İMAM SADİQDƏN (Ə) GÖZƏL BİR HƏDİS (QISA ŞƏRHİLƏ)

:

Həzrətin şəhadətinin ildönümü münasibətilə

İmam Cəfər Sadiq (ə) buyurur:
"Cənnəti axtardım, onu səxavətdə tapdım”

Rahatlıq (sağlamlıq) axtardım, onu tənhalığa çəkilməkdə tapdım. (Burada, mənasız ünsiyyətlərdən və faydasız əyləncə məclislərindən, uzaq gəzmək tövsiyə edilir. Çünki bu məclislərdə, günah, qeybət, ehtimalı çox olar).

(Qiyamət günündə) əməl tərəzimin, ağır gəlməsi üçün yol axtardım, onu Allahın təkliyinə və Mühəmmədin (s) Onun elçisi olmasına, şəhadət gətirməkdə tapdım

Cənnətə tez girməyin, yolunu axtardım, onu (xalis niyyətlə) Allah yolunda, savab iş görməkdə tapdım

Ölümü sevməyin (yəni, ölümü razılıqla, qarşılamağın) yolunu axtardım, onu, Allah yolunda, mal-dövləti, özümdən qabaq, göndərməkdə tapdım. (Həyatda ikən, öz sərvətini, fəqirlərə paylamaq və bu yolla, özünə axirət azuqəsi toplamaq nəzərdə tutulur).

İbadətin şirinliyini axtardım, onu günahdan uzaqlaşmaqda tapdım. (Günah, insanın qəlbində, ləkə yaradar onu ibadətdən soyudar, ürəyində, haram ləzzətlərə, meyl yaratmaqla, onu ibadətin ləzzətindən məhrum edər).

Qəlb yumşaqlığına, nail olmağın yolunu axtardım, onu aclıqda və susuzluqda tapdım. (Ac və susuz adam, məhrumların, ehtiyaclıların halını daha yaxşı anlayar, qəlbi yumşalar, riqqətə gələr və ehsan etməyə, can atar)

Qəlbi nurlandırmağın yolunu axtardım, onu təfəkkürdə və ağlamaqda tapdım. (Burada məsumların, çox təkid etdikləri təfəkkür, yəni, Allahın sifətləri və qüdrəti barədə düşünmək, yaxud insan, öz əməlləri barədə düşünüb, özünə hesabat vermək nəzərdə tutulur. Ağlamaq isə, günahlardan narahat olmaq və tövbə etmək mənasını verir).
Sirat körpüsünün üzərindən, keçmək üçün vəsiqə (zəmanət) axtardım, onu sədəqə verməkdə tapdım.

Üzün nurlanmasının yolunu axtardım, onu gecə namazı qılmaqda tapdım.
Cihad fəzilətini qazanmağın yolunu axtardım, onu ailəni saxlamaq üçün, işləyib-çalışmaqda tapdım. (Cihadın ümumi mənası, çalışmaq, zəhmət çəkməkdir. Nəfs üzərində qələbə də halal ruzi naminə tər töküb işləmək də döyüş meydanında düşmənlərlə savaşmaq da, cihadın müxtəlif mərtəbələrindəndir).

İzzət və cəlal sahibi olan Allahı, sevməyin yolunu axtardım, onu günah əhlinə, kin bəsləməkdə tapdım. (Fürui-dinin iki maddəsi Allahın dostlarını sevmək, Allahın düşmənləri ilə düşmənçilik etməkdir. Qəlbini günahdan və günah əhlinin sevgisindən, təmizləyən şəxsin qəlbinə, Allah Özünün və dostlarının məhəbbətini daxil edər).

Hakimiyyətin (insanların qəlbinə hökm etməyin) yolunu axtardım, onu Allahın bəndələrinə nəsihət etməkdə tapdım. (Başqalarına faydalı məsləhətlər verən adam, xeyirxah kimi tanınar və sevilər).

Qəlb aramlığı axtardım, onu sərvəti azaltmaqda tapdım. (Sərvəti çox olan adam, həm onu artırmağın, həm də qorumağın, qayğısını çəkər).
Ən keçərli işin, nə olduğunu axtardım, onu səbirdə tapdım. (Bütün ağır çətinliklər, səbir etmək yolu ilə, insana asan gələr).
Şərəf axtardım, onu elmdə tapdım.

İbadət axtardım, onu vərə`də (dünya nemətlərinə qarşı, ehtiyatlı davranmaqda) tapdım.

Rahatlıq axtardım, onu zöhddə (dünya ləzzətlərindən uzaqlaşıb, axirət dəyərlərinə, meyillənməkdə) tapdım.

Ucalıq axtardım, onu təvazökarlıqda tapdım. (Təvazökar insan, ətrafdakıların sevgisini qazanar).

İzzət axtardım, onu düzgünlükdə tapdım. (Çünki düzgün insan, başqalarının gözündə, dəyərli və etibarlı olar, yalançı və xəyanətkar adam isə, gözdən düşər).

Öz nəfsimi, əzməyin yolunu axtardım, onu oruc tutmaqda tapdım. (Dünyanın, halal nemətləri yanında ikən, onlardan uzaq durmaq, ali bir qüvvənin hökmünə tabe olmağın və bütün istəkləri, həmin qüvvənin istəyinə, qurban verməyin əlamətidir).

Ehtiyacsızlıq axtardım, onu qənaətdə tapdım. (Burada qənaət deyərkən, həm aza qane olmaq, həm də israf etməmək nəzərdə tutulur).

Ünsiyyət axtardım, onu Quran oxumaqda tapdım. (Quran oxuyan şəxs, ən gözəl ünsiyyətə, nail olar, Allahla mənəvi rabitə qurar və mələklər, onun qiraətinə qulaq asarlar).

İnsanlarla münasibət qurmağın, yolunu axtardım, onu mülayimlikdə, gözəl davranışda tapdım.
Allahın razılığını qazanmağın, yolunu axtardım, onu valideynlərə, yaxşılıq etməkdə tapdım.”

Mənbə: “Müstədrəkül-Vəsail”, 12-ci cild, səh.173-174, hədis.13810-19)
Müəllif: İlahiyatçı Safquliyev Elçin

Tags: HƏDİS

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!