İMAM RZA (Ə) HAQQINDA HƏDİSLƏR

:

1. Məhəmməd ibn İshaq ibn Ənsar deyir: "Birinci Əbülhəsənə (ə) (imam Musaya (ə)) dedim:

"Mənə dinimi mənimsəyə biləcəyim bir şəxsi tanıtdır." İmam buyurdu: "Bu mənim oğlum Əlidir. Həqiqətən, atam mənim əlimdən tutub Peyğəmbərin (s) qəbri üstə apardı və buyurdu: "Oğlum, Allah-taala buyurur: "Mən yer üzündə xəlifə qərarlaşdırıram1" Allah-taala buyurduğu hər sözə vəfa edər."2
2. Davud Riqqi deyir: "Əbülhəsən Musaya (ə) dedim: Qocalmışam  və sümüklərim süstləşib (boşalıb). Atanızdan soruşdum sizi mənə göstərdi, siz də mənə yol göstərin (yəni sizdən sonra imam kimdir). Buyurdu: Bu, Əbülhəsən ər-Rzadır."3
3. Əli ibn Yəqtin deyir: "Əbülhəsən (imam Kazim (ə)) zindandan mənə yazdı ki, filan oğlan mənim oğlanlarımın seyyididir və mən öz künyəmi ona bağışladım."4
4. Hişam ibn Əhmər deyir: "İmam Kazim (ə) mənə buyurdu: "Məğrib (Mərakeş) əhalisindən kiminsə gəldiyini bilirsənmi?" Mən cavab verdim: "Xeyr." İmam buyurdu: "Bəli, bir kişi gəlib, gəl gedək." Həzrət miniyinə mindi, mən də o həzrətlə birgə süvar oldum və biz həmin kişiyə çatdıq. Kişi Mədinə əhalisindən idi və özü ilə qul-qaravaş gətirmişdi. Mən dedim: "Onları bizə göstər!" Yeddi qız uşağı gətirdi. Lakin imam onların hamısını rədd edib buyurdu: Onlara ehtiyacım yoxdur. Sonra buyurdu: "Yenisini gətir." Kişi dedi: "Məndə xəstə bir qızdan başqa heç kimsə yoxdur." İmam (ə) buyurdu: "Sənin üçün qorxusu yoxdur, onu gətir!" Kişi imtina etdikdə imam qayıdıb getdi və həmin günün sabahı məni onun dalınca göndərərək buyurdu: "Ona de ki, o kənizi neçəyə satırsan. Hər nə desə, de ki, mən həmin qiyməti qəbul etdim." Mən onun yanına getdim və o dedi: "Mən onu filan qiymətdən aşağı vermək istəmirəm." Mən dedim: "Qəbulumuzdur." Dedi: "Sənin olsun, amma mənə de görüm dünən səninlə gələn kişi kim idi?" Dedim: "Bəni-Haşimdən olan bir kişi idi." Dedi: "Hansı Bəni-Haşim?" Dedim: "Mənim bundan artıq sənə deyiləsi bir sözüm yoxdur." Dedi: "Mən sənə bu kəniz barədə bir xəbər verim. Mən onu Məğrib diyarının ən uzaq nöqtəsindən (Afrikadan) almışam." Kitab əhlindən olan bir qadın mənə rast gəlib soruşdu: "Səninlə olan bu kəniz kimdir?" Dedim: "Onu özüm üçün aldım." Dedi: "Bu qızın sənin kimisinə yoldaş olması rəva deyil. Bu kəniz yer üzünün ən yaxşı adamının həyat yoldaşı olmalıdır. Onun yanında çox qalmadan ondan bir oğlan doğar və o oğlanın şərqdə və qərbdə tayı-bərabəri olmaz."
Ravi deyir: "Mən onu İmamın yanına gətirdim. Çox keçmədi ki, imam Rza (ə) ondan dünyaya gəldi."

Kitabın adı: Ziyarətnamələr, müqəddəs ziyarətgahlar


1. “Bəqərə” surəsi, ayə 3
2. “Üsuli-kafi”, c.2, səh.476, kitabul-hüccət
3. “Üsuli-kafi”, c.2, səh.476, kitabul-hüccət
4. “Üsuli-kafi”, c.2, səh.476, kitabul-hüccət

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!