QURANİ KƏRİM — QURAN VƏ HƏDİS BAXIMINDAN -1

:

Söhbət Quranın fəzilətindən düşsə, yaxşı olar ki, bu barədə danışmaq istəyən özünü onun əzəməti qarşısında kiçik saysın, onun dərin mənalarını dərk etməkdə aciz olduğunu etiraf etsin. Bəlkə də bu, səmimi bir etiraf Quran barəsində nə isə deməkdən daha münasib olardı?!


İnsan müvəqqəti, (əql və qüdrət baxımından) məhdud və naqis varlıq olduğu bir halda, özünün elm və qüdrəti hər şeyi əhatə edən mütləqiyyəti, hər şeyi yoxdan yaradan kamil bir varlığı dərk edə bilərmi?
Hər hansı bir yazıçının qələmi və ya çıxış edən natiqin bəyan tərzi nə qədər güclü olsa da, Qurandan üstün və ya ona bərabər bir şey ifadə edə bilərmi? Məhdud bir varlıq özü kimi məhdud varlıqdan başqa bir vücudu vəsf və ya tərif etməyi bacararmı?
Quranın əzəmətini layiqincə bəyan etməyə qadir olan yalnız onun öz ayələri və bəşəriyyətin (həzrət Peyğəmbər (s)) vasitəsilə haqqa hidayət, habelə xoşbəxt həyatlarının təmin olunmalarının möcüzəsi ola bilər.
Bu asimani kitab əsrlər boyu bəşəriyyətin xoşbəxt həyat təminatçılığını və eyni zamanda onların üzərində olan rəhbərliyi öz öhdəsinə götürmüşdür.
Quranın bir çox ayələrində bu haqda deyilir:
“Həqiqətən, bu Quran [bütün bəşəriyyəti] ən doğru yola [islama] yönəldir”. (9/17).
“Bu Quran elə bir kitabdır ki, onu sənə, insanların öz Rəbbinin izni ilə zülmətlərdən nura [küfrdən imana], həm də yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan Allahın yoluna [islam dininə] çıxartmaq üçün nazil etmişdir”. (1/14).
Peyğəmbər (s)-dan bu haqda nəql olunmuş hədisdə deyilir:
“Allah-taala bütün varlıqlardan üstün olduğu kimi, Onun buyurduqları da bütün söylənilənlərdən üstün və fəzilətlidir.”
Demək, Quranın fəziləti haqda nəyi isə söyləmək insanların bacarıq və qüdrətindən xaricdir. Və belə olduğu bir halda, bu işi Quranın özündə yaşayan, onunla hidayət olub başqalarını da hidayət edən Əhli-beytin (ə) və Quran həqiqi mütəxəssislərinin öhdəsinə qoymaq lazımdır.
Quranın əzəmət və fəzilətini dərk edən həqiqi şəxslər məhz onlardır.
Belə ki, Quranı bəşəriyyətə çatdıran və onları şəri hökmlərlə tanış edən şəxs, onların (Əhli-beytin) cəddi həzrət Məhəmməd (s) olmuşdur. Onun, Quranın fəziləti haqqında buyurduğu hədislərdən birində deyilir:
“Mən özümdən sonra sizin üçün iki ədəd çox qiymətli və ağır əmanət qoyub gedirəm. Quran və Əhli-beytimi. Bu iki əmanət qiyamət gününədək bir-birindən ayrılmayacaqdır və o gün Kovsər hovuzunun kənarında mənə qovuşacaqlar.”
Buradan belə məlum olur ki, Peyğəmbər (s) və onun Əhli-beyti Quranı hamıdan daha çox dərk etmiş, özlərində yaşadaraq ona iman gətirmiş və bundan sonra xalqı haqqa doğru hidayət etmişlər. Belə isə, Quranı yaxından dərk etmək üçün onlar tərəfindən nəql olunmuş hədisləri nəzərdən keçirib, onların haqq yoluna qoşulmalıyıq.
Quranın fəziləti haqqında Əhli-beyt (ə) tərəfindən onlarlca hədis və rəvayət nəql olunmuşdur. Əllamə Məclisi bu hədisləri “Biharul-ənvar”ın 19-cu cildində bir yerə toplayaraq ayrıca bir fəsil tərtib etmişdir. Burada həmin hədislərdən bir neçəsini təqdim edirik:

BİRİNCİ HƏDİS
Haris Həmdani deyir: “Günlərin bir günündə məscidə daxil olub orada bir dəstə şəxsin faydasız mübahisələrə məşğul olduğunu gördüm. Əli (ə)-ın yanına gedib gördüklərimi ona danışdım. Buyurdu: Doğrudanmı sən bunları özün müşahidə etdin? Dedim: Bəli. Sonra buyurdu: Haris! Bir gün Peyğəmbər (s) mənə bu sözləri dedi: “Çox keçməz (müsəlmanlar arasında) fitnə və qarşıdurmalar yaranar.” Dedim: Ya Rəsuləllah! Bunlardan necə yaxa qurtara bilərik? Buyurdu: “Siz Allahın nazil etdiyi Quranla bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Onun vasitəsilə haqq ilə batil bir-birindən asanlıqla ayrılar. Quran elə bir kitabdır ki, orada nə bir kəlmə zarafat, nə də bir mənasız ifadələrə rast gəlmək olar. O elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istəyirlər. Allah-taala da onları xar edərək fəlakətə düçar edər. Hər kim hidayət yolunu Qurandan ayrı bir vasitələrlə axtararsa, şübhəsiz, yolunu azacaq və zəlalətə düçar olacaqdır. Quran Allahla insanlar arasında olan qırılmaz rabitədir. Bəşəriyyəti haqqa hidayət edən Quran, nəfsani istəklər və əhrimənlər tərəfindən dəyişilməsi mümkün olmayan hikmətlə dolu bir kitabdır. Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.
Quran vasitəsilə dillər təhrif və dəyişikliklərdən qorunar və heç bir faydası olmayan mübahisələrə birdəfəlik son qoyular. Alim və mütəfəkkirlər Quran ayələri ətrafında araşdırmalar aparar və heç vaxt yoruldum deməzlər. İllər, əsrlər keçdikcə, Quran öz möcüzəsini saxlayar və aşiqlərinin qəlbində daha dərin izlər qoyar.
Quran hətta cinləri belə, heyrətə gətirmiş və onlar Quran haqqında bu sözləri demişlər:
“Biz çox qəribə, təsəvvüredilməz dərəcədə gözəl olan bir Quran eşitdik. O, [xalqa] haqq yolu göstərir. Biz ona iman gətirdik”.
Quranla danışanların sözü kəsərli və məntiqli olacaqdır. Onunla qəzavət edən şəxsin çıxardığı hökm ədalətli, öz əməllərini onunla tətbiq edən şəxslərin aqibəti isə xeyirlə nəticələnəcəkdir. Hər kim insanları Qurana doğru çağırarsa, onları haqqa hidayət etmiş olar.
Nəsihətlərin sonunda Əli (ə) Harisə bu sözləri buyurdu: “Ey Əvər, bu hədisi məndən yadigar saxla.” (“Sünəni-Darəmi”, 2/435; “Səhihi-Termizi”, 11/30)

HƏDİSİN İZAHI
Hədisdə bir neçə maraqlı mətləbə toxunulur:
“Quran keçmişdə və gələcəkdə baş verən əhvalatları əhatə edir.” Burada bir neçə mətləb nəzərə çarpır:
a) Bəlkə də “gələcəkdə baş verən əhvalatlar” deyildikdə, qiyamət günü nəzərdə tutulur. Çünki Quranın bir çox ayələrində insanın qiyamət gününə, məhşərdə aparılacaq sorğu-suallara, onların gördükləri işlərə müvafiq olaraq mükafatlandırılıb-cəzalandırılacaqlarına əhəmiyyət vermələrinə xüsusi diqqət yetirilmişdir. Və eyni zamanda Əli (ə)-ın buyurduğu “Quranla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz. Quran sizin axirət dünyanızı və öldükdən sonra bir daha diriləcəyinizi belə bəyan edir” sözləri bir daha bunları sübuta yetirir.
b) Bəlkə də “gələcək” deyildikdə məqsəd, Quranın gələcək hadisələr barəsində əvvəlcədən xəbər verməsidir. Belə ki, bir çox hadisələr Quran ayələri nazil olduqdan sonra baş vermişdir.
c) Bu barədə verilən üçüncü nəzəriyyə Quranın keçmiş qövm və millətlər barəsində xəbər verməsidir. Quran onların keçmiş tarixinə nəzər salaraq gələcək millət və nəsillərin bu yolu keçəcəklərinə işarə etmişdir. Bu ehtimala əsasən deyə bilərik ki, yuxarıdakı hədislərdə “İnşiqaq” surəsinin 19-cu ayəsi nəzərdə tutulur. Orada deyilir:
“Siz [ey kafirlər, qiyamət günü] haldan-hala düşəcəksiniz”.
Yəni, siz də özünüzdən əvvəlki qövmlərin getdikləri batil yolu gedəcək və özünüzü ağır həlakətə düçar edəcəksiniz.
Eyni zamanda bu hədis Peyğəmbər (s)-dan nəql olunmuş hədisə də dəlalət edə bilər. Hədisdə deyilir: “Siz də özünüzdən əvvəlkilərin puç və batil həyat tərzini dirildəcək və onların adət-ənənələrini davam etdirəcəksiniz.” (“Kənzül-ümmal”, 6/40)
2. ”Quran elə bir kitabdır ki, zalım və sitəmkarlar onu özlərindən uzaq etmək istərlər. Allah-taala da onları xar və böyük fəlakətə düçar edər” deməklə, Peyğəmbər (s) Quranın zalım və bidətçilər tərəfindən təhrif olunmayacağını və əbədi olaraq öz əzəmətini saxlayacağını bəyan etmək istəmişdir.
Onlar əvvəlki səmavi kitabları təhrif etdikləri kimi, heç vaxt Quranı əyləncə vasitəsinə çevirməyə və onun hökümlərini dəyişməyə nail olmayacaqlar. (“Əl-huda ila dinul-Mustəfa”, 1/34)
“Şəxsi meyil və istəklər orada dəyişikliklər apararaq onun həqqaniyyətinə xələl gətirə bilməzlər.”
Biz bilirik ki, bəşər Quran ayələrini öz şəxsi rəy və nəzərləri ilə təfsir etmiş və oradan müxtəlif mənalar əldə etmişlər. Amma bütün bunlara baxmayaraq, onun həqiqi mənası öz dəyişilməzliyini saxlamış və qiyamət gününə qədər də toxunulmaz olaraq qalacaqdır.
3. Hədisdən əldə etdiyimiz üçüncü mühüm mətləb Quranın bütün ixtilaf və keşməkeşləri həll etməsidir. Belə ki, hədisdə deyilir “Allahın nazil etdiyi Quranla siz bütün ixtilaf və qarşıdurmalarınızı aradan qaldıra bilərsiniz.” Bu bir daha Quranın qəzavət və ictimai ədalətin bərqərar olunması üçün ən gözəl vasitə olduğunu sübuta yetirir.
Bəli, əgər müsəlmanlar öz maddi və mənəvi həyatlarında Qurana sığınaraq onun hökmlərindən lazımı qaydada istifadə etsəydilər, həqiqəti tamamilə dərk edər və Peyğəmbər (s)-ın Əhli-beytinin (ə) məqamından agah olardılar. O Əhli-beyt ki, Peyğəmbər (s) onların əhəmiyyətini Quranla eyni səviyyədə tutmuş və özündən sonra məhz onları canişin təyin etmişdir.
Həqiqətən, əgər müsəlmanlar Quranı özləri üçün haqq və ədalət şüarı bilsəydilər, bu gün belə bir çıxılmaz vəziyyətə düşməzdilər. Əgər onlar Quran nuru altında hərəkət etsəydilər, hər bir ali hədəflərinə çatar və bir daha haqq yoldan azmazdılar.
Amma təəssüflər olsun ki, müsəlmanlar Qurana arxa çevirib cahiliyyət dövrünün adət-ənənələrinə üz tutmuşlar. Onlar zəlalət bayrağı altına pənah aparmış və nəticədə din, əqidə, təriqət və s. bu kimi ixtilaflara düçar olmuşlar. Bu ixtilaflar günbəgün böyüyərək müxtəlif cərəyanların yaranmasına səbəb olmuşdur. Biri digərini küfr və itaətsizlikdə təqsirləndirir, nahaq qanını tökür və var-dövlətini haqsız olaraq qarət edir. Onlar müxalif təriqətləri təhqir və tənqid etməyi, hətta lənət oxumağı belə özləri üçün ibadət sanır və bununla Allaha yaxınlaşmaq istəyirlər. Bütün bunların səbəbi isə bizə məlumdur. Qurandan uzaq düşmək, onu şəxsi rəy, yaxud müəyyən nəzərə əsaslanaraq təfsir etmək bütün fəsadların mənşəyidir.

Kitаbın аdı: Əl-bəyan

Ardı var ...

ARDINI BURADAN OXUYUN

 

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!