QURANİ KƏRİM — QURAN VƏ HƏDİS BAXIMINDAN -2

:

İKİNCİ HƏDİS 
İmam Əli (ə)-dan nəql olunmuş ikinci hədisdə Quran belə vəsf edilir: “Quran sönməz əbədi nur və dərinliyi bilinməyən böyük bir dənizdir. Quran haqq yolu və ümid mənbəyidir. Bu yolun yolçuları qət etdikləri mərhələdə zülmət və qarnlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar.


Quranın gətirdiyi dəlil və sübutlar dəyişilməz və əbədidir. Quran bütün dərdlərin dərmanı və şəfa mənbəyidir. Quranı özündə yaşadan şəxslər daim alnıaçıq və vüqarlı olarlar. Quranın tərəfdarları bir an olsun belə, himayəsiz qalmaz və onu özlərinə ən böyük hami və dayaq hesab edərlər. Quran iman xəzinəsi, tükənməz elm mənbəyi, ədalət və qəzavət gülüstanıdır.
Quran islamın təməli və geniş həqiqət düzənliyidir. Quran suyu tükənmək bilməyən dəniz və bulanmayan bir çeşmədir. Quran öz yolçularının yoluna nur saçan hidayət carçısıdır. Onun yolçuları qəflət və cəhalətdən uzaq olar və haqq yoldan bir an olsun belə, sapınmazlar. Allah-taala Quranla elm susuzlarının susuzluğunu yatırar, fiqh alimlərinin qəlblərinə təravət bəxş edər və əməli-saleh insanları öz məqsədlərinə çatdırar. Qurana iman gətirənlər ömürlərini izzət və əmin-amanlıqla başa vurarlar. Quran ona pənah gətirmiş şəxsləri ümidsiz qoymaz və onları özünün səadət və xoşbəxtlik yoluna hidayət edər. Quran dəlil axtaranlar üçün ən tutarlı sübut və istidlal mənbəyidir. Quran mütəfəkkirlər üçün əlamət və nişanələr, silaha ehtiyacları olanlar üçün ən gözəl sığınacaq, alimlər üçün tükənməz elm mənbəyi, onu nəql edən kəslər üçün ən böyük hədis, hökm çıxaran qazilər üçün isə ən gözəl ədalət nümunəsidir.” (“Nəhcül-bəlağə”, səh.198)
Bu xütbədə də bir neçə mühüm məsələyə işarə olunmuşdur və biz onlardan bəzilərini şərh edirik.
“Quran nuru sönməyən əbədi hidayət çırağıdır”. Hədisdə buna oxşar ifadələrlə dəfələrlə qarşılaşırıq. Buradan məqsəd, Quranın həqqaniyyətinin müvəqqəti olmamasıdır. Onun ayələrinin əbədi verdiyi hökmlər isə, həmişəlik qüvvə və icra məqamında qalacaqdır. Məsələn, Quranın bəzi ayələri müəyyən şəxs və ya hadisələr barəsində nazil olmuşdur, amma buna baxmayaraq, onun ümumi məfhum və mənası qiyamət gününədək müəyyən şəxs və ya hadisələrə deyil, ümumi şeylərə aid olacaqdır.
Əyaş, İmam Baqir (ə)-ın “Hər tayfanın [doğru yol göstərən] bir rəhbəri vardır” (“Rəd” surəsi, ayə: 7) ayəsinə verdiyi təfsir haqda nəql etdiyi rəvyətlərdən birində bu mətləbə işarə edərək deyir: “Ayədə rəhbər [yol göstərən] deyildikdə, Əli ibn Əbu Talib (ə) nəzərdə tutulur. Və rəhbər hər zaman bizim Əhli-beytimizdən olacaqdır.”
Ravi deyir: Demək bu ayə sizə də şamil olunur. Və siz də ayədə işarə olunan rəhbərlərdənsiniz.
Buyurdu: Bəli, ayə mənə də şamil olunur. Quran ayələri hər zaman qüvvədə olduğu üçün mən də ayənin aid olduğu nümunələrdən biriyəm. Fəna və məhdudiyyət Quran üçün heç bir əhəmiyyət kəsb etməyir. Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, bu günə kimi Qurandan heç bir əsər-əlamət qalmazdı. Halbuki belə deyildir. Quran ayələri əbədi olaraq keçmiş qövm və millətlərə şamil olduğu kimi, gələcək nəsillərə də şamil olunur və bu məlumatlar onlar üçün də etibarlı sayılır.
İmam Sadiq (ə)-dan bu məzmunda nəql olunmuş hədislərdən birində deyilir:
“Quran, diri və əbədi bir kitabdır. O, heç vaxt məhv olub aradan getməyəcəkdir. Gecə və gündüz əsrlər boyu eyni cərəyanda olduğu kimi və günəş əsrlər boyu aləmi işıqlandırdığı kimi, Quran da həm keçmişdə, həm də gələcəkdə müsəlmanlar üçün əbədi mənəviyyat nuru olmuş və olacaqdır.”
“Üsuli-kafi”də Ömər ibn Yəziddən nəql olunmuş hədisdə deyilir:
“O kəslər ki, Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir [qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir]” (“Rəd” surəsi, ayə: 21) ayəsinin mənasını imam Sadiq (ə)-dan soruşduqda buyurdu: “Bu ayə Peyğəmbər (s)-ın Əhli-beyti haqda nazil olmuşdur. Möminlər onları sevməli və onlarla əlaqələrini kəsməməlidirlər. Sonra sözünə davam edərək buyurdu: Ayə Peyğəmbər (s)-ın Əhli-beyti barəsində nazil olsa da, sənə yaxın olan qohum-əqrəbaya da şamil ola bilər. Sənə tövsiyə edəcəyim şey budur ki, müəyyən şəxslər barəsində nazil olmuş ayələri yalnız onların özlərinə aid etməyəsən”.
Fərat Kufinin təfsirində deyilir: “Əgər hər hansı bir ayə yalnız müəyyən qövm və ya millət barəsində nazil olsaydı, indi Qurandan heç bir əsər-əlamət qalmazdı. Amma bu bir həqiqətdir ki, yer və göylər durduqca, Quran da duracaq və dünyanın ömrü qədər bəşəriyyətin həyatında aparıcı rol oynayacaqdır. Belə ki, Quran bütün qövm və millətlərin istər müsbət və istərsə də mənfi xüsusiyyətlərini açıq-aşkar tərzdə bəyan etmişdir.” (“Miratul-ənvar”, səh.3-4)
Bu məzmunda istənilən qədər hədis və rəvayət nəql olunmuşdur, amma bu bir neçə hədislə kifayətlənib xütbənin izahını davam etdiririk.
2. ”Bu yolun davamçıları qət etdikləri mərhələlərdə zülmət və qaranlıqlarla qarşılaşmaz və haqq yoluna hidayət olunarlar:” Buradan məqsəd Quranın insanları haqq yola hidayət etməsidir. Hər kəs bu yolun yolçusu olsa, bir daha cəhalət və nadanlığa üz tutmaz. Çünki Allah-taala Quranı bəşəriyyətin haqq yola hidayəti və xoşbəxt həyatının təmin olunması üçün nazil etmişdir. Beləliklə, haqq və ədalətsevər insanlar zəlalətdən üz çevirib əbədi xoşbəxt həyata qovuşarlar.
3. ”Quranın ayələri açıq-aşkar, verdiyi hökmlər isə dəyişilməzdir.”
Burada iki ehtimal vermək olar:
a). Quranın maarif və təlim prinsiplərinin əsasını bəşəri fitrət və təbii qanunlar təşkil edir. Belə ki, bu prinsiplər sabit və dəyişilməz qanunlar üzərində qurulmuşdur.
b). Quranın həqiqi formasını təşkil edən kəlmə və ifadələr öz orjinallığını itirmədən qorunub saxlanmış, hətta cüzi əlavə və ya ixtisara yol verilməmişdir.
4. ”Quran haqq-ədalət gülüstanıdır” deyildikdə, əqidə və təfəkkür, əməl və əxlaq, qəzavət və mühakimə, ictimai ədalət və s. sahələrdə ədalətə ayırdığı xüsusi diqqət nəzərdə tutulur. Bu səbəbdən də Quran ədalət ağaclarının becərildiyi “gülüstan” adlanır.
5. ”Quran imanın təməlidir”. Buradan məqsəd islam dininin istər əxlaqi, istərsə də əməli hökmlərinin Quran ayələrinə əsasən vahid formada qorunub saxlanılmasıdır.
6. ”Quran geniş həqiqət düzənliyidir.” Düzənlikdə hər şey maneə olmadan necə varsa elə də göründüyü kimi, Quran da bütün həqiqətləri açıq-aşkar bəyan edir. Bu səbəbdən də Quran burada geniş səhra və düzənliyə və orada maniəsiz görünən şeylər isə həqiqətə oxşadılmışdır. Burada başqa bir mətləbə də işarə olunmuşdur. O da insanların haqq-ədalətə nail olmaq üçün yalnız Qurana üz tutmalarıdır. Hər kim həqiqəti Quranda deyil, ayrı yerlərdə axtararsa, istəyinə nail ola bilməyəcəyini yəqin etməlidir.
7. ”Quran suyu tükənmyən bir dənizdir.” Yəni hər kim Quranın bütün sirlərinə yiyələnmək istəsə, buna tam şəkildə nail ola bilməyəcəkdir. Çünki onun kəşf olunan sirləri nə tükənmək bilir, nə də öz etibarını itirir. Yerin dərin qatlarından qaynayan bulaqların suyu tükənmədiyi kimi, Quranın da əsrarəngiz sirləri tükənmək bilmir.
Quranın əhatə dairəsi o qədər genişdir ki, onun hər hansı bir mövzusu haqqında araşdırma aparan tədqiqatçılar, ondan yalnız öz şüur və düşüncələri qəbul etdiyi səviyyədə bəhrələnə bilərlər.
Elm şahinləri nə qədər çalışsalar da, onun yüksəkliyinin qülləsinə çatmazdan əvvəl özlərində yorğunluq hiss edir, çatdıqları mərhələyə qənaət etməli olurlar. Onlar bu mərhələyə çatmaqla öz məqsədlərinə nail olduqlarını zənn edir, amma bir addım irəli getdikdə qarşılarında yeni-yeni mətləblərin açıldığının şahidi olurlar.

Kitаbın аdı: Əl-bəyan

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!