QURANIN TƏFSİRİNƏ DAİR ÜMUMİ QAYDALAR - 1

:

Ayələrin məna və məfhumunun və Allahın nazil etdiyi ayələrdə nəyin nəzərdə tutulduğunun açıqlanmasına təfsir deyilir. Bu səbəbdən də ayələri təfsir edərkən əql və şəriət baxımından etibar kəsb edən əsaslı dəlillərə istinad etmək lazımdır.Çünki əvvəla qeyri-mötəbər sənəd və mənbələrə istinad etmək şəri nöqteyi-nəzərdən haram, digər tərəfdən də Allahın izni olmadan hər hansı bir mətləbi Ona aid etmək haram və bağışlanmaz bir günahdır.

Qurani-Kərimdə bu haqda deyilir:“De ki: [Bunu deməyə] Allah özü sizə izn verdi, yoxsa Allaha iftira yaxırsınız?”.“[Ey insan!] Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə.] (17/36)

Quranın əsaslı dəlillərlə təfsir olunmasına dair kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Bütün bunlarla yanaşı nəql olunmuş rəvayətlərdə Quranın şəxsi rəy və nəzərlə təfsir olunmasının qətiyyətlə qadağan olunduğu da göstərilir.

Buradan belə bir qənaətə gəlmək olur ki, Quranın təfsir olunmasında şəxsi rəy və nəzərlərə istinad etməklə yetkin nəticəyə gəlmək olmur. Belə bir təfsir üsulunda əldə olunan şey varsa həqiqət və gerçəklik deyil, zənn və gümandır.
“Zənn isə əsla həqiqət deyildir.”

QURANIN TƏFSİRİ ÜÇÜN MÖTƏBƏR SAYILAN SƏNƏDLƏR
Qeyd etdik ki, Quran zənn və gümanla deyil, əql və şəriət nöqteyi-nəzərindən etibar kəsb edən əsaslı dəlillərə istinad olunaraq təfsir olunmalıdır. Müfəssir Quranı təfsir edərkən yalnız əqli, elmi və şəri dəlillərə istinad etməli və ilk növbədə aşağıda qeyd olunanları nəzərə almalıdır.
1. Quranda işlənilən kəlmələrin zahiri mənası təfsir üçün mötəbər hesab olunur. 
2. Sağlam və fitri əql,  şəxsi zövq və təfəkkürdən təsirlənərək ondan ayələrin təfsirində mötəbər mənbə kimi istifadə etmək olar. Çünki Peyğəmbər (s) xarici hidayətçi olduğu kimi, əql də mötəbər daxili və batini hidayətçidir.
3. Məsum imamların buyuruqları və onlardan bu məzmunda nəql olunmuş hədis və rəvayətlər Quranın təfsirində tam mötəbər hesab olunur. Çünki onlar dini məsələlərdə ən etibarlı mənbə hesab olunurlar. Dini məsələlərdə onlara istinad etmək haqqında və bunun zərurililiyi barədə Peyğəmbərdən (s) onlarla hədis və rəvayət nəql olunmuşdur. Bu rəvayətlərin birində deyilir: “Mən sizin aranızda iki ağır əmanət qoyuram. Əgər onlardan möhkəm yapışsanız heç vaxt haqq yoldan azmayacaqsınız.”
4. Quran təfsirində mötəbər zənn doğuran rəvayətlər də etibarlı hesab olunur.
İzah:
Məsum imamlardan nəql olunmuş mötəbər rəvayətlər şübhəsiz ki, Quranın təfsirində etibarlı hesab olunur və əsaslı olaraq onlara istinad edilir. O ki, qaldı zəif rəvayətlərə, təbii ki, onlara istinad olunmur. Görəsən Quranın təfsirində qəti olmayan, lakin mötəbər hesab olunan rəvayətlərə, yəni vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad etmək olarmı? Təfsir və hədis alimləri arasında bu barədə fikir ayrılığı vardır. Lakin biz belə bir fikirdəyik ki, bu kimi rəvayətlər etibar kəsb etdikləri üçün təfsir alimləri Quran ayələrini təfsir edərkən onlara istinad edə bilər.

QURANIN VAHİD XƏBƏRLƏ TƏFSİRİ
Qeyd etdik ki, vahid xəbər halında nəql olunmuş rəvayətlərə – mötəbər olduğu üçün – Quran ayələrinin təfsirində istinad etmək olar. Lakin alimlərin bəziləri bu məsələyə irad tutaraq deyirlər: Vahid xəbər halında nəql olunmuş rəvayətlər və zənn doğuran dəlillərin mötəbər hesab olunması bundan irəli gəlir ki, insan həqiqətdən agah olmadığı təqdirdə həqiqəti qəbul etdiyi kimi, vahid xəbər halında nəql olunmuş rəvayətlərə və ya zənn doğuran dəlillərə istinad etməlidir. Zənn doğuran rəvayətləri yalnız o zaman etibarlı hesab etmək olar ki, onun məna və məfhumu hər hansı bir şəriət hökmünə dəlalət etmiş olsun. Çünki insan şəriət hökmlərini bilmədikdə bir təqlidçi kimi üzərinə şəri vəzifə düşür və yəqinlik gətirən dəlil tapa bilmədiyi təqdirdə zənn doğuran dəlillərə istinad etməlidir!
Rəvayətin məna və məfhumunun etibar qazanmağının əsas şərt və mənası bundan ibarətdir. Lakin bu kimi şərtlər məsum imamlardan ayənin təfsiri haqda nəql olunmuş rəvayətlərdə mövcud olmur. Çünki təfsir xarakterli rəvayətlər adətən şəri hökmlərə aid olmur (yəni bu rəvayətlərdə şəriət hökmləri açıqlanmır). Qisas və keçmiş ümmətlər haqda nazil olmuş ayələri buna misal çəkmək olar. Demək, vahid xəbər halında nəql olunmuş rəvayətləri təfsir xarakteri daşıyan bütün hədis və rəvayətlərə şamil etmək olmaz və eyni zamanda onların hamısının mötəbər olduğunu sübut etməyə də qadir olmayacaqdır.
Lakin bu kimi iradlar tamamilə zəif və əsassızdır. Çünki üsul elmində sübuta yetirilib ki, gerçəkliyi zənni və ehtimali olaraq bizə mötəbər göstərən dəlillər şəri nöqteyi-nəzərdən və şəriət sahibinin nəzərinə uyğun olaraq elmi və qəti dəlillərin yerində işlədilir.
Demək, elmi dəlillərdən istifadə olunan bütün hallarda şəri nöqteyi-nəzərdən mötəbər hesab olunan bu kimi zənni dəlil və əlamətlərə istinad etmək olar. Mötəbər hesab olunan vahid xəbər halında nəql olunmuş rəvayətlər də mötəbər zənni dəlillərdən biridir. Və bütün hallarda yalnız bir elmi dəlilin yerinə ondan istifadə etmək olar. Alimlərin hal-hazırki və daimi istifadə etdikləri üsul, dediklərimizə əsaslı dəlil ola bilər. Çünki alimlər mötəbər elmi dəlillərdən istifadə edib onlara tabe olduqları kimi, “əmarat” adlanan mötəbər zənni əlamətlərdən də istifadə edib onlara tabe olurlar. Müqayisə etdikdə də elmi və zənni dəlillər arasında elə bir böyük fərqin olmadığına əsaslanırlar.
Məsələn, bir şəxsin nəyəsə malik olmasına dini terminalogiyada “yəd” deyilir. Bu da şəxsin malikiyyət əlamətlərindən biri hesab olunur. Və camaat həmin əlamətlər əsasında hər hansı bir şəxsi malik olduğu şeyin həqiqi sahibi hesab edir. O ki, qaldı şəriət sahibinə, adət halını almış belə bir qayda-qanunu onlara yasaq edərək mənfi xüsusiyyət kimi qələmə verməmişdir.
Bəli, vahid xəbər və digər zənni yollarla nəql olunmuş rəvayətlər barədə başlıca şərt bundan ibarətdir ki, tək bu rəvayətlərə istinad olunmamalı və əldə olunan sənəd mötəbərliyə dəlalət edəcək bütün xüsusiyyətlərə malik olmalıdır. Və bu xüsusiyyətlərdən biri də sənəddə (rəvayətdə) yalana yol verilməməsidir. Yalana yol verilən rəvayəti isə vahid xəbər kimi qəbul edə bilmərik.
Bu səbəbdən də icma, sünnə, Peyğəmbərdən (s) nəql olunmuş mötəbər hədis, Quran və ya mötəbər əqli hökmlə müxalif olan hər hansı bir hədis və rəvayət etibarlılığına dəlalət edəcək digər xüsusiyyətlərə malik olsa da, heç bir etibar kəsb etməyəcəkdir. Və belə olduqda həmin zənni dəlilin istər şəriət hökmlərinə, istərsə də digər məsələlərə aid olması arasında heç bir fərq olmur.
Vahid xəbər halında nəql olunmuş rəvayətlərin bu xüsusiyyətlərə malik olmasının zəruriliyi bunun üçündür ki, rəvayəti nəql edən şəxs hər hansı bir baxımdan etibara malik olsa da, nəql etdiyi rəvayətdə ziddiyyətliyə ehtimal verilmiş olsun. Çünki heç olmasa hədisin səhv olmasına ehtimal belə vermək olar. Belə bir ehtimalın verildiyi bir halda mötəbərliyini sübuta yetirəcək dəlillər əldə etməyənədək vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad etməməliyik. Belə bir dəlillərə [etibarlılığına dəlalət edəcək xüsusiyyətlərə] malik olmaqla vahid xəbər halında nəql olunmuş rəvayətlərdə ehtimal verilən səhvlərə bir o qədər də ciddi yanaşmaya bilərik. Bu isə yalnız o zaman ola bilər ki, vahid xəbər halında nəql olunmuş hədis və rəvayətlərdə yalana yol verilməmiş olsun. Yox əgər nəql olunmuş rəvayətin mətnində yalana yol verildiyini müşahidə edəriksə, əsaslı dəlilləri kənara qoyaraq vahid xəbər halında nəql olunmuş rəvayətlərə istinad edə bilmərik.
Vahid xəbər halında nəql olunmuş rəvayətlərin yalan və əsassız olduğu sübuta yetirilikdə də zənni dəlillər heç bir müsbət nəticə vermir. Ümumiyyətlə bu kimi dəlillər yalnız elə bir hallarda etibar kəsb edir ki, rəvayətin nəql olunmasında əsla yalana yol verilməmiş olsun.
Bununla bir çox həqiqətləri sübuta yetirmək və bir çox suallara cavab tapmaq olar. Bunun üçün də oxucu bütün deyilənləri heç vaxt nəzərdən qaçırmamalıdır.

QURAN AYƏLƏRİNİN VAHİD XƏBƏRLƏ MÜƏYYƏN VƏ XÜSUSİ HAL TAPMASI
Quranın verdiyi ümumi hökmlər vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyən və xüsusi hal tapa bilərmi? Yəni Quranın hər hansı ayəsində ümumi hökm verildikdən sonra həmin hökm vahid xəbər halında nəql olunmuş rəvayətlə müəyyənləşə bilərmi? Məsələn, həcc mərasiminin vacibliyi haqda ümumi hökm verilir, lakin növbəti ayədə həccin imkan daxilində yerinə yetirilməsi qeyd olunur. Daha dəqiq desək, bəzi istisnalar edilməklə hökm ümumi haldan xaric olub, müəyyən hal daşımağa başlayır.
Alimlərin bir çoxu bu suala müsbət cavab vermişlər. Onların fikrincə Quran ayələrinin (hökmlərinin) vahid xəbər halında nəql olunmuş rəvayətlərlə müəyyən və xüsusi hal tapması tamamilə düzgün və adi bir haldır. Lakin əhli-sünnə alimlərinin bəziləri bu barədə müxalif mövqe tutmuşlar. Onlardan bəziləri vahid xəbər halında nəql olunmuş rəvayətlərlə Quranın müəyyən və xüsusi hal tapmasını qətiyyətlə rədd edirlər. İsa ibni Əbban isə bu barədə deyir: Əgər ümumi hal daşıyan hər hansı bir ayə əvvəllər başqa bir qəti dəlil ilə müəyyənləşərsə, onu vahid xəbər halında nəql olunmuş rəvayətlərdə müəyyənləşdirərək ayrıca xüsusi bir hökm kim bəyan etmək olar. Əks təqdirdə, ayənin müəyyən hal tapması heç bir etibar kəsb etməyəcəkdir. Mərhum Kərəki deyir: Əgər Quranın ümumi xarakter daşıyan hər hansı bir hökmü əvvəllər ayrı bir qeyri-Qurani hökmlə müəyyən və xüsusi hal taparsa, vahid xəbər halında nəql olunmuş rəvayətlərdə onu müəyyən və xüsusi hökm olaraq qəbul etmək olar. Qazi Əbu Bəkr isə bu barədə heç bir fikir irəli sürməmişdir.

Əl-bəyan kitabından.

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!