NƏ ÜÇÜN İMAM ƏLİ (Ə) UŞAQLIQ İLLƏRİNİ HƏZRƏT MUHƏMMƏDİN (S) EVİNDƏ KEÇİRİB?

:

Sual: Nə üçün imam Əli (ə) öz uşaqlıq illərini həzrət Məhəmmədin (s) evində keçirib?


Cavab: Həzrət Əli (ə) uşaqlıq çağını həzrət Məhəmmədin (s) evində və onun tərbiyəsi altında başa vurub. Uşaqlıq illəri insan şəxsiyyətinin formalaşdığı və psixolji baxımdan təsir qəbul etdiyi dövr sayılır. İslam tarixçiləri bu barədə yazırlar:
Məkkə əhalisinə böyük bir qıtlıq üz verdi. O zamanlar Peyğəmbərin (s) əmisi Əbu Talibin ailəsi böyük olduğu üçün o, məişət ehtiyaclarını ödəyə bilmirdi. Həzrət Məhəmməd (s) digər əmisi, Bəni-Haşimin ən varlı şəxsi olan Abbasa onlardan hər birinin Əbu Talibin övladarından birini evinə aparmağı və beləliklə də, Əbu Talibin maddi sıxıntısını azaltmağı təklif etdi. Abbas razılaşdı və onlar Əbu Talibin yanına gedib məsələni ona bildirdilər. Əbu Talib bu təkliflə razılaşdı. Abbas Cəfəri, həzrət Məhəmməd (s) isə Əlini (ə) öz evinə apardı. Allah o həzrəti peyğəmbərliyə seçəndə həzrət Əli (ə) onun evində idi. Həzrət Əli (ə) onu təsdiqlədi və onun tərəfdarı oldu.1 Peyğəmbər (s) həzrət Əlini (ə) canişinliyə seçən zaman buyurmuşdu: “Allahın mənim üçün seçdiyi şəxsi seçdim.”2
Həzrət Məhəmməd (s) kiçik yaşlarında – Əbdülmüttəlib vəfat etdikdən sonra – əmisinin evi və onun himayəsi altında böyümüşdü və onun övladlarından birini saxlamaqla onun və əmisinin həyat yoldaşı Fatimə binti Əsədin çəkdiyi zəhmətlərin əvəzini ödəmiş olurdu. Onun övladları arasında İslam Peyğəmbərinin (s) diqqəti həzrət Əlidə (ə) idi.
Həzrət Əli (ə) hakimiyyəti dövründə söylədiyi “Qasiə” xütbəsində o dövrə işarə edərək buyurur: “Siz (Peyğəmbərin (s) səhabəsi) Allahın Rəsulu (s) ilə yaxın qohumluğumu və onunla aramızda olan xüsusi münasibəti bilirsiniz. Bilirsiniz ki, mən uşaq ikən Peyğəmbər (s) məni qucağına alıb sinəsinə sıxır, məni öz yatağında yatırardı. Mən də onun bədəninə toxunur, onun xoş iyini duyardım. O, yeməyi ağzıma qoyur və mən də anasının arxasınca düşən uşaqlar kimi, hara getsəydi, onunla gedərdim. O, hər gün özünün əxlaqi fəzilətlərindən birini mənə öyrədir və göstəriş verirdi ki, onu təqlid edim.3, 4


1. İbn Əsir,”əl-Kamilu fit-tarix”, Beyrut, "Daru Sadir", 1399 h. c. 2, səh.58; İbn Hişam Əbdülməlik, “əs-Sirətun-nəbəviyyə”, tədqiqatçı: Mustəfa əs-Səqa, İbrahim əl-Əbyari Əbdüləziz Şibli. Qahirə, Məktəbtul-Mustəfa əl-Babi əl-Hələbi, (Məktəbətul-Sədr Tehran) 1355 hicri, c.1, səh. 262; Təbəri, Məhəmməd ibn Cərir, “Tarixul-uməm vəl-muluk”, Beyrut, "Darul-Qamusil-hədis", (tarixsiz) c. 2, səh.213; İbn Əbilhədid, “Nəhcül-bəlağənin şərhi”, tədqiqatçı: Məhəmməd Əbulfəzl İbrahim, Birinci çap, Qahirə, "Daru əhyail-kutubil-ərəbiyyə", 1378 h. c.13, səh. 119

 

2. Əbulfərəc İsfahani, “Məqatilut-talibin”, Nəcəfi-Əşrəf, Mənşuratul-məktəbətil-heydəriyyə (tarixsiz) səh.15
3. “Nəhcül-bəlağə”, Subhi Saleh, 192-ci xütbə.
4. Toplanıb: “Sireyi-Pişvayan”, Mehdi Pişvayi, "İmam Sadiq (ə)" müəssisəsi, Qum, 1390 şəmsi ili, 23-cü çap, səh. 26

Hazırladı: Qahir Vaqifoğlu
Makarem.ir

 

Tags: ƏHLİ-BEYT (ə), İMAM ƏLİ (ə)

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!