QURANDA HƏYATIN MƏNASI - 2

:

Quran baxımından son hədəf 
Belə bir sual olunur ki, bu qaydanı Qurani-kərimdən çıxarış etmək mümkündürmü? Bu səmavi kitabdan son hədəfin nə olmasını öyrənmək olarmı? Bu suala cavab vermək üçün öncə sualda məqsədin nə olmasını öyrənmək lazımdır.


Məqsəd ümumi şəkildə son hədəfi öyrənməyin mümkün olmasıdır, yoxsa son hədəfin konkret xarici nümunələri? Bütün əxlaq məktəbləri son hədəfə malik olmağın zəruriliyi barədə müştərək əqidədədirlər. Lakin onun nümunələrinin təyinində fikirlər müxtəlifdir. Bütün əxlaq məktəblərində və Quranda ümumi şəkildə bəyan edildiyi kimi bu son hədəf insanın fitri olaraq axtardığı şeydir. Hədəf səadət, xoşbəxtlik, müvəffəqiyyət və bu kimi həqiqətlər ola bilər. O, zatən axtarıldığı üçün onun barəsində «niyə?» və «nə üçün?» ifadəsi işlədilmir. O, başqa şeylə əsaslandırılmır və başqa hədəfin axtarışı istiqamətində izah edilmir. İş görən fəhlədən nə üçün işlədiyini soruşmaq olar. O da cavabında deyəcək ki, pul almaq üçün işləyi. Yaxud soruşmaq olar ki, nə üçün pul alırsan? O da cavab verər ki, məsələn, ərzaq almaq üçün. Yaxud nə üçün ərzaq aldığını soruşub, «tox olmaq, ləzzət almaq üçün» cavabını almaq olar. Lakin ondan «nə üçün ləzzət almaq istəyirsən?» deyə soruşmaq olmaz. Çünki ləzzət öz-özlüyündə insanın axtardığı və istədiyi şeydir. Nəinki insan, hətta hər bir şüurlu varlıq ləzzət axtarır. İnsan bu həqiqəti fitri elm ilə dərk edir. Heç kəsi ləzzət və səadət axtardığı üçün qınamaq olmaz. Çünki bu, fitri və qeyri-ixtiyari bir istəkdir və insanın ixtiyar dairəsindən xaricdir. Ümumiyyətlə, insanın varlığı belədir və onu Allah belə yaradıb. Onun bu xüsusiyyəti əxlaq mövzusuna da daxil deyil.
Biz Qurana nəzər salanda görürük ki, Qurani-kərim insanları yaxşı işlərə, nəfsin paklanması və əxlaqın gözəlləşdirilməsinə sövq etmək üçün onlara bu işlərin xoşbəxtlik və qurtuluşa səbəb olması müjdəsini verir. Amma xoşbəxtlik və qurtuluşun özü barəsində heç bir təşviq və birbaşa göstəriş yoxdur. Odur ki, biz Quranda son hədəf barədə açıq-aşkar ifadələrə rast gəlmirik. Məsələn, Quranda «insanın bir son hədəfi var və istər-istəməz onun arxasınca gedir» kimi ifadə yoxdur. Bundan əvvəl bu barədə izah verdik və dedik ki, hər bir işi digər bir işin hədəfi, həmin digər işi də başqa bir işin hədəfi kimi qeyd etmək olar. Bu zəncirvari təhlil nəhayət bir nöqtədə sona çatır və həmin nöqtə başqa biri ilə izah edilmir. Bəli, bu təhlil əsasında demək olar ki, Quran da belə bir yolla gedib, sonda əsaslandırılmayan, başqa hədəf üçün vasitə olmayan və özü son hədəf sayılan “səadət”, “xeyir”, “müvəffəqiyyət” kimi bir-birinə yaxın məfhumları irəli sürüb. Bu məfhumlar bütün dillərdə mövcud olduğundan və hamımız onlarla tanış olduğumuz üçün onları lüğət baxımından izah etməyə ehtiyac yoxdur. Çünki biz də bəzən “səadət”, bəzən onun yerinə “xoşbəxtlik” sözünü, bəzən də qurtuluş, müvəffəqiyyət və uğur sözlərini işlədirik. Bu sözlərin hər birinin özünəməxsus xüsusiyyəti, zərifliyi var. Məsələn, “qurtuluş” cözündə insanın həyatı boyu çətinliklərə düçar olması, hədəfinə çatmaqda maneələrin olması və onun həmin maneələri aşıb öz hədəfinə çatması mənası gizlənmişdir. İnsan həmin maneələri keçib öz hədəfinə çatan zaman onun barəsində «qurtuldu» ifadəsi işlədilir. Deməli “qurtuluş”un mənası çətinliklərdən nicat tapmaqdır. Bu isə elə xoşbəxtlikdir. İnsan xoşagəlməz və narahatedici şeylə qarşılaşmayanda xoşbəxt olur. 
“Xoşbəxtlik” sözünü belə izah etmək olar: “xoşbəxtlik”lə “ləzzət” bir-birinə çox yaxın sözlərdir. Bu iki söz arasındakı fərq budur ki, ləzzət bir anlıq olur, səadət isə uzunmüddətlidir. Məsələn, çox dadlı bir yeməkdən bir neçə an ləzzət almış şəxs barəsində xoşbəxtlik sözü işlədilmir. Onun barəsində «yeməkdən ləzzət aldı» deyirlər. Bu yeməyə görə «o xoşbəxtliyə qovuşdu», yaxud «xoşbəxt oldu» deyilmir. 
Deməli, xoşbəxtlik sözündə uzunmüddətli ləzzət mənası gizlənib. Kimsə həyatı boyu həmişə ləzzət ala bilsəydi, o tam xoşbəxt olardı. Lakin həyat ağrı-acısız ötmədiyi üçün demək mümkündür ki, bu dünyada xoşbəxtlik kəmiyyət və keyfiyyət baxımından ləzzəti ağrı-acısından çox olan şeydir. Bu yöndə iki xüsusiyyət nəzərə alınır: 1-keyfiyyət baxımından üstünlük; 2-kəmiyyət baxımından davamlılıq. Quran da insanları axirətə dəvət etmək və onları mənəvi xoşbəxtlik yolunda hərəkətə gətirmək üçün axirət nemətlərini dünya nemətləri ilə bu iki xüsusiyyət baxımından müqayisə edir. Həmişə bu həqiqət xatırladılır ki, axirət ləzzətləri dünya ləzzətlərindən keyfiyyət baxımından daha yaxşı, kəmiyyət baxımından daha davamlıdır. Buyurulur: "وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَى" “Axirət daha xeyirli və daha baqidir.” (“Əla”, 17)

Quran baxımından insanın həyatı
İlahi dünyagörüşünə əsasən, insan həyatının iki mərhələsi var: dünya mərhələsi və axirət mərhələsi. İnsanın dünya həyatı axirət həyatı ilə müqayisədə bir göz qırpımı kimidir. Ümumiyyətlə dünya axirətlə müqayisəyə gəlməz və insanın sonsuz həyatı müqabilində bir heçdir. Buna görə də insanın dünya həyatı hətta başdan-başa ağrı-acı və dərd-qəmlə dolu olsa belə, digər dünyadakı davamlı, əbədi və daha yaxşı ləzzətlər və müqayisədə puçdur. Əgər o, dünya çətinlikləri, ağrı-acıları müqabilində axirətini qazana bilsə xoşbəxtdir. Bunun əksi də qüvvədədir. Yəni əgər insan dünya həyatında ləzzətlərə qərq olsa və bu, onun axirət dünyasında bədbəxtliyi ilə nəticələnsə, onu heç vəchlə xoşbəxt adlandırmaq olmaz. Axirəti və əbədi həyatı əsla nəzərə almasaq belə dünyada insanlar iki qrupa bölünürlər: xoşbəxt və bədbəxt insanlar. Xoşbəxt insan dünyada daha çox ləzzət alan, bədbəxt insan isə dünyada ağrı-acıları ləzzətlərindən daha çox dadan şəxsdir.
Səadət və xoşbəxtlik sözü Quranda ilahi dünyagörüşünə əsaslanan mənada bir yerdə işlədilmişdir. Allah-taala bu barədə buyurur:

فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ فَأَمَّا الَّذِينَ شَقُواْ فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاء رَبُّكَ إِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا يُرِيدُ وَأَمَّا الَّذِينَ سُعِدُواْ فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالأَرْضُ إِلاَّ مَا شَاء رَبُّكَ عَطَاء غَيْرَ مَجْذُوذٍ

“(O gün) İnsanların bir qismi bədbəxt, bir qismi isə xoşbəxt olacaqdır! Bədbəxt olanlar od içərisində qalacaqlar. Onları orada ah-fəryad gözləyir. Rəbbinin istədiyi istisna olmaqla, onlar orada əbədi – göylər və yer durduqca qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir. Xoşbəxt olanlar isə Cənnətdədirlər. Onlar Rəbbinin dilədiyindən əlavə tükənməz bir nemət olaraq göylər və yer durduqca orada əbədi qalacaqlar.” (“Hud”, 105-108)
Əgər insanın həyatına ilahi dünyagörüşü və Quran maarifi baxımından nəzər salsaq, dünya həyatının ümumilikdə bir şey olmadığına şahid olarıq. Əbədi olaraq cəhənnəm odunda qalacaq şəxsə, bu ötəri dünyada bütün ömrünü ləzzət içərisində keçirməsini fərz etsək belə, necə xoşbəxt demək olar?! Bunun əksi də gücündədir. Əgər kimsə əbədi dünyada xoşbəxtdirsə, Quran dili ilə desək, əbədi olaraq Cənnətdə yaşayırsa, müvəqqəti dünyada bütün ömrünü işgəncə altında keçirmiş olsa belə xoşbəxtdir. Çünki ümumi hesabda dünyanın ləzzət və ağrısı axirət müqabilində heç nədir.
Buna görə də İslam dünyagörüşündə xoşbəxtlik və bədbəxtliyin meyarı əbədi ləzzət və əbədi əzabdır. Belə ki, İslam nə xoşbəxtlik və bədbəxtliyin mənasını dəyişir, nə də özündən insanların dərk edib qavramayacağı yeni yeni təbirlər işlədir. Quran xoşbəxtliyi daha davamlı ləzzət, bədbəxtliyi də başa düşdüyü mənada davamlı ağrı-acı və əzab-əziyyət hesab edir. Lakin onların nümunələrini dəyişir. Dünyanın ləzzətləri və əzab-əziyyətləri davamlı olmadığı üçün xoşbəxtlik və bədbəxtliyin düzgün nümunəsi olaraq axirət dünyası irəli sürülür.
“Qurtuluş” çətinlik və maneələri adlayaraq hədəf və məqsədə çatmaqdır. İnsan həmişə öz hədəf və məqsədinə çatmaq yolunda bir sıra maneə və çətinliklərlə qarşılaşır. O öz səy və təlaşı ilə həmin çətinlik və maneələri aradan qaldırıb, nəzərdə tutduğu hədəfə çata bilər. Bu halda onun barəsində «qurtuldu» ifadəsi işlədilir – yəni azad oldu, rahatlaşdı, düşmənə qalib gəldi. Bu kimi məqamlarda qurtuluş sözündən istifadə edilir. 
Quranda bəzi məqamlarda qurtuluş sözündən istifadə edilir. Məsələn, biri Fironun sehrbazlarının onun göstərişi ilə Musanın qarşısında özlərini göstərmək istədikləri məqam həmin məqamlardandır. Qurani-kərim nəql edir ki, Firon onları təşviq etmək, həvəsləndirmək məqsədi ilə dedi: "وَقَدْ أَفْلَحَ الْيَوْمَ مَنِ اسْتَعْلَى" “Bu gün qalib gələn qurtulacaqdır!” (“Ta-Ha”, 64)
“Düşmənə qalib gəlmək” əvəzinə “qurtulmaq” sözü işlədilmişdir. Quranda həmçinin mənəvi sahədə dünya çətinliklərindən nicat tapıb digər aləm və səhnədə rahatlığa daxil olanlar barəsində “qurtuluş” sözündən istifadə edilmişdir. Məsələn buyurur: "قَدْ أَفْلَحَ مَن تَزَكَّى" “(Günahlardan) Təmizlənən kimsə qurtulacaqdır.” (“Əla”, 14)
Başqa bir ayədə buyurur: "قَدْ أَفْلَحَ مَن زَكَّاهَا" “Nəfsini (günahlardan) təmizləyən mütləq qurtulacaqdır!” (“Şəms”, 9)
“Muminun” surəsinin birinci ayəsində buyurur: "قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ" “Həqiqətən, möminlər qurtulmuşlar!” (“Muminun”, 1)
Bəli, insanın nəfsini paklaması onun nicat tapması və qurtuluşuna nəinki təsirlidir, hətta bunun üçün yeganə yoldur. “Qurtuluş” sözü Quranın başqa ayələrində insanın ibadətləri və digər gözəl əməllərinin nəticəsi olaraq qeyd edilmiş və «bəlkə» sözü ilə birlikdə işlədilmitşdir. Buyurur: "وَاذْكُرُوا اللَّهَ كَثِيراً لَّعَلَّكُمْ تُفْلِحُونَ" “Allahı çox zikr edin ki, bəlkə qurtulasınız.” (“Cümə”, 10)
Başqa bir ayədə buyurur: "وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُفْلِحُونَ" “Allahdan qorxun ki, bəlkə qurtulasınız.” (“Ali-İmran”, 130)
Allah-taala insanları təqvaya, Allahın zikrinə, günahlardan çəkinməyə sövq etmək istədiyi məqamlarda «bəlkə qurtuldunuz» ifadəsi ilə insanın son hədəfinin qurtuluş olmasını bəyan edir. İnsana öyrədir ki, qurtuluşa nail olmaq üçün bu işləri yerinə yetirməli və çirkin işləri tərk etməlidir.
Qurani-kərim qurtuluşu yaxşı işlərin yerinə yetirilməsinin hədəfi kimi təqdim edir, bütün ibadətlər və gözəl əməllərin ona nail olmaq üçün yerinə yetirilməli olduğunu bildirir. Lakin heç vaxt qurtuluşun özü üçün başqa bir hədəf təqdim etmir və kiminsə qurtuluşa nail olmasından sonra nəsə olacağını bildirmir. Çünki qurtuluşdan qiymətli və dəyərli bir məqsəd yoxdur. Məsələn, Quranda belə bir ayə var: "فَاعْبُدْنِي وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي" “Mənə ibadət et və Məni zikr etmək (yada salmaq) üçün namaz qıl!” (“Ta-Ha”, 14)
Yaxud digər bir ayədə buyurur: "إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ" “Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər. Allahı zikr etmək, şübhəsiz ki, daha böyükdür.” (“Ənkəbut”, 45)
Bu ayələrdə Allahı zikr etmək, çirkin və pis əməllərdən çəkinmək namazın hədəfi kimi təqdim edilmişdir. Həmçinin, digər bir ayədə buyurur: "وَاذْكُرُوا اللَّهَ كَثِيرًا لَعَلَّكُمْ تُفْلِحُونَ" “Allahı çox zikr edin ki, nicat tapıb qurtulasınız!” (“Ənfal”, 45)
Bu və bundan öncə qeyd edilən ayələrdə namazın hədəfi kimi təqdim edilən «zikr» üçün qurtuluşa nail olmaq hədəf göstərilir. Amma Quran ayələrinin heç birində qurtuluşun özü üçün hədəf təqdim edən ayəyə rast gəlmək mümkün deyil. Yəni «qurtulun ki, filan şey olsun» deyən bir ayə yoxdur. Biz bu ifadələrdən belə bir nəticə əldə edirik ki, qurtuluş digər hədəf olan xoşbəxtlik kimi öz-özlüyündə son hədəf və zati istəkdir.
«Fauz» sözünün mənası uğur, maddi yaxud mənəviliyindən asılı olmayaraq arzuya çatmaqdır. İnsan dünyada əbədi həyat və həmişəlik ləzzət axtarır. Müvəqqəti çətinliklərə ləzzətə çatmaq üçün qatlaşır. Həmin əbədi həyat və ləzzəti əldə etsə, uğur qazanmış və arzusuna çatmış sayılır. Qurani-kərim bir çox ayələrdə «fauz» (uğur) sözünü müxtəlif şəkillərdə işlətmişdir. Buyurur: "لَهُمْ جَنَّاتٌ تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ ذَلِكَ الْفَوْزُ الْكَبِيرُ" “Onlar üçün altından çaylar axan Cənnətlər vardır! Budur böyük uğur!” (“Buruc”, 11)
Digər bir yerdə buyurur: "مَنْ يُصْرَفْ عَنْهُ يَوْمَئِذٍ فَقَدْ رَحِمَهُ وَذَلِكَ الْفَوْزُ الْمُبِينُ" “(O əzab) Həmin gün kimdən döndərilsə, doğrudan da Allah ona rəhm etmişdir və odur aşkar uğur!” (“Ənam”, 16)
Başqa bir ayədə buyurur: "رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ" “Allah onlardan razıdır və onlar da Allahdan razıdırlar. Budur böyük uğur!” (“Maidə”, 119)
Həmçinin bəzi ayələrdə başqa bir ifadə işlədərək buyurur: "وَمَن يُطِعْ اللَّهَ وَرَسُولَهُ فَقَدْ فَازَ فَوْزاً عَظِيماً" “Hər kəs Allaha və Onun peyğəmbərinə itaət etsə, həqiqətən, böyük bir uğur qazanmışdır.” (“Əhzab”, 71)
Bəzi ayələrdə isə yuxarıdakı iki ifadədən fərqli ifadə işlədərək buyurur:

الَّذِينَ ءَامَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِنْدَ اللَّهِ وَأُولَئِكَ هُمُ الْفَائِزُونَ يُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَهُمْ فِيهَا نَعِيمٌ مُقِيمٌ خَالِدِينَ فِيهَا أَبَدًا

“İman gətirən, hicrət edən və Allah yolunda malları və canları ilə cihad edənlərin Allah yanında məqam və dərəcələri çox böyükdür və onlar həmin uğur qazananlardır. Rəbbi onları Öz tərəfindən bir rəhmət və razılıqla, içərisində onlar üçün bol və daimi nemət olan Cənnətlərlə müjdələyir. Onlar orada həmişəlik, əbədi qalacaqlar.” (“Tөvbə”, 20-22)

Quranda əxlaq” kitabından
Tərcümə edən: Mail Yaqubov
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!