DUA – XƏZİNƏLƏRİN AÇARI

:

İMAM ƏLİ(ə)NİN OĞLU İMAM HƏSƏN(ə)Ə VƏSİYYƏTNAMƏSİNDƏN
İmam Əli (ə) oğlu imam Həsənə (ə) buyurur: “İstəməkdə, duada israrlı ol ki, sənin üçün mərhəmət qapısı açsın. Duanı gec eşitməsi səni ümidsiz etməsin – həqiqətən, bəxşiş istəyin qədərindən asılıdır. Daha uzun istəməyin və bixşişin kamil olması üçün duanın eşidilməsində təxir baş verə bilər.

Olsun ki, bir şey istəyəsən və sənə verilməyə, ondan da üstününü bu və ya o dünyada alasan. Ya da onun verilməməsi daha yaxşı sayıla. Çox olsun ki, istədiyin bir şey sənə verilsəydi, dininin və dünyanın puçluğunu onda görərdin. O şeyi istəyəsən ki, o şeyin sənə yaxşılığı daha davamlı olsun, çətinliyi və əziyyəti uzaq. Nə var-dövlət sənə qalar, nə də sən var-dövlətə. Tezliklə yaxşı və pis işinin sonunu görərsən və ya kərim bağışlayan bağışlayar.” (Nəhcül-bəlağə)
Şübhəsiz ki, səsini ucaldaraq bəndəlik iddiası edənlər az deyil. Amma o kəslər həqiqi bəndədirlər ki, bu bəndəliyi əməldə göstərirlər. Qəlbinə bəndəlik buxovu taxan insan yalnız Allah dərgahına əl açır. Başqalarına ümid gözü ilə baxan, möhtaca əl açan kəsləri kimsə Allah bəndəsi hesab etmir. Çünki Allahdan qeyrisinə ağız açmaq bəndəliklə uyuşmayan bir işdir. Həzrət Peyğəmbər (s) buyurur: “Dua ibadətin məğzidir.”
Həzrət (ə) ilahi öyüdün bu hissəsində dua və onun əhəmiyyətindən danışır, sonra duanı ilahi rəhmət xəzinələrinin açarı kimi tanıtdırır. Həzrətin (ə) buyruğuna əsasən, ilahi mərhəmətin heç zaman tükənməyəcək sonsuz xəzinələri vardır. Bu xəzinələrdən istifadə etmək üçün açara ehtiyac var və Həzrətin (ə) fikrincə, bu açar duadır. Hər bir bəndə istədiyi vaxt bu açar vasitəsi ilə mərhəmət xəzinələrini açıb, ilahi mərhəmətdən faydalana bilər. Həzrət Əlinin (ə) buyruqlarına inanan insan duadan istifadə etmək qərarına gəlməlidir. Çünki insan üçün duadan xeyirli ikinci bir iş yoxdur.
Həzrətin (ə) vəsiyyətində dua və onun təsiri elə açıqlanmışdır ki, şübhəyə zərrəcə yer qalmamışdır. Uyğun kəlamlar dinləyicini duaya tələsdirir. Amma yetərli məlumata malik olmayan insanlarda yersiz suallar da yarana bilər. Həzrət (ə) bu sualların aradan qaldırılması üçün bəzi mətləblər açıqlayır.

DUANIN EŞİDİLMƏSİNİN (YERİNƏ YETMƏSİNİN) TƏXİRİ
Bəziləri soruşa bilərlər ki, nə üçün dəfələrlə dua etdikləri halda, onların duaları qəbul olunmur? Əgər dua ilahi rəhmət xəzinələrinin açarıdırsa, nə üçün bəziləri dua etdikləri halda bu xəzinələrə yol tapa bilmirlər?
Həzrət öz dəyərli kəlamları ilə bu şübhələri aradan qaldırır: “Duanı gec eşitməsi (yerinə yetirilməsi) səni ümidsiz etməsin – həqiqətən bəxşişi istəyən qədərindən asılıdır.”
Əlbəttə, bir dəfə dua edib, oturmaq olmaz. Digər bir tərəfdən, duanın gec qəbul olunmasının da səbəbləri var. Əgər dua birinci dəfədə qəbul olunmursa, ümidimizi üzməməliyik. Duanın qəbulunun yubanmasının bir çox səbəbləri ola bilər. Məsələn, məqsəd dua edənin diqqətini cəmləşdirmək ola bilər. Allah-taala insanın daha çox dua edib, daha çox mərhəmət qazanmasını istəyir. Çünki insanın hər duası bir mərhəmət gətirir. Duası dərhal qəbul olan insan, adətən, daha dua etmir və beləcə, daha artıq mərhəmət qazanmaqdan məhrum olur. Əgər insan Allaha dua vasitəsi ilə yaxınlaşırsa, demək, çox dua etmək onun özü üçün faydalıdır.
Bəndələrin tutumu fərqlidir. Bəzən kiçik tutumlu insan uzun-uzadı dua edə bilmədiyindən Allah onun duasını daha tez qəbul edir. Hər halda, qəbulun bir yubanma səbəbi bəndəni daha çox duaya sövq etməklə onu daha geniş mərhəmətdən faydalandırmaqdır.

DUA BƏNDƏLİYİN ƏMƏLİ ETİRAFIDIR
Duanın cövhəri ibadətdir. Özünü sındırıb, istər zahirdə Allaha əl açan, istər batində onu çağıran şəxs ibadət edir. Çünki bu əməllər bəndəliyin və ilahi məqamın etirafıdır. İbadətin ruhu da elə bu mənadadır. Namaz qılmaq və ya digər bir formada Allahın böyüklüyünü, öz kiçikliyini izhar etmək ibadətdir. Duanın da mahiyyəti bundan ibarətdir. Əlini açıb, Allahı çağıran insan, şübhəsiz ki, özünü bəndə bilir. Əgər dua etməklə insan heç bir istəyinə çatmasa da, onun dua vasitəsi ilə bəndəliyini bildirməsi böyük işdir. Bəndəliyin izharı bütün duaların qəbul edilməsindən üstündür. Əfsus ki, insan duanın dəyərini qədərincə hiss etmir. Dua insanı Allaha yaxınlaşdırmaqdan əlavə, həm də ibadətdir. İstəklərinin qəbulu da öz yerində!

DUANIN QƏBUL ÖLÇÜSÜ (GÖSTƏRİCİSİ)
Bilməliyik ki, duanın qəbulunun yubanmasının yalnız bir hikməti daha çox dua edilməsi və daha çox mərhəmət əldə olunmasıdır. Başqa səbəblər də ola bilər. Həmin səbəblərdən biri duanın qəbulunun məsləhətli olmamasıdır. Yəni duanın qəbulu nəticəsində insan üçün zərərli şərait yarana bilər. Bəzən insan öz istəyinin nəticəsini müəyyənləşdirə bilmir və elə bir şey arzulayır ki, bu şey onun üçün xeyirli olmur.
Ümumiyyətlə, insan tələskən varlıqdır. (“İsra” surəsi, ayə: 11) O, duasının qəbul olunmasına tələsir. Amma bilmir ki, müəyyən nemətlər yalnız vaxtında əldə edildikdə səmərə verir. Allah-taala öz mömin bəndəsinə nəyi nə vaxt verməyi daha yaxşı bilir. İnsan bəzən tamamilə zərərli şeylər istəyir. Əlbəttə ki, Allah mömin bəndənin belə dualarını qəbul etmir. Belə bir dua dişi ağrıyan körpənin anasından şirni və ya başqa zərərli bir şey istəməsi kimidir. Ana uşağın bu arzusunu yerinə yetirirsə, ağrılar daha da güclənə bilər. Uşaq şirninin zərərindən xəbərsiz olduğu üçün öz istəyində təkid etsə də, ana onu sevdiyi üçün həmin arzunu yerinə yetirmir. Duanın qəbul olunmamasının səbəblərindən biri məhz insanın öz zərərinə bir şey istəməsidir.

İSTƏKLƏRİN DƏYİŞMƏSİ
Deyildiyi kimi, Allah-taala insanın bəzi dualarını məsləhət bilmir və insana daha xeyirli olan başqa bir nemət əta edir. Bu o demək deyil ki, dua qəbul olunmur. Məhz dua qəbul olunduğu üçün Allah başqa bir xeyir qismət edir. Allah öz bəndələrinin xeyrini onlardan daha yaxşı bildiyi üçün öz məsləhətini əta buyurur. Məsələn, bir şəxs Allahdan tələsik çoxlu var-dövlət istədikdə, Allah ona məsləhət gördüyü vaxt məsləhət bildiyi qədər var-dövlət yetirir. İnsan Allahdan bir şey istəyib başqa bir şey aldıqda düşünməməlidir ki, duası qəbul olunmayıb. Məhz onun duası sayəsində Allah öz məsləhət bildiyini əta edib. Bir sözlə duanın qəbul olunmaması və ya yubanması ilə Allahın duaları qəbul etmək haqqında verdiyi vəd arasında heç bir ziddiyyət yoxdur. Dua bəzən təxirlə, bəzən də əvəz edilərək qəbul olunur. İnsana münasib vaxtda istədiyindən də xeyirlisi əta olunur. Həqiqi bəndə heç bir halda Allaha etimadını itirməməlidir. Düşünməməliyik ki, Allah öz nemətini qıymamazlıq edir. Əksinə Allah daha xeyirli nemət yetirir. Dua həm də bəndənin Allaha yaxınlaşmasına səbəb olur.

DUADA İSRAR
Bu gözəl bəyanların ardınca Həzrət (ə) duanı ilahi mərhəmət xəzinələrinin açarı kimi tanıtdırır. Duada israrlı olmağı, onu tərk etməməyi tapşırır. Təkrar-təkrar dua oxumaq, Allahın duanı sevdiyini unutmamaq lazımdır. Çox dua etmək Allah dərgahında bəyənilmiş işdir. Duanın dərhal qəbul olunmamasının isə öz hikmətləri mövcuddur. Duanın qəbulu təxirə düşərsə, ondan kənarlaşmaq olmaz. Əmin olmaq lazımdır ki, Allah-taala etdiyimiz duaları eşidir və istəklərimizi əta edəcəkdir. Heç bir dua səmərəsiz qalmır. Dua yerinə yetmədikdə təkrar-təkrar Allahı çağırmaq lazımdır. Bilin ki, bu təkrarlar əldə edəcəyiniz mərhəməti artırır. Allahın mərhəməti sonsuz olsa da, onu əldə etmək üçün çalışmaq zəruridir. Bu mərhəmətə nail olmaq yollarından biri də duadır. Tutumunuz, dözümünüz imkan verdiyi qədər dua edin. Duanın qəbulu yubandığı qədər mərhəmət də çox olasıdır.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!