DUANIN MAHİYYƏTİ

:

DUA ZAMANI NƏ İSTƏYƏK?
Duanın müstəsna əhəmiyyətini nəzərə alaraq, Allahdan nə istəmək daha yaxşı olar? Dua açarı ilə ilahi xəzinələri açan insan, şübhəsiz ki, həmin xəzinədən ən qiymətli şeyi götürməyə çalışmalıdır. Görən, qızıl-gümüş, ləl-cəvahiratdan da dəyərli bir şey varmı bu xəzinədə?

Sözsüz ki, dünya nemətlərinin istənilən hər biri həmişəlik deyil və dünyada qalasıdır. Əbədi nemətlər isə həmişə insanın istifadəsindədir. Xəzinədən götürdüyümüz nemət axirət neməti olsa, heç vaxt əldən çıxmaz. İnsanın dərdini daha da artıran dünya nemətlərinə aldanmamalıyıq. Allahdan əbədi, davamlı, faydalı nemətlər təmənna etməliyik. Əks-təqdirdə, bir gün həmin nemətlərdən ayrılacaq və öz yanlış seçimimizə görə təəssüf edəcəyik.
Həzrət Əli (ə) imam Həsənə (ə) buyurur:
“Elə bir şey istə ki, yaxşılığı daha davamlı olsun, çətinliyi səndən uzaq; nə var-dövlət sənin üçün qalasıdır, nə sən var-dövlət üçün; tezliklə yaxşı və pis işinin sonunu görərsən və ya kərim bağışlayan səni bağışlayar. Bil, ey oğlum! Həqiqətən, sən dünya, yoxluq, diri qalmaq, ölüm üçün yox, axirət üçün yaradılmısan. Həqiqətən, elə bir mənzildəsən ki, onda bir neçə gündən artıq yaşamayacaq, köçüb-gedəcəksən; sonu axirət olan bir yoldasan; kimsənin qaçıb qurtara bilmədiyi ölümün şikarısan və sözsüz, bir gün səni tapasıdır; qorx ki, səni xoşagəlməz, pis halda tapsın; sən özünlə tövbə etməkdən danış, o isə səni tövbədən ayırsın; elə həmin an özünü puça çıxarmış olarsan.” (Nəhcül-bəlağə)
Əmirəlmöminin (ə) imam Həsənə (ə) öyüdünün araşdırılmasında söhbət bir nöqtəyə çatdı ki, buyruqların mehvəri dua, onun əhəmiyyəti, duanın insan səadətinə təsiri və günahların bağışlanması oldu. Bildik ki, bəzən dua təxirə salınır, bəzən daha xeyirli bir nemətlə əvəz olunur, bəzən isə onun faydası axirətdə verilir. Çünki Allah hansı nemətin daha xeyirli olduğunu və nə vaxt vermək lazım gəldiyini daha yaxşı bilir. İnsan zərərli bir şey istədikdə, Allah öz məsləhət bildiyini əta edir. Allah duanı qəbul edərkən dua edənin məsləhətini nəzərə alır. İndi isə dua haqqında bəzi məsələləri, incə nöqtələri araşdıracağıq.

DUA QƏBUL OLMAYA BİLMƏZ
Dua mövzusunda ən əsas məsələlərdən biri duanın qəbul olma məsələsidir. Bəzən fərqli formada da olsa, duaların adətən qəbul olunmasına şahid olmuşuq. Ona görə də deyə bilərik ki, bütün dualar qəbul dərəcəsinə çatır. Amma duanın qəbul şərtlərinə əməl edilməlidir. Məsələn, diqqət və səmimiyyətlə edilən dua heç vaxt rədd olunmur. Riyakarlıq, eqoistlik qatqılı duanın qəbuluna heç bir zəmanət yoxdur. Düzgün yerinə yetirilən dualar istisnasız olaraq qəbul edilir. Amma qəbul dərəcəsinə çatmayan dualar da var. Bəzi rəvayətlərdə duanın qəbul şərtləri bəyan olunur. İmam Sadiq (ə) buyurur: “Duanın qaydalarına əməl et. Şərtlərə əməl etmədiyin halda duanın qəbul olunmasını gözləmə.” (“Mizanül-hikmə”, c. 3)
Həzrət Əlidən (ə) bəzi duaların qəbul edilməməsi səbəbi soruşulduqda buyurur: “Bəzi duaların qəbul olunmamasının səbəbi işinizdə mövcud olan nöqsanlardır.” (“Biharül-ənvar”, c.93, səh. 322) Yəni ilkin şərtləri ödənməyən dualar qəbul edilmir. Amma qaydalara əməl olunduqda, bütün dualar qəbul edilir. Demək, qəbul olunmayan duamız yoxdur. Ya istədiyimiz şey, ya da ondan yaxşısı əta olunur. Yəni dua heç vaxt cavabsız qalmır. Sadəcə, duasının qəbul olummasını istəyən şəxs duanın şərtlərinə əməl etməlidir. Məsələn, şərtlərdən biri budur ki, Allahdan onun məsləhət bildiyi şeyləri istəyək. Allahı alim, özünü cahil bilən insan heç vaxt duada müəyyən bir şey üçün israrla ağız açmır. Duanın şərtlərindən biri Allahdan onun hikmətinə zidd olan şeylərin istənilməməsidir. Duada özününümayiş və riyaya yol vermək olmaz. Belə dualar qəbul olunmur. Allah-taala xalis, diqqətli, səmimi bəndənin əlini heç vaxt boş qaytarmır. Məlum olur ki, duanın şərtlərinə əməl olunduqda, onun rədd edilməsi ehtimalı yoxdur.

DUA VƏ DİNİ VƏZİFƏ
Bəzən insan hansısa təşviq səbəbindən ifrata varır, hansısa məzəmmətin təsiri altında təfritə, məsuliyyətsizliyə yol verir. Bu təhlükənin qarşısını almaq üçün digər bir incə nöqtəni da açıqlamaq lazım gəlir. Bəziləri dua halında xoş, təşviqedici sözlər eşitməklə bütün işlərini buraxıb duaya məşğul olur və bu işdə ifrata varırlar. Elə düşünürlər ki, onlar dua etməli, Allah da bütün işləri qaydaya salmalıdır. Dua heç vaxt vacib dini vəzifəni əvəz edə bilməz. Vacib vəzifəni bütün şərtlərə əməl edərək səy və diqqətlə yerinə yetirmək lazımdır. Dua və zikr namazı əvəz edə bilmədiyi kimi, heç bir vacib vəzifəni də əvəz edə bilməz. Cihad vəzifəsini hansı dua əvəz edə bilər?! Əmirəlmöminin (ə) dövründə bir qrup şəxs cihadda iştirak etməz və bunu ibadətə məşğul olmaları ilə izah edərdilər. Bəziləri isə məsciddə oturub, cihad üçün dua edər və bununla da öz vəzifəsini bitmiş sayardılar. Hansı ki, dua vacib vəzifəni öhdədən götürmür və cihadda iştirak etmək vacib bir vəzifədir.
Unutmayaq ki, dövrümüzdə elmə yiyələnmək olduqca vacib bir vəzifədir. Hazırkı vaxtda elmi cihad hərbi cihad kimi, bəlkə ondan da artıq əhəmiyyətə malikdir. Çünki bu gün müsəlman dünyasının dəyərli alimlərə ehtiyacı ödənməmişdir. İslamı düzgün tanıyıb-tanıtdıran alimlərə böyük ehtiyac var. Müsəlman dünyası həqiqi alimlərə ehtiyaclıdırsa, elm öyrənmək hər birimizə vacibdir. Nə qədər ki, bu vəzifə ödənməyib, dərs oxumaq, elm sahibi olmaq əvəzinə dua oxusaq, nəinki bu dualar nəticəsiz olacaq, hətta günah yazılma ehtimalı da var. Vacib vəzifədən istənilən bir bəhanə ilə boyun qaçırmaq günahdır. Xalqı cəhalətdən qurtarmaq istəyən şəxs əvvəlcə özünü cəhalətdən qurtarır, sonra isə öyrəndiklərini başqalarına öyrədir. Heç bir müstəhəb iş vacib işi əvəz edə bilməz. Vacib vəzifə öhdədə olduğu halda müstəhəb işə məşğul olmaq olmaz.
Vacib vəzifələri dua ilə müqayisə etdik. İndi isə bir addım irəli atıb, duanı müstəhəb əməllərlə müqayisə edək. Qısa şəkildə qeyd edək ki, hətta müstəhəb əməli də dua ilə əvəz etmək olmaz. Dua özü müstəhəb əməldirsə də, digər müstəhəb əməllərdən üstün deyil. Yəni hansısa müstəhəb iş əvəzinə dua etmək düzgün deyil.

HƏR ŞEY ÖZ YERİNDƏ YAXŞIDIR
İnsan biryönlü, birtərəfli mövcud deyil. İnsan ruhunun müxtəlif yönləri var. İnsan vücudunun hər bir yönü müəyyən qaydalara riayət etməklə kamilləşir. Əgər insan ibadət, iqtisadiyyat, siyasət kimi sahələrdən yalnız birinə aludə olarsa, onun ruhi tarazlığı pozular və təkamül yolu üzünə bağlanar. Yalnız bir bədən əzası işlək vəziyyətdə olan insanın, təbii ki, digər əzaları inkişafdan dayanasıdır. Məsələn, başı bədəninə nisbətən çox böyük olan insanın bədənindəki mütənasiblikdən danışmağa dəyməz. Mütənasiblik olmayan yerdə gözəllik ola bilərmi?! Ruh da belədir. Birtərəfli inkişaf edən ruh öz tarazlığını itirir. Yalnız duaya məşğul olub, elm və təhsildən uzaqlaşan insan qeyri-mütənasib inkişaf edir. Sileyi-rəhm (yaxınları yoxlamaq), fəqirə kömək, xalqa xidmət barədə düşünməyən insan təkcə dua etməklə kamala çata bilməz. Bəziləri dua etsə də, pulunu çox sevdiyindən fəqirə əl tutmur. Belə insan heç vaxt ideal həddə inkişaf edə bilməz. Eləcə də, xeyirxah işlərlə məşğul olduğu halda, nə özünə, nə də başqalarına dua etməyən insan həqiqi təkamülə nail ola bilmir. Bütün dini hökmləri kompleks şəkildə nəzərdə tutub, hər bir işə münasib yer vermək lazımdır. Əgər Həzrət (ə) duanı ilahi xəzinələrin açarı kimi tanıtdırırsa, bu o demək deyil ki, insan bütün işlərini atıb, yalnız dua etməlidir. Dua göstərişinin Quran oxunmasına, müstəhəb işlər görülməsinə, elm öyrənilməsinə, xeyriyyəçiliyə heç bir maneçiliyi yoxdur və dua bu kimi işləri əvəz etmir. Əslində hər şey öz yerində daha yaxşıdır. Dua insanın digər işlərinə mane olmamalıdır. İnsan özü üçün münasib ibadət proqramı hazırlamalıdır ki, bütün ilahi, ruhani nemətlərdən faydalana bilsin. Unutmamalıyıq ki, bütün işlərdə tarazlığı gözləmək lazımdır. Tarazlıq isə o zaman yaranır ki, bütün dini göstərişlərə bir tam kimi yanaşılsın. Hər bir vəzifəni zəruri həddə yerinə yetirmək, ifrat və təfritdən çəkinmək lazımdır.
 
GÜC QƏDƏRİNDƏ VƏZİFƏ
Əgər bütün ibadət və dini göstərişlərdən faydalanmaq lazımdırsa, ayrı-ayrı insanlar üçün hansısa bir hədd müəyyənləşdirilmişdirmi? Hamı eyni dərəcədə vəzifəlidir, yoxsa ayrı-ayrı dərəcələr var? Əvvəla, hamı eyni dərəcədə vəzifəli deyil. Belə bir göstəriş yoxdur ki, hamı eyni qədər Quran oxumalı, eyni qədər dua etməlidir. Vəzifə dərəcələri fərqlidir. Məsələn, təhsil hazırlığı olan insanın təhsil məsuliyyəti başqalarından çoxdur. Həmin şəxs bu vəzifəni öhdəsinə götürdükdən sonra cəmiyyətin ehtiyacı ödənərsə, başqaları bu vəzifədən qismən azad olur. Artıq bu şəxs üçün elmi təhsil vacib vəzifəyə çevrilir. Amma ruhun kamilləşməsi üçün duadan da faydalanmaq lazımdır. Təhsil üçün münasib olan vaxtı isə duaya sərf etmək olmaz. Hər vəzifəni öz yerində icra etmək məqsədəmüvafiqdir. Dərsi dua ilə əvəz etmək yox, azad və fəzilətli vaxtlarda dua oxumaq lazımdır. Amma ictimai fəaliyyət üçün gücü olmayan insan evdə oturub, duaya məşğul olarsa, eybi yoxdur.
Deməli, müxtəlif insanların vəzifə dərəcəsi də müxtəlifdir. Vəzifəli, var-dövlətli insanın məsuliyyəti fəhlənin məsuliyyətindən qat-qat ağırdır. Varlı öz varına uyğun həddə yoxsullara əl tutmalıdır. İnsanlar dini vəzifələr qarşısında öz güc və məlumatları səviyyəsində məsuldurlar. Əlbəttə ki, dəqiq proqram tənzimləmək çətindir. Əxlaq alimlərinin fikrincə, bu işdə mütəxəssislərdən kömək istəmək lazımdır. Mütəxəssislər hərtərəfli məlumata malik olduqları üçün qarşı tərəfin imkanlarını nəzərə alaraq daha münasib proqram hazırlaya bilərlər. Bəli, təcrübəli insanların məsləhəti həmişə faydalı olur.

İNSANIN TƏKAMÜL TUTUMU
Deyildiyi kimi, insan çoxtərəfli mövcud olduğundan onun təkamülü üçün bütün tərəflər nəzərə alınmalıdır. Təkamülə nail olmaq üçün insanın bütün vücudunu əhatə edən İslam göstərişlərinə kompleks şəkildə əməl olunmalıdır. Ruhumuz dini göstərişlərə ehtiyaclıdır və hər bir göstərişə yerində əməl olunmalıdır. Yalnız bir qisim göstərişlərə əməl edən şəxs öz təkamülünün qarşısını alır. Təkamül yolunun yolçuları hansısa göstərişi yaddan çıxarmamaq üçün daim ehtiyatlı hərəkət edirlər. Mərhum Əllamə Təbatəbai buyurur: “Əxlaq ustadım mənə göstəriş verdi ki, “Biharül-ənvar” çoxcildliyindən Peyğəmbərin (s) həyatı ilə bağlı hədisləri toplayım. Bu yolla həm öz həyatımda Peyğəmbər (s) qaydalarına diqqət yetirim, həm də başqaları bu məcmuədən istifadə etsinlər...” Bu göstəriş “Peyğəmbər (s) sünnəsi” kitabının yaranmasına səbəb olur. Məcmuədə toplanmış rəvayətlərdən birində nəql olunur ki, həzrət Peyğəmbər (s) dəniz çəyirtkəsindən hazırlanmış xörəkləri xoşlayardı. Peyğəmbərsayaq yaşamağı qarşısına məqsəd qoymuş Əllamə Təbatəbai heç olmaya bir dəfə Peyğəmbərin (s) xoşladığı xörəkdən yemək üçün axtarıb dəniz çəyirtkəsi tapır!! Bəli, kamillik arzusunda olan insan Peyğəmbər (s) və Əhli-beytinin həyatındakı son incəlikləri də öz həyatına tətbiq etməyə çalışır. Qurani-Kərimdə oxuyuruq: “(Ya Peyğəmbər) de ki, əgər siz Allahı sevirsinizsə, ardımca gəlin ki, Allah da sizi sevsin...” (“Ali-İmran” surəsi, ayə: 31) Son Peyğəmbər (s) və məsumların həyat yolunu daim diqqət mərkəzində saxlamalıyıq. İlahi göstərişlərin bir hissəsinə əməl edib, digər hissəsinə göz yuman insan birtərəfli inkişaf edir.
Dua haqqında söhbətimizin sonunda qeyd etməliyik ki, təbii vasitələrlə əldə olunası bir istəyi duada tələb edib, fəaliyyətdən qalmaq düzgün deyil. Allah və onun hikmətləri ilə tanış olan insan başa düşür ki, mövcud iş vasitələri Allahın hikməti əsasında əta olunmuşdur. Allah-taala behiştdə olacağı kimi, dünyada da insanın ruzisini mələklər vasitəsi ilə verə bilərdi. Amma səy göstərməyən, yerində oturub qalan insan təkamüldən məhrum olur. Dünya imtahan, istedadların çiçəklənmə məkanıdır. Bu məkanda inkişaf insanın öz hərəkətindən asılıdır. Düşünməyin ki, dini vəzifələrin icrasına məcbur edilən insan bu vəzifələri azad şəkildə icra edən insanla eyni fayda götürsün. Sözsüz ki, şəxsi istəklə görülən işlərin təkamüldə rolu böyükdür. Əlbəttə ki, ictimai zərərli hərəkətlərin zorla da olsa qarşısı alınmalıdır. Amma fərdi məsələlərdə məcburiyyətə yer yoxdur. Bir sözlə, insanın təkamülü onun öz iradəsi ilə yerinə yetirdiyi vəzifələrdən asılıdır. Əgər insan öz ruzisini çalışıb özü əldə etməlidirsə, bunun səbəbi həmin yolda rastlaşacağı minlərlə sınaqdır. Məhz bu sınaqlar vasitəsi ilə təkamül şəraiti əldə olunur. İmtahan yolunda qarşıya çıxan vəzifələri layiqincə yerinə yetirənlər mənəvi kamala çatır, vəzifədən boyun qaçıranlar isə azğınlıq uçurumuna yuvarlanır. Məsələn, həyatı boyu düzgünlüyə əməl edənlər kamala çatır, hiylə və fırıldaqla yaşayanlar süquta uğrayır. Məhz bu baxımdan, insan daim müxtəlif məsuliyyətlərlə üzbəüzdür. Allah-taala insanı günahdan uzaq, pak da yarada bilərdi. Amma həmin halda heç bir təkamülə yer qalmazdı.
Maraqlıdır ki, insan Allahın hikmətlə yaratdığı vasitələri gördüyü halda, çalışmaq əvəzinə, qarşıya çıxan problemlərin dərhal həll olmasını gözləyir. Belə məqamlarda duası qəbul olunmayan bəzi şəxslər Allahdan gileylənir, inciyir. Onlar anlamırlar ki, qarşıdakı problemlərin həlli üçün çalışmayan insan kamala çata bilmir. Bütün çətinliklərin dua yolu ilə həll olunacağını gözləmək sadəlövhlükdür. İnsan çalışmalı və eyni zamanda dua edərək, Allahdan yardım istəməlidir. Mömin insan bütün şərtlərə əməl edərək duaya üz tutur. Bundan əlavə, möminlər üçün dua Allahla danışmaq bəhanəsidir. İstənilən bir vasitə ilə bəndəliyini izhar etmək istəyən insan üçün dua da növbəti bir vasitədir. Yoxsa mömin gözəl anlayır ki, Allah-taala öz bəndəsinin səadətini təmin edəsidir.

Kitabın adı: Əbədi öyüd
Tərcümə edən: M. Turan

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!