NƏHC-ül-BƏLAĞƏ - 149-CU XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (ibn Mülcəm qılıncla o böyük şəxsin başına zərbə endirdikdən sonra) vəfatından öncə (ölümün hamıya çatacağı barədə dediyi, Allah və Peyğəmbərə tabe olmağı tövsiyə etdiyi və öz vəfatını xəbər verdiyi) kəlamlarındandır.

Ey camaat! Hər insan ölümdən qaça-qaça onunla görüşür. Ömrün müddəti canın cıdır meydanıdır. (Mənzil başı ömrün başa çatması və ölümü qəbul etməkdir.) Ölümdən qaçmaq ona yaxınlaşmaqdır.1 Nə çox günlərimi bu gizli mətləblə maraqlanmaqla keçirmişəm.2 (Bu sirri tapdım və) Allah-təala onun (sizdən) gizli qalmasından qeyri bir şeyi istəməmişdir.3 Ondan agah olmağınız nə qədər də uzaqdadır. (Çünki) gizli bir elmdir. (Onu hər kəsə açmaq olmaz.) Mən (sizlərə) Allahı (barəsində) vəsiyyət edib tapşırıram ki, Ona heç nəyi şərik qoşmayasınız. Məhəmməd (səlləllahu əleyhi və alih) (haqqında) vəsiyyət edirəm ki, onun sünnəsini (hökmlərini) qədir-qiymətsiz və puç etməyin. Bu iki sütunu (Allahın birliyi və Həzrəti Peyğəmbərin şəriətini) qoruyub saxlayın.4 Və yandırın bu iki çırağı (nadanlıq və azğınlıq zülmətində sərgərdan qalmayasınız deyə). Bir-birinizdən (bu iki şeydən) uzaq və pərən-pərən düşməyənə qədər qınaq və məzəmmət olunmazsınız. (Allahın və Peyğəmbərin göstərişinə tabe olmağı çətin sanmayın, çünki) Allah-təala sizlərdən hər birinə taqəti və qüdrəti qədər vəzifə tapşırmış, nadanlara güzəşt etmişdir. (Belə isə, nadanların bilənlər qədər mükəlləfiyyəti yoxdur, çünki) sizin Allahınız mehriban bir Allah, dininiz möhkəm bir din (əyrilik ona yol tapmayıb) və rəhbəriniz (Həzrət Peyğəmbər və yol göstərən İmamlar əleyhimus-salam bütün ilahi hökmlərdə) bilikli bir rəhbərdir. Mən dünən sizinlə yoldaş və həmnişin idim. (Sağlamlıq, igidlik və gücümlə sizə xidmət edirdim.) Bu gün isə sizlər üçün ibrət və öyüdəm. (Bütün bu igidlik və qüdrətimə baxmayaraq, ölürəm.) Sabah sizdən uzaqlaşaraq ayrılacağam. (Öləcəyəm.) Allah mənə və sizlərə rəhmət etsin.5 Bu büdrəyən yerdə ayaq qoyduğum yer möhkəm olsa, (bu dünyada sağ qalsam,) deməli, (Allahın qəza- qədərinə razı olduğuma və Onun istədiyindən başqa şeyi istəmədiyimə görə) bu sizin muradınızdır, sizə yaxşıdır. Əgər ayağım büdrəsə (ölüm məni haqlasa), deməli, biz ağac budaqlarının kölgəsində, küləklərin əsdiyi yerdə və yerlə göy arasında toplanıb, məhv olan və nişanələrini yerdəki küləklərin yox etdiyi buludların sayəsində olmuşuq.6Mən sizin qonşunuz idim və bir müddət bədənim də sizə yoldaş idi. Tezliklə hərəkətdən sonra sakitləşmiş, danışdıqdan sonra susmuş cansız bədənimi görəcəksiniz. Mənim hərəkətsizliyim, gözlərimi önümə dikməyim və əzalarımın sakitliyi sizlər üçün ibrət olsun. Çünki bu hal ibrət götürənlər üçün hər bəlağətli söhbətdən, hər qəbul edilmiş sözdən daha nəsihətlidir. Mənim sizlərlə vidalaşmağım, ayrılmağım dostları görüşünə gələn bir kişinin ayrılığına və vidalaşmağına bənzər. (Qiyamət günündə Allahın ədalət dərgahında sizinlə görüşəcəyəm.) Sabah mənimlə olduğunuz günləri xatırlayacaqsınız. (Mən dünyadan köçdükdən, Bəni-Üməyyə və başqaları hakimiyyətə gəldikdən sonra mənim qədrimi biləcəksiniz.) Mənim fikirlərim sizə çatacaq. (Məlum olacaq ki, bu döyüşlərdə Allah-təalanın razılığını qazanmaqdan başqa məqsədim olmayıb.) Mənim yerim boşaldıqdan və orada başqa birisi dayandıqdan sonra məni tanıyacaqsınız.7

ومن کلامه عليه السلام 

قبل شهادته 

أَيُّهَا النَّاسُ، کُلُّ امْرِيءٍ لاَقٍ بِمَا يَفِرُّ مِنْهُ فِي فِرَارِهِ، وَالْأَجَلُ مَسَاقُ النَّفْسِ، وَالْهَرَبُ مِنْهُ مُوَافَاتُهُ. کَمْ أَطْرَدْتُ الْأَيَّامَ أَبْحَثُهَا عَنْ مَکْنُونِ هذَا الْأَمْرِ، فَأَبَي اللهُ إِلاَّ إِخْفَاءَهُ، هَيْهَاتَ! عِلْمٌ مَخْزُونٌ! أَمَّا وَصِيَّتِي: فَاللهَ لاَ تُشْرِکُوا بِهِ شَيْئاً، وَمُحَمَّداً صَلَّي اللّهُ عَلَيْهِ وَ آلِهِ فَلاَ تُضَيِّعُوا سُنَّتَهُ، أَقِيمُوا هذَيْن الْعَمُودَيْنِ، وَأَوْقِدُوا هذَيْنِ الْمِصْبَاحَيْنِ، وَخَلاَکُمْ ذَمٌّ مَالَمْ تَشْرُدُوا. حُمِّلَ کُلُّ امْرِيءٍ مَجْهُودَهُ، وَخُفِّفَ عَنِ الْجَهَلَةِ، رَبٌّ رَحِيمٌ، وَدِينٌ قَوِيمٌ، وَإِمَامٌ عَلِيمٌ. أَنَا بِالْأَمْسِ صَاحِبُکُمْ، وَأَنَا الْيَوْمَ عِبْرَةٌ لَکُمْ، وَغَداً مُفَارِقُکُمْ! غَفَرَ اللهُ لِي وَلَکُمْ! إِنْ تَثْبُتِ الْوَطْأَةُ فِي هذِهِ الْمَزَلَّةِ فَذَاکَ، وَإِنْ تَدْحَضِ الْقَدَمُ فَإِنَّا کُنَّا فِي أَفْيَاءِ أَغْصَانٍ، وَمَهَابِّ رِيَاحٍ، وَتَحْتَ ظِلِّ غَمَامٍ، اضْمَحَلَّ فِي الْجَوِّ مُتَلَفَّقُهَا، وَعَفَا في الْأَرْضِ مَخَطُّهَا. وَإِنَّمَا کُنْتُ جَاراً جَاوَرَکُمْ بَدَنِي أَيَّاماً، وَسَتُعْقَبُونَ مِنِّي جُثَّةً خَلاَءً: سَاکِنَةً بَعْدَ حَرَاکٍ، وَصَامِتَةً بَعْدَ نُطْقٍ لِيَعِظْکُمْ هُدُوِّي، وَخُفُوتُ إِطْرَاقِي، وَسُکُونُ أَطْرَافِي، فَإِنَّهُ أَوْعَظُ لَلْمُعْتَبِرِينَ مِنَ الْمَنْطِقِ الْبَلِيغِ وَالْقَوْلِ الْمَسْمُوعِ.وَدَاعِي لَکُم وَدَاعُ امْرِيءٍ مُرْصِدٍ لِلتَّلاَقِي! غَداً تَرَوْنَ أَيَّامِي، وَيُکْشَفُ لَکُمْ عَنْ سَرَائِرِي، وَتَعْرِفُونَنِي بَعْدَ خُلُوِّ مَکَانِي وَقِيَامِ غَيْرِي مَقَامِي.

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

150-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Çünki insan qaçmaq üçün əlac tapmaq niyyətinə düşür. Hərəkət edib çalışır və bunun özü ömrün müddətini gödəltməklə nəticələnir. Ömrün anlarını əldən vermək isə ölümə yaxınlaşmanı tələb edir. Xülasə, ölüm heç kəsin-nə haqqın, nə də batilin – sinəsindən imtina etmir.
2. Camaatın haqqa etinasızlığının, haqq əhlinin məzlumluğunun, batilə tapınmalarının və batil əhlinin qələbə və qüdrətinin səbəblərini təhqiq edib axtarmışam.
3. Çünki qəzavü qədərin mürəkkəb məsələlərindəndir. Sizin ağıl və fəhminiz onu dərk etmək üçün məhduddur. Buna oxşar cümlə Həzrətin beşinci xütbəsində işlənmişdir: انْدَمَجْتُ عَلى مَكْنُونِ عِلْمٍ لَّوْ بُجْتُ بِهِ لَاضْطَرَبْتُمُ اضْطِرَابَ الْأَرْشِيَةِ فِى الطَّوِىِّ الْبَعِيدَةِ – Yəni, mənim sükutum gizli bir elmdə qərq olmağıma görədir. Bildiklərimi zahir edib göstərsəm, sizlər dərin quyuda titrəyən kəndirtək əsib iztirab çəkərsiniz.
4. Çünki İslamın qalması və müsəlmanların dünya və axirət işlərinin nizam-intizamı Allah-təalanın birliyində və Həzrət Peyğəmbərin sünnəsinə tabe olmaqdadır.
5. Bu cümlə وَغَداً مُفارِقُكُمْ – yəni, «sabah sizin aranızdan gedəcəyəm»dir. Sərahəti və aşkarlığı bundadır ki, O Həzrət ölüm vaxtını və hər şeyi bilirdi. Çünki İmam «بِما كَانَ وَ ما يَكُونُ وَ ما هُوَ كآئِنٌ» «baş vermişlər, baş verənlər və verəcəkləri» bilirdi. Bu məzmunda başqa cümləni doxsan ikinci xütbədə də buyurmuşdur: فَاسْئَلُونِى قَبْلَ أَنْ تَفْقِدُونِى yəni, – «məni tapmayacağınız gündən əvvəl soruşun.» Bunun şərhi verilmişdir. Eyni zamanda, sünni və şiə alimləri, böyük şəxsiyyətləri o Həzrətin və digər İmamların - əleyhimus-salam - keçmişdən, gələcəkdən və hazırki dövrdən qeyb xəbərlərinin olduğunu öz rəvayətlərində etiraf edib təsdiqləyirlər.
6. Qısası, əgər ölsəm, təəccüblü bir şey olmaz. Çünki bu iş kimi tezliklə məhv olan işlərin çox olduğu bir dünyada olmuşuq. Bu iki cümlədəki şübhə, İmamın keçmişi, indiki zamanı və gələcəyi bilməsi haqda dediklərimizə zidd deyil. Çünki bu kimi sözlər alimin öz məsləhətinə uyğun olaraq özünü bir işdə tərəddüdü olan kimsə kimi göstərməsinə bənzər. Allah-təalanın Qur’ani-Kərimin Ali-İmran surəsinin 144-cü ayəsində buyurduğu kimi « وَمَا مُحَمَّدٌ إِلاَّ رَسُولٌ قَدْ خَلَتْ مِن قَبْلِهِ الرُّسُلُ أَفَإِن مَّاتَ أَوْ قُتِلَ انقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ» «Məhəmməd özündən əvvəl peyğəmbərlər kimi olan və ölən elçidən başqa kimsə deyil. Əgər o ölsə və ya müharibədə öldürülsə, siz gerimi dönəcəksiniz? Dininizdən dönüb cihadı tərk edəcəksiniz?» «Həyatını qorumaq əqli və şəri cəhətdən vacib olduğu, bir kimsənin bilərəkdən özünü təhlükəyə atması caiz olmadığı halda, İbn Mülcəmin onu qılıncla şəhid edəcəyini bilməsinə baxmayaraq, Əmirəl-möminin həmin axşam məscidə niyə təşrif apardı?» deyə etiraz edənlərin cavabı budur ki, Allah-təala bəqa ilə liqanı, yəni, bu dünyada qalmağı və ya ilahinin yanına, dərgahına getməyi onun ixtiyarına buraxmışdı. O Həzrət getməyi seçdi. Bu, bəzi rəvayətlərin də mənasını təşkil edir. Buna görə də həyatı qorumaq hər yerdə vacib deyil və belə hallarda ağlın elə bir hakimiyyəti olmadığına görə ağla tabe olmaq lazım deyil. Çünki mütləq əcəldən qaçmaq mümkün deyil.
7. Mən dünyadan getdikdə və başqası məqamımı qəsb edərək hamıya zülm edib divan tutduqda mənim qədrim, məqamım, ədalətim, dada yetməyim və mehribanlığım aşkar olacaq.

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!