QURAN və TİBB - 13

:

QURAN VƏ İNSANIN PSİXİ SAĞLAMLIĞI 
Bir çox Quran ayələrinin ehtiva etdiyi ideoloji, etik göstərişlər insanın psixi təskinliyinə, ruhi tarazlığının qorunmasına müsbət təsir göstərir və nəticədə insanın psixi sağlamlığını təmin edir.


Bu mövzuya üç cəhətdən yanaşmaq olar. Birincisi, Quranın özünü “şəfa” adlandırması. Ikincisi, Quranın tarixi baxımdan şəfavericiliyi (tarixi faktlar). Üçüncüsü, tibb elmlərinin bu şəfavericiliyi təsdiq etməsi.
Quranın şəfavericiliyi ilə bağlı ayələr.
Bu məsələ ilə bağlı bir neçə ayəyə istinad edilmişdir.
1. “Biz Qur’andan mö’minlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.” (“İsra” surəsi, ayə: 82)
2. “(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərə bir şəfa, mö’minlərə hidayət və mərhəmət (Qur’an) gəlmişdir!” (“Yunus” surəsi, ayə: 57) 
3. De: "O, iman gətirənlərə hidayətdir və şəfadır.” (“Fussilət” surəsi, ayə: 44) 
1. “شفاء” [şifa] sözü xəstəliklərə, eyb və nöqsanlara qarşılıq olaraq işlənir. Deməli, Quran ilk növbədə insanı əxlaqi xəstəliklərdən, qüsurlardan sağaldır. “رحمة” [rəhmət] sözü əxlaqi sərvətlərlə zinətlənməyə, Quranın nəzarəti altında tərbiyə olunmağa işarədir.
2. Bəzi təfsirçilər “Quran necə şəfa verir?” sualına cavab olaraq yazırlar:
“Şübhəsiz, əxlaqi xəstəliklər bir çox cəhətdən fiziki xəstəliklərə bənzəyir. Hər iki xəstəlik dağıdıcıdır, hər ikisinin təbibə, müalicəyə ehtiyacı var, hər ikisi bəzən yolxucudur. Çox maraqlı və mənalı bənzətmədir. Bəli, Quran cəhalətə, qürura, həsədə, nifaqa qarşı mübarizəyə qalxmaq istəyənlər üçün həyatverici nüsxədir. Quran dünyanın dörd bir yanında alovlanan müharibə odunu söndürə biləcək yeganə doktrinadır”.
3. Bir çox hədislərdə Quranın şəfavericiliyi öz əksini tapmışdır.
4. Nə üçün Quran zülümkarlara mənfi təsir göstərir?
Bu suala cavab olaraq bildirmək lazımdır ki, Quran saf, təmiz yağış suyunu xatırladır. Hansı ki, bağda lalə, şoranlıqda tikan bitirir. Quran vitamin dolu qida məhsuluna bənzəyir. Alim daddıqda təlim-tərbiyə üçün güc alır. Zülümkar daddıqda isə daha da həddini aşır.” (“Təfsiri-nümunə”, c.12, səh. 237-238)


QURANIN ŞƏFAVERİCİLİYİ TARİXİN GÖZÜ İLƏ (TARİXİ FAKTLAR)
Quranın şəfavericiliyinin ən yaxşı göstəricisi cahiliyyət dövrü ərəblərinin İslam tərbiyəsi görmüşlərlə müqayisəsidir. İslam günəşi doğmazdan öncə Ərəbistan yarımadasında cəhalət hökm sürürdü. Müxtəlif ictimai, əxlaqi xəstəliklər baş alıb gedirdi. Lakin İslamdan sonra nəinki şəfa tapdılar, hətta dünyanın böyük qüdrətlərini (super güclərini) diz çökdürdülər. (“Təfsiri-nümunə”, c.12 , səh. 241)
Quranın nazil olmasından 200 il keçməmiş sivilizasiyalı cəmiyyət quruldu. Təfriqələr, qarətçiliklər ali hakimiyyətlə əvəz olundu. Kölə vəziyyətində yaşayan, diri ikən gömülən, ən adi hüquqlardan belə məhrum olan qadınlar xilas oldular. Belə ki, valideynlərindən qalan irsdən onlara da pay ayrılır, ictimai fəaliyyət göstərirdilər. Çox az sayda insanın yazıb-oxumaq bildiyi Ərəbistan yarımadası əsrlər boyu dünyanın elmi mərkəzinə çevrildi.


QURANIN ŞƏFAVERİCİLİYİ VƏ TİBB ELMLƏRİ
Bir çox psixoloq və sosioloqlar Quran ayələrinin məzmununu incələmiş, onun insan psixikasına təsirindən söhbət açmış və bunu təcrübi elmlərlə isbat etmişlər. Bu tədqiqatçılar öz araşdırmalarını iki əsas xətt üzrə açıqlamışlar:
a) Quran oxumağın ağrıların, iztirab və solğunluğun azalmasında rolu;
Bu yöndə çoxsaylı tədqiqatlar aparılmış və maraqlı nəticələr əldə olunmuşdur ki, aşağıda diqqətinizə çatdırırıq.
1. Əlirza Nikbəxt Nəsrabadi öz dissertasiyasını “Quran avazının qarın nahiyəsində cərrahi müdaxilədən (operasiya) sonra baş verən ağrıların azalmasındakı rolu” mövzusuna həsr etmiş və sübuta yetirmişdir ki, Quran səsi qarın nahiyəsindən cərrahi müdaxilə üsulu ilə müalicə olunan xəstələrin operasiya sonrası ağrılarının azalmasında böyük rol oynayır.
2. Tehranda “İztirab testi” üsulu ilə aparılan tədqiqat göstərir ki, 60 orta məktəb şagirdindən 6 ayda minimum yarım saat Quran oxuyan qız uşaqlarında iztirab, solğunluq, ruh düşgünlüyü, digərlərinə nisbətdə olduqca azdır.
3. Digər statistik araşdırma isə davamlı Quran oxumağın stresin (gözlənilməz gərgin şəraitin törətdiyi emosional vəziyyət) aradan qaldırılmasında mühüm rol oynadığını aşkara çıxarmışdır. Əlbəttə, Quranın düşünülməsi də bu baxımdan böyük əhəmiyyət daşıyır.
b) Quran təlimlərinin fərdi və ictimai psixikanın sağlamlığında rolu.
Bir çox mütəxəssislər bu haqda araşdırmalar aparmış və Quran təlimlərinin (göstərişi və tövsiyələrinin) fərdi-ictimai psixikanın sağlamlığındakı rolunu incələmişlər. Burada bu tədqiqatların nəticələrini diqqətinizə çatdırırıq.
1. Şəxsiyyətin səbatı və onun tövhidlə əlaqəsi.
Alimlərdən biri bu haqda yazır: “İnsanın psixi sağlamlığı haqqında araşdırmalar göstərir ki, sağlam şəxsiyyətdə başlıca rolu psixi bütövlük (tarazlıq) və dini öhdəçilik oynayır. Dəyərlər sisteminə sədaqət həyata məna verir. Insan şəxsiyyətinə səbat bəxş etmək iqtidarında olan dəyərlər sistemi yalnız dindir. İslam dini tövhid, səbatlılıq, bütövlük, bölünməzlik üzərində qurulmuşdur. Tövhidin bariz nümunəsi və təzahürü müqəddəs yaradandırı.” (“Dinin psixi sağlamlıqda rolu” məqaləsindən) 
2. Quranda optimizmin aşılanması, pessimizmə yasaq qoyulmasının insanın solğunluğunun azalmasında rolu. 
Quranda oxuyuruq:
“Oğullarım! Gedin Yusifdən və qardaşından bir xəbər bilin. Allahın mərhəmətindən ümidinizi kəsməyin. Allahın mərhəmətindən yalnız kafirlər ümidini üzər!" (“Yusuf” surəsi, ayə: 87)
Dini kitablar, xüsusilə Quran insana Allaha təvəkkül, Onun rəhmətindən naümid olmamaq aşılayır, ümidsizliyi, bədbinliyi pisləyir. Ümidsizlik İslamda ən böyük günahlardan hesab olunur. Buna görə də möminlər özlərini daim şən, gümrah hiss edir və nikbin olurlar.
Alimlərdən biri bu haqda yazır:
“Araşdırmalar göstərir ki, dini etiqadı güclü olan, dini ayinləri icra edən xəstələr sağlamlıqlarına daha tez qovuşurlar.” (“Psixiatriya və kiliniki psixologiya” jurnalından) 
3. Quranın insanları səbrə (“Bəqərə” surəsi, ayə: 153, 154; “Ali-İmran” surəsi, ayə: 200) dəvət etməsi və onun psixi gərginliklərin aradan qaldırılmasında rolu.
4. Quranın insanları Allaha təvəkkül etməyə (“Əhzab” surəsi, ayə: 3; “Ali-İmran” surəsi, ayə: 159) dəvət etməsi və bunun problemlərin həllində, ruhi təskinlikdə rolu.
5. Allahı yad etməyin iztirab və gərginliyin aradan qaldırılmasındakı rolu. (“Bəqərə” surəsi, ayə: 155) 
6. Dində intiharın yasaq olunması və bunun müsəlman cəmiyyətlərində intihar sayının sıfra enməsində rolu.
Gartner və həmkarları tərəfindən aparılan çoxsaylı araşdırmalar dini etiqadla intihar arasında mənfi əlaqə olduğu aşkar edilmişdir.
Stock “nə üçün dindarlar intihar etmirlər?” sualına cavab olaraq müxtəlif dəlillər göstərir. Bu dəlillər sırasında izzəti-nəfs, əxlaqi məsuliyyət, Allahın rəhmətinə ümid və s. amillər böyük əhəmiyyət daşıyır. (“Düşüncə və davranış” jurnalından.) 
7. Valideynlərə sevgi göstərmək və onun sağlam ailə mühitində təsiri.
8. Hicab və qadınların psixi sağlamlığı.
9. Axirətə inam və psixi sağlamlıq.
10. Namazın ruhi təskinlikdə rolu.
11. Ailə qurmaq və onun fərdi-ictimai təskinliyə təsiri və s.

YEKUN
Burada bir neçə məqama aydınlıq gətirmək faydalıdır.
1. Quranın qeyd olunan şəfavericiliyi hələ nazil olduğu dönəmdə müşahidə olunur və ilahi kitab olduğunu isbatlayırdı. Psixoloji biliklər inkişaf etdikcə bu motivlər daha aydın olacaq.
2. Unutmaq lazım deyil ki, Quranın göstərişlərinin hikməti psixi sağlamlığa göstərdiyi müsbət təsirlərlə bitmir. Burada digər (mənəvi) amillər də mövcuddur. Bir çox amillər isə hələ də aşkar olunmamışdır.
3. Quranın şəfavericiliyi, psixi sağlamlığa müsbət təsiri onun elmi ecazkarlığını sübuta yetirmir. Çünki bu təsirlər iki cürdür.
Birinci: Quranın ehtiva etdiyi dəyərlərin təsiri. Bu dəyərlər öncəki dinlərdə də mövcud olmuşdur və buna görə də möcüzə ola bilməz.
İkinci: Qeyd edilən təsirlər Quranın avazı ilə bağlıdır. Yəni Quran oxuyanın xüsusi avazı və ya Quranın özünə məxsus musiqisi xəstələrin müalicəsinə müsbət təsir göstərir və onların ağrılarını azaldır. Fikrimizcə bu Quranın əzəmətini göstərsə də onun ecazkarlığına sübut ola bilməz. Çünki bu növ müsbət təsirlər hər bir musiqidə müşahidə olunur. Lakin Quranın bu növ təsirinin (mənəviyyatla birgə olduğu üçün) daha çox olduğu iddia olunarsa, bunun ətraflı və dəqiq araşdırmalara ehtiyacı olduğunu bildirərik.
4. Quranın fərdi-ictimai psixikaya göstərdiyi müsbət təsirlərin aşkar olunması bizə Quranı daha yaxşı tanımaqda, psixi xəstələrin müalicəsində istifadə etməkdə kömək edir. Başqa sözlə desək, bu istiqamətdə aparılan tədqiqatlar mənəvi keyfiyyətləri təcrübi kəmiyyət olaraq insanların ixtiyarına verir və ilahi vəhydən istifadə etmək üçün yeni qapılar açır. Ümidvarıq ki, bu yeni başlanmış tədqiqatlar davam etdiriləcək, insanlar mənəviyyata daha çox maraq göstərəcəklər.

Kitаbın аdı: Quranın elmi ecazkarlığı
Tәrcümә еdәn: M. Sayıl
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!