NƏHC-ül-BƏLAĞƏ - 126-CI XÜTBƏ

:

İmam Əli əleyhis-salamdan əta və bəxşişləri (beytülmal, sədəqə və qənimətləri) nəyə görə camaat arasında bərabər böldüyünü, İslam dinini çoxdan qəbul edənlərə (döyüşlərdə iştirak edənlərə və ya) şərafətli, böyük insanlara üstünlük vermədiyini kəskin şəkildə soruşduqda buyurduğu sözlərdəndir1

Rəhbəri olduğum kimsəyə zülm, sitəm edilməsində yardımçı olmağımı əmr edirsiniz?2 Allaha and olsun, nə qədər ki, müxtəlif zəmanələrdə gecə gündüzə, səmadakı bir ulduz (cazibə qüvvəsi ilə) başqa bir ulduza doğru gedir, görmərəm bu işi (heç vaxt belə iş görmərəm).
Beytülmal mənim şəxsi malım olsaydı da onu müsəlmanlar arasında bərabər bölərdim. O, Allahın malı olduğu (əlimin altında olanlar və möhtaclar ondan bölgü ilə pay yedikləri) halda bunu necə etməyə bilərəm? (Birini başqasından necə üstün tuta bilərəm?) Daha sonra İmam əleyhis-salam (beytülmalın ona düşməyən şəxslərə verilməsinin törətdiyi fəsadlar haqda) buyurdu:
Agah olun ki, beytülmalın ona düşən şəxsdən qeyrisinə bağışlanması rəva deyil, israfçılıqdır.3 Bu malı layiq olduğundan qeyrisinə vermək verənin dünyada (zahirdə) şə’nini ucaldar, (alan kimsə ona xoş gəlmək üçün boyün əyərək təvazökarlıq edər) axirətdə yerə vurar (əbədi əzab və çarəsizliyə səbəb olduğundan onu alçaldar). Camaat yanında xətir-hörmətli, Allah yanında xar edər. (Çünki Allah yanında hörmətli şəxs Onun qanunları ilə oturub-durandır). Allahın, Öz verdiklərinin şükründən məhrum qıldığı və dostluğunu Özündən qeyrisinə yönəltdiyi kimsələrdən başqa heç kəs öz malını hədərə sərf etmədi, haqqı çatmayana vermədi. Bir gün ayaqqabısı sürüşsə, (başına pis hadisə gəlsə), yardımlarına, yoldaşlıqlarına möhtac qalsa, elə onlardan pis yoldaş, çox başa qaxan dost olmaz.

ومن کلام له عليه السلام 

لمّا عوتب علي التسوية في العطاء 

أَتَأْمُرُونِّي أَنْ أَطْلُبَ النَّصْرَ بِالْجَوْرِ فِيمَنْ وُلِّيتُ عَلَيْهِ! وَاللهِ لاَ أَطُورُ بِهِ مَا سَمَرَ سَمِيرٌ، وَمَا أَمَّ نَجْمٌ فِي السَّمَاءِ نَجْماً! لَوْ کَانَ الْمَالُ لِي لَسَوَّيْتُ بَيْنَهُمْ، فَکَيْفَ وَإِنَّمَا الْمَالُ مَالُ اللهِ لَهُمْ. أَلاَ وَإِنَّ إِعْطَاءَ الْمَالِ فِي غَيْرِ حَقِّهِ تَبْذِيرٌ وَإِسْرَافٌ، وَهُوَ يَرْفَعُ صَاحِبَهُ فِي الدُّنْيَا وَيَضَعُهُ فِي الْآخِرَةِ، وَيُکْرِمُهُ فِي النَّاسِ وَيُهِينُهُ عِنْدَ اللهِ، وَلَمْ يَضَعِ امْرُؤٌ مَالَهُ فِي غَيْرِ حَقِّهِ وَعِنْدَ غَيْرِ أَهْلِهِ إِلاَّ حَرَمَهُ اللهُ شُکْرَهُمْ وَکَانَ لِغَيْرِهِ وَدُّهُمْ، فَإِنْ زَلَّتْ بِهِ النَّعْلُ يَوْماً فَاحْتَاجَ إِلي مَعُونَتِهِمْ فَشَرُّ خَلِيلٍ وَالْأَمُ خَدِينٍ!.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

127-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


 1. Həzrət Peyğəmbərin (səlləllahu əleyhi və alih) adəti və yolu bu idi ki, beytülmalı bölərkən müsəlmanlar arasında fərq qoymazdı. Əbu Bəkr də xəlifəliyi dövründə bu yolla getdi. Lakin Ömər xəlifə olduqda Həzrətin yolunu dəyişərək bəzilərini başqalarından üstün tutdu. Osman da xəlifəliyi illərində Ömərin bu üsulunu daha da genişləndirərək ürəyi istədiyinə nəyi istəyirdisə verirdi. İmam əleyhis-salam xəlifəliyə təyin olunanda Həzrət Peyğəmbərin sünnəsinə uyğun rəftar etdi. Bu yol fitnəkarların adətlərinə, istəklərinə zidd idi. Bu səbəbdən də Təlhə və Zübeyr bey’əti pozaraq o böyük insandan uzaqlaşdılar və bir dəstə də Müaviyəyə qoşuldu. Sonra bir dəstə səhabəsi Həzrətin qulluğuna gələrək beytülmalın bölünməsində bəzilərinə üstünlük verməsini ondan xahiş etdilər. İmam əleyhis-salam bunları buyurdu.

2. Allahın Peyğəmbərinin sünnəsinə uyğun rəftar etməyib tabeçiliyimdə olanlara zülmü rəva görməklə Allahın qəzəbini qazanım?
3.Allah-təala Qur’ani-Kərimin İsra surəsinin 26-27-ci ayələrində buyurur: إِنَّ الْمُبَذِّرِينَ كَانُواْ إِخْوَانَ الشَّيَاطِينِ وَلاَ تُبَذِّرْ تَبْذِيرًا «İsraf etmə və malını Allah rizasından qeyri sağa-sola səpələmə. Həqiqətən israfçılar şeytanların qardaşları və dostlarıdırlar.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!