İMAM RİZA (Ə) HAQQINDA HƏDİSLƏR

:

Onuncu məsum və səkkizinci imam Həzrət Əli ibni Musa(ə)nın mövludu münasibəti ilə bir neçə hədisi Rizvan.Net oxucularına təqdim edirik. Allah İmam Riza (ə) aşiqləri və ardıcıllarının mövlud sevincini İmam Zaman(əc)ın zühuru ilə kamil etsin! Amin!

1. Məhəmməd ibn İshaq ibn Ənsar deyir: "Birinci Əbülhəsənə (ə) (imam Musaya (ə)) dedim: "Mənə dinimi mənimsəyə biləcəyim bir şəxsi tanıtdır." İmam buyurdu: "Bu mənim oğlum Əlidir. Həqiqətən, atam mənim əlimdən tutub Peyğəmbərin (s) qəbri üstə apardı və buyurdu: "Oğlum, Allah-taala buyurur: "Mən yer üzündə xəlifə qərarlaşdırıram" (“Bəqərə” surəsi, ayə 3) Allah-taala buyurduğu hər sözə vəfa edər." (“Üsuli-kafi”, c.2, səh.476, kitab-ul-hüccət)

2. Davud Riqqi deyir: "Əbülhəsən Musaya (ə) dedim: Qocalmışam  və sümüklərim süstləşib (boşalıb). Atanızdan soruşdum sizi mənə göstərdi, siz də mənə yol göstərin (yəni sizdən sonra imam kimdir). Buyurdu: Bu, Əbülhəsən ər-Rizadır." (“Üsuli-kafi”, c.2, səh.476, kitab-ul-hüccət)

3. Əli ibn Yəqtin deyir: "Əbülhəsən (imam Kazim (ə)) zindandan mənə yazdı ki, filan oğlan mənim oğlanlarımın seyyididir və mən öz künyəmi ona bağışladım." (“Üsuli-kafi”, c.2, səh.476, kitab-ul-hüccət)

4. Hişam ibn Əhmər deyir: "İmam Kazim (ə) mənə buyurdu: "Məğrib (Mərakeş) əhalisindən kiminsə gəldiyini bilirsənmi?" Mən cavab verdim: "Xeyr." İmam buyurdu: "Bəli, bir kişi gəlib, gəl gedək." Həzrət miniyinə mindi, mən də o həzrətlə birgə süvar oldum və biz həmin kişiyə çatdıq. Kişi Mədinə əhalisindən idi və özü ilə qul-qaravaş gətirmişdi. Mən dedim: "Onları bizə göstər!" Yeddi qız uşağı gətirdi. Lakin imam onların hamısını rədd edib buyurdu: Onlara ehtiyacım yoxdur. Sonra buyurdu: "Yenisini gətir." Kişi dedi: "Məndə xəstə bir qızdan başqa heç kimsə yoxdur." İmam (ə) buyurdu: "Sənin üçün qorxusu yoxdur, onu gətir!" Kişi imtina etdikdə imam qayıdıb getdi və həmin günün sabahı məni onun dalınca göndərərək buyurdu: "Ona de ki, o kənizi neçəyə satırsan. Hər nə desə, de ki, mən həmin qiyməti qəbul etdim." Mən onun yanına getdim və o dedi: "Mən onu filan qiymətdən aşağı vermək istəmirəm." Mən dedim: "Qəbulumuzdur." Dedi: "Sənin olsun, amma mənə de görüm dünən səninlə gələn kişi kim idi?" Dedim: "Bəni-Haşimdən olan bir kişi idi." Dedi: "Hansı Bəni-Haşim?" Dedim: "Mənim bundan artıq sənə deyiləsi bir sözüm yoxdur." Dedi: "Mən sənə bu kəniz barədə bir xəbər verim. Mən onu Məğrib diyarının ən uzaq nöqtəsindən (Afrikadan) almışam." Kitab əhlindən olan bir qadın mənə rast gəlib soruşdu: "Səninlə olan bu kəniz kimdir?" Dedim: "Onu özüm üçün aldım." Dedi: "Bu qızın sənin kimisinə yoldaş olması rəva deyil. Bu kəniz yer üzünün ən yaxşı adamının həyat yoldaşı olmalıdır. Onun yanında çox qalmadan ondan bir oğlan doğar və o oğlanın şərqdə və qərbdə tayı-bərabəri olmaz."
Ravi deyir: "Mən onu İmamın yanına gətirdim. Çox keçmədi ki, İmam Riza (ə) ondan dünyaya gəldi."

Kitabın adı: Ziyarətnamələr, müqəddəs ziyarətgahlar

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!