NƏHC-ül-BƏLAĞƏ - 130-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın Əbuzər rəhmətullah (Mədinədən) Rəbəzəyə sürgün edilən zaman ona buyurduğu kəlamlarındandır.1

Ey Əbuzər! Sən Allaha (razılığına) xatir, qəzəbdən kükrədin. Elə isə, Ondan ötrü qəzəbləndiyinə ümid bağla. Bu qövm (Osman, Müaviyə və ardıcılları Həzrət Peyğəmbərin sünnəsinə, yoluna zidd rətfar etdiklərinə görə) səndən (onları biabır, rüsvay etməyindən) öz dünyası üçün qorxdu, sən isə öz dinin üçün onlardan qorxdun (ki, məbada aldanıb onların ardınca gedəsən). Səndən ona görə qorxduqlarını özlərinə ver (onların dünyasına göz yum) və qorxduğun şeyə görə onlardan qaç. Sənin onlara qadağan etdiyin şeylərə möhtac olan (onlara pis işləri qadağan etmisən və bunda hamının möhtac olduğu saysız xeyirlər var) və sənə qadağan etdiklərinə (dünyaya) ehtiyacı olmayan nə qədər də çoxdur. Sabah (qiyamət günündə) kimin xeyrə çatacağını, kiminin böyük həsrətə düşəcəyini biləcəyin gün yaxındadır. Səmalar və yer bəndənin üzünə bağlanarsa, həmin bəndə Allahdan qorxan və pərhizkar olarsa, Allah ona xilas yolu açar.2 Haqdan başqa bir şey səninlə ülfət bağlamaz, batildən başqa heç nə səndən hürkməz. Onların dünyasını qəbul etsəydin (onlarla əməkdaşlıq etsəydin), səni sevər, dünyadan özün üçün bir şey ayırsaydın (dünyapərəst olsaydın), səni dinc qoyardılar (sənə bir belə əziyyəti rəva bilməzdilər).

ومن کلام له عليه السلام 

لأبي ذررحمه الله لمّا أخرج إلي الربذة 

يَاأَبَا ذَرٍّ، إِنَّکَ غَضِبْتَ للهِِ، فَارْجُ مَنْ غَضِبْتَ لَهُ، إِنَّ الْقَوْمَ خَافُوکَ عَلَي دُنْيَاهُمْ، وَخِفْتَهُمْ عَلَي دِينِکَ، فَاتْرُکْ فِي أَيْدِيهِمْ مَا خَافُوکَ عَلَيْهِ، وَاهْرُبْ مِنهُمْ بِمَا خِفْتَهُمْ عَلَيْهِ; فَمَا أَحْوَجَهُمْ إِلَي مَا مَنَعْتَهُمْ، وأَغْنَاکَ عَمَّا مَنَعُوکَ! وَسَتَعْلَمُ مَنِ الرَّابحُ غَداً، وَالْأَکْثَرُ حُسَّداً. وَلَوْ أَنَّ السَّماَوَاتِ وَالْأَرَضِينَ کَانَتَا عَلَي عَبْدٍ رَتْقاً، ثُمَّ اتَّقَي اللهَ، لَجَعَلَ اللهُ لَهُ مِنْهُمَا مَخْرَجاً! لاَ يُؤْنِسَنَّکَ إِلاَّ الْحَقُّ، وَلاَ يُوحِشَنَّکَ إِلاَّ الْبَاطِلُ، فَلَوْ قَبِلْتَ دُنْيَاهُمْ لِأَحَبُّوکَ، وَلَوْ قَرَضْتَ مِنْهَا لِأَمَّنُوکَ.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

131-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Rəbəzə Mədinənin şərq istiqamətində, ona İraq hacılarının yolu tərəfdən yaxın, Əbuzər Qəffarinin dəfn olunduğu və İslamın ilk illərində abad olmuş bir kənd olub. İndi ondan heç bir əsər-əlamət qalmayıb. Əbuzər Mədinədə Osmanın qəzəbinə gəldiyinə görə xəlifə onu Şama sürgün etmişdir. Əbuzər orada da Osmanın çirkin əməllərini xalqa çatdırmış, onu olduğu kimi tanıtdırmışdır. Osman tərəfindən Şama vali təyin olunan Müaviyə onun hərəkətləri barədə Osmana xəbər göndərdi. Osman ona məktub yazdı ki, məktubum əlinə çatan kimi Əbuzəri yalın dəvəyə mindirərək Mədinəyə qaytar. Müaviyə onu palansız dəvəyə mindirərək yola saldı. Mədinəyə çatana kimi zəif, arıq, ucaboy, saçı və saqqalı ağarmış Əbuzərin budlarının əti yeyilmişdi. Osmanın gözü ona sataşdıqda dedi: «Ey Cunəydəb, Allah səni Öz neməti ilə sevindirməsin». Əbuzər cavab verdi: «Mənim adımı bilmirsən? Mənim adım Cündəb idi, ancaq Peyğəmbər məni Abdullah adlandırdı və mən bu adı seçdim». Osman ondan özü barədə eşitdiklərini soruşdu. Əbuzər deməmiş olduqlarını təkzib edərək dedi: «Ancaq Allahın Peyğəmbərindən eşitmişəm ki, sizin tayfanız Bəni-Üməyyədən elə bir adam çıxacaq ki, Allahın malını öz ixtirayına keçirib bəndələri zəlil və dinlərini zay edəcək. Sonra Allah öz bəndələrini onun əlindən xilas edəcək». Osman ətrafındakılardan soruşdu ki, siz Peyğəmbərdən belə bir söz eşitmisinizmi? Onlar dedilər ki, yox, eşitməmişik. Osman dedi: «Ey Cundəb. Vay olsun sənin halına! Allahın Peyğəmbərinin adından yalan danışırsan?» Əbuzər yalan danışmadığını dedi. Sonra Osman bir nəfəri Əmirəl-möminin əleyhis-salamın yanına göndərdi. O Həzrət təşrif gətirdikdə ondan belə bir hədis eşidib-eşitmədiyini soruşdu. Həzrət buyurdu ki, «eşitməmişəm, ancaq Əbuzər doğru danışan insandır». Dedi ki, «doğru danışan olduğunu haradan bilirsən?» Buyurdu: «Allahın Peyğəmbərinin onun haqda dediyi bu sözlərdən: «ما أَظَلَّتِ الْخَضْرَآءُ وَ لا أَقَلَّتِ الْغَبّرآءُ عَلَى ذِى لَهْجَةٍ أَصدَقُ مِن أَبِى ذَرِّ الْغَفارِى» «Yəni, göylər Əbuzər Qəffari kimi daha doğru danışan dil sahibinə kölgə salmadı, yer isə üzərində gəzdirmədi». Sonra məclisdə olan Peyğəmbər səhabələri bu sözləri Peyğəmbərdən eşitdiklərini və Əbuzərin düzdanışan olduğunu dedilər». Osman üzünü onlara tutub dedi: «Nə deyirsiniz, müsəlmanlar arasında təfriqə, ayrılıq salan bu şeyxi neyləyək? Onu döydürsəm, həbs etsəm, öldürsəm, ya Mədinədən çıxarsam yaxşıdır?» Əmirəl-möminin əleyhis-salam buyurdu: «Ey Osman. Mən sənə Firon ailəsindən olan bir möminin Musa barədə Firona dediklərini deyirəm. Qur’ani-Kərimin Mu’min surəsinin 28-ci ayəsi «وَإِن يَكُ كَاذِبًا فَعَلَيْهِ كَذِبُهُ وَإِن يَكُ صَادِقًا يُصِبْكُم بَعْضُ الَّذِي يَعِدُكُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي مَنْ هُوَ مُسْرِفٌ كَذَّابٌ» «Əgər o yalan deyirsə, yalan deməyinin cəzası öz boynunadır. Yox əgər doğru danışırsa, xəbər verdiyi şeyin bir hissəsi sizə toxunar. Şübhəsiz ki, Allah həddi aşanı və çox yalan danışanı doğru yola yönəltməz, rüsvay edər.» Osman bu sözləri eşitdikdən sonra İmam əleyhis-salama cəsarət etdi. Həzrət də cavab verərək buyurdu: «Ey Osman, sən nə deyirsən, gördüyün bu Əbuzər Allahın Peyğəmbərinin yaxın dostlarındandır.» Osman üzünü Əbuzərə tutaraq dedi: «Bizim şəhərimizdən çıx.» Əbuzər dedi: «And olsun Allaha, mən də sənin qonşuluğunda olmaq istəmirəm.» Osman ona dedi: «İraqa get və istədiyin qədər orada qal.» Əbuzər dedi: «Hara gedirəmsə gedim, haqq sözü deməkdən çəkinməyəcəyəm.» Osman ona dedi: «Hansı yerdən acığın gəlir?» Əbuzər dedi: «Rəbəzədən. Orada İslamdan qeyri dində olmuşam». Sonra Osman Mərvan ibn Həkəmə göstəriş verdi ki, onu çılpaq dəvəyə mindirərək Rəbəzəyə aparsın. O, Osmanın xəlifəliyinin səkkizinci ilində vəfat edənə qədər orada qaldı. Ölüm ayağında, həyat yoldaşı və ya bəzilərinin sözlərinə görə qızı tənhalıqdan və kimsəsizlikdən ağladığı vaxt Əbuzər ona demişdir: «Ağlama, Həzrət Peyğəmbər mənə tənhalıqda öləcəyimi və layiqli insanların mənim dəfnimi öhdələrinə götürəcəklərini xəbər vermişdi.» Daha sonra dedi: «Mən dünyadan köçdükdən sonra bir qoyunu qovur və yolda əyləş. Bir dəstə müsəlman oraya çatacaq və səndən nə baş verdiyini soruşacaq. Onlara de ki, Həzrət Peyğəmbərin səhabələrindən olan Əbuzər Qəffari vəfat etmişdir. Onlar bu xəbəri eşitdikdə səninlə birgə mənzilimə gələcəklər. Onlara yemək ver, mənim dəfnimi öz öhdələrinə götürəcəklər. Əbuzər öldükdən sonra həmin qadın yol üstünə çıxdı. Məkkeyi-Müəzzəmədən qayıdan bir dəstə iraqlı oraya çatdı. Əhnəf ibn Qeys Təmimi, Sə’sə’ə ibn Sauhan Əbdi, Xaricə ibn Səlt Təmimi, Abdullah ibn Səlmə Səhmi, Hilal ibn Malik Mozni, Cərir ibn Abdullah Bəcəlli, Əsvəd ibn Qeys Nəxəi, Malik ibn Haris Əştər Nəxəi onlardan ayrılaraq həmin qadına doğru gəlib dedilər: «Sənin başına nə gəlib?» O dedi: «Allahın Peyğəmbərinin (səlləllahu əleyhi və alih) səhabəsi Əbuzər Qəffari dünyadan köçüb və mən tənha qalmışam.» Onlar ağlaya-ağlaya onun evinə getdilər. Ona qüsl verib kəfənlədilər və namazını qılıb dəfn etdilər. Sonra Malik Əştər yerindən qalxaraq xütbə oxudu və onun bəyənilmiş sifətlərini, məzlumluğunu xatırlayıb dua etdi. Sonra çörək yeyərək yola düşdülər. Qısası, Osman onun Mədinədən çıxarılmasını əmr edərək kimsənin onunla danışmasını, müşaiyət etməsini qadağan etdi. O, Mədinədən çıxdıqda Əmirəl-möminin, İmam Həsən və İmam Hüseyn əleyhimus-salam, Əqil, Abdullah ibn Cə’fər və Əmmar ibn Yasir onunla vidalaşmaq üçün şəhərdən çıxdılar. İmam əleyhis-salam ona təskinlik verərək bunları buyurmuşdur:
2. Qur’ani-Kərimin Talaq surəsinin 2 və 3-cü ayələrində buyurduğu kimi وَمَن يَتَّقِ اللَّهَ يَجْعَل لَّهُ مَخْرَجًا وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ «...Kim Allahdan qorxsa və pərhizkar olsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gümanına gəlməyən yerdən ruzi verər.»

 

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!