QURANİ KƏRİM — QURAN VƏ HƏDİS BAXIMINDAN -4

:

QURAN TİLAVƏTİNİN FƏZİLƏTİ HAQDA UYDURULMUŞ HƏDİSLƏR 
Bu məzmunda o qədər hədis nəql olunmuşdur ki, onun çoxluğu insanı heyrətə gətirir. Biz onlardan bir neçəsinə işarə edəcəyik.
Peyğəmbər (s) buyurur: “Qurandan bir hərf oxuyan şəxsin əməl dəftərinə bir xeyirli əməl yazılar və hər bir xeyirli əməl on bərabər savabla mükafatlandırılar.” Sonra əlavə edərək buyurur: ““ Əlif, lam, mim”in bir hərf olduğunu deməyirəm. Bəlkə Əlif bir hərf, lam iki hərf, mim isə üç hərfdir.”


Bir çox əhli-sünnət alimləri bu hədisi öz kitablarında nəql etmişlər. Qurtubini, Termizini, İbn Məsudu onlara misal çəkmək olar.
Mərhum Koleyni də öz kitabında bu məzmunda imam Sadiq (ə)-dan hədis nəql etmişdir.
 Əbu İsmət Fərəc ibn Əbi Məryəm Məruzi, Məhəmməd ibn Əkaşə Kermani və Əhməd ibn Abdullah Cuveybari Quran fəziləti barəsində böyük saxtakarlıqlar göstərmiş hədis dəccallarındandırlar.
Hətta Əbu İsmət özü bu həqiqəti etiraf etmişdir. Ondan “Əkrəmənin müasiri olmadığın halda, onun Quranın bütün surələri haqda İbn Abbasdan hədis söylədiyini haradan bilirsən?” – deyə soruşduqda belə cavab vermişdi: Camaatın Qurandan uzaqlaşıb Əbu Hənifənin fiqhinə və Məhəmməd ibn İshaqın “Məğazi” adlı kitabına üz tutduqlarını görüb, xalis niyyətlə özümdən bir neçə hədis uydurub onların ixtiyarına qoydum ki, bəlkə müsəlmanlar bu yolla Quran oxumağa meyil etsinlər.
Osman ibn Səlah, Ubəy ibn Kəbin Peyğəmbər (s)-dan Quranın fəziləti barəsində nəql etdiyi məşhur hədis haqda deyir: “Bu hədis ətrafında kifayət qədər araşdırmalar aparılmışdır. Əldə olunan nəticə, onu nəql edən şəxsin dediyi bu sözlər olmuşdur: “Bu hədisi mən bir neçə nəfərlə həmkarlıq edərək özümdən uydurub camaatın ixtiyarına qoydum.”
Demək, Vahidi və digər müfəssirlər bu hədisi öz kitablarında nəql etməklə böyük bir səhvə yol vermişlər. (“Təfsiri-Qurtubi”, 1/18-19)
Allaha və Onun peyğəmbərinə iftira yaxan hədis dəccallarının gördükləri işlər insanda təəccüb doğurur. Bəli, şeytan onların gördükləri bu çirkin işləri, nəzərlərində xeyirxah işlər kimi cilvələndirmişdir.
“Müşriklərin etdikləri əməllər beləcə yaxşı göstərildi.”

QURAN AYƏLƏRİNİN MƏNALARINDA DİQQƏT VƏ TƏFƏKKÜR
Digər mövzularda olduğu kimi, bu mövzu ətrafında da kifayət qədər hədis və rəvayət nəql olunmuşdur.
Allah-taala Qurani-Kərimdə bu haqda buyurur:
“Onlar Quran barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? [Yoxsa ürəklərinin öz kilidləri vardır?]”
Göründüyü kimi Quran ayələrinə olan diqqətsizlik, hətta Quranın özü tərəfindən qətiyyətlə tənqid olunmuşdur.
İbn Abbasın Peyğəmbər (s)-dan nəql etdiyi hədisdə deyilir: “Quranı uca və açıq tərzdə oxuyun! Və onun sirr və qəribəliklərinə yol tapmağa çalışın.”
Əbu Əbdürrəhman deyir: Bizə Quranı təlim edən Peyğəmbər səhabələrindən biri deyərdi: “Səhabələr Quranı Peyğəmbərdən on ayə-on ayə öyrənirdi. Peyğəmbər (s) ilk on ayəni təlim verər və onlar da bu on ayədə bəyan olunan şəri qanunlara və əxlaq normalarına əməl etməyincə növbəti on ayənin izahını verməzdi.” (“Biharul-ənvar”, 19/27)
İbn Məsud, Osman və Ubeyddən nəql olunmuş rəvayətdə deyilir: “Peyğəmbər (s) səhabələrə on ayə təlim verər və onlar bu ayələri əməli olaraq icra etməyincə, növbəti ayələrə keçməzdi. O həzrət çalışırdı ki, səhabələr Quranı əməli olaraq öyrənsinlər.” (“Təfsiri-Qurtubi”, 1/9)
Günlərin bir günü imam Əli (ə) ənsarla elmi mübahisə aparan Cabir ibn Abdullah Ənsariyə yaxınlaşıb ondan bəzi elmi məsləhətlər verməsini istədi. Ənsardan biri Əli (ə)-ın bu xahişindən təəccüblənərək dedi: Ya Əmirəl-Möminin! Malik olduğun elm və biliklə yenə də Cabirdən elmi məsləhətlər alırsanmı?! Buyurdu: Cabir bu tərifə layiqdir. Çünki o, bu ayənin təfsirini çox gözəl dərk etmişdir.
“[Ya Məhəmməd!] Quranı [oxumağı və təbliğ etməyi, yaxud hökmlərinə əməl etməyi] sənə vacib buyuran Allah, qayıdacağın yerə [hicrət edərək çıxdığın Məkkəyə] səni yenə də qaytaracaqdır.” (“Qəsəs” surəsi,  ayə: 85)
Əllamə Məclisi bu məzmunda nəql olunmuş hədis və rəvayətləri toplamış və Biharul-ənvarda ayrıca fəsil ayırmışdır.
Quran bəşəriyyətin dünya və axirət həyatının səadət və xoşbəxtliyini təmin etdiyi üçün hər zaman ona müraciət etməli və yetkin nəticəyə oradan gəlməlidir. Bu həqiqəti insanın əql və fitrəti təsdiqləyir, təəssüb, inadkarlıq hissi olmadıqda isə, ona doğru meyil edir.
Zəhəri, imam Səccad (ə)-dan nəql etdiyi hədisdə deyir: “Quranın hər bir ayəsi sənin üçün tükənməz bir xəzinədir. Qarşında açılan bütün xəzinə qapılarına diqqət yetirməli və mahiyyətini dərk etməyə cəhd etməlisən.” (“Üsuli-kafi”, 2-ci cild, “Quranın fəziləti” bölümü.)

Kitаbın аdı: Əl-bəyan

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!