QURANDA HƏYATIN MƏNASI - 3

:

c) İnsanın səylərinin onun hədəfə çatmasına təsiri 
Üçüncü əsas, insanın öz səy və təlaşlarının hədəfə və istəklərinə çatmaqda rol oynamasını və nəticələri onun özünə aid olmasını bilməsi, nəticədə ürəkdən, həvəslə çalışması və fəaliyyət göstərməsidir.


Əgər insanın hansısa məqsədi, son hədəfi olsa, amma öz səy və təlaşlarını təsirsiz güman etsə, onun fəaliyyəti zəifləyəcək və hədəfə çatmaq üçün özünü zəhmətə salmayacaq. Buna görə də bu qaydaya etiqad, insanın öz əməl və rəftarlarını taleyinə təsirli bilməsi onu yüksək əxlaqi hədəflər istiqamətində təlaşa sövq etmək üçün çox zəruridir. İnsan bilməlidir ki, etdiyi hər bir hərəkətin, ixtiyari şəkildə gördüyü hər bir işin nəticəsi – xeyir yaxud ziyanı mütləq onun özünə qayıdacaq. Həmçinin bilməlidir ki, heç vaxt yaxşı əməlinin nəticəsindən məhrum olmayacaq, pis əməlinin ziyanından amanda qalmayacaq və bu əməllərin Allaha heç bir xeyir ya ziyanı yoxdur. Əlbəttə, həmin əməldən başqalarına da xeyir dəyə bilər. Amma başqalarına verdiyi xeyirin özü də müəyyən formada onun özünə qayıdır. 
Bu qaydanın müxtəlif xüsusiyyətləri var və biz onlara işarə edəcəyik. İlk cəhət insanın səy və təlaşının hədərə getməməsi, insanın özünə gəlməsidir. İkinci cəhət insanın qurtuluş və uğurunun onun ixtiyari səyləri olmadan mümkünsüzlüyüdür. İnsan yalnız öz səy və təlaşı ilə son hədəfinə çata bilər. Başqaları onun taleyini dəyişə bilməzlər. Üçüncü cəhət insanın başqalarının günahına görə məsuliyyət daşımaması və digərlərinin əməllərinin ona ziyanlı olmamasıdır. 
Qurani-kərim bu qayda üzərində xüsusi dayanır və bir çox ayələrdə yuxarıda qeyd etdiyimiz nöqtələri bəyan edir. Biz imkan daxilində həmin ayələrdən bəzilərinə işarə edəcəyik:
a) Bir qisim ayələr insanın əbədi axirət xoşbəxtliyi və ya bədbəxtliyinin onun öz əməllərinin girovunda olmasını və onun bu dünyada etdiyi hər bir əməlin nəticəsini axirət dünyasında görəcəyinə bildirir. Ayələrin bəzilərində bu məna «عمل» «əməl» (iş görmək) sözü ilə ifadə edilmişdir. Məsələn buyurur: "فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْراً يَرَهُ وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرّاً يَرَهُ" “Hər kim bir zərrə qədər yaxşı iş görmüşsə, onu görəcəkdir. Və hər kim bir zərrə qədər pis iş görmüşsə, onu görəcəkdir.” (“Zəlzələ”, 7, 8)
Buyurulur: "مَنْ يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ" “Kim pis bir iş görsə, cəzalandırılacaqdır.” (“Nisa”, 123)
Bu cür «əməl» sözünün müxtəlif zaman formalarında işləndiyi ayələr çoxdur. Digər qisim ayələrdə isə eyni məna «فعل» «fel» (iş görmək, etmək) sözü ilə bəyan edilmişdir. Məsələn, buyurur: "وَافْعَلُوا الْخَيْرَ لَعَلَّكُمْ تُفْلِحُونَ" “Xeyir iş görün ki, bəlkə nicat tapasınız.” (“Həcc”, 77)
Bir çox ayələrdə isə «كسب» «kəsb» (əldə etmək, qazanmaq) ifadəsi işlədilmişdir və bu söz son nəticəsinin insanın dünyada qazandıqlarından, əldə etdiklərindən asılı olmasını göstərir. Buyurur:
"هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنْتُمْ تَكْسِبُونَ" “Məgər (küfr və itaətsizlikdən) kəsb etdiyinizdən başqa bir şeyin müqabilində cəzalandırılırsınız?!” (“Yunus”, 52)
Başqa bir ayədə buyurulur: "جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ" “....Əldə etdiklərinin cəzası olaraq...” (“Tövbə”, 95)
Bütün bu ayələr insanın xoşbəxtlik və ya bədbəxtliyinə başqa yox, yalnız öz ixtiyari ilə yerinə yetirdiyi əməllərin səbəb olmasını göstərir.
b) Başqa bir qrup ayələrdə insanın yaxşı, yaxud pis əməllərinin nəticəsinin onun özünə qayıtması bəyan edilmişdir. Buyurur: "إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا " “Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir.” (“İsra”, 7)
Buyurur: "قَدْ جَاءَكُمْ بَصَائِرُ مِنْ رَبِّكُمْ فَمَنْ أَبْصَرَ فَلِنَفْسِهِ وَمَنْ عَمِيَ فَعَلَيْهَا " “Həqiqətən, Rəbbiniz tərəfindən sizə düşündürən (Quran və vəhy) gəlmişdir. Beləliklə, kim görsə öz xeyrinədir və kim kor olsa öz ziyanınadır.” (“Ənam”, 104)
Başqa bir ayədə buyurur: "فَمَنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ " “Kim düz yola gəlsə, yalnız öz xeyrinə yol tapmışdır.” (“Nəml”, 92)
Həmçinin buyurur: "وَمَن شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ وَمَن كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ" “Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir.” (“Nəml”, 40)
Buyurur: "وَمَن تَزَكَّى فَإِنَّمَا يَتَزَكَّى لِنَفْسِهِ " “Hər kəs (günahlardan, küfrdən) təmizlənsə, özü üçün təmizlənmiş olar.” (“Fatir”, 18)
Bu ayələrin hamısı bir həqiqəti xatırladır: insanın yaxşı işlərinin nəticəsi hədərə getmir! Ayələrin vurğuladığı digər bir mühüm məqam həmin nəticələrdən Allaha bir şeyin çatmamasıdır. Çünki Allahın başqalarına ehtiyacı yoxdur və insanın yaxşı işlərinin xeyiri yalnız onun özünə çatır.
c) İnsanın pis və nalayiq işlərinin nəticəsi də yalnız onun özünə qayıdır. Quranda bu barədə də çoxlu ayələr vardır. “Fussilət” surəsinin 46 və “Casiyə” surəsinin 15-ci ayələrində buyurulur: "مَنْ عَمِلَ صَالِحاً فَلِنَفْسِهِ وَمَنْ أَسَاء فَعَلَيْهَا" “Kim yaxşı iş görsə öz xeyrinədir və kim pis iş görsə öz ziyanınadır.” (“Fussilət”, 46; “Casiyə”, 15)
Bu ayələrin bir qismi insanın nalayiq əməllərinin zərərini başqasının çəkməyəcəyini göstəririr. Məsələn, buyurur: "وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى" “Heç bir günahkar başqasının günah yükünü daşımaz.” (“Zumər”, 7)
Həmçinin buyurur: "وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَى حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَيْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَى " “Heç bir günahkar başqasının günah yükünü daşımaz. Günah yükü ağır olan kimsə yükünü daşımaq üçün (başqasını köməyə) çağırsa və (çağırılan adam onun) yaxın qohumu olsa belə, o yükdən bir şey daşınmaz.” (“Fatir”, 18)
 Bəli, ayədə buyurulduğu kimi yükü ağır olan kəs hətta başqasını köməyə çağırsa belə heç kəs, hətta yaxın qohumu belə köməyə gəlməyəcəkdir. 
Digər bir ayədə buyurur: "وَلَا تَكْسِبُ كُلُّ نَفْسٍ إِلَّا عَلَيْهَا وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى " “Heç kəs (xeyir ya şər əməli) özündən başqası üçün qazanmır və heç bir günahkar başqasının günah yükünü götürmür.” (“Ənam”, 164)
“İsra” surəsinin 15-ci ayəsində buyurur: "مَّنِ اهْتَدَى فَإِنَّمَا يَهْتَدي لِنَفْسِهِ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا وَلاَ تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى" “Kim doğru yola gəlsə ancaq öz xeyrinə doğru yola gəlib və kim yolunu azsa, öz ziyanına azmışdır. Heç bir günahkar başqasının günahını daşıyan deyildir.”
Bu iki ayə (“Ənam” surəsinin 164-cü və “İsra” surəsinin 15-ci ayəsi) əvvəlki iki ayədən (“Zumər” surəsinin 7-ci və “Fatir” surəsinin 18-ci ayəsindən) daha genişdir və yuxarıda qeyd edilən iki həqiqəti – pis işin mənfi nəticələrinin əməl sahibinə qayıtmasını və həmin mənfi nəticələrin başqasına yüklənməməsini birlikdə bəyan etmişdir. Nəhayət, bu qəbildən olan ayələrin ən genişi olan “Nəcm” surəsinin 38-41-ci ayələrində buyurur: "أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَى وَأَن لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَى وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَى ثُمَّ يُجْزَاهُ الْجَزَاء الْأَوْفَى" “(Onlarda deyilir) Ki: (Heç kəs başqasının günah yükünü götürməyəcəkdir.) Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur. Onun səy və təlaşı (nəticə) tezliklə (ölən kimi və Qiyamətdə) görünəcəkdir. Sonra onun müqabilində ona kamil əvəz veriləcəkdir. »
Bu ayə bizim «s» bəndində qeyd etdiyimiz qaydanın müxtəlif cəhətlərini geniş şəkildə bəyan edir. Allah-taala bu qaydanı bütün peyğəmbərlərə buyurmuşdur və onlar da həmin qaydanı insanlara çatdırmaq, məsələnin həqiqətini vurğulamaq vəzifəsi daşıyıblar. Birinci cəhət insanın əməllərinin nəticəsinin onun özünə qayıtması, ikinci cəhət heç kəsin başqasının günah yükünü götürməməsi, üçüncü isə heç kəsin öz səy və təlaşından başqa bir nəticə əldə etməməsidir. İnsana öz təlaşından başqa bir şey nəsib olmur: " لَّيْسَ لِلْإِنسَانِ إِلَّا مَا سَعَى " “İnsan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur!”
Bəzi sadəlövh insanlar elə bilirlər ki, bu və buna bənzər ayələr iqtisadi və dünyəvi bir qaydanı bəyan edir, insanın cəmiyyətdə, maddi həyatda işləyib çalışaraq əldə etdiyindən başqa şeyə malik olmamasını açıqlayır. Həmin iqtisadi qaydanın düz və ya səhv olması iqtisadiyyat mövzusunda araşdırılır. Biz burada onun barəsində hökm çıxarmaq istəmirik. Burada demək istədiyimiz odur ki, əldə olan dəlillər həmin ayənin iqtisadi qayda ilə əlaqədə olmamasını göstərir. Bu qayda axirət həqiqətlərindən biri və qiyamət barəsindədir. O, qiyamətdə heç kəsin başqasının yükünü götürməyəcəyini, hər bir həxsin yalnız səy və təlaşının nəticəsinə çatacağını bildirir. “Zəlzələ” surəsinin 7 və 8-ci ayələrində də hər bir kəsin öz səylərinin qarşılığını görəcəyi və öz əməlinin mükafatına çatacağı buyurulur.

Quranda əxlaq” kitabından
Tərcümə edən: Mail Yaqubov
Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!