QURAN və TİBB - 2

:

QEYRİ-GİGİYENİK ƏRZAQ MƏHSULLARI 
Xəbis “خبیث” dedikdə iyrənc, ikrah doğuran mənaları nəzərdə tutulur (yəni insan təbiətinə uymayan, qüsurlu, iyrənc şeylər).


Quranda oxuyuruq: “(O Peyğəmbər) onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) ne’mətləri halal, murdar (napak) şeyləri haram edər.” (“Əraf” surəsi, ayə: 157)
Ayədə peyğəmbərlərin missiyalarından biri haqqında söhbət açılır və bildirilir ki, onlar pak, təmiz şeyləri halal, qüsurlu, iyrənc şeyləri isə haram etmək (haram olduğunu çatdırmaq) üçün göndərilmişlər. Pak, təmiz şeylərin halal, iyrənc şeylərin haram edilməsi bütün ilahi dinlərdə mövcud olan fitri məsələlərdəndir.

QISA TARİX
İnsanda təbii olaraq bəzi qida məhsullarına qarşı nifrət var. İslam fitrət dini olduğundan bu növ qida məhsullarını haram etmişdir. İslamdan öncəki ilahi dinlərdə də qan, leş və donuzun yeyilməsinə qadağa qoyulmuşdur.

HÖKMLƏR
Məlum ayəyə və Əhli-beytdən (ə) gələn hədislərə əsasən bəzi iyrənc (ürəyə yatmayan, qüsurlu) qida məhsulları haram olunmuşdur. Bu qəbildən olan haramlara diqqət yetirək.

1. İyrənc qida məhsullarını (hansı ki, insan təbiəti onlara qarşı nifrət hissi bəsləyir, onlardan iyrənir - iylənmiş meyvə və s.) yemək haramdır.
2. Murdar şeyləri yemək haramdır.
3. Burun suyunu (selikini) udmaq haramdır.
4. Sinə bəlğəmini (tənəffüs yollarının ifraz etdiyi patoloji sekret) udmaq haramdır.
5. Torpaq yemək (bir-iki istisna ilə) haramdır.
6. Ölümlə nəticələnən şeyləri yemək haramdır.
7. İnsana ümumilikdə ziyanı olan şeylərin yeyilməsi haramdır.
8. İnsan ifrazatı ilə qidalanan heyvanın ət və südünü yemək haramdır.
9. Əti halal heyvanların bəzi hissələri (qan, ifrazat, erkək və dişi cinsi orqanları, sperma, sidik kisəsi və s.).
10-13. Qan, leş, donuz əti və spirtli içki haramdır. Bunlar haqqında Quranda xüsusi ayələr mövcuddur.

ELMİ SİRLƏR
Elm adamlarından biri yazır:
“خبیث  [xəbis]  o şeylərə deyilir ki, insanlar ondan iyrənir (xoşagəlməz, iylənmiş, xarab olmuş şeylər).
Qidanın xarab olması, kiflənməsi və iylənməsinə səbəb onun üzərinə qonan mikrob və zəhərli göbələklərdir. Məlumdur ki, bu növ qida məhsullarında müxtəlif xəstəliklər mövcuddur. Qida insan orqanizmində canlı hüceyrəyə çevrilir. Çirkin, iylənmiş qidalar funksiyasını itirmiş hüceyrələrə çevrilir. Hüceyrələr az ömürlüdür. Bəzən yeddi gündən qırx günədək, bəzənsə yeddi ilə qədər orqanizmdə qala bilirlər.” (“Hökmlərin fəlsəfəsi”, səh.319)

YEKUN
1. Qeyri-gigiyenik ərzaq məhsullarının istifadəsinə qadağa qoyulması ilahi dinlərin bəşəriyyətə xidmətlərindəndir. Çünki hələ mikroblar kəşf olunmadığı, natəmiz qida məhsullarının törədə biləcəyi xəstəliklər aşkarlanmadığı bir dönəmdə bu növ qidalanmaya qadağa qoyulmuşdur. Bu həm də insanların sağlamlığına çox böyük xidmətdir.
2. Bu qadağalar Qurana məxsus deyil. Öncə də qeyd etdiyimiz kimi keçmiş dinlərdə də bu qadağalara rast gəlirik.
3. İnsanın iylənmiş, kiflənmiş və s. qida məhsullarına nifrəti təbii və daxili bir prosesdir. Elə buna görə də Quranın məlum hökmləri “bələdçilik” xarakteri daşıyır (“irşadi” hökmdür) və ilahi dinlərin, yaxud da Quranın elmi möcüzəsi hesab olunmur.
4. Bu növ qida məhsullarının gigiyenik ziyanları olduğu üçün haram olunması doğrudur. Lakin bu, heç də tam səbəb deyil. Digər səbəblərin də mövcudluğu istisna olunmur.

Kitаbın аdı: Quranın elmi ecazkarlığı
Tәrcümә еdәn: M. Sayıl
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!