NƏHC-ül-BƏLAĞƏ - 87-Cİ XÜTBƏ

:

İmam Əli əleyhis-salamın (camaatı dində ixtilafa, batil inanclara etimadı tənqid etdiyi və peyğəmbərə, imama itaət etməmələrinə görə qınadığı) xütbələrindəndir.

(Böyük Allaha həmd və şükrdən, həzrət Rəsula salamdan sonra, bilin, dünyanın adəti budur ki): Pak və münəzzəh Allah heç vaxt zəmanənin asilərini möhlət vermədən və xoş güzəran keçirmədən həlak etmədi, heç bir ümmətin (peyğəmbər ümmətinin) sümüyünün əyriliyini (yaşayışlarında) çətinlik və əziyyət olmadan düzəltmədi. (Belə isə siz də zülmkarların zülmünə dözün və Allahın onların zülmkar əlini qısaldacağı günü gözləyin.) Üz tutduğunuz (qarşılaşdığınız) çətinliklərdə, böyük işlərdə və arxada qoyduğunuz (qurtulduğunuz) çətinliklərdə ibrət vardır.1 (Lakin) hər qəlb sahibi ağıllı deyil (ki, həqiqətləri anlasın), hər qulağı olan (haqqı) eşitməz, hər baxan göz görməz (ki, ruzigarın hadisələrindən ibrət alsın).2 Dini dəlilləri bir-birinə zidd olan bu müxtəlif firqələrin səhv işlərinə və xətalarına (onlar hər bir işdə öz dəlillərinə əsaslanırlar), heç bir peyğəmbərin yolunu davam etdirməmələrinə, heç bir canişinin əməlinə tabe olmamalarına (əgər tabe olsaydılar, dinlərində ixtilaf olmazdı, ilahi əzabdan xilas olardılar, qeybə (Allaha və Qiyamət gününə) inanmamalarına, pislikdən (haram və şübhəli şeylərdən) çəkinməmələrinə necə heyrətlənməyim?!3 Şübhələrə (onlar üçün naməlum olanlara öz nadürüst rəylərinə əsasən) əməl edib nəfsi istəklərinə tabe olurlar. Onlar arasında yaxşı və bəyənilmiş özlərinin yaxşı bildikləridir, onların nəzərində pis və bəyənilməyən isə özlərinin pis hesab etdikləridir. Çətinliklərdə sığınacaqları, pənah yerləri özləridir.4 Örtülü işlərdə (ilahi elmlərdə) öz (nadürüst) rəylərini (hətta ağıla zidd olsa belə,) əsas götürürlər. Sanki onlardan hər biri (dini məsələdə) gördüyü hər bir şeydə (bəyan etdiyi hər bir məsələnin hökmündə) özü özünün qırılmaz iplərdən və möhkəm dəlillərdən yapışmış imamıdır (onlara istinad edir, öz nadürüst rəyinə əsasən ictihad etdiyi hər bir hökmün ilahi hökm kimi olduğuna inanır.)

 وَ مِنْ خُطبَةٍ لهُ عليه السلام
و فيها بيان للاسباب التي تهلك الناس

 أَمَّا بَعْدُ، فَإِنَّ اللَّهَ لَمْ يَقْصِم جَبَّارِي دَهْرٍ قَطُّ إِلاَّ بَعْدَ تَمْهِيلٍ وَ رَخَاءٍ: وَ لَمْ يَجْبُرْ عَظْمَ أَحَدٍ مِنَ الْأُمَمِ إِلاَّ بَعْدَ أَزْلٍ وَ بَلاَءٍ؛ وَ فِي دُونِ مَا اسْتَقْبَلْتُمْ مِنْ عَتْبٍ وَ مَا اسْتَدْبَرْتُمْ مِنْ خَطْبٍ مُعْتَبَرٌ! وَ مَا كُلُّ ذِي قَلْبٍ بِلَبِيبٍ، وَ لاَ كُلُّ ذِي سَمْعٍ بِسَمِيع؛ وَ لاَكُلُّ ذِي نَاظِرٍ بِبَصِيرٍ، فَيَا عَجَباً وَ مَا لِي لاَ أَعْجَبُ مِنْ خَطَإِ هذِهِ الْفِرَقِ عَلَى اخْتِلاَفِ حُجَجِهَا فِي دِينِهَا! لاَ يَقْتَصُّونَ أَثَرَ نَبِيٍّ، وَ لاَ يَقْتَدُونَ بِعَمَلِ وَصِيٍّ، وَ لاَ يُؤْمِنُونَ بِغَيْبٍ، وَ لاَ يَعِفُّونَ عَنْ عَيْبٍ، يَعْمَلُونَ فِي الشُّبُهَاتِ، وَ يَسِيِرُونَ فِي الشَّهَوَاتِ. الْمَعْرُوفُ فِيهِمْ مَا عَرَفُوا، و الْمُنْكَرُ عِنْدَهُمْ مَا أَنْكَرُوا، مَفْزَعُهُمْ فِي الْمُعْضِلاَتِ إِلَى أَنْفُسِهِمْ، وَ تَعْوِيلُهُمْ فِي الْمُهِمَّاتِ عَلَى آرَائِهِمْ، كَأَنَّ كُلَّ امْرِىءٍ مِنْهُمْ إِمَامُ نَفْسِهِ، قَدْ أَخَذَ مِنْهَا فِيَما يَرَى بِعُرًى ثِقَاتٍ، وَ أَسْبَابٍ مُحْكَمَاتٍ

Hazırladı: Rəsul Mahmudzadə

Ardı var...

88-Cİ XÜTBƏNİ BURADAN OXUYUN


1. Sizi agah edir ki, Allah heç bir qövmü çətinlikdə qoymaz, sonunda zülmkarları əldən salar, hər bir müsibət və bəlanın bir sonu vardır.
2. Məlumdur ki, həqiqətləri dərk etmək üçün heyvanların malik olduğu ürəklər, qulaqlar və gözlər deyil, ayıq ürəklər, eşidən qulaqlar, görən gözlər lazımdır.
3. Qeybə inansaydılar və pislikdən çəkinsəydilər, dinlərində ixtilafa səbəb olan öz nadürüst dəlillərinə əsaslanmazdılar.
4. Çətin hökmlərin həllində özlərinə müraciət edir, Allah və Peyğəmbərin buyurduqları ilə zidd olsa belə, öz rəylərinə uyğun rəftar edirlər.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!