HƏZRƏT İMAM RIZANIN (ə.s) MÖCÜZƏLƏRİ

:

NURUN MÖCÜZƏSİ
Ravi deyir: Bir gecə İmam Rzanın(ə) hüzuruna getmişdim. Gecənin qaranlığı bütün yeri bürümüşdü. İmam Rza(ə) mənzilin içəri otaqlarının birində idi. Həzrət öz əlini qaldırdı və ev onun əlinin hərəkəti ilə elə işıqlandı ki, elə bil orada on çıraq yanırdı. O zaman bir kişi daxil olmağa icazə istədi İmam(ə) əlini aşağı saldı və ona icazə verdi.1

MÜSTƏSNA OLAN ƏŞRƏFİ2
Qəffar deyir: Teys adında bir kişiyə borclu idim. O, pulunu tələb edib, məni sıxışdırırdı. Camaat da onun tərəfini saxlayırdılar. Bu vəziyyətdə peyğəmbərin(s) məscidinə getdim, sübh namazımı qıldım, oradan da İmam Rzanın(ə) evinə yola düşdüm. Evinə yetişdikdə onu minik3 üstündə gördüm. Mənə yaxınlaşdıqda dayandı və mənə baxdı. Ona salam verib dedim: Sizə fəda olum, sizin qulamınız Teysə mənim borcum var. Allaha and olsun ki, məni rüsvay edib. Öz-özümə dedim: Mənim bu şikayətimlə Teysə buyurar ki, öz tələbinin israr və sıxışdırmasından əl götürsün. Əlbəttə mən də onun tələbinin miqdarını deməmişdim.
İmam(ə) buyurdu: Otur. Mən gəlirəm. O gün həzrətin evində idim. Ramazan ayı idi və oruc tutmuşdum. Şam namazını qıldım və İmamın gecikdiyinə görə qəmlənmişdim. Qayıtmaq istəyirdim ki, birdən onu və ətrafında olan cəmiyyəti gördüm. Ehtiyacı olanlara kömək edən halda evə daxil oldu və məni çağırdı. Mən də onun hüzuruna yetişib, hər ikimiz oturduq. Mən Mədinənin əmiri ibni Musibdən başladım vaxtın çoxunu onun barəsində danışdıq. Söhbət qurtarandan sonra İmam(ə) buyurdu: Güman edirəm iftar eləməmisən.
Ərz etdim: Bəli iftar eləməmişəm. Həzrət mənim üçün yemək sifariş verdi və onu yanıma qoydu. Qulamına buyurdu mənimlə yemək yesin. Yeməyimizi yeyib qurtardıqdan sonra, buyurdu: Döşəyi yuxarı qaldır və onun altında hər nə var, götür. Qaldırdım. Onun altında əşrəfilər var idi. Onların hamısını götürdüm. İmam(ə) buyurdu ki, qulamlardan dörd nəfər məni mənzilimə qədər yola salsınlar.
Ərz etdim: Sənə fəda olum! İbni Musibin məmurları şəhərdə dolanırlar və mən istəmirəm onlar məni sizin qulamlarınızla görsünlər.
İmam(ə) buyurdu: Düzdür. Allah səni hidayət eləsin və onlara tapşırdı ki, mən onlara qayıdın dediyim zaman qayıtsınlar.
Evə qayıdıb ürəyim aram olan zaman onları qaytarıb, evə daxil oldum və işıq altında əşrəfilərə baxıb gördüm 48 əşrəfidir. Belə ki, mənim borcum 28 əşrəfi idi. Amma onların arasında bir əşrəfinin gözəlliyi mənim nəzərimi özünə cəlb etdi. Onu götürüb işığa tərəf yaxınlaşdırdım. Gördüm onun üstündə aşkar xətt ilə yazılıb: 28 əşrəfi o kişinin borcu və qalanı sənin üçündür. And olsun Allaha! Borcumun miqdarı haqqında heç nə deməmişdim. Şükr olsun aləmləri yaradan Allaha ki, öz vəlisinə izzət bağışlayıb!4
CƏFƏR BƏRMƏKİNİN AQİBƏTİNDƏN DƏQİQ XƏBƏR
İmam Rzanın(ə) əshabından biri deyir: Harun Həccə getdiyi il, İmam(ə) da həcc əməllərini yerinə yetirmək qəsdi ilə Mədinədən Məkkəyə yola düşdü. Bir dağa yetişdi ki, yolun sol tərəfində idi və adı «Fariq» idi. Həzrət dağa baxıb buyurdu:
«Fariq» dağının üstünü düzəldən və dağıdan tikə-tikə olacaq.
Biz İmamın(ə) bu sözünün mənasını başa düşmədik. İmam (ə) oradan keçən zaman Harunun dövlətinin başçılarından biri olan Cəfər Bərməki o dağın başına gedib, əmr etdi ki, onun üçün orada bir bina tiksinlər, Məkkədən qayıtdığı zaman o dağa çıxıb göstəriş verdi, təzə binanı xarab eləsinlər. İraqa qayıtdıqdan sonra (Harunun əmri ilə) tikə-tikə edildi.5
SUYU CƏVAHİRƏ DÖNDƏRMƏSİ
Səhabələrdən biri deyir: İmam Rzanın(ə) yanına çox miqdarda mal gətirdim. Onlardan şad olmadı. Narahat olub öz-özümə dedim: Bu malların hamısının onun üçün gətirmişəm, amma onda bir şadlıq görmürəm.
İmam(ə) qulamına buyurdu:
-Su tök.
Ravi deyir: gördum ki, İmam Rzanın(ə) barmaqlarının arasından teştə qızıl tökülür. Sonra mənə baxıb buyurdu: bu cür olan şəxs, sən onun üçün gətirdiyin şeylərə etina etməz.6
BİR QEYBİ XƏBƏR
Abdullah ibni Muğeyrə deyir: Mən vaqifiyyə məzhəbinə və yeddinci İmamdan sonra İmamın olmamağına mötəqid idim və bu əqidə ilə həcc əməllərini yerinə yetirmək üçün Allahın evinə yola düşdüm. Məkkəyə getdiyim zaman öz əqidələrim haqqında şəkk etdim. Kəbənin yanına gedib özümü Kəbə evinin qarşısındakı divara yapışdırıb dedim: Ey Mənim Allahım! Sən mənim istəyimdən agahsan! Məni ən gözəl və ən düzgün məzhəbə hidayət et!
Elə o yerdə ürəyimə düşdü ki, İmam Rzanın(ə) hüzuruna gedəm. Mədinəyə gedib onun evinə yola düşdüm. O həzrətin evinə çatandan sonra onun qulamına ərz etdim: Mövlana de ki, İraq əhlindən bir kişi evin qapısında durub. Birdən o həzrətin səsini eşitdim ki, buyurdu:
İçəri daxil ol! Ey Abdullah ibni Muğeyrə. Daxil oldum. İmam(ə) mənə baxdıqda buyurdu: Allah sənin duanı müstəcab edib öz dininə hidayət etdi.
Dedim: Şəhadət verirəm ki, sən xəlqə Allahın höccət və əminisən.7
SUALDAN QABAQ CAVAB
İsmail ibni Mehran deyir: Bir gün mən Əhməd Bəzənti ilə İmam Rzanın(ə) yanına gedirdik ki, onun yaşını soruşmağı yadıma salım.
Mən hey istəyirdim onun yadına salam, amma yadımdan çıxarırdım.
İmamın(ə) yanına gedib, salam verib oturduqdan sonra, İmam(ə) üzünü ona çevirib buyurdu: Ey Əhməd, neçə il sənin ömründən keçib?
Əhməd: Otuz doqquz il.
İmam buyurdu: Amma mənim otuz dörd il ömrümdən keçib.8

Kitabın adı: 14 Məsumdan möcüzələr
Müəllif: Muhəmməd Rza Əkbəri
Hazırladı: Rəsul Mahmudzadə


1. Üsule-Kafi, Babe-molode, Əbil Həsən ər Rza(ə).
2. Keçmişdə İranda işlənən qızıl pul növü.
3. At, dəvə və s...
4. Üsule-Kafi, babe-molode, Əbil Həsən ər-Rza(ə)
5. Üsule-Kafi, Babe-molode-Əbil Həsən ər-Rza(ə)
6. Üsule-Kafi, Babe-molode-Əbil Həsən ər-Rza(ə)
7. Üyunul-Əxbar, 2-ci cild, səh. 218. Biharul-Ənvar, 49-cu cild, 39-cu səh.
8. Biharul-Ənvar, 49-cu cild, səh. 50.

Tags: İMAM RZA (ə), HƏDİS

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!