PEYĞƏMBƏRİ-ƏKRƏMDƏN (S) MƏSƏLLƏR

:

Qurani-Kərimin əsl müəllimi və təfsirçisi olan Peyğəmbəri-Əkrəmin (s) kəlamlarında məsəllər də ayrıca yer tutur və onların arasında bəlağətli təşbeh və gözəl istiarələr çoxdur.

Təəssüflər olsun ki, bu məsələyə keçmişdə hədis alimi Tirmizidən başqası maraq göstərməmişdir. O, “Əbvabul-əmsal ən Rəsulillah” adlı hədis kitabının ayrıca bir fəslində o həzrətdən on dörd məsəl nəql edir. Sonralar Cəlaləddin Süyuti bu işi davam etdirərək “Camius-səğir” kitabında Peyğəmbəri-Əkrəmdən (s) təqribən qırx iki məsəl nəql edir. Xoşbəxtlikdən, müasir dövrdə tədqiqatçı alim cənab Məhəmməd Qərəvi bu mövzuya xüsusi əhəmiyyət verərək diqqətəlayiq araşdırmalar nəticəsində (Peyğəmbərin (s) məsəllərini) “Əmsalun-Nəbəviyyə” adlı iki cildli kitabda toplaya bilib. Biz burada o həzrətin dəyərli məsəllərindən bir neçəsini qeyd edirik:

 1. “(Gündəlik qılınan) beş namaz insanın evinin kənarından axan və gün ərzində onda beş dəfə yuyunub, bütün çirklərdən təmizləndiyi çaya bənzəyir.”

مثل الصلوات الخمس كمثل نهر جارٍ عذبٍ على باب أحدكم يغتسِلُ فيه كلَّ يوم خمس مرّات فما يَبقى ذلك من الدَّنس

2. “Camaata xeyirxahlığı öyrədib özünü unudan alim ətrafını işıqlandırıb özünü yandıran çırağa bənzəyir.”

 مثلُ العالمِ الذى يعلّم الناسَ الخيرَ و يُنسى نفسَه كمثل السراج يضىء للناس و يُحرِق نفسَه

3. “Mənim Əhli-beytim Nuhun gəmisinə bənzəyir; ona minən nicat tapar, ondan üz
döndərən isə qərq olar!”

 إنَّما مَثَلُ أهلِ بَيتي كَسَفينَةِ نوحٍ، مَن رَكِبَها نَجا، ومَن تَخَلَّفَ عَنها غَرِقَ

4. “Mömin sünbül kimidir, bəzən əyilər, bəzən də qalxar.”

مثل المؤمن كمثل السنبلة تميل أحياناً وتقوم أحياناً

Kitabın adı: Qurani-kərimdə ibrətamiz məsəllər
Tərcümə edən: Rza Şükürlü

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!