QƏDİM ETİQAD VƏ AYİNLƏRDƏ BÖYÜK XİLASKAR

:

ZƏRDÜŞTLƏRDƏ BÖYÜK XİLASKAR
1. Məşhur “Zənd” kitabında izədlərin əhrimənlərlə mübarizəsindən söz düşdükdən sonra belə qeyd edilir: “...O zaman izədlər qələbə çalacaq və əhrimənlərin nəsli kəsiləcək. Qələbədən sonra varlıq aləmi səadət üzünü görəcək və Adəm övladı xoşbəxtlik taxtında əyləşəcək!”

2. Camasib “Camasibnamə” kitabında Zərdüştün belə dediyini nəql edir: “Tazyan diyarından bir şəxs zühur edəcək... Onun başı, bədəni və qolu böyük olacaq, öz cəddinin dini uğrunda böyük bir ordu ilə İrana doğru üz tutacaq və yer üzünü ədalətlə dolduracaq.”

HİNDULAR VƏ BRAHMANLARDA BÖYÜK XİLASKAR
1. Hinduların “Vişən Cuk” adlı kitabında belə yazılır: “Nəhayət, dünyanı Allahı sevən və Onun xas bəndələrindən biri ixtiyarına alacaq...”
2. “Didə” adlı başqa bir kitabda belə yazılır: “Dünyanı fəsad bürüdükdən sonra axirəz-zamanda “Mənsur” adlı bir padşah məxluqatın rəhbəri olaraq bütün dünyanı ələ alıb, hamını öz dininə tabe edəcəkdir.”
3. Brahmanların müqəddəs “Dedatək” adlı kitabında belə yazılır: “...Haqq əl gələcək, Mumtatanın son canişini zühur edib dünyanın şərq və qərbini tutacaq və məxluqatı doğru yola yönəldəcək.”
4. Hinduların “Patikal” adlı kitabında belə yazılır: “Günün vaxtı sona çatdıqdan və köhnə dünya yeniləşib dirçəldikdən sonra ona “Hidayətçi” adlı bir şəxs sahib çıxacaq, haqq üzrə padşahlıq edərək çoxlu möcüzə göstərəcək.”
5. Hinduların “Basek” adlı kitabında isə belə yazılır: “Dünya sona çatdıqda, axirəz-zamanda mələklərə, pərilərə və insanlara ədalətli bir şəxs padşahlıq edəcək. Haqq onunla olacaq, dənizlərdə, yerin altında və dağlarda gizli olanları üzə çıxaracaq, yer və göydən xəbər verəcək və dünya ondan böyük bir şəxsi görməyəcək!”

ƏHDİ-QƏDİMDƏ (TÖVRAT) BÖYÜK XİLASKAR
1. “Davudun məzamiri” kitabının 37-ci bölümündə belə deyilir: “...Çünki şər insanlar aradan qaldırılacaq, Allaha təvəkkül edənlər isə yer üzünə varis olacaqlar. Agah olun, az müddətdən sonra şər insanlardan əsər-əlamət qalmayacaq və onları yaşadığı yerdə görməyəcəksən. Hikmət sahibləri (salehlər) yer üzünün varisi olacaqlar!”
2. 37-ci bölümün 22-ci cümləsində belə deyilir: “Allahın lənətinə tuş gəlmişlərin kökü kəsildiyi zaman Onun bərəkətli bəndələri yer üzünə varis olacaqlar.”
3. 29-cu bölümdə belə deyilir: “Düzdanışanlar yer üzünə sahib və orada əbədi sakin olacaqlar.”
4. Həbquq peyğəmbərin kitabının 7-ci fəslində deyilir: “...Zühuru geciksə də, intizarında ol! Sözsüz ki, o, gələcək və bütün ümmətləri öz ətrafına toplayacaq.”
5. Əşiya peyğəmbərin kitabının 11-ci fəslində (“təşbeh” fəsli) deyilir: “Yəsi1 kökündən bir nəfər gələcək və onun budaqlarından biri baş qaldıracaq... İnsanlar arasında ədalətlə hökm sürəcək və yer üzünün yoxsullarını ayıldacaq... Onun dövründə qurd qoyunla birgə yaşayacaq... Zərər və fəsada son qoyulacaq. Çünki dəniz su ilə dolduğu kimi, yer üzü də ilahi elmlə dolacaq.”

ƏHDİ-CƏDİDDƏ (İNCİL) BÖYÜK XİLASKAR
1. “Mətta incili”nin 24-cü fəslində deyilir: “Günəş şərqdən doğub qərbdə batdığı kimi, insan övladının gəlişi də belə olacaq... Səma buludları arxasından çıxan insan övladının qüdrət və əzəmətlə gəlişini görəcəklər! O, öz mələklərini (dostlarını) ucasəsli surla göndərəcək və onlar da seçilmişləri bir yerə yığacaqlar.”
2. “Luka incili”nin 12-ci fəslində deyilir: “Belinizi bağlayıb, çıraqlarınızı yandırın. Siz öz sərvərinin intizarını çəkən insanlar kimi olun və o, hər zaman gəlib qapınızı döysə, dərhal açın!”

ÇİN, MİSİR VƏ DİGƏR XALQLARDA BÖYÜK XİLASKAR
“Əlaimuz-zühur” kitabının 47-ci səhifəsində belə yazılır: “...Zühur və onun əlamətləri dünyanın bütün məzhəblərində xüsusi əhəmiyyət daşıyır... Bu arzunun əsasını təşkil edən etiqad və inama ürək bəsləyənlər hər yerdən ümidləri üzüldükdə və bəşəriyyətin qəflətdə olduğunu, günü-gündən fitnə-fəsada doğru yönəlib Allahdan uzaqlaşdığını və Onun əmrlərindən boyun qaçırdığını gördükdə, böyük Allahın dərgahına üz tutaraq, Ondan zülm və fəsadın aradan qalxacağını istəyəcəklər! Hər zaman böyük islahatçı və xilaskar arzusu Allahpərəstlərin qəlblərindədir. Bu arzu və istək zərdüşt, yəhudi, məsihi və İslam kimi yalnız böyük dinlərin ardıcılları arasında deyil, qədim Çin, hindu, Skandinaviya və hətta qədim misirlilər və meksikalıların əqidələrində xüsusi yer tutur!”

QƏRB DÜNYASINDA BÖYÜK XİLASKAR
Qeyd etdiyimiz kimi, böyük xilaskarın zühuruna etiqad ümumbəşəri xarakter daşıyır və qərbdə də şərqdəki kimi, böyük xilaskarın zühuru, insanlar arasından zülm və haqsızlığın aradan qalxması və ədalətli hakimiyyətin bərpasına etiqad vardır. Hətta İngiltərədə bu adla qiyama qalxanların da adları tarixdə qeyd edilir: Ceymz Naylor, Yuhna Suskat, Riçard Bradrez, Can Nikolz Tam və Henri Ceymz Prins. Amerikalı sosioloq Bernar Barberin “Xilaskar hərəkatı” adlı kitabında bu etiqadın hətta qırmızıdərili amerikalılar arasında da yaşandığını nəql edərək yazır: “Amerikada qırmızıdərili qəbilələr arasındakı əqidəyə görə aralarından bir nəfər zühur edib, onları yer üzünün behiştinə doğru aparacaq. 1980-ci ilə qədər Amerika tarixində iyirmiyə yaxın bu sayaq hərəkatın baş qaldırdığı qeydə alınıb.” “Əlaimuz-zühur” kitabından nəql etdiyimiz kimi, bu etiqad Meksika və Skandinaviya xalqları arasında da mövcuddur.
İntizar hissi hamıda əhval-ruhiyyəni yüksəldir, fikirləri ayıldır, hazırlıq yaradır, inqilablar törədir, eşqləri alovlandırır və ideal cəmiyyətə doğru yolu hamarlaşdırır.

 Kitabın adı: İmam Məhdinin (əc.f) cahanşümul hakimiyyəti
Tərcümə edən: Rza Şükürlü


1. Qüvvətli mənasını daşıyır və həzrət Davudun (ə) atasının adıdır. (“Müqəddəs Qamus” kitabından)

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!