RƏBBIN DƏRGAHINDA - 10

:

DUANIN QAYDALARI

İmam Sadiq (ə) buyurur: «Duanın qaydalarını gözlə.(riayət elə)..»[1]

Necə dua edək? Məgər dua etməyin qayda və şərtləri var? Yoxsa xüsusi yer və xüsusi vaxta ehtiyac var?


Quran və pak Əhli-beyt (ə) rəvayətlərindən məlum olur ki, Allahın dərgahına çatmaq üçün heç bir xüsusi yer və xüsusi vaxt lazım deyildir. Allahın rəhmət qapısı Onun yolçularının üzünə həmişə açıqdır. İnsan hər zaman Allaha qəlbini açarsa, Allah onun cavabını verər.

Əlbəttə, cümə axşamı və Qədr gecəsi kimi zamanlarda, Məscidul-həram, imam Hüseynin və başqa imamların məzarları kənarında dua etməyin fərqli xüsusiyyətləri var. Lakin Quran və rəvayətlər dua etmək üçün başqa qaydalar da göstərir. Bunlardan ən mühümü dua zamanı və duadan qabaq Allahın əzəməti haqda düşünməkdir.

Allah-taala buyurur: “Rəbbinizi inilti ilə və ahəstə çağırın!”[2]

Bu ayədə dua etmək əmr olunur. Lakin ayə buyurur ki, dua inilti ilə və ahəstə şəkildə olsun. Bu ayədə iki nöqtə qeyd olunur: Ahəstə dua etmək, yalvarış və inilti halında olmaq:

Allah bəndələrinə yaxındır, onların duasını eşidir. Buna görə də qışqırıq və fəryada ehtiyac yoxdur. Möminlərə peyğəmbərin yanında səslərini qaldırmamaq tapşırılmışdı. Bəs qarşı tərəf Allahdırsa necə?! Özünü Allahın qarşısında hiss edən kəs Onun hüzurunda səsini qaldırmaqdan həya etməlidir.

Qurani-Kərimdə “təzərrö” (yalvarış, ahu-zar) dəfələrlə zikr olunmuş bir nöqtədir. Bu nöqtələrin zikri, bəzilərinin təsəvvürünə zidd olaraq, duanın sırf nəfsə təlqin olmadığını göstərir. Duada başqa bir nöqtə də var. Əks-təqdirdə təlqin “təzərrö”dən da üstün digər bir şəkildə mümkün olardı. Qurani-Kərimin iki ayəsində “təzərrö” ilə bağlı oxşar məfhumlar ifadə olunur. Ayələrdən birində buyurulur: “Səndən əvvəl də ümmətlərə (peyğəmbərlər) göndərdik. Sonra onları müsibət və fəlakətə düçar etdik ki, bəlkə yalvaralar.”[3]

Başqa bir ayədə isə belə buyurulur: “Biz hansı bir məmləkətə peyğəmbər göndərdiksə, onun əhalisini müsibət və bəlaya saldıq ki, bəlkə, Allaha yalvarıb-yaxarsınlar!”[4]

Bu iki ayədə xalq təkid ilə Allaha yalvarmağa və ahu-naləyə dəvət olunur.

Nə üçün “təzərrö” (yalvarış, inilti)? İnildəməyin bizə hansı faydaları var? Allah nə üçün bu hala çox təkid edir?

Bəşəriyyətin ruhu elə yaradılıb ki, insan özü ilahi dərgaha yalvarıb-yaxarmasa bəlaya düçar olar.

İnilti və yalvarış insanı xudbinlik və təkəbbürdən uzaqlaşdırır, onu Allah qarşısındakı vəziyyətindən agah edir. Çünki inilti və yalvarış halı şəxsiyyətin sınması ilə əldə olunur. İnsanın göz yaşı, inilti və yalvarışla özünü sındırması Allah hüzurunda bəndəliyin ən gözəl nümayişidir.

Qüdsi hədisdə nəql olunur ki, Allah-taala İsaya buyurdu: “Ey İsa Məni yalvarışsız çağırma!”[5]

Başqa bir hədisdə Allah-taala buyurur: “Ey İsa özünü kiçilt!”[6]

Yalvarış və inilti halına çatmaq Allahın istəyi ilə mümkündür. İstədiyimiz vaxt yalvarış və iniltiyə müvəffəq ola bilmərik.

Əlbəttə, bizim yalvarışlarımız, ahu-nalələrimiz, təvazökarlığımız və kiçikliyimizin Allah üçün heç bir faydası yoxdur. İnsan öz əməlləri ilə Allaha fayda vermək gücündə deyil.

Allah öz yaradıcılığı, feyz verməsi və lütfü ilə bəzi halətlər əta edir və bunun nəticəsində iman, hidayət və mərifətimizi artırır. Allah bizə öz günahlarımızı tanıyıb onları etiraf etmək üçün tövfiq verir. Bunlar İlahinin lütflərindəndir.

Təkəbbür və qürurumuz Allahla aramızda olan maneədir. İnsan bu maneə və ya pərdələri götürsə, özünü Allahın qarşısında zəlil və biçarə görəcəkdir. Bununla da, o, Allahın geniş rəhmətinə daxil olacaqdır.

Allahın rəhməti şəlalə kimi daim cərəyandadır. Biz öz günahlarımızı etiraf edib, daim yalvararaq özümüzü geniş ilahi rəhmətə şamil edə bilərik. Öz mənliyimizi sındırmaqla qabiliyyət tapıb, ilahi rəhmətdən daha çox faydalanarıq. Başqa yolla işlərimizə rəhmət kölgəsi düşməyəcəkdir.

Deyildiyi kimi, duanın həqiqəti Allahın qarşısında bəndəlik və kiçikliyin göstərilməsidir. Bu kiçiklik hissi hər nə qədər böyük olarsa, insan Allaha bir o qədər yaxınlaşar. Əlbəttə ki, Allah bəndələrinin Onun qarşısında kiçilməsindən ləzzət almır. Allahın heç kəsə heç bir ehtiyacı yoxdur. Hətta heç bir mövcudu yaratmasaydı da, qorxu və tənhalıq hiss etməyəcəkdi. Necə ki, bu mövcudları yaratmamışdan əvvəl də belə idi. Allah öz zatında bütün kamilliklərin sonsuz şəklinə sahibdir. Başqalarının kiçilməsi Onun üçün hansısa bir hissin yaranmasına səbəb olmur və bu kiçilmə Allah üçün elə bir kamillik dərəcəsi yaratmır ki, əvvəllər onda olmamış olsun.

Əlbəttə, Allah bizim ibadətimizdən razı və şad olur. Çünki ibadət bizim üçün kamillik səbəbidir. İnsanın ən üstün kamillik dərəcəsi Allah qarşısında öz eyiblərini tanımasında, Allah ilə əlaqəsində, kiçiklik göstərməsində, Ona qarşı məhəbbətli olmasında və bu həqiqətləri dərk etməsindədir. İnsan bu mərifət və tanışlıq nəticəsində hər şeyə yiyələnə bilər. Bu, insanın Allaha qovuşmasının sirridir. İnsan bu yolla Allahın görüşünə gedə bilər. İnsan öz kiçiklik və ehtiyacını anlayıb, bunları Allah qarşısında etiraf etməyənədək Allaha doğru yol tapmayacaqdır. Çünki insanın varlığı Allah qarşısında kiçilmə və Onunla əlaqədən ibarətdir. Bu mövzu öz yerində sübut olunmuşdu.

Qorxu və ümid halında olmaq duanın digər şərtlərindəndir. Dua insanın Allaha diqqəti və bəndəlik əlaqələrinin möhkəmlənməsindən ibarətdir. Bu əlaqədə iki tərəf var. Birinci tərəf böyük Allahdır, ikinci tərəf isə günahkar bəndə. İnsan öz günahını yada saldıqda xəcalət hissi keçirir, Allahın rəhmətini gördükdə isə ümidvar olur. İnsan bir tərəfdən Allahın əzabından qorxub nigaran olmalı, başqa bir tərəfdən bütün günahları bağışlansa belə Allahdan heç bir şey azalmayacağını nəzərə almalıdır. Bu insan üçün həmişə gərəkli olan qorxu və ümid halıdır. “Əbu Həmzə Somali” duasında bu nöqtəyə diqqət yetirilmişdir.

Dua üçün başqa qaydalar da deyilmişdir. O cümlədən, imam Sadiqdən (ə) bir rəvayətdə nəql olunur: “Duanı Allahın həmd sənası ilə başlayın. Sonra onun nemətlərini sayın. Daha sonra öz günahlarınızı yada salıb onları etiraf edin və Allahdan bağışlanma və əfv tələb edərək Mühəmməd və onun pak Əhli-beytinə salavat göndərin.”[7]

Dəstəmazlı olmaq, batini və zahiri paklığa və səliqəyə riayət etmək, qəlbin möminlərə münasibətdə kindən təmizlənməsi, duadan qabaq sədəqə vermək, başqalarının səhvini bağışlamaq, duada başqalarına önəm vermək, duadan əvvəl və duanın sonunda Mühəmməd (s) və onun pak Əhli-beytinə salavat göndərmək İslam rəvayətlərində dua üçün göstərilmiş qaydalardandır. Bütün bunlar insanın Allah ilə əlaqəsinin möhkəmlənməsi və dua zamanı qəlb üçün hazırlıq səbəblərindəndir. Əsas nöqtə budur ki, Allahın hər şeyə qadir olduğunu və bütün olanlarımızın Ona məxsusluğunu anlayaq.

Ardı var...

 

ARDINI BURADAN OXUYUN


[1] Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 93-cü cild, səh.322, 16-cı rəvayət

[2] “Əraf” surəsi, ayə 55.

[3] “Ənam” surəsi, ayə 42.

[4] “Əraf” surəsi, ayə 94.

[5] Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 14-cü cild, səh.290, 14-cü rəvayət.

[6] Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 14-cü cild, səh.298, 14-cü rəvayət.

[7] Məhəmməd Baqir Məclisi, “Biharul-ənvar”, 93-cü cild, səh.317, 21-ci rəvayət.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!