QURANİ KƏRİMDƏ NӘSX - IX hissə

:

11. ZİNAYA DAİR VERİLƏN ŞƏHADƏT AYƏLƏRİNİN NƏSXİ
«Qadınlarınızdan zina edənlərə qarşı öz aranızdan [möminlərdən] dörd şahid tutun! Əgər onlar [bu işə] şəhadət verərlərsə, həmin qadınları ölənə qədər, yaxud Allah onlar üçün bir yol açanadək evlərdə həbs edin!


İçərinizdən belə qəbih iş görənlərin hər ikisinə əziyyət verin. Əgər tövbə edib özlərini düzəltsələr, onları incitməkdən vaz keçin! Əlbəttə Allah tövbələri qəbul edən və [bəndələrini] bağışlayandır.» (Nisa 15-16).
Əkrəmə və İbad ibni Samit kimi müfəssirlər, Həsən Bəsrinin «Rəqqaiş»dən nəql etdiyi rəvayətə istinad edərək ayənin nəsx olunduğuna dair fikir irəli sürmüşlər. Onların fikrincə yuxarıda qeyd olunan birinci ayə (15-ci), ikinci (16-cı) ayə və ikinci ayədə başqa bir cəza hökmü ilə nəsx olunmuşdur. Belə ki, əgər subay kişi və qadınlar bir-birləri ilə zina edərlərsə, yüz şallaq zərbəsi və bir illik sürgünlə cəzalandırılmalı, evli kişi və qadınlar zina etdikdə isə yüz şallaq zərbəsindən sonra daş-qalaq olunaraq öldürülməlidirlər.
Qütadə və Məhəmməd ibni Cabir birinci ayənin evlilərə, ikinci ayənin subaylara aid olduğunu və hər iki ayənin şallaq və daşqalaq hökmü ilə nəsx olunduğuna işarə etmişdir.
İbni Abbas, Mucahid və Nəhasın davamçıları isə belə bir fikirdədirlər ki, birinci ayə qadınlara (istər subay olsun, istərsə də evli), ikinci ayə isə ümumilikdə kişilərə aid olmuş və sonradan hər ikisi şallaq və daşqalaq hökmü ilə nəsx olunmuşdur.
Əbu Bəkr Cəccas deyir: Müsəlmanlar arasında bu kimi ayənin nəsx olunmasına dair heç bir ixtilaf və fikir ayrılığı mövcud deyildir.
Müəllif:
Ayələrin heç biri nəsx olunmamışdır və onlar öz qüvvəsində qalmaqdadır. O ki, qaldı ayədə sual doğuran bəzi ifadələrə, qeyd etmək lazımdır ki, «fahişə» lüğətdə görülən hər bir nalayiq və xoşagəlməz (pozğunluq xüsusiyyəti daşıyan) işlərə deyilir. Bu kimi işlər bəzən iki qadın (buna musahiqə deyilir), bəzən iki kişi (buna ləvat deyilir) bəzən də kişi ilə qadın arasında baş verir və belə bir qeyri-qanuni əlaqə «zina» adlanır. Və fahişə sözü ərəb dilinin istər lüğət, istərsə də terminologiyasında «zina» mənasını daşımır. O ki, qaldı ayənin nəsx olunmasına bu, iki mühüm mətləbdən asılıdır.
1. Zinakar qadınları ev dustağı etmək, zinanın qarşısını almaq məqsədilə deyil, cəzalandırmaq məqsdilə olmalıdır.
2. Ayənin zahiri mənasından belə məlum olur ki, zinakar qadınları ev dustağı etməkdən əsas məqsəd onların yenidən zinaya qurşanmalarının və ictimai pozğunluqlarının qarşısını almaqdır.
Şübhəsiz ki, nalayiq və pozğunçuluğun qarşısını almaq, sağlam ictimaiyyətin və cəmiyyət üzvlərinin can sağlamlığının, namus və qeyrətinin keşiyində durmaq hər bir vətəndaşın insanlıq borcudur. Bəzi alimlərin fikrincə bu iş bir o qədər də əhəmiyyət kəsb etməsə də vacib və zəruridir. Bu ayədə də göründüyü kimi insanlara cəmiyyətdə yaranmış pozğunçuluğun qarşısını almağa və pozğun qadınları ev dustağı etməyə əmr olunur. Beləliklə yaranmış çətinliklər aradan götürülmüş və ictimai sabitlik bərqərar olunmuşdur.
Demək, şallaq və daşqalaq kimi cəza üsullarını onlar üçün qabaqcadan təyin olunmuş nicat yolu hesab etmək olmazdı. Və tamamilə qənaətbəxş şəraitdə yaşayan hər bir düşüncəli qadın şallaq və daşqalaq olunmasına təbii ki, heç vaxt razı olmaz və belə bir ağır cəza üsulu onların nicat tapması üçün heç də təsirli olmazdı. Bəs nicat yolu deyildikdə nə nəzərdə tutulur? Bir qədər əvvəl qeyd etdik ki, «fahişə» deyildikdə həm kişilərin bir-birləri ilə cinsi yaxınlığı (ləvat), həm qadınların bir-biri ilə cinsi yaxınlığı (musahiqə), həm kişi və qadınların bir-birləri ilə qeyri-qanuni cinsi yaxınlığı nəzərdə tutula bilər.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, zina etmiş qadını [müəyyən müddət] ev dustağı etməkdə məqsəd onun tutduğu işdən peşiman olub sidq ürəkdən tövbə edib islah olunmasıdır. Belə ki, bu müddət ərzində onun əvvəlki nalayiq işlərindən əl çəkib sözün həqiqi mənasında islah olunduğuna yəqinlik hasil etmək lazımdır. Və qadının nicat tapması deyildikdə, məhz belə bir tərbiyə olunma üsulu nəzərdə tutulur.
Göründüyü kimi ayənin verdiyi hökm qüvvədə qalmışdır və onun nəsx olunmasına dair hər hansı bir fərziyyə irəli sürmək tamamilə əsassızdır.
Şallaq və daşqalaq hökmü isə nalayiq və pozğunçuluq ilə məşğul olan bəzi əxlaqsız şəxslərin islah olunmaları üçün qüvvəyə minmişdir və onun birinci ayəni nəsx etmək üçün heç bir əlaqəsi yoxdur. Başqa sözlə desək, birinci hökmün verilməsindən əsas məqsəd ictimai pozğunçuluğun qarşısını almaq və bunun təkrar olunmasına yol verməmək, ikinci hökmün verilməsindən isə günahkarları cəzalandırmaq və ibrət olsun deyə başqalarında qorxu hissi yaratmaqdır. Göründüyü kimi bu iki hökmün arasında bir-birini nəsx etməyə səbəb olası heç bir ziddiyyət nəzərə çarpmır. Lakin əgər qadın şallaq zərbələri və daşqalaq nəticəsində ölərsə, onun ev dustağı etmək hökmü istər-istəməz aradan götürülmüş olur. Çünki qadın ölməklə mövzu tamamilə əvəz olunmuş olur. Və bu hökm indinin özündə də nəsx olunmadan qüvvədə qalmaqdadır.
İkinci ayənin nəsx olunması da iki halda mümkündür.
1. «Yatiha» felindən əvəzlik zinaya dəlalət etmiş olsun. Yəni əgər kişi zina etmiş olarsa...
2. «Fəzuhuma» – əziyyət edin deyildikdə isə, təhqir edib nalayiq sözlər demək nəzərdə tutulur. Belə olduqda yəni ümumi məfhumu bundan ibarət olacaqdır. «Əgər kişilər zina edərlərsə təhqir edib nalayiq sözlər deməklə cəza məqsədi ilə ruhi işgəncə vermək lazımdır.»
Belə bir mənanı nəzərə alaraq demək lazımdır ki, zinakar kişilərin cəzalandırılmalarına dair verilmiş hökm nəsx və onun yerinə şallaq və daşqalaq hökmü təyin olunmuşdur.
Lakin «yatiha» felindən əvəzlik nə «zina»ya dəlalət edir, nə də əziyyət və işgəncədən məqsəd söymək və nalayiq sözlər deməkdir. Əvvəla ona görə ki, bu mənaya dəlalət edəcək heç bir dəlil yoxdur. Digər tərəfdən isə burada ayənin zahiri mənası ilə heç bir bağlılıq nəzərə çarpmır.
Açıqlama:
Cəm əlaməti olan ikinci şəxs əvəzliyindən bu ayədə üç dəfə istifadə olunmuşdur və bu əvəzliklərin hər biri eyni məna daşıyır. Məlum olduğu kimi ilk iki əvəzlik yalnız kişilərə dəlalət edir və ikilik bildirən bu əvəzliyi həm kişiyə, həm də qadına aid etmək bir o qədər düzgün olmazdı. Və ikinci ayədə istifadə olunan «əlləzani – iki nəfər şəxs» kəlməsində həm kişi, həm də qadına dəlalət etmir. Belə olduğu bir halda buradan zinanın nəzərdə tutulduğuna dair heç bir fikir irəli sürmək olmaz.
İfadənin bəlağətli olması üçün isə «ikilik əlaməti olan, şəxs əvəzliyindən həm kişi həm də qadın üçün istifadə etmək bir o qədər də münasib olmazdı. Belə bir halda cəm əlaməti bildirən şəxs əvəzliyindən istifadə etmək daha məqsədəuyğun olardı.
Demək, ikinci ayədəki ikilik bildirən şəxs əvəzliyi iki kişiyə dəlalət edir. Və «fahişə» deyildikdə kişi ilə qadının qeyri-qanuni cinsi əlaqəsi, yəni «zina» deyil, iki kişinin bir-biri ilə cinsi yaxınlığı, yəni «ləvat» nəzərdə tutulur.
Dediklərimizdən belə məlum olur ki, ayədən məqsəd zina deyil, kişilərin bir-biri ilə cinsi yaxınlığı, yəni «ləvat»dır. Və belə bir halda ayə nə özünədn əvvəlki ilə, nə də zinakarlar üçün müəyyən olunmuş şallaq və daşqalaq hökmü ilə nəsx oluna bilər.
Bir sözlə ayənin nəsx olunuğunu qəbul edənlər ya elmi və əməli nəticə verməyən vahid xəbər halında nəql olmuş rəvayətlərə istinad etməli, ya da kor-koranə heç bir məntiqi dəlilə əsaslanmadan başqalarından təqlid etməlidirlər.

12. HALAL QADINLAR HAQDA NAZİL OLMUŞ AYƏNİN NƏSXİ
«Bunlardan başqaları isə namusla [iffətlə] zinakarlığa yol vermədən, mallarınızı sərf edərək evlənmək üçün sizə halal edildi.» (Nisa-24).
Diqət yetirmək lazımdır ki, bu iddianın sübutu və qeyd olunan ayənin nəsx edilməsi üçün məhdud mənalı sonrakı ayəni ümumi məna daşıyan əvvəlki ayə üçün «məhdudlaşdırıcı» deyil, nəsxedici hesab etməyimizdən asılıdır. Çünki belə olmadıqda bu ayə nəsx edilmiş deyil, müəyyən qeydlərlə məhdudlaşdırılmış hesab ediləcəkdir.
Lakin bizim fikrimizcə məhdud mənalı ayələr ümumiyyət xarakteri daşıyan ayələr və ümumi qanunlar nəsxə deyil, müəyyən istisnalara səbəb ola bilər. Və bu da qüvvəyə mindiyi andan əvvəl və ya sonra gəlməsindən asılı deyildir.
Başqa sözlə desək, məhdud mənalı ayələr ümumi məna daşıyan ayələri nəsx deyil, məhdudlaşdıra bilər. Bu səbəbdən də alimlər ümumi məna daşıyan ayələrin məhdudlaşdırılmasında vahid xəbər halında nəql olunmuş hədis və rəvayətlərlə kifayətlənir və onlara istinad edirlər. Bir halda ki, məhdud məna daşıyan ayələr nəsxedici xüsusiyyətə malik olsaydı, vahid xəbərlə kifayətlənmək olmazdı. Çünki Quranın nəsx olunmasının vahid xəbərlə sübuta yetirlmədiyini dəfələrlə qeyd etmişik.
Bunlarla yanaşı qeyd etmək lazımdır ki, ayədə ümumi məna daşıdığın sübuta yetirəcək heç bir ifadədən istifadə olunmamışdır. Belə bir qənatə də yalnız xarici amillərlə gəlmək olar. Və belə olduqda əgər ayəni məhdudlaşdıra biləcək başqa bir dəlil olsaydı, belə bir qənaətə gəlməli olacağıq ki, ayə ümumiyyət xarakteri deyil, məhdud məna daşımaqla müəyyən zaman və məkana dəlalət edir.

13. MÜTƏ AYƏSİNİN NƏSXİ
«İstifadə [yaxınlıq] etdiyiniz qadınların mehriyyələrini lazımı qaydada verin.» (Nisa-24).
Nəsx tərəfdarlarının irəli sürdükləri nəzər sahibləri olan sünni alimlərinin fikrincə mütənin halal olduğunu bəyan edən bu ayə sonralar nəsx olmuş və qadınlarla müvəqqəti evlənmə haram olmuşdur.
Lakin şiə alimlərinin fikrincə hökm qüvvədə qalmış və başqa bir ayə və ya [Peyğəmbər (s) tərəfindən] nəql olunmuş hədislə, daha dəqiq desək, verdiyi hökmlə nəsx olunmamışdır.
Tarixə nəzər saldıqda bunun şahidi oluruq ki, əshab və tabeinlərin bəziləri mütənin halal olduğunu hesab etmişlər. İbni Həzn bu barədə deyir: Peyğəmbərdən (s) sonra İbni Məsud, Müaviyə, Əbu Səid, İbni Abbas, Üməyyət ibni Xələfin oğlanları Sələmə və Məbəd, Cabir, Əmr ibni Həris və başqaları mütəni hələ də halal hesab edirdilər. Sonra deyir: Cabir nəql edir ki, Peyğəmbərin (s) əshabı və ona yaxın olan hər bir şəxs Ömərin xəlifə olduğu son illərə qədər mütəni halal hesab edirdi.
Tabeinlərdən olan Tavus, Səid ibni Cubeyr və Əta kimi Məkkənin tanınmış fiqh alimləri də mütəni halal hesab edirdilər. Şeyxul islam Mərcinani, mütənin halallığına dair verilmiş hökmü Malik ibni Ənəs (əhli sünnə məzhəblərinin birinin banisi) ilə əlaqələndirmişdir. O, mütənin halal olması haqda deyir: Hökmün nəsx olunması sabit olunmayınca qüvvədə qalacaqdır.
İbni Kəsir deyir: Əhməd ibni Hənbəl zərurət üzündən müvəqqəti evlənməni (mütəni) halal hesab etmişdir.
Məkkənin tanınmış fiqh alimlərindən biri olan İbni Cərih yetmiş qadınla müvəqqəti olaraq mütə etmişdir.
1. «Əl-hidayə fi-şərhil bidayə» 375-ci səh. Kitabı şərh edən şeyx Məhəmməd, hökmün Malik ibni Ənəs tərəfindən verildiyini təsdiq etmişdir. Lakin İbni Humam «Fəthul Qədir» adlı kitabda bu fərziyyəni qətiyyətlə rədd etmişdir. Əbdül-baqi Maliki Zərçani «Əbil Ziya»nın xülasəsini şərh etdikdə deyir: Mütə müvəqqəti evlənmə olduğu üçün kişinin məqsədi, qadına ya onun özü və ya qadının ixtiyar sahibi (ata-baba, qardaş) tərəfindən qadına başa salınmalı və təyin olunmuş vaxtın müddəti əvvəlcədən ona bildirilməlidir. Və əgər müddət əqd zamanı müəyyən olunmasa lakin bunu nəzərdə tutmuş olarlarsa – qadın bunu bilsə belə heç bir nöqsanı yoxdur. Malik sonra deyir: Bu, səfərdə olan hər bir şəxsin seçdiyi ən münasib evlənmək üsuludur. (3-cü cild, 190-cı səh.)
2. İbni Kəsrin təfsiri 1-ci cild, 474-cü səh.
3. Əbil Ziya Zərqanin xülasəsinə yazılmış şərh, 8-ci cild, 76-səh.
Cavab:
Ayənin nəsx olunması bu iki halda mümkündür.
1) Sübut olunmalıdır ki, ayədə yaxınlıq deyildikdə, qadınlarla müvəqqəti (mütə) yaxınlıq nəzərdə tutulur.
2. Sübut olunmalıdır ki, mütə sonralar haram olunmuşdur.
Birinci mətləb:
İstər sünni, istərsə də şiə alimləri ayədə «yaxınlıq« ifadəsinin müvəqqəti yaxınlığa dəlalət etdiyini nəzərdə tuturlar. Və burada heç bir ixtilaflı məsələ nəzərə çarpmır.
Qurtəbi deyir: Bütün alimlər bu fikirdədirlər ki, yaxınlıq deyildikdə, ayədə islamın zühur etdiyi ilk illərdə mövcud olan müvəqqəti evlənmə nəzərdə tutulur. Hətta İbni Abbas, Ubey və İbni Cabir ayəni belə qiraət etmişlər.
(Fəmas-təmtətum bihi minhunnə ila əcməin musəmma fətuhunnə ucurəhunnə).  Yəni onların fikrincə «ila əcəmin musəmma» ifadəsi də ayənin bir hissəsini təşkil etmişdir. Bu da yaxınlığın müvəqqəti və mütə hökmünə aid olmasına açıq-aşkar dəlalət edir.
Bu məzmunda nəql olunmuş hədis və rəvayətləri, alim və mütəfəkkirlərin irəli sürdükləri nəzəriyyələri nəzərə alaraq deyə bilərik ki, Həsən Bəsrinin bu barədə irəli sürdüyü nəzəriyyə tamamilə əsassızdır. O, deyir: Bu ayə müvəqqəti deyil, daimi evlənməyə dəlalət edir. Onun fikrincə ümumiyyətlə müvəqqəti evlənmə barəsində heç bir ayə nazil olmamışdır. O, hətta İbni Abbasın və Cubeyrin də bu fikirdə olduqlarını iddia etmişdir. Bir halda ki, nəql olunmuş digər rəvayətlərdə İbni Abbasın bu ayənin müvəqqəti evlənməyə istinad etdiyi göstərilir.
Müvəqqəti evlənmə barəsində nəql olmuş bir çox hədis və rəvayətlər bir daha belə bir qənaətə gəlməyə imkan verir ki, mütə hökmü islamın zühur etdiyi ilk illərdən qüvvədə olmuş və ayədə yaxınlıq deyildikdə müvəqqəti evlənmə nəzərdə tutulmuşdur.
İkinci mətləb:
Sual doğuran məsələlərdən biri də budur ki, görəsən mütə hökmü qüvvədən salınaraq digər hökm ilə nəsx olunmuş və ya qüvvədə qalmışdır? Bizim fikrimizcə mütə hökmünün nəsx olunmasına dair irəli sürülmüş nəzəriyyə tamamilə zəif və əsassızdır və bu baradə heç bir məntiqi dəlil və sübuta istinad etmək mümkün deyildir.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!