QURANİ KƏRİMDƏ NӘSX - V hissə

:

NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI
Nəsxin mahiyyəti və nədən ibarət olduğu bizə məlum olduqdan sonra nəsx olunduğu iddia olunan ayələr haqda söhbət açmaq və onları ayrı-ayrılıqda araşdırmağı özümüzə lazım bilib, bu haqda yeni fəsil ayırdıq.


Biz burada nəsx olunmadığı bəlli olan ayələr deyil, məna və məfhum baxımından sual doğuran və nəsx olunduğu ehtimal olunan ayələr haqda söhbət açacağıq.

1. KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
«[Ey möminlər!] Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərində həsəd (paxıllıq) üzündən sizi, iman gətirmiş olduğunuz halda yenidən küfrə sövq etmək istərlər. Allahın əmri gəlincəyə qədər (hələlik) həmin şəxsləri əfv edin və onları qınamayın [onlardan üz çevirməyin]. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.» (Bəqərə-190).
İbni Abbas, Qütadə və Sudeydən nəql olunmuş rəvayətə görə bu ayə Tövbə surəsinin 29-cu ayəsinə nəsx olunmuşdur. Orada deyilir:
«Kitab əhlindən Allaha və qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini [islamı] qəbul etməyənlərə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun.»
Müəllif: Qeyd olunan ayənin nəsx olunduğunu qəbul edəriksə, iki əsassız fərziyyənin qəbul etməliyik.
1. İlk növbədə müvəqqəti hökmün vaxtı sona çatdıqdan sonra onu nəsx adlandırmalıyıq (yəni nəsx olunuş ayələr sırasına daxil etməliyik). Bir halda ki, nəsx yalnız daimi hökmlərin əvəz olunmasına deyilir. Çünki əgər hökm elan olunduğu zaman onun [qüvvədə olunduğu] müddətdə işarə olunarsa, artıq o daimi deyil (müvəqqəti və qeyri-sabit olaraq qəbul ediləcəkdir). Təyin olunmuş müddət başa çatdıqdan sonra isə öz qüvvəsini itirir.
Hər hansı bir sabit və müvəqqəti hökmün müddətinin bəlli olmasının isə nəsx ilə heç bir əlaqəsi yoxdur. Çünki nəsx deyildikdə biz müvəqqəti hökmün qüvvədə olduğu müddətin sona çatdığını bəyan etmək deyil, daimi hökmlərin [zaman və şərait tələb etdiyi təqdirdə] başqa hökmlərlə əvəz olunmasını nəzərdə tutmalıyıq.
Fəxri Razinin fikrincə müvəqqəti hökmün qüvvədə qaldığı müddətin ayə və rəvayətlə bəyan olunması nəsx olunmuş ayələr qəbilindəndir. Lakin bu tamamilə yanlış və heç bir elmi əsası olmayan nəzəriyyədir. Verilmiş ilk hökmün daimi olduğu bəyan edildikdə belə nəsx heç bir məna və məfhum kəsb etməyəcəkdir. Nəsx yalnız daimi və müvəqqəti hökmün müddəti bəyan və müəyyən olunduqda öz təsirini göstərə bilər. Yəni yeni hökm sadir olmaqla verilmiş ilk və müvəqqəti hökmün müddəti başa çatdığı bildirilir. Digər tərəfdən isə sonradan nazil olmuş ayələrin [ilk ayələri] nəsx edici xarakter daşıdığını qəbul ediriksə, cihad hökmünün kitab əhlinə də şamil olduğunu qəbul etməliyik. Belə ki, ilk növbədə onlar islama və təkallahlığa dəvət olunmalı, qəbul etmədikdə isə cihad hökmü verilməlidir. Lakin cihad hökmü yalnız üç halda verilə bilər:
1. Müsəlmanlara qarşı müharibə elan etmiş olsunlar; Qurani-kərimdə bu haqda buyurulur:
«[Ey möminlər!] Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən aşmayın. Allah həddi aşanları sevməz!» (Bəqərə-190).
2. Müsəlmanlar arasında fitnə, ictimai və fərdi qarşıdurma yaratmış olsunlar;
«Müşriklərin fitnəsi qətildən daha şiddətlidir.» (Bəqərə-191).
3. Cizyə verməkdən boyun qaçırmış olsunlar. 
«Öz əlləri ilə cizyə verməyincəyə qədər vuruşun.» (Tövbə-29).
Cihad hökmü kitab əhlinə qarşı yalnız bu üç halda verilə bilər. Göründüyü kimi sonradan nəsx olunsun deyə onların küfr etmələrinə görə cihad hökmü verilməmişdir.
Demək qeyd olunan ayələrdə nəsx hökmü verilməmişdir. Hər iki ayənin hökmü sabit və dəyişilməzdir və onlar bir-birlərini nəinki nəsx etməyir, bəlkə əksinə olaraq təfsir və izah edir. Hər iki ayənin məfhumu bundan ibarətdir ki, kitab əhli ilə sülh və əmin-amanlıq şəraitində yaşamalı (birinci ayədə deyildiyi kimi) və yalnız yuxarıda qeyd olunan zəruri hallarda cihad hökmü verilməlidir (necə ki, ikinci ayədə buna dair qəti hökm verilir).
Bunu da qeyd etmək lazımdır ki, «Hətta yətiyəllahu bi əmrihi – yəni Allahın əmri gəlməyənə qədər...» nəsx olunmuş əfv ayəsindəki (əmr) kəlməsi ki, göstəriş və fərman kimi mənalandırmaqla ayədən belə bir məna əldə etmişlər ki, cihad hökmü verilməyincə kitab əhli əfv olunmalı və onlarla sülh və əmin-amanlıqda yaşanmalıdır. Bu səbəbdən də nəsx nəzəriyyəsinin tərəfdarları belə bir qənaətə gəlmişlər ki, cihad hökmü verilməklə Bəqərə surəsinin 109-cu «əfv» ayəsi nəsx olunmuş və öz qüvvəsini itirmişdir.
Lakin belə bir nəzəriyyənin həqiqət olduğunu fərz etsək də belə, onu heç də nəsx ilə əlaqələndirməməliyik. Çünki hökmün müvəqqəti olduğu elə ilk ayədən bəlli olur.
Ayədəki «əmr» kəlməsi isə heç də «göstəriş» və «fərman» mənasını daşımır. Buradan əsas məqsəd «təqdir» və «aqibət»dir. Belə olduqda ayədən belə bir məna əldə edəcəyik. «Kitab əhli ilə sülh və əmin-amanlıq şəraitində yaşayın və onlarla xoş rəftar edin. İslam zəfər çalacağı günə qədər (ilahi təqdir həyata keçənədək). Sizinlə düşmənçilik etdikləri zaman bütün pisliklərinə qarşı dözümlü olub əfv edin. O gün artıq onlar sizə qarşı düşmənçilik edə bilməzlər. Nəhayət siz onların qərəzli niyyətlərindən asudə xatir olaraq əmin-amanlıqda qalacaqsınız.
Demək «əmr» ayədə «fərman» və «göstəriş» mənalarında deyil, «təqdir» və «aqibət» mənasını daşıyır. Ona görə ki, əvvəla bu kəlmə «göstəriş» və «fərmandan» daha çox ayədə istifadə olunan «ityan – gətirmək, yerinə yetirmək» ifadəsi ilə münasibdir.
Digər tərəfdən isə ayənin sonunda «İnnəllahə əla kulli şəyin qədir – həqiqətən Allah hər şeyə qadirdir!» Allah-taala bu kimi ifadələrlə vəsf olunur. Və məlum məsələdir ki, «bacarığı» (qadir olmağı), əmr edib, hökm sadir etməkdən daha çox müsəlmanları qalib, düşmənlərini məğlub etməklə əlaqələndirmək olar.
Bütün bu dəlillərə istinad edərək deyə bilərik ki, ayədəki «əmr» kəlməsi «fərman» və «göstəriş» mənasında deyil, əvəz olunmaz ilahi təqdir və aqibət mənasında işlənmişdir. Beləliklə ayənin nəsx olunma nəzəriyyəsi öz etibarını itirir.

2. QİBLƏ AYƏSİNİN NƏSXİ
«[Şərq də qərb də Allahındır. Hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır. Şübhəsiz ki, Allahın mərhəməti genişdir və O, hər şeyi biləndir!» (Bəqərə-115).
İbni Abbas, Əkrəmə, Əbul Aliyə, Həsən Bəsri, Qütadə, Sudey və Zeyd ibni Əsləm kimi məşhur təfsir alimləri bu ayənin nəsx olunduğuna dair bir-birindən bir qədər fərqli fikir və mülahizələr irəli sürmüşlər. İbni Abbas bu ayəni Bəqərə surəsinin 150-ci ayəsindəki bu cümlə ilə «Və həysu ma kuntum fəvəllu vucuhəkum mətrəhu – [Ey müsəlmanlar!] harada olsanız, üzünüzü o tərəfə döndərin...» ayəsi ilə, Qütadə isə həmən ayədəki başqa bir cümlə ilə nəsx olunduğunu hesab etmişdir.
«Fəvəllə vəchəkə şətrəl məscidil haram – [Ya Məhəmməd!] haradan [səfərə] çıxsan [namaz vaxtı] üzünü Məscidul-harama tərəf çevir.»
Onlar ayənin nəsx olunduğunu belə bəyan edirlər. Ayənin məzmunundan belə məlum olur ki, müsəlmanlar islam zühur etdiyi ilk illərdə namaz qılarkən üzlərini istədikləri tərəfə tutur və beləliklə gündəlik ibadətlərini yerinə yetirmiş olurdular. Lakin Peyğəmbər (s), Beytul-müqəddəsi qiblə olaraq təyin edir və müsəlmanlara ona tərəf namaz qılmalarını əmr edir. Növbəti ayələr nazil olmaqla Peyğəmbərin (s) üzünü Beytul-müqəddəsdən çevirib Məscidul-harama [Kəbə evinə] tərəf tutması əmr olunur. Beləliklə, yəni ayə nazil olmaqla [ilk qiblə hökmü] nəsx olunur.
Müəllif: «Fəəynəma təvəllu fəsəmmə vəchullah – hansı tərəfə yönəlsəniz [üz tutsanız] Allah oradadır» ayəsinin nəsx olunduğu haqda irəli sürülmüş nəzəriyyəni bir neçə səbəbdən əsassız hesab etmək olar.
Əvvəla ona görə ki, Peyğəmbərin (s) Beytul-müqəddəsə tərəf üz tutub namaz qılması şəxsi istək üzündən deyil, Allah-taala tərəfindən təyin olunmuşdur.
Bəqərə surəsinin 143-cü ayəsində bu haqda deyilir:
«[Ya Məhəmməd!] İndi yönəldiyin qibləni [Kəbəni] adi sənə tabe olanlarla səndən üz çevirənləri bir-birindən ayırd etmək üçün [qiblə] təyin etdik.»
Digər tərəfdən isə «hansı tərəfə yönəlsəniz» ayəsinin nəsx olunması üçün qiblə hökmü ilə heç bir əlaqəsi yoxdur. Ayənin verdiyi hökm sabit və dəyişilməzdir və onun nəsx olunmasına da heç bir əsas yoxdur. Belə ki, Allah-taala «la məkan» bir varlıq olduğu üçün Onun müəyyən yer və iqamətgahı yoxdur. O, hər yerdə və hər tərəfdədir. İnsan hara üz tutarsa Allah-taala da oradadır.
Məhz bu ayəyə istinad edərək Əhli-beyt (ə) qibləyə dair bir neçə hökm sadir etmişdir.
1. Səfərdə olan şəxs müstəhəbb namazlarını istədiyi tərəfə qıla bilər;
2. Əgər səhv üzündən vacib namazlar şərq ilə qərb arasında qılınarsa, düzgün hesab olunur;
3. Qurandakı səcdə ayələri oxunarkən istənilən tərəfə səcdə etmək olar;
4. Qiblənin istiqamətini müəyyən edə bilməyən şəxs istədiyi səmtə namaz qıla bilər.
Buradan belə bir nəticəyə gəlirik ki, «Əynəma təvəllu – hansı tərəfə yönəlsəniz» ayəsi ümumiyyət xarakteri daşıyır. Yəni insan bütün işlərində hara üz tutarsa, Allah-taalaya tərəf yönəlmiş olur. Bu ümumi hökm gündəlik vacib namazlara da əlavə olunmuşdur. Alimlərin bəzilərinin fikrincə, hətta müstəhəbb namazlar da belə – əgər minik üzərində (yəni hərəkət olunmadan) qılınmazsa (qılınarsa) – həmən hökmə əməl edərək qibləyə tərəf yönəlməlidir.
Demək, «Əynəma təvəllu – hansı tərəfə yönəlsəniz» ayəsi nəsx deyildir, əksinə olaraq sonrakı ayələrə müəyyən əlavələr olunmuşdur.
Ayənin nəsx olunmasını isə iki halda qəbul etmək olar:
1) Ayə, Peyğəmbərə (s) üzünü Kəbəyə tərəf tutmasına dair nazil olunmuş ayədən əvvəl nazil olduqda; Bir halda ki, bunu isbat edəcək heç əsas və dəlil yoxdur.
2) Ayə yalnız vacib namazlar barəsində nazil olmuş olaydı. Lakin bu hökm təkcə vacib namazlara deyil, digər müstəhəbb namazlara da şamil olunur. Qeyd etmək lazımdır ki, bir çox əhli-sünnə mənbələrindən bu mətləbə dəfələrlə işarə olunmuşdur. Məsələn, Təbəri öz təfsirində yazır:
Ayə, müstəhəbb namaz və dualar, səfərdə ikən qibləyə doğru hərəkət etməyən müsafir (yəni, səfərdə olan şəxs) və ya səhv üzündən qibləyə tərəf qılınmayan namazlar barəsində nazil olunmuşdur.
Nəticə: Deyilənlərdən belə məlum olur ki, ayənin nəsx olunmasına dair irəli sürülən iddia tamamilə batil və əsassızdır.
Qeyd edək ki, ayənin nəsx olunmasına dair onlarla hədis və rəvayət nəql olunmuşdur.
Bəzən ümumi xarakter daşıyan hər hansı bir ayənin nəsx olunmasından müəyyən mətləb nəzərdə tutulur. Və belə olduqda hər hansı bir mövzunun (hökmün) nəsx olunması tamamilə adi hal daşıyacaqdır. Bəlkə də İbni Abbas nəsx deyildikdə məhz bu mətləbi nəzərdə tutmuşdur.

Əl-Bəyan kitabından

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!