NƏHC-ül-BƏLAĞƏ - 161-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (Siffeyn müharibəsindəki) kəlamlarındandır.

Səhabələrindən biri o Həzrətdən soruşdu: Ətrafınızdakılar (üç xəlifə və onların davamçıları) sizi xilafətdən necə kənarda qoydular, halbuki siz bu məqama (onlardan və başqalarından) daha layiq idiniz? İmam əleyhis-salam (həm soruşana, həm də digərlərinə məlum olan və ya araşdırılması məsləhət olmayan bu yersiz sualdan xoşlanmadı və tünd şəkildə müxtəsər cavab verib belə) buyurdu:
Ey Bəni-Əsəd (tayfasından olan dini) qardaş! Sən (atının) örkəni boş və yırğalanan bir şəxssən (az bir şübhə ilə iztirab və nigarançılığa düçar olan bir nadansan) və cilovu (öz miniyinin cilovunu) yersiz buraxırsan.1 Amma bununla belə (sual soruşmaq yeri olmamasına baxmayaraq,) sənin (Peyğəmbərlə) bağlılıq və qohumluğuna ehtiram səbəbindən (Həzrət Peyğəmbərin zövcələrindən biri, yəni, Zeynəb Bəni-Əsəd tayfasından olan Cəhşin qızı idi) və soruşmaq haqqına malik olduğun və bilmək istədiyin üçün bil: Biz nəsil (Peyğəmbərlə qohumluq) baxımından üstün və Allahın Peyğəmbərinə (səlləllahu əleyhi və alih) yaxınlıq (və məqam) baxımından daha möhkəm olmağımıza baxmayaraq, (üç xəlifə tərəfindən) xilafətlə bizə hökmranlıq edilməsinin səbəbi xilafətin rəğbət bəslənilən və istənilən olması idi. (Hətta ləyaqəti olmasa da hamı onu istəyirdi. Beləliklə,) bir dəstə onda paxıllıq etdi (və həmin məqama layiq kimsəni həmin kürsüdə oturmağa qoymadı) və digər bir dəstə (İmam əleyhis-salam) bəxşiş edərək (İslamın əsasını qorumaq üçün) gözünü ondan çəkdi.2 (Bizimlə onlar arasında) hakim Allahdır və Qiyamət günü qayıdış Ona tərəfdir. (İmam əleyhis-salam sonra İmrəul-Qeysin şe’rini misal gətirir:) «وَدَعْ عَنكَ نَهْباً صِيحَ فِى حَجَراتِهِ» «Ətrafında fəryad qoparılan qarətçinin hekayətini burax, danışma».3 Və gəl Əbu Süfyanın oğlundakı (Müaviyədəki və onunla müharibədəki) bu böyük (və təəccübləndirici) mətləbi eşit ki, həqiqətən ruzigar məni ağladandan sonra güldürdü. (Dövranın rəftarındakı qəribəliklərin çoxluğuna gülməyim gəldi.) Allaha and olsun ki, qəribəlik qalmayıb. Odur ki, qəribəliyi aradan aparan (onu son həddinə çatdıran və nəticədə ondan bir şey qalmayan) və əyriliyi çoxaldan bu böyük iş təəccüb doğurandır. İnsanların bir dəstəsi (Müaviyə və onun tərəfdarları) hiylə və kələk ilə Allahın nurunu çırağından söndürmək və Onun suyunun qaynaq mənbəyi və yolunu çeşməsindən bağlamaq niyyətinə düşdülər. (İslamın hökmlərini aradan götürərək Həzrət Peyğəmbərin canişinini ev dustağı etmək istədilər.) Mənimlə özləri arasında vəba gətirən suyu bir-birinə qatışdırdılar (fitnə-fəsad, müharibə və qan axıdılmasına səbəb oldular). Buna görə də qəm və kədərlərin çətinlikləri bizdən və onlardan götürülsə, onları tam haqq yola çəkəcəyəm (ki, Allah və Peyğəmbərin razılığını əldə edərək xoşbəxt olsunlar). Başqa cür olsa4 isə (çəkinməli bir şey yoxdur. Çünki Allah Qur’ani-Kərimin Fatir surəsinin 8-ci ayəsində buyurur): « فَلَا تَذْهَبْ نَفْسُكَ عَلَيْهِمْ حَسَرَاتٍ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ» «Belə isə onların azğınlıqlarına görə çoxlu qəm-qüssə çəkməklə özünü həlak və məhv etmə. Çünki Allah onların etdiklərini biləndir (və onları əməllərinin cəzasına çatdıracaqdır)»

ومن کلام له عليه السلام 

لبعض أصحابه وقد سأله: کيف دفعکم قومکم عن هذا المقام وأنتم أحق به؟ فقال: 

يَا أَخَا بَنِي أَسَدٍ. إنَّکَ لَقَلِقُ الْوَضِينِ، تُرْسِلُ فِي غَيْرِ سَدَدٍ، وَلَکَ بَعْدُ ذِمَامَةُ الصِّهْرِ وَحَقُّ الْمَسْأَلَةِ، وَقَدِ اسْتَعْلَمْتَ فَاعْلَمْ: أمَّا الْإِسْتِبْدادُ عَلَيْنَا بِهذَا الْمَقامِ وَنَحْنُ الْأَعْلَوْنَ نَسَباً، وَالْأَشَدُّونَ بِالرَّسُولِ -صَلَّي اللهُ عَلَيْهِ وَآلِه- نَوْطاً، فَإنَّهَا کَانَتْ أَثَرَةً شَحَّتْ عَلَيْهَا نُفُوسُ قَوْم، وَسَخَتْ عَنْهَا نُفوسُ آخَرِينَ، وَالْحَکَمُ اللهُ، وَالْمَعْوَدُ إلَيْهِ الْقِيَامَةُ. 

وَدَعْ عَنْکَ نَهْباً صِيحَ فِي حَجَرَاتِهِ وَلکِنْ حَدِيثاً مَا حَدِيثُ الرَّوَاحِلِ وَهَلُمَّ الْخَطْبَ فِي ابْنِ أَبِي سُفْيَانَ، فَلَقَدْ أَضْحَکَنِي الدَّهْرُ بَعْدَ إبْکَائِهِ، وَلاَ غَرْوَ وَاللهِ، فَيَا لَهُ خَطْباً يَسْتَفْرِغُ الْعَجَبَ، وَيُکْثِرُ الْأَوَدَ ! حَاوَلَ الْقَوْمُ إِطْفَاءَ نَورِ اللهِ مِنْ مِصْباحِهِ، وَسَدَّ فَوَّارِهِ مِنْ يَنْبُوعِهِ، وَجَدَحُوا بَيْنِي وَبَيْنَهُمْ شِرْباً وَبِيئاً، فَإنْ تَرْتَفِعْ عَنَّا وَعَنْهُمْ مِحَنُ الْبَلْوَي، أَحْمِلْهُمْ مِنَ الْحَقِّ عَلَي مَحْضِهِ، وَإنْ تَکُنِ الْأُخْرَي، (فَلا تَذْهَبْ نَفْسُکَ عَلَيْهِمْ حَسَراتٍ إنَّ اللهَ عَلِيمٌ بِمَا يَصْنَعُونَ).

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

162-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Lazımsız yerdə və biz düşmənlə döyüşə məşğul olduğumuz çətin bir vaxtda elə bir mətləb soruşursan ki, ona cavab verməyə fürsət yoxdur.
2. Və haqqı tələb etmək üçün yardımçısı olmadığına görə səbr yolunu seçdi. Üçüncü xütbədə bu nöqtəyə toxunulub.
3. Bu şe’rin ikinci misrası belədir ki: « وَهاتِ حَدِيثاً ما حَدِيثُ الرَّواحِيلِ» «Minik dəvələrinin qarət edilməsindən ibarət o maraqlı əhvalatı gətir və danış». Bu qəsidənin tarixçəsi belədir: Ərəblərin böyük şairlərindən olan İmrəul-Qeys, atası öldürüləndən sonra intiqam almaq və ya düşmənlərin qorxusundan ərəb qəbilələri arasında gəzirmiş və nəhayət, o, Bəni-Cədilə Təyy qəbiləsindən olan Tə’rif adlı bir kişinin evinə gedir. Tə’rif ona çox hörmət göstərir. İmrəul-Qeys də onu tərifləyir və bir müddət onun yanında qalır. Sonra fikirləşir ki, birdən Tə’rif ona kömək edə bilməz. Gizlincə Xalid ibn Sədusun yanına gedib onun evində qalır. Sonra Bəni-Cədilə qəbiləsinin övladları onun dəvələrini qarət edirlər. İmrəul-Qeys məsələdən xəbərdar olandan sonra Xalidə şikayət edib onu dəvələrinin qarət edilməsindən agah edir. Xalid deyir: Yanında olan minik dəvələrini mənə ver, onlara minib Cədilə övladlarının yanına gedim və dəvələrini geri alım. İmrəul-Qeys onun təklifini qəbul edib qalan dəvələri ona verir. Xalid öz dostlarından bir neçə nəfərlə birlikdə həmin dəvələri minib Bəni-Cədilənin yanına gedir. Onlara çatanda deyir: İmrəul-Qeys mənim qonağımdır, onun dəvələrini geri qaytarın. Deyirlər: O sənin qonağın deyil və sənə sığınmayıb. Xalid deyir: Allaha and olsun ki, o mənim qonağımdır və indi mindiyimiz dəvələr də onundur. Sonra Bəni-Cədilə onlara hücum edərək hamısını dəvələrdən düşürdüb həmin dəvələri də qarət edir. Və deyirlər ki: Xalid Bəni-Cədilə ilə sözləşib və hiylə-kələklə dəvələri onlara təhvil verib. İmrəul-Qeys ikinci qarətçilikdən xəbər tutandan sonra bu barədə bir qəsidə yazır ki, onun ilk beyti yuxarıda deyilən idi. Xülasə, İmam əleyhis-salamın bu şe’rdən misal kimi istifadə etməkdən məqsədi budur ki, üç xəlifənin Səqifə əhlinin barəsində hay-küy salıb o qədər söz-söhbət apardıqları əhvalatını burax.
4.Haqq yola qədəm qoymasalar və ilahi başçı ilə döyüş və müharibə vəziyyətində qalsalar

Tags: NƏHCÜL-BƏLAĞƏ

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!