HƏZRƏT FATİMƏNİN (S.Ə) ÖVLADLARININ PEYĞƏMBƏRİN (S) ÖVLADLARI OLMASINA DAİR TUTARLI DƏLİLLƏR

:

Sizin böyük alimlərinizdən sayılan İbn Əbil Hədid Mötəzili «Şərhi-Nəhcül-bəlağə» kitabında və Əbu Bəkir Razi öz təfsirində zikr olunan ayə və «əbnaina» (oğullarımız) cümləsində Həsən və Hüseynin (ə) ana tərəfindən Rəsulullahın (s) oğulları olduğuna dair istidlal etmişlər. Çünki Allah-taala Quran-kərimdə həzrət İsanı, anası Məryəm tərəfindən İbrahimin nəslindən saymışdır.

Məhəmməd ibn Yusif Gənci Şafei «Kifayətüt-Talib», İbn Həcər Məkki «Əs-səvaiqul-muhriqə», Təbərani, Cabir ibn Abdullah Ənsari və Xətib Xərazmi «Mənaqib» kitabında İbn Abbasdan Rəsuli-əkrəmin (s) belə buyurduğunu nəql edirlər: «Allah-taala hər peyğəmbərin zürriyətini (nəslini) öz sülbündən, mənim zürriyətimi də, Əli ibn Əbu Talibinn nəslindən etmişdir».

Şeyx Süleyman Hənəfi «Yənabiul-məvəddə»nin 57-ci babını bu mövzuya ayırmışdır. Müxtəlif yollarla Tabərani, Hafiz Əbdüləziz, İbn Əbi Şeybə, Xətib Bağdadi, Hakim Beyhəqi və Təbəri kimi böyük alimlərinizdən müxtəlif ifadə və təbirlərlə Həsən və Hüseynin (ə) Rəsulullahın (s) oğulları olduğuna dair bir çox hədislər nəql etmişlər.

Həmin zikr olunan babın sonunda Əbu Salih, Hafiz Əbdüləziz ibn Əhzər, Əbu Nəim, İbn Həcər Məkki, Məhəmməd ibn Yusif Gənci əş-Şafei və Təbəridən, onlar da ΙΙ xəlifə Ömər ibn Xəttabın belə dediyini nəql etmişlər: «Rəsulullahın (s) belə buyurduğunu eşitdim: «Hər qövm və nəsil qiyamət günü, mənim qövm və nəslimdən başqa kəsiləcəkdir. Hər qızın övladlarının əsəbəsi1 Fatimənin övladları istisna olmaqla, ata tərəfindəndir. Çünki mən onların (Fatimənin övladlarının) babası və əcdadıyam».

Fatimeyi-Siddiqənin (ə) övladlarının Rəsulullahın (s) övladları olmasını isbat edən müxtəlif dəlillər çoxdur. Bizim nəsil silsiləmizin həzrət Hüseynə (ə) yetişməsi isbat edildikdə, bəyan etdiyimiz səhih dəlillərə görə, Rəsulullahın (s) övladları olmağımız da sabit olur. Bu bizim üçün ən böyük iftixardır. Rəsulullahın (s) soyundan başqa heç bir kəsin belə bir iftixarı yoxdur! Şair Fərəzdəq necə də gözəl söyləyir:

“Onlar mənim babalarımdır ey Cərir!

İnsanlar bizi bir araya gətirdiyi zaman, onların mislini mənə gətirin.”

Xülasə, nəsilləri Xatəmul-ənbiya və Əliyyi-Mürtəzaya (Allahın salamı olsun onlara) yetişənlərdən başqa, heç bir kəs şərəflə babalarının böyüklüyü və ucalığı ilə öyünə bilməz.

Hafiz: «Dəliliniz həqiqətən yetərli və kamildir; bunu inadkar və təəssübkeş şəxslərdən başqa qətiyyən inkar edən olmaz. Pərdələri gözümüzün önündən qaldırdınız. Biz də nəticədə yararlandıq, belə ki, artıq böyük bir şübhə aradan qalxdı».

(“Pişavər gecələri” kitabından)

Rizvan.net İslam Maarifi Jurnalı


1 “Əsəbə”- ata tərəfindən olan qohum-əqrəba və yaxınlara deyilir.

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM HƏSƏN (ə), İMAM HÜSEYN (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!