QURANDA HƏYATIN MƏNASI - 4

:

İradlar və cavablar 
Yuxarıda qeyd edilən məsələlər barəsində bəzi iradlar irəli sürülüb, yaxud da sürülə bilər. Biz indi onlardan bir neçəsinə cavab verəcəyik.


1. İnsanın xoşbəxtliyinin yalnız ixtiyari əməllə təmin edilməsinə irad tutula bilər. Bunun şəfaət məsələsi ilə ziddiyyət təşkil etdiyi vurğulanır. Çünki insana şəfaət ediləndə o, öz əməllərindən başqa bir yolla nemət sahibi olur və bu onun axirət xoşbəxtliyini kamilləşdirir. Bu isə insanın əbədi xoşbəxtliyinin təminində onun ixtiyari əməllərindən başqa, ixtiyarından xaric amillərin rol oynamasıdır. Bu isə öncə toxunduğumuz “insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur” ayəsi və digər ayələrin əksinədir, insan üçün səy və təlaşından başqa faydanın da olması mənasını verir. Burada ortaya belə bir sual çıxır: qeyd edilən və ona bənzər amillər olduğu halda nə üçün Allah-taala “insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur” buyurmuşdur? Başqa sözlə, bu ayələr insanın xoşbəxtliyinin təmin edilməsində digər amilin təsirli olmasını bəyan edən şəfaət ayələri ilə aşkar şəkildə ziddiyyət təşkil edir.
Bu iradın cavabında deyirik: Əslində bu, zahiri bir ziddiyyətdir. Məsələyə bir qədər diqqət yetirdikdə həmin ziddiyyət aradan qalxır. Yəni, əslində bu iki qrup ayə arasında ziddiyyət yoxdur. Bildiyimiz kimi, şəfaət edənlər hər kəs barəsində şəfaət etmirlər və yalnız şəfaət səlahiyyəti və ləyaqəti qazanmış şəxslərə şamil olur. Buna görə də şəfaətin ixtiyari əməlləri və əlaqəs olmamasını demək düzgün deyil. Çünki şəfaət ləyaqətini insan öz səy və təlaşı ilə əldə etməlidir. 
Bu kimi səthi ziddiyyətlər Quranın digər ayələrində də nəzərə çarpır. Məsələn, Allah-taala bir ayədə buyurur: "مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ عَشْرُ أَمْثَالِهَا" “Kim yaxşı bir iş görərsə, ona həmin işin on qat əvəzi (savabı) verilər.” (“Ənam”, 160)
Digər bir ayədə buyurur: "وَاللَّهُ يُضَاعِفُ لِمَنْ يَشَاءُ " “Allah istədiyi şəxs üçün neçə qat artırır.” (“Bəqərə”, 261)
Lakin bu ayələr müqabilində başqa ayələr əvəz və mükafatın yalnız insanın əməlləri müqabilində olduğunu bəyan edir: "هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنْتُمْ تَكْسِبُونَ" “Məgər kəsb etdiyinizdən başqa bir şeyin müqabilində cəzalandırılırsınız?!” (“Yunus”, 52)
İlk baxışda bu ayələr arasında ziddiyyət olması nəzərə çarpır. Əgər son ayənin dəlalət etdiyi kimi insana yalnız əməlinin əvəzi verilirsə, bəs onda digər ayədəki on qatın doqquzu nədir? Yaxud digər ayədəki “Allahın istədiyi şəxs üçün neçə qat artıq verməsi” insanın təlaşından artıqdır və onu həmin zahiri baxışla anlamaq olmur. Çünki insan həmin əlavə mükafat müqabilində səy göstərməyib, zəhmət çəkməyib. Bu iradın cavabı yuxarıda qeyd etdiyimiz kimidir. Azca diqqət edəndən sonra görürük ki, bu ayələr arasında da heç bir ziddiyyət yoxdur. Bilməliyik ki, Allahın lütf və mərhəməti ilə verdiyi həmin əlavə də hamıya şamil olmur. Bu əlavə əvəz və ilahi lütf, yalnız o şəxslərə şamil olur ki, onlar öz ixtiyarları ilə həmin yaxşı əməli yerinə yetiriblər. Deməli, əslində həmin əlavə əvəz də insanın əməlinin nəticəsidir və o on qat, hətta daha artıq ola bilər. 
Buna görə də insanı şəfaətə və ya Allahın əlavə əvəz verməsi lütfünə layiq edən də əməldir. Əslində Allah-taala bu kimi məqamlarda Öz lütfü ilə həmin əməl sahibinə şəfaət, yaxud digər bir yolla başqa növ mükafat əta edir. Yəni bunlar da insanın yerinə yetirdiyi həmin yaxşı əməlin dolayısı ilə nəticəsidir, heç nə əbəs və hesabsız deyil.
Bütün bu deyilənlərdən başa düşmək olur ki, şəfaət ayələri “insan üçün et¬di¬yi səy və təlaşdan başqa bir şey yoxdur” (“Nəcm”, 39) ayəsi və buna bənzər digər ayələrin izahıdır. Yəni onlar «etdiyi səy və təlaş» ifadəsinin əhatə dairəsini genişləndirir və bildirir ki, ayədəki səy bütün növ səylərə – istər nəticəsi birbaşa olsun, istərsə də dolayısı ilə – şamildir.

2. Digər bir irad hər bir işin xüsusi təsirinin olması və hər bir kəsin özünün pis, yaxud yaxşı əməlinin nəticəsini görməsi barəsində ola bilər. Allah-taala buyurur: "فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَهُ وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرّاً يَرَهُ" “Hər kim bir zərrə qədər yaxşı iş görmüşsə, əvəzini görəcəkdir; Və hər kim bir zərrə pis iş görmüşsə, əvəzini görəcəkdir.” (“Zəlzələ”, 7, 8)
Bəziləri bu ayənin günahların bağışlanması və Allah tərəfindən əfv ilə uyğun gəlməməsini güman edə bilər. Çünki Allah-taala digər bir ayədə buyurur: "إِنْ تَتَّقُوا اللَّهَ يَجْعَلْ لَكُمْ فُرْقَانًا وَيُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ" “Əgər Allahdan qorxsanız, O, sizə (haqla batili bir-birindən) ayırd edən bir qüvvə verər və sizin günahlarınızın üstünü örtər.” (“Ənfal”, 29)
İlk baxışda bu iki ayə arasında ziddiyyət görünür. Xüsusilə, nəzərə alsaq ki, günahların bəzisi elə bu dünyada bağışlanır və onların əsər-əlaməti silinib gedir, (nümunə üçün tövbə ayələri və sairəni göstərmək olar) onda qeyd edilən ziddiyyəti günahkarın əvvəlcə «hər kim bir zərrə pis iş görmüşsə, əvəzini görəcəkdir» ayəsinə əsasən öz günahını görməsi və sonra digər ayəyə əsasən bağışlanması kimi yozmaq olmaz. Çünki ikinci qisim ayələrə əsasən, onun günahı artıq dünyada bağışlanmışdır.
Bu iradın da cavabı birinci iradın cavabı kimidir. Yəni günahların bağışlanması və üstünün örtülməsi barədə olan ayələr «hər kim bir zərrə qədər pis iş görmüşsə, əvəzini görəcəkdir» ayəsinin izahı, açıqlamasıdır. Lakin keçən irada cavabda dediyimizin əksinə olaraq bu ayələr insanın görəcəyi əməllərin əhatə dairəsini məhdudlaşdırır, kiçildir. Belə ki, əvəzi insanın öz əli ilə məhv edilməmiş və olduğu kimi qalan əməllər qiyamətdə insana göstəriləcək. Bu görmək tövbə vasitəsi ilə məhv olmuş, yaxud böyük günahlardan çəkinmək nəticəsində üstü örtülmüş və hər hansı digər bir yolla yox olmuş günahlara aid deyil. 
Ayələrdə əməllərin qiyamətdə təzahür etməsi barədə olan işarələr də ölüm ayağına kimi qalan əməllərə aiddir. Amma əgər insanın günahları elə bu dünyada tövbə, böyük günahlardan çəkinmək («Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızın üstünü örtərik.» “Nisa”, 31), yaxud xeyir əməllər («Və kim Allaha iman gətirsə və yaxşı iş görsə, Allah onun günahının üstünü örtər.» “Təğabun”, 9) və sairə amillər vasitəsilə məhv olubsa, onda qiyamətdə təzahür etmək və insana göstərmək üçün əməl qalmır.

3. Allah-taala Quranda buyurur: " أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى " “Heç kəs başqasının günah yükünü götürməyəcəkdir.” (“Nəcm”, 38)
Bu və buna bənzər ayələrin sayı öncə işarə etdiyimiz kimi beşdir. Həmin ayələrdə qəti və istisnasız qaydalardan biri – “heç kəsin başqasının günah yükünü götürməyəcəyi” bəyan edilmişdir. Ola bilər kimsə bu qaydanın və sözü gedən ayənin “Nəhl” surəsinin 25-ci ayəsi ilə ziddiyyət təşkil etdiyini güman etsin. “Nəhl” surəsinin həmin ayəsində belə buyurulur: 
"لِيَحْمِلُواْ أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ وَمِنْ أَوْزَارِ الَّذِينَ يُضِلُّونَهُم بِغَيْرِ عِلْمٍ أَلاَ سَاء مَا يَزِرُونَ"
“Nəhayət onlar Qiyamət günü öz günah yüklərini tamamilə, həmçinin nadanlıqlarına görə yoldan azdırdıqları kəslərin günah yüklərinin bir hissəsini götürərlər. Bilin, onların götürdükləri pis bir yükdür!”
Bu irada cavab verərkən ayədə olan incə bir nöqtəyə diqqət yetirmək lazımdır. Bu ayə hər kəsin hər adamın günah yükünü götürməsini buyurmur və bunun yalnız başqalarını yoldan çıxarmış kəslər barəsində baş verəcəyini deyir. Bunun mənası yoldan çıxaranın yoldan çıxanın günahlarının bir hissəsini götürməsidir. Əslində həmin yük elə onun öz yüküdür. Çünki bu yük onun yoldan çıxarmasının nəticəsidir. Buna görə də yoldan çıxarılmış şəxsin yoldan çıxaranın təsiri altında etdiyi günahlar həmin azdırmanın nəticəsi olduğu üçün ikincinin boynunadır və o öz səyləri ilə həmin şəxsi azdıraraq bu yükün yaranmasına səbəb olmuşdur. Əlbəttə, bizim məqsədimiz bu deyil ki, yoldan çıxarılan şəxsin günahların edilməsində heç bir rolu yoxdur və onun bütün günahları azdıran şəxsin boynunadır. Hər halda o, öz ixtiyarı ilə günah edib və günah yükündən payına düşən hissəsini özü götürəcəkdir. Buna görə də yuxarıdakı ayədə onun bütün günahlarının hamısı yox, yalnız bir hissəsi yoldan çıxarana aid edilir. Deməli, yükün qalan hissəsi onun öz boynunda qalacaqdır. Yəni onun günahlarının yoldan çıxaran şəxsə aid miqdarı həmin şəxsin, qalanı isə günahı edən şəxsin öz öhdəsinədir.

Quranda əxlaq” kitabından
Tərcümə edən: Mail Yaqubov

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!