QURAN ƏBƏDİ MÖCÜZƏDİR

:

Bir qədər əvvəl məlum oldu ki, peyğəmbərləri yalnız onların göstərdikləri möcüzələrlə tanımaq mümkün olur. Onlar müəyyən müddət ərzində yaşadıqları üçün, göstərdikləri möcüzələr də məhdud və müvəqqəti olmuşdur.


Möcüzələr müvəqqəti olsa da, Allah-taala, peyğəmbərlərin vasitəsilə öz höccətini onların üzərində tamamlamış və beləliklə möcüzələr nəsilbə-nəsil nəql olunmuşdur.
Amma belə nəzərə gəlir ki, bu möcüzələr içərisində əbədi olaraq öz təsirini qoruyub saxlayacaq bir möcüzəyə də ehtiyac vardır. Çünki əvvəlki peyğəmbərlərin möcüzələri zaman keçdikcə ya unudulur, ya da müxtəlif səbəblər üzündən müəyyən şəkk-şübhələrə məruz qalır. Belə bir halda, gələcək nəsillər peyğəmbərlərin möcüzələrindən agah olmayıb, yəqinlik hasil etməkdən məhrum olarlar. Ən başlıcası isə Allahın insanlar üzərindəki höccəti tamamlanmaz, onların üzərlərinə düşəcək vəzifələr müəyyənləşdirilməmiş qalar. Bu isə ilahi hikmətlə heç bir şəkildə uyğun gəlmir. Bu səbəbdən də əbədi peyğəmbərlik, əbədi bir möcüzə tələb edir. Çünki əbədi peyğəmbəri təsdiqləyəcək yeganə amil, onun gətirdiyi əbədi möcüzə olacaqdır. Allah-taala əbədi möcüzə olan Quranı, əbədi və sonuncu peyəmbəri (s) təsdiqləmək üçün nazil etmişdir. Onun peyğəmbərliyi keçmiş nəsillər üçün dəlil olduğu kimi, gələcək nəsillər üçün də açıq-aşkar höccət və dəlil olacaqdır.

Dediklərimizdən belə bir nəticəyə gəlirik:
1. Quran, Məhəmməd (s)-ın özünün və eləcə də digər peyğəmbərlərin möcüzələrindən daha üstün və daha fəzilətlidir. Çünki Quran müəyyən dövr və şəxslər üçün deyil, əbədi olaraq bütün bəşəriyyət üçün nazil olmuşdur. Quran, mübarizə səhnəsində rəqibi olmayan, qiyamət gününədək bəşəriyyətə hakim olan əbədi ilahi qanundur.
2. O dövrün möcüzələri məhdud və müvəqqəti olduğu üçün, keçmiş şəri hökm və ictimai qanunlar da qüvvədən düşmüş hesab olunur.
Quranın özünəməxsus xüsusiyyəti, onu digər peyğəmbərlərin möcüzələrindən fərqləndirir və ona xüsusi dəyər verir. O da, Quranın bəşəriyyəti xoşbəxt həyata, kamala, səadətə hidayət etməsi və onlara belə bir həyat tərzini təlim verməsidir. Bildiyimiz kimi cahiliyyət dövründə yaşayan ərəblər əxlaq normalarına yiyələnməyən, bütpərəstliyə, günahsız qanlar tökməyə adət etmiş kəslər olmuşlar. Quran belə bir inadkar qövmü, daha dəqiq desək milləti, cəhalət, rəzalət və zülmətdən çıxarıb yüksək mədəniyyətə, həqiqi əxlaq və insaniyyətə qovuşdurdu. İslamın və Peyğəmbər (s)-ın şəhadət şərbətini, səhabələrinin parlaq tarixini mütaliə edən hər bir şəxs, Quranın əzəmətini və bəşəriyyətin hidayətində qoyduğu izin şahidi olacaqdır.
Ərəbistan yarımadasının o dövrdəki ictimai durumu yerli əhalini uçuruma doğru aparır və onların qarşısına zülmət pərdəsi çəkirdi. Quran bütün bəşəriyyəti, xüsusilə də cəhalət zülmündə qərq olmuş ərəbləri səadətə və xoşbəxt həyata qovuşdurdu. Bir qədər əvvəl kiçik bəhanələrlə bir-birinin qanını tökməyə hazır olan cahil ərəblər, islamı qəbul etdikdən sonra Allah yolunda canlarını, mallarını və hətta övladlarını qurban verməyə, Peyğəmbər (s)-ın haqq yolunda şəhadət şərbətini içməyə tələsirdilər.
Təbəri öz tarix kitabında yazır: “Müsəlmanlar Bədr döyüşünə tədarük gördükləri zaman, islam fədailərindən biri olan Miqdad, Peyğəmbər (s)-ın yanına gəlib deyir:
Ya Rəsuləllah! Allahın sənə əmr etdiyi haqq yolunu davam etdir! Biz də son damla qanımıza qədər bu yolda sənə yardımçı olacağıq. And olsun Allaha! Biz sənə Bəni-israilin Musa (ə)-a “Sən öz Allahınla birgə vuruş, biz isə burada səni gözləyəcəyik!” söylədiklərini deməyəcəyik. Biz sənə deyirik: “Allahın sənə yardımçı olsun və get düşmənlərinlə vuruş. Biz də son nəfəsimizə kimi sənə yardımçı olacaq və tutduğun haqq yolda cihad edəcəyik. And olsun səni haqq olaraq peyğəmbərliyə göndərən Allaha! Əgər bizi dəhşətli tufanlardan keçərək Həbəşistana doğru hərəkət etməyimizi əmr etsən, son mənzilədək səninlə birgə olacaq və bu yolda əlimizdən gələni əsirgəməyəcəyik.” Peyğəmbər (s) Miqdada öz təşəkkürünü bildirib onun üçün xeyir-dua etdi.”
Miqdad elm və fədakarlığı ilə şöhrət tapmış, haqqı söyləməkdən çəkinməyən və bütpərəstliklə mübarizə aparan qabaqcıl müsəlmanlardan idi. Onun kimi, Peyğəmbər (s)-ın ətrafını əhatə edən möminlər onlarca idi.
Quran, bütləri özlərinə tanrı bilən daşürəkli insanlardan olan düşmənlərə qarşı barışmaz, möminlərə isə mehriban olan haqsevər insanlar tərbiyə etdi. Quran, səksən il ərzində müsəlmanları, başqalarının səkkiz yüz il müddətində nail ola bilmədikləri qələbəyə çatdırdı.
Peyğəmbər (s)-ın səhabələrinin tarixini digər peyğəmbərlərin səhabələri ilə müqayisə etsək görərik ki, onların qısa müddət ərzində əldə etdikləri zəfər və müvəffəqiyyətlərin əsas səbəbi, müsəlmanların Qurana olan bağlılıqları və ondan aldıqları mənəvi ilham olmuşdur.
Bir anlıq həzrət İsa (ə)-ın və digər peyğəmbərlərin səhabələrinin tarixinə nəzər salaq. Onların barəsində azacıq mütaliə etməklə, həmin qövmlərin iman gətirdikləri peyğəmbərlərə qarşı nə qədər biganə olduqlarının şahidi oluruq. Belə ki, onlar bir çox hallarda öz düşmənləri ilə birləşərək peyğəmbərləri ağır şəraitdə qoymuş, ya da onları cəmiyyətdən təcrid edərək mağaralara sığınmağa və mübarizə meydanını tərk etməyə məcbur etmişlər.
Bütün bunları nəzərə alaraq, müsəlmanların Peyğəmbər (s)-a və islam dininə olan fədakarlıqlarını, Quranın digər möcüzələrindən biri hesab edə bilərik. 

Əl-Bəyan kitabından

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!