QURANİ KƏRİMDƏ NӘSX - VII hissə

:

5. ORUCLUQ AYƏSİNİN NƏSXİ
«Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib olduğu kimi, sizə də vacib edildi. Bəlkə, [bunun vasitəsilə] siz pis əməllərdən çəkinəsiniz.» (Bəqərə-183).


Nəsx nəzəriyyəsinin tərəfdarları bu ayənin nəsx olunduğunu belə izah edirlər: Bu ayəyə istinad edərək belə bir nəticəyə gəlmək olar ki, müsəlmanlar keçmiş ümmətlər kimi oruc tutmuş və onların orucuna aid olan şəri hökmlərinə əməl etmişlər. Və onların orucluğa aid olan qanun və adət-ənənələri bundan ibarət idi ki, əgər bir şəxs iftar açmazdan əvvəl (axşam yeməyini yeməzdən) əvvəl yatsaydı, oyandıqdan sonra artıq bir şey yeyə bilməzdi. Və əgər bir şəxs günortadan sonra yatsaydı yeyib-içmək, qadınla yaxınlıq etmək ona haram olmalı idi. Bəqərə surəsinin 187-ci ayəsi nazil olduqdan sonra bu hökm nəsx olundu.
«Oruc gecəsi qadınlarınızla yaxınlaşmaq sizə halal edildi...Allahın sizə halal etdiyini onlardan istəyin: sübh açılınca, ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib-için, sonra gecəyə qədər orucunuzu tamamlayın.» (Bəqərə-187).
Əhli-sünnə alimləri ayənin nəsx olunmasına dair yetkin nəzəriyyəyə istinad edirlər. Lakin onun hansı ayə tərəfindən nəsx olunması haqda müxtəlif nəzəriyyələr irəli sürmüşlər. Bəziləri onun məhz bu ayə ilə nəsx olunduğuna işarə etmiş və müsəlmanlar keçmiş ümmətlər kimi oruc tutduqlarını, lakin sonralar bu ayə nazil olmaqla orucluq hökmü nəsx olunduğunu demişlər.
Əbu Aliyə və Əta həmin nəzəriyyəni qəbul etmişlər. Əbu Cəfər Nəhas, bu nəzəriyyənin Səriyə tərəfindən irəli sürüldüyünü bildirmişdir.
Müəllif:
Ayə heç də nəsx olunmamışdır. Belə ki, ayənin nəsx olunması üçün iki mühüm mətləb sübuta yetirilməlidir.
1. Nəsxin şərtlərindən biri budur ki, ilk ayə ikinci ayədən əvvəl nəql olsun. Lakin nəsx nəzəriyyəsinin tərəfdarları bu mətləbi sübuta yetirə bilməyirlər.
2. Müsəlmanların tutduqları orucluq, keçmiş ümmətlərin tutduqları orucluqlarla tamamilə eyni qaydada müqayisə və bir-birinə oxşadılmış olsun. Lakin ayədən məqsəd orucluğun necəliyini deyil, onun zəruriliyini bəyan etməkdir. Yəni, keçmiş orucluq keçmiş ümmətlərə vacib olduğu kimi, sizlərə də vacib olundu.
Demək ayə, keçmiş ümmətlərin tutduqları orucların müsəlmanların tutduqları orucluqla tamamilə oxşar olduğuna əsla dəlalət etmir.
Əgər hər iki orucluq hökmünün oxşarlığı haqqında söhbət açdığımız ayə ilə deyil, digər dəlillər ilə əldə olunduğunu fərz etsək, ikinci ayə ilk ayəni (orucluq hökmünü) deyil, Qurandan əldə olunmayan hökmü nəsx edəcəkdir. Bu isə nəzərdə tutduğumuz mətləbdən xaric və nəsx ilə heç bir əlaqəsi yoxdur.

6. FİDYƏ AYƏSİNİN NƏSXİ
«Oruc tutmağa taqəti olmayanlar isə [hər günün əvəzində] bir yoxsulu doyduracaq qədər fidyə verməlidirlər. Hər kəs könüllü xeyir iş görərsə [həm oruc tutub, həm fidyə verərsə] bu onun üçün daha yaxşı olar.» (Bəqərə-184).
Ayənin növbəti ayə ilə nəsx olunduğunu bildirirlər.
«Ramazan ayına yetişən şəxslər bu ayı oruc tutmalıdırlar.» (Bəqərə-186).
Müəllif:
Əgər birinci ayədəki «taqət» kəlməsini «imkan» və «qüdrət», «qadir» kimi mənalandırırıqsa ayənin nəsx olunduğu göz qabağında olacaqdır. Belə olduqda biz ayədən belə bir məna əldə edəcəyik. «İnsan oruc tutmağa qadir olarsa, yenə də oruc tutmaya bilər» və bunun əvəzinə o, yoxsullara fidyə verməlidir.
Birinci ayədə belə bir mənanı nəzərə almaqla verdiyi hökm ikinci ayə ilə nəsx olunur. Belə ki, orada (Ramazan ayına yetişən şəxslər bu ayə oruc tutmalıdır). Belə bir halda yoxsullara verilən fidyə Ramazan ayının orucluq hökmünü əvəz edə bilməz.
Lakin göründüyü kimi, ayədəki «taqət» kəlməsi özünün tam «qüdrət» «imkan» və «qadir» mənalarında işlənilməmişdir. Buradan məqsəd «sonsuz məşəqqət» və «çətinlikdir». «Lisanul ərəb»də deyilir: «Taqət» sonsuz məşəqqət və son həddə qədər olunan səy və çalışqanlıq mənasını daşıyır. Yəni insanın bütün çətinlik və məşəqqətlərə sinə gərərək hər hansı bir işin öhdəsindən gəlməsinə «tuq» deyilir.
İbni Əsir və Rağib belə bir məna ilə müvafiq olduqlarını bildirmişlər.
«Taqət» kəlməsinin «imkan» «qüdrət» mənalarını daşıdığını fərz etsək, ondan götürülən «itaqə» və «yətiqunə» kəlmələri (genişləndirmək) və (vüsət halını) tapmaq mənalarını verəcəkdir.
Demək, mövzu olduqca məhdud və icra dairəsi olduqca az olmuş və sonradan başqa birisi tərəfindən genişləndirilmiş və vüsət halını tapmışdır. Və bunun sonsuz səy və məşəqqət olmadan həyata keçməsi qeyri-mümkündür.
Seyid Məhəmməd Rəşid Rza öz müəllimindən nəql edərək deyir: «itaquş-şiəy» ifadəsindən yalnız o zaman istifadə olunur ki, insan hər hansı bir işi yerinə yetirməyə taqəti olmasın və bu işin başa çatması üçün sonsuz çətinlik və məşəqqətlərə sinə gəlmiş olsun.
Nəticə:
Dediklərimizdən belə bir nəticəyə gəlirik ki, Allah-taala Ramazan ayının orucunu hamıya ümumi şəkildə vacib etmiş, sonra xəstə və səfərdə olanları ümumiyyət xarakteri daşıyan bu hökmdən istisna edərək xəstəlik və səfərləri sona çatdıqdan sonra [qəza olaraq] oruclarını tutmalarına əmr olunmuşlar. Daha sonra ayədə başqa bir istisnaya işarə olunduğunun şahidi oluruq. O da xəstə və səfərdə olanlar deyil, oruc tutmaq onlar üçün olduqca çətin və məşəqqətli olan kəslərə olunan istisnadır. Susuzluğa taqəti olmayan qoca kişi və qadınları, xəstəliyi daimi və gələn orucluğa qədər sağalmayan xəstələri buna misal çəkmək olar. Bu ayə nazil olmaqla sonradan tutulan qəza orucları onların üzərindən götürülüb və (müəyyən miqdarda) fidyə vermələri təyin olunur.
Ramazan ayında möminlərə orucun vacib olduğunu, xəstə və səfərdə olan şəxslərə qəzasını sonradan tutmalarını əmr edən ayədən belə məlum olur ki, fidyənin verilməsi yalnız o kəslərə vacibdir ki, oruc tutmaq onlar üçün çətin, dözülməz və məşəqqətlidir.
Ayəyə verilən belə bir izahla yenə də iddia etmək olarmı ki, (Və ələlləzinə yutiqunə – oruc tutmağa taqəti olmayanlar...) ayəsindən məqsəd insanın ixtiyarı olaraq oruc tutmasını və fidyə verməsini seçməkdir?
Təfsirini verdiyimiz ayə barəsində Əhli-beyt tərəfindən kifayət qədər hədis və rəvayət nəql olmuşdur və bu rəvayətlərdə ayənin həmən mənada təfsir olunduğu təsdiq olunur.
Demək, ayə nəsx olunmamış və verdiyi hökm qüvvədə olaraq qalmaqdadır. Diqqət yetirmək lazımdır ki, ayənin verdiyi hökm, Ramazan ayının orucu və qəzası vacib olan şəxslərə verdiyi hökmlərlə tamamilə fərqlidir.
Yəni ayənin hökmü o kəslərə dəlalət edir ki, Ramazan ayında oruc tutmaq onlara vacib deyildir. Oruc ayəsi isə digər iki qrupa (Ramazan ayının və ya qəzasının orucunu) vacib olduğunu bəyan edir. Demək bu iki ayə verdiyi hökm və mövzu baxımından bir-biri ilə tamamilə fərqlidir və belə olduğu bir halda ayənin birinin digəri ilə nəsx olunduğu haqda söhbət açmağa belə dəyməz.
Bütün bu dediklərimiz məşhur qiraət üsullarına əsaslanırdı. Amma İbni Abbas, Aişə, Əkrəmə İbni Musəyyib öz qiraətlərində «yətiqunə» kəlməsini təfil babının məchul formasında «yutəvvəqun» kimi oxumuşlar və bu məsələdə heç bir ixtilaf nəzərə çarpmır.
Malik və Rəbiənin verdikləri fitvalara əsasən, əgər qoca kişi və qadın oruclarını yeyərlərsə onlara heç bir şey vacib olmayır. Belə bir nəticəyə gəlirik ki, ayə nəsx olmuşdur. Lakin biz ayənin verdiyi hökmü əldə əsas tutaraq müxtəlif şəxslərin verdikləri fitvalara və irəli sürdükləri nəzəriyyələrə istinad etməməliyik.

7. CİHAD AYƏSİNİN NƏSXİ
«Onlar sizinlə Məscidul-haram yanında vuruşmayınca, siz də onlarla vuruşmayın! Əgər [orada] sizinlə vuruşsalar, siz də onları öldürün. Kafirlərin cəzası ancaq budur!» (Bəqərə-191).
Əbu Cəfər Nəhas və nəsx nəzəriyyəsinin bir çox tərəfdarları bu ayənin nəsx olunduğuna dair öz fikir və mülahizələrini irəli sürmüşlər. Çünki ayə Məscidul-haramın yaxınlığında müşriklərlə müharibə etməyin haram olduğunu bildirir. Bir halda ki, onlarla harada olursa olsun, hətta Məscidul-haramın içində belə vuruşmağın heç bir haramlığı yoxdur. Deyilənlərə görə Qütadə də ayənin nəsx olunduğuna əmin olmuşdur.
Müəllif:
Bu ayə də digər ayələr kimi nəsx olunmamış və verdiyi hökm hələ də qüvvədədir. Əgər nəsx olunsaydı hökmən bu ayəyə də dəlalət edərdi.
«Müşrikləri harada görsəniz, öldürün.» (Tövbə-5).
Lakin bu ayə heç də cihad hökmünü bəyan edən (Bəqərə surəsinin 191-ci) ayəsinin nəsx olunmasına dəlalət edə bilməz. Çünki bu ayə qan tökülməsinin yalnız müəyyən bir yerdə, yəni Məscidül-haramda haram olduğunu bildirir və göründüyü kimi istina xarakteri daşıyır. İkinci ayədə isə, «ümumiyyət xarakteri» daşıyan bir hökmün verildiyini müşahidə edirik. Necə ki, ayədə deyilir (Müşrikləri harada görsəniz öldürün). Və məlum olduğu kimi ümumiyyət xarakteri daşıyan bir hökm, hər hansı bir müəyyən məsələyə dəlalət edən hökmü nəsx etməyə qadir deyildir. Bəlkə əksinə olaraq müəyyən hökmlər ümumiyyət xarakteri daşıyan hökmləri təfsir və izah edir.
Hər iki ayənin ümumi məfhumunu nəzərdən keçirərək belə bir məna əldə edirik. (Müşriklər harada olurlarsa olsunlar, onlarla vuruşun və harada görsəniz öldürün. Məscidul-haramın isə əzəmət və ehtiramını qoruyub saxlayın. Sizinlə orada vuruşmayınca, vuruşmayın. Yox əgər həddi aşaraq onun yaxınlığında belə sizlərə həmlə edərlərsə, özünüzü müdafiə edin və onlarla mübarizə aparın).
Verilən izahları nəzərə alaraq deyə bilərik ki, cihad hökmünü verən ayənin nəsx olunması qeyri-məntiqi və əsassızdır. Çünki hər iki ayənin məfhum və məzmununda ziddiyyət nəzərə çarpmır.
Bəzən ayənin nəsx olunmasına dair bu məzmunda nəql olunmuş rəvayətə istinad olunur. Rəvayətdə deyilir: «Peyğəmbər (s), Kəbənin pərdəsindən asılmış ağır cinayət törədən İbni Xətlin qətlinə fərman verdi.»
Lakin bu rəvayətlə ayənin nəsx olunduğu sübuta yetməyir. Əvvəla ona görə ki, rəvayət vahid xəbər halında nəql olunmuşdur. Vahid xəbərlə isə ayənin nəsx olunduğu sübuta yetirilmir. Digər tərəfdən isə rəvayət ayənin nəsx olunmasına əsla dəlalət etmir. Çünki əhli sünnə alimləri Peyğəmbərdən (s) nəql edirlər ki, «Məscidul-haramda bir şəxsin qətlə yetirilməsi məndən əvvəl kimsəyə icazə verilmirdi. Mənim özümə də yalnız Fəth (Məkkənin fəthi) günü bir saat ərzində bu şəxsin qətlə yetirilməsinə icazə verildi.
Rəvayətdən belə məlum olur ki, bu yalnız Peyğəmbərə (s) xas bir hərəkət olmuş və ayənin nəsx olunması ilə heç bir əlaqəsi yoxdur. Belə bir əsassız məntiqə isə yalnız bəzi fəqihlərin şəxsi rəyləri əsasında verdikləri fitvalarla əsaslanmaq olar. Bir halda ki, bizim istinad edəcəyimiz yeganə mənbə müxtəlif şəxslərin verdikləri fitvalar deyil, həqiqəti bəyan edən Quran ayələridir.

Əl-Bəyan kitabından

Ardı var... 

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!