ƏZADARLIĞIN FƏLSƏFİ TƏHLİLİ - 3

:

Özünüislah və dini tərbiyə (nümunə götürmə)
İmam Hüseyn (ə) əza məclisləri tərbiyə ocağı, mənəvi inkişaf və nəfsi saflaşdırma yığıncaqlarıdır. Belə məclislərdə İmam Hüseynin (ə) zülmə məruz qalmasına ağlamaqla o həzrəti özlərinə nümunə götürən insanlar əslində, öz rəftar və fəaliyyətlərini, həmrəylik və gerçəkliklərini İmamın (ə) praktiki metodu ilə uyğunlaşdırmağa zəmin yaradırlar. Əza məclislərinin dərin təsiri o həddədir ki, bir çox insanlar belə məclislərdə kökdən çevrilərək günah və asiliyi tərk etmək qərarı alır və bir çox yolunu azmış insanlar, bu məclislərdə iştirak etməklə qəflət yuxusundan oyanır və nəticədə qurtuluş yolunu tapırlar.
Əza məclisləri insana izzət, azadlıq, fədakarlıq, eləcə də, təqva və əxlaq dərsləri öyrədir. Həmin məclislər haqqsevər, ədalət yayan və mərd insanların təlim beşiyidir.

Bundan əlavə, bu cür məclislər tarix boyu xalq kütlələrinin dərs auditoriyaları yerində olub və xalqı dini maarif və həqiqətlərlə, o cümlədən tarix, rical, fiqh və bu kimi digər müxtəlif mövzularla tanış ediblər. Əza məclisləri həm də, ən səmərəli özünü islah, nəfsi təmizləmə və əxlaqı tərbiyə bazalarından biri olmuşdur.
Alman Marbin mövzu ilə bağlı belə yazır:
“Bu üslub və xarakter (əza və yas məclislərinin təşkili) müsəlmanlar arasında var olduqca, əsla xarlığa razı olmayacaq, kimsənin əsarəti altına düşməyəcəklər... əslində, şiələr bu yolla bir-birilərinə mərdlik və igidlik dərsi keçirlər”1.
Məsum imamlar bu dəhlizi açmaqla, camaatı belə məclislərdə iştirak etməyə təşviq etməklə, doğrudan da hamını Hüseyn (ə) məktəbində təlim-tərbiyə almağa dəvət etdilər.
Mərhum Feyz Kaşani özünün “Məhəccətul-bəyza” kitabında, İslam peyğəmbərin (s) “Saleh insanları xatırlayarkən ilahi rəhmət nazil olur.” – عِنْدَ ذِكْرِ الصّالِحينَ تَنْزِلُ الرَّحْمَة – hədisinin şərhində insanın ictimai atmosferdən və ləyaqətli örnəklərdən təsirlənməsi məsələsinə işarə etməklə, saleh insanları yad edərkən ilahi rəhmətin nazil olma səbəbinə aydınlıq gətirirək yazır:
“Saleh şəxsləri və onların səriştəli əxlaq planlarını xatırlamaq insanın onlardan nümunə götürməsinə, təsirləri altına düşməsinə, onlara iqtida etməsinə və ilahi mərhəmətdən yararlanmaqda özü üçün səlahiyyətli şərait yaratmasına səbəb olur”2.
“Siqətül-İslam” Şeyx Kuleyni və “Şeyxut-taifə” Şeyx Tusi İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə rəvayət ediblər:
“Atam mənə buyurdu: Ey Cəfər, malımın bir hissəsini (vəfatımdan sonra) Həcc mövsümündə, Minada əza məclislərinin bərpası üçün müəyyənləşdir!”3.
“Sahib Cəvahir” kimi tanınan Məhəmməd Həsən Nəcəfinin “Təharət” kitabında İmam Baqirin (ə) bu vəsiyyətinin hikmət və fəlsəfəsinin izahında açıqlamarı vardır:
–İmamların (ə) əza və yas məclislərinin təşkili əxlaqi dəyərlərinin tanıtdırılmasına, nəticədə camaatın onlara iqtida etməsinə səbəb olduğu üçün, adlarının yaşadılması və xatirələrinin anılması yaxşı və təqdirəlayiq bir işdir4.

Ardı var...

Ardını buradan oxu

Kitabın adı: Aşura – köklər, hədəflər, baş vermiş hadisələr və nəticələr
Müəllif: Ayətullah Məkarim Şirazi və bir qrup alim
Hazırlayan: Seyid Azər Əhmədoğlu - Rizvan.net saytı üçün 


1 “Hüseyn ibn Əlinin (ə) şəhadət və əzadarlığının fəlsəfəsi” kitabına istinadən, səh. 109.
2 “Məhəccətul-bəyza”, c. 4, səh. 17.
3 “Kafi”, c. 5, səh. 117 və “Təhzibul-əhkam”, c. 6, səh. 358.
4 “Cəvahirul-kəlam”, c. 4, səh. 366.

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!