peyğəmbər”, c.1, səh.166-178.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!