İSMƏTİN (GÜNAHSIZLIĞIN) QİSİMLƏRİ

:

İsmət elmi və əməli adlı iki kateqoriyaya bölünür və onları bir-birindən ayırmaq mümkündür. Peyğəmbərlərin ismət məqamı isə hər ikisinə aiddir; yəni peyğəmbərlər həm elmlərində, həm də əməl və rəftarlarında ismət məqamına malikdirlər.1

İSMƏTİN DƏRƏCƏLƏRİ
1. Günahdan qorunmaq: İsmətin dərəcələrindən biri peyğəmbərlərin bütün günahlardan uzaq olmasıdır. İnsanları doğru yola yönəldən, onlara tərbiyəvi örnək sayılan və Allahın vəhy mesajlarını çatdıranlar son dərəcədə pak-pakizə olmalıdırlar. Əqli və nəqli dəlillərə görə, peyğəmbərlər mütləq ismət məqamına malik olub, hər növ çirkinliklərdən uzaqdırlar və onların başında İslam Peyğəmbəri (s) durur.
2. Vəhyin və ilahi tapşırıqların qəbulu, mühafizəsi və təbliğində yanlışlıqlardan qorunmaq: Peyğəmbərlər ilahi tapşırıqların və vəzifələrin, başqa sözlə, vəhyin qəbulu, mühafizəsi və təbliğində yanlışlıqlardan uzaq olmalıdırlar ki, ilahi məqsədləri həyatda gerçəkləşsin və onlara zərər toxunmasın. Çünki onlarda səhv və xəta ehtimalı verilsə, camaatda onlara qarşı etimadsızlıq yaranar.
3. Fərdi və ictimai işlərdə, şəriətin tətbiqində səhv və yanlışlıqlardan qorunmaq: Peyğəmbərlər şəriətin tətbiqində, fərdi və ictimai işlərdə də səhv, xəta və günahdan uzaqdırlar. Şəriətin tətbiqi ilə bağlı namazın rükətlərini, cəza tədbirlərinin icrasını və həyatın gündəlik işlərində səhv və yanlışlıqlardan uzaq olmağı misal göstərmək olar.2 Onların həyatının bu hissəsi bütün xəta və unutqanlıqdan uzaqdır və geniş ismət məqamı çərçivəsinə daxildir. Qeyd edəcəyimiz qəti əqli və nəqli sübutlara əsasən, peyğəmbərlər və onların ən üstünü İslam Peyğəmbəri (s) ismətin hər üç dərəcəsinə malikdir. Şeyx Müfid bu şərif ayənin –وَالنَّجْمِ إِذَا هَوَى. مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى  (And olsun çıxmaqda və batmaqda olan ulduza! Sizin yoldaşınız və dostunuz (Mühəmməd (s)) nə (əməldə səadət) yolundan çıxmış, nə də (əqidəsində haqdan) azmışdır.)3 – təfsirində belə yazır: “Mütəal Allah bu bəyanla İslam Peyğəmbərinin (s) vücudundan hər növ günah və unutqanlığın uzaq olduğunu bildirmişdir.”4
Peyğəmbərlərin səhv və unutqanlığı ilə əlaqədar bəzi hədislər nəql olunsa da, qəti əqli və nəqli dəlillərlə belə hədislərə yer qalmır. Şeyx Tusi bu haqda yazır: “Bizim nəzərimizdə bu sayaq rəvayətlər etibarsızdır. Çünki əqli dəlillər məsumların səhv və unutqanlıqlardan uzaq olduğunu sübuta yetirir.”5 O, həmçinin “Təhzib” kitabında yazır: “Ağıllar belə hədisləri qəbul edə bilmir.”6
Allaha mərifəti olan, peyğəmbərləri tanıyan və onların hədəflərinə diqqət yetirən şəxsə belə hədislərin həqiqət olmadığı bəllidir. Şeyx Səduq yazır: “Peyğəmbərlərin bəzi işlərində ismət məqamını inkar edən şəxs, sözsüz ki, onları tanımamışdır.”7 Ariflərin görünüşündə nübüvvət və imamət məqamına malik olanlar yer üzündə Allahın xəlifələri – Onun camal və cəlal sifətlərinin təzahürləridir. Ayətullah Cavadi Amulinin dediyi kimi, yalnız mütləq ismət məqamına nail olanlar Allahın xəlifəsi adını daşıyırlar.”8
Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Təfsiri mozuiye-Qurani-Kərim”, “Qurani-Kərimdə vəhy və nübüvvət” bölümü, Ayətullah Cavadi Amuli, 3-cü cild, səh.197, Qum, “İsra” nəşriyyat mərkəzi, 1-ci çap, 1381-ci h.ş. ili.
2. “Əl-ilahiyyat əla hudəl-kitabi vəs-sunnəti vəl-əql”, Ayətullah Cəfər Sübhani, Qum, “Beynəlxalq əl-Müstəfa (s) universiteti”nin nəşriyyatı.
3. “Nəcm” surəsi, ayə 1-2.
4. “Əl-musənnəfat”, Şeyx Mufid, “Əl-mutəmirul-aləmil-əlfiyyə əş-Şeyxil-Mufid” nəşriyyatı, 4-cü cild, səh.63, 1-ci çap, 1413-cü h.q. ili.
5. “Əl-istibsar”, 1-ci cild, səh.367-368, Beyrut, “Darut-təaruf” nəşriyyatı, 1412-ci h.q. ili.
6. “Təhzibül-əhkam”, 2-ci cild, səh.181, Tehran, “Darul-kutubil-ummiyyə”, 4-cü çap, 1365-ci h.ş. ili.
7. “Biharul-ənvar”, 11-ci cild, səh.72, Beyrut, “Əl-vəfa” müəssisəsi, 4-cü çap.
8. “Təfsiri mozuiye-Qurani-Kərim”, “Qurani-Kərimdə vəhy və nübüvvət” bölümü, Ayətullah Cavadi Amuli, 3-cü cild, səh.237, Qum, “İsra” nəşriyyat mərkəzi, 1-ci çap, 1381-ci h.ş. ili.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!