QURANİ KƏRİMDƏ NӘSX - VIII hissə

:

8. HARAM [MÜQƏDDƏS] AYLARDA MÜHARİBƏNİN HARAM OLDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
«[Ya Məhəmməd!] Haram olan ayda vuruşmaq haqqında səndən soruşanlara söylə: O ayda vuruşmaq böyük günahdır...» (Bəqərə-217).


Əbu Cəfər Nəhas deyir: Əta istisna olmaqla, əhli-sünnə alimlərinin bir çoxu belə bir fikirdədirlər ki, ayə nəsx olunmuş və haram aylarda müşriklərlə müharibə etmək halal və mubahdır (yəni icazə verilir). Ətanın fikrincə ayə nəsx olunmamışdır və möhkəm ayələr icrasına daxildir. Və haram aylarda müşriklərlə müharibə etmək ayənin verdiyi hökmə əsasən haram və yol verilməzdir.
Amma şiə alimlərinin fikrincə ayə nəsx olunmamış və nəql olunmuş rəvayətlərə, verilən fitvalara əsasən ayənin verdiyi hökm qüvvədə qalmaqdadır. Belə ki, «Təfsir tibyan» və «Cəvahirul kəlam» kitablarında bu nəzəriyyə haqda ətraflı məlumatlar verilmişdir.
Müəllif:
Bizim fikrimizcə haqq şiə alimləri tərəfindədir və ayənin nəsx olunduğuna dair irəli sürülmüş nəzəriyyələr bir neçə səbəbdən zəif və əsassızdır.
1. Əgər nəsx nəzəriyyəsinin tərəfdarları Nəhas dediyi kimi bu ayəyə (Müşrikləri harada görsəniz öldürün.) (Tövbә-5) istinad etsəydilər təəccüb doğurar və bir o qədər inandırıcı olmazdı. Çünki ayə müşriklərlə müharibənin haram ayları başa çatdıqdan sonra elan olunduğunu qətiyyətlə bəyan edir. Həmən ayədə bu haqda buyurulur:
«Haram aylar [onlara möhlət verilmiş, Zilhiccə, Məhərrəm, Səfər və Rəbiuləvvəl ayları] çıxınca müşrikləri harda görsəniz öldürün.» (Tövbə-5).
Belə bir qəti hökm verildiyi bir halda haram aylarda müşriklərə qarşı müharibə etməyi və ayənin nəsx olunduğunu qəbul etmək nə dərəcədə düzgün olardı?!
2. Əgər nəsx nəzəriyyəsinin tərəfdarları Səyf ayəsinin nəzərdə tutulduğuna istinad edirlərsə («Müşriklər hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun.) (Tövbә-36), bilmədikləri ayə «mütləq» xarakter daşıyır və məlum olduğu kimi «mütləq» xarakteri daşıyan ayələr məzmun baxımından qeyri-müəyyən və qeydli ayələri nəsx etmir. Xüsusilə elə bir şəraitdə ki, qeydli ayələrdə verilən hökmlər zaman baxımından mütləq ayələrdən bir qədər sonra verilmiş olsun.
3. Və əgər İbni Abbasdan və Qütadən nəql olunan hədisə istinad edərək bu ayənin Səyf ayəsi ilə nəsx olunduğunu iddia edərlərsə bilmədidirlər ki, əldə etdikləri nəticə bir neçə səbəb üzündən batil və əsassızdır.
1. Nəsx vahid xəbərlə sabit olunmur (sübuta yetirilməyir);
2. Rəvayət, məsum tərəfindən nəql olunmuşdur və bəlkə də İbni Abbasın və Qütadənin şəxsi ictihadları olmuş və əməli olaraq həyata keçirilmişdir;
3. Bu rəvayət İbrahim ibni Şərikdən nəql olunmuş başqa bir rəvayətlə ziddiyyət təşkil edir. O deyir: «Əhməd ibni Abdulla ibni Yusif, Əbi Əzhərdən, o da Cabirdən Peyğəmbərdən (s) bu hədisi nəql edir. «Haram aylar düşmən müharibəyə başlamayınca onlarla vuruşmamalıyıq.»
4. Əgər Peyğəmbərin (s) haram aylarda (Şəvval, Ziqədə və Zilhiccə) Hunəyndə, Bəni-həvazən və Taifdə Bəni-səqiflə müharibə etməsinə istinad edərlərsə bilməlidirlər ki, onların istinad etdikləri bu dəlil bəzi səbəblər üzündən əsassızdır.
1. Quranın nəsxi vahid xəbər halında nəql olunmuş rəvayətlərlə sabit olunmayır;
2. Müharibənin hansı şəraitdə baş verdiyi bizlərə bir qədər məlum deyildir. Bəlkə də Peyğəmbər (s) zərurət üzündən verilən ümumi hökmdən istifadə edərək müsəlmanlara cihad hökmünü vermişdir. Və belə bir halda rəvayətin, ayəni nəsx edəcəyinə heç də istinad etmək olmaz.

9. ƏHLİ KİTAB QADINLARI İLƏ EVLƏNMƏYİ BƏYAN EDƏN AYƏLƏRİN NƏSXİ
«Allaha şərik qərar verən [Onu inkar edən] qadınlar imana gəlməyincə onlarla evlənməyin.» (Bəqərə-221).
Bəzilərinin irəli sürdükləri nəzəriyyəyə əsasən, bu ayə ehsan ayəsi ilə nəsx olunmuşdur.
«Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin [yəhudilərin və xaçpərəstlərin] azad və ismətli [özlərini zinadan və nəfslərini haram şeylərdən qoruyan] qadınları mehrlərinizi verdiyiniz, namuslu olub zina etmədiyiniz və asina saxlandığınız təqdirdə [evlənmək üçün] sizə halaldır.» (Maidə-5).
İbni Abbas, Malik ibni Ənəs, Süfyan və Əbdürrəhman ibni Əmr Əuzai belə bir fikirdədirlər ki, Bəqərə surəsinin 221-ci ayəsi bu ayə ilə nəsx olunmuşdur. Lakin Abdulla ibni Əmr onların əksinə olaraq Tövbə surəsinin 5-ci ayəsinin qeyd olunan ilk ayə ilə nəsx olunduğuna dair fikir irəli sürmüşdür. Beləliklə müsəlmanların əhli kitab qadınları ilə evlənməsini haram etmişdir.
Müəllif:
Bu bir həqiqətdir ki, ayə nə nəsx olmuş, nə də öz qanunvericilik xüsusiyyətini itirmişdir. Əgər evlənmənin haram olduğunu bəyan edən birinci ayədə müşrik qadınlar deyildikdə, bütpərəst qadınlar nəzərdə tutulursa – belə ki, ayənin zahiri mənası bu mətləbə işarə edir – bunun haram olması ikinci ayədə əhli kitab qadınları ilə evlənməyə icazə verilməsi ilə heç bir ziddiyyət təşkil etməyir. Və belə bir halda ayələr bir-birini nəsx etməyəcəkdir. Və əgər nəsx nəzəriyyəsinin tərəfdarlarının dedikləri kimi müşrik qadınlar dedikdə, istər bütpərəst, istərsə də əhli kitab qadınları nəzərdə tutularsa birinci ayə «ümumi», ikinci ayə isə «xüsusi» xarakter daşıyacaqdır. Və həmişə olduğu kimi xüsusi (müəyyən) hökm ümumiyyət xarakteri daşıyan başqa bir hökmü nəsx deyil, əksinə olaraq onu xüsusiləşdirir. Çünki belə bir mənaya əsasən birinci ayə (ümumi hökm) istər müşrik, istərsə də əhli kitab qadınlarına da şamil olunur. İkinci ayə isə yalnız əhli kitab qadınlarına aid olmaqla ümumi hökm verən birinci ayəyə əlavə olunacaqdır. Və nəticədə hər iki ayənin [ümumi] mənası bundan ibarət olacaqdır. Müsəlmanların bütpərəst qadınlarla evlənməsi haram [birinci ayə], əhli kitab qadınlarla isə halaldır [ikinci ayə].
Göründüyü kimi əvvəlki ayələrdə olduğu kimi nəsxə səbəb olası hər iki ayənin məna və məfhumunda ziddiyyət nəzərə çarpmır.
Lakin sual doğuran məsələlərdən biri də əhli kitab qadınları ilə müvəqqəti evlənmə məsələsidir. Şiə alimləri əhli kitab qadınları ilə müvəqqəti evlənməyi düzgün və halal hesab edirlər. Belə bir əqidəyə əsaslanmağın əsas səbəbi ayədə istifadə olunan və müvəqqəti evlənməni bəyan edən (vəlmuhsinat) ibarət və əhli kitab qadınları ilə daimi evlənmənin haram olduğunu bəyan edən nəql olmuş bir çox hədis və rəvayətlərdir.
Bu əqidənin müqabilində şiə alimlərinin bir qismi əhli kitab qadınları ilə daimi evlənmənin halal olduğuna dair öz fikir və mülahizələrini irəli sürmüşlər. Həsən və Əli Babəveyhi, həmçinin Məhəmməd ibni Babəveyhi buna misal çəkmək olar. Onlar əhli kitab qadınları ilə daimi evlənməni halal hesab etməklə bu məsələyə dair yaranmış bütün nöqsanları aradan götürmüşlər. Və biz gələcək fəsillərdə bu məsələyə dair ətraflı söhbət açacağıq.

10. ƏQİDƏ AZADLIĞI AYƏSİNİN NƏSXİ
«Dində məcburiyyət [zorakılıq] yoxdur. Artıq doğruluq [iman] azğınlıqdan [küfrdən] aydın fərqlənir.» (Bəqərə-256).
Lakin bəzilərinin fikrincə bu ayə cihad hökmünü verən Tövbə surəsinin 73-cü ayəsi ilə nəsx olunmuşdur. Belə ki, bu ayə cihad hökmü verilməklə zorakılığın dində vacib olduğuna əmr olunur.
«[Ya Peyğəmbər!] Kafirlərə və münafiqlərə qarşı vuruş [kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!]»
Alimlərin başqa bir qismi isə belə bir fikirdədirlər ki, birinci ayə nəsx olunmamış, sadəcə olaraq ikinci ayə ilə istisna olunaraq yalnız əhli kitaba aid olunmuşdur. Çünki bir qədər əvvəl qeyd etdik ki, əhli kitabla yalnız o zaman müharibə etmək olar ki, onlar küfr edərək hətta öz dinlərindən belə çıxmış olsunlar və bunun üçün də əsaslı səbəblər olmalıdır.
Müəllif:
Biz isə belə bir fikirdəyik ki, bu ayə möhkəm ayələr sırasına daxildir və onun verdiyi hökm nə istisna olmuş, nə də başqa bir ayə ilə nəsx olunmuşdur.
İzah:
«İkrah» «kərəh» sözündən götürülmüşdür və lüğətdə iki məna verdiyi göstərilir.
1. «Xoşlamamaq», «xoşa gəlməmək;»
Bəqərə surəsinin 216-cı ayəsində məhz bu mənada işlənmişdir.
«Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli olur.»
2. «İcbar», «zəhmət», «qeyri-ixtiyari iş».
Məsələn, Əhqaf surəsinin 15-ci ayəsində deyilir:
«Anası onu [doqquz ay bətnində] zəhmətlə gəzdirmiş, əziyyətlə doğmuşdur.»
Ananın hamilə olub uşağı dünyaya gətirməsi onun razılı olsa da, icbari və onun ixtiyarından xaric olan bir işdir. Göründüyü kimi «kərihə» burada – icbar və qeyri-ixtiyari iş mənasında işlənmişdir.
Haqqında söhbət açdığımız ayənin nəsx olunduğunu o zaman qəbul edə bilərik ki, «kərihə» bu ayədə də «xoşlamamaq» mənasında işlənmiş olsun. Və belə olduqda ayədən belə bir məna əldə edəcəyik. Dinin [islamın] qəbul olunması gərək razılıq və könüllülük əsasında həyata keçsin. Lakin cihad ayəsi nazil olmaqla ayə nəsx olunmuş və onlara qarşı cihad hökmü verilmişdir: «Dini qəbul etməyincə və buna razı olmasalar da belə, onlarla vuruşun və dini qəbul etməyi onlara məcbur edin.» Lakin bir neçə əsaslı səbəblər üzündən biz «ikrah» sözünü bu ayədə «icbar və xoşlamamaq» mənalarında işlədə bilmərik.
1. Ayəni belə bir mənada təfsir etməyə heç bir əsaslı dəlil yoxdur. Belə ki, hər hansı bir kəlmənin verdiyi mənalara dəlalət edəcək səbəb və dəlil olmalıdır.
2. Ayədə din deyildikdə həm onun əsasları, həm də şaxələri nəzərdə tutulur və sonradan işarə olunan küfr və imanı (ğəyy-ruşd) yalnız dinin əsaslarına dəlalət etdiyinə dəlil hesab edə bilmərik. Çünki hidayət və zəlalət yollarının aşkar olması dini hökm və üsullara əməl etməkdə heç də təsirsiz deyildir. Əksinə olaraq onların arasında möhkəm və qırılmaz əlaqə bərqərardır.
Digər tərəfdən bilirik ki, islam dininin şaxələrini təşkil edən bəzi məsələlərdə elə ilk gündən təbii olaraq icbari qanunlar tərtib olunmuşdur. Məsələn, borcu olan şəxs icbari olaraq borcunu qaytarmalı, qadın hökmən ərindən itaət etməli, oğru hökmən oğurluqdan əl çəkməli və s.
Bütün bunları nəzərə alaraq islam dinində heç bir məcburiyyətin olmadığını iddia etmək olarmı?!
3. Əgər (ikrah) «məcburiyyət» və «xoşlamamaq» kimi təfsir ediriksə, ayənin ikinci yarısı ilə yəni (təbəyyənə) «Artıq doğruluq [iman] azğınlıqdan [küfrdən] aydın fərqlənir» cümləsi ilə bir o qədər də uyğun gəlməyəcəkdir. Və belə bir halda ayəni bu kimi ifadələrlə təfsir etməliyik. Dinin haq olmasını aşkar edən dəlillər insanın qəlbində özünə qarşı meyl, istək və razılıq hissi yaradır. Dinə qarşı insanda belə bir müsbət təəssürat yaranmaqla onu öz razılığı ilə qəbul edir. Və belə şəraitdə insanların dini qəbul etməkdə heç bir zorakılıq və məcburiyyətə ehtiyacı qalmır.
Əgər ayə belə təfsir olunarsa, onun cihad ayəsi ilə nəsx olunmasına dair irəli irəli sürülmüş nəzəriyyə tamamilə əsassız və qeyri-məntiqi qəbul ediləcəkdir. Çünki islam dini zühur etdiyi ilk gündən onun haqq olmasını sübuta yetirən dəlillər möhkəm və məntiqi olmuşdur. Və zaman keçdikcə o öz mövqeyini qoruyub saxlayır və mübarizə meydanına əsaslı dəlillərə arxalanaraq uğurla qədəm qoyur. İman və küfrün bir-birindən fərqlənməsi isə illər və əsirlər keçməsinə baxmayaraq, bütün dövrün insanları üçün zəruri məsələlərdən biri olmuşdur. İnsanlar bu məsələyə daim ehtiyac duymuş və gələcəkdə bu ehtiyac hissi daha da güclənəcəkdir.
Bütün bunları nəzərə alaraq necə təsəvvür etmək olar ki, islamın zühur etdiyi ilk illərdə insanlar bu müqəddəs dini heç bir məcburiyyət olmadan asanlıqla qəbul edir, cihad hökmü verilməklə isə bütün bunlar nəsx olur və dinin qəbul olunması məcburi xarakter daşımağa başlayır?! Bir halda ki, küfrlə imanı bir-birindən fərqləndirən və dinin həqqaniyyətini aşkar edən amillər sonrakı dövrlərdə daha çox və daha məntiqi olmuşdur. Əgər iman (hidayət) və küfr (zəlalət) yolunun aşkar olunması (fərqlənməsi) azadlıq üçün dəlil və dinin qəbul olunması üçün meyl və rəğbət hissi olsaydı, cihad hökmünün verilməsinə heç bir lüzum olmazdı. Bir halda ki, cihad islam dinində sabit və qəti hökmlərdən biri hesab olunur.
Bu səbəbdən də deməliyik ki, «ikrah» kəlməsi ayədə meyl və rəğbət hissinin müqabilində «xoşa gəlməmək», «xoşlamamaq» mənasında deyil, «icbar» mənasında işlənmişdir. Və bu bir halda ayə belə bir məna daşıyacaqdır:
Allahın dini ikrah və məcburiyyətə əsaslanmır. İstər ümumi dində (əqidəvi məsələlərdə), istərsə də firuiddində (şəri hökmlərdə) müəmma və çətinlik nəzərə çarpmır. Din olduqca asan və sadədir. O hər bir insanın fitrət və təbiətində dərin kök salmışdır.
Allah-taala, insanları dinin göstərişlərindən agah etmək üçün onlara peyğəmbərlər və onlarla birlikdə səmavi kitablar göndərmişdir. Beləliklə insan kor-koranə təqliddən əl çəkib ixtiyarında olan sübut və dəlillərlə öz müqəddəratını həll etmiş olur. Düzgün nəticəyə gələrək haqq yolu seçir və beləliklə əbədi səadətə qovuşur. Şeytani vəsvəsələrə uyaraq haqq yoldan üz çevirdikdə isə həlakət və bədbəxtçiliyə düçar olur. Allah-taala başqa bir ayədə bu həqiqəti bəyan edərək buyurur:
«Biz ona haqq yolu göstərdik. İstər [nemətlərimizə] minnətdar olsun, istər nankor [bu onun öz işidir].» (Dəhr-3).
Allah öz dinini qəbul etməyi kimsəyə vadar etməmişdir. O, haqq yolunu insanlara göstərməklə onları tam ixtiyar sahibi etmişdir. Azad yaradılmış hər bir insan haqq yolunu seçməklə həm özünü əbədi səadətə qovuşdurar, həm də haqdan üz çevirərək həlakət və bədbəxtçiliyə düçar edə bilər. Bir sözlə təzyiq və məcburiyyət olmadan ixtiyari olaraq öz həyat yolunu seçə bilər.
Bir halda ki, elm və qüdrəti hər şeyi əhatə edən Allah, insanları dini qəbul edib Onun göstərişlərinə tabe olmağa vadar edə bilər və onları ixtiyari olaraq gördükləri bütün işlərdən məhrum edərdi. Lakin O, öz bəndələrinə sonsuz məhəbbət göstərməklə onlara hansı yolu seçməkdə tam ixtiyar vermişdir. Onlar da ya haqq yolu seçməklə əbədi səadətə qovuşur, ya da haqdan üz çevirərək özlərini fəlakət və uçruma sürükləyirlər.
Demək «La ikrahə fiddin qədtəbəyyənərruşdu minəl ğəy – Dində məcburiyyət [zorakılıq] yoxdur. Artıq doğruluq [iman] azğınlıqdan [küfrdən] aydın fərqlənir» ayəsinin əsas məzmunu bundan ibarətdir: «Dində məcburiyyət yoxdur. Çünki həm hidayət, həm də uçrum və bədbəxtçiliyə aparan yollar bəşəriyyətə bəyan olunmuşdur.
1. «Əgər Allah istəsəydi, sizi [eyni şəriətə tabe] vahid bir ümmət edərdi. Lakin [bu müxtəliflik] Allahın verdikləri ilə sizi imtahan etməsi üçündür. Elə isə yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın [bir-birinizlə yarışın]. Hamınızın axır dönüşü Allahadır. Allah aranızda ixtilaf doğuran məsələlər barəsində sizə xəbər verəcəkdir.» (Maidə-48).
2. «De ki: Tutarlı dəlil yalnız Allaha məxsusdur. Əgər o istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.» (Ənam-149).
3. «Müşriklər nadanlıqları üzündən və istehza məqsədi ilə dedilər: Əgər Allah istəsəydi, nə biz, nə də atalarımız Ondan başqa bir şeyə tapınmaz, Onsuz [Allahın razılığı, hökmü olmadan] heç bir şeyi haram etməzdik. Onlardan qabaqkılar da belə etmişdilər. Peyğəmbərin vəzifəsi isə yalnız açıq-aşkar bir təbliğdir. [Peyğəmbər heç kəsi zorla bir işə vadar etməz. Onun borcu ancaq Allahın hökmlərini insanlara təbliğ etmək, insanların borcu isə Allahın onlara verdiyi ağıl və iradə ilə haqqı batildən ayırmaq, yaxşı işlər görüb savab qazanmaqdır.» (Nəhl-35).

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!