İBTİDAİ DİNLƏR– III hissə

:

2. ANİMİZM
Bu kəlmə latın sözü olan “Anima” kəlməsindən yaranmışdır; ruha pərəstiş, bütün varlıqlarda və təbii şeylərdə ruhun varlığına etiqad bəsləmək mənasını daşıyır.

Animistlər bu gün də dünyanın bir çox nöqtələrində, o cümlədən Afrikada, Avstraliyada, Amerikada yaşayırlar. Onların əqidəsinə görə dünyada olan bütün varlıqların, hətta təbii hadisələrin, o cümlədən sel, zəlzələ, ildırım və s.-nin ruhu vardır və kainatda olan hər bir şeyin müqəddəratı ruhların ixtiyarındadır. Animistlərin fikrincə bu ruhların insan ruhuna oxşar bəzi səciyyəvi xüsusiyyətləri vardır. Yəni, onlar da insan kimi agahlıq, iradə, eşq, nifrət, kin-küdurət, sevmək, məhəbbət bəsləmək, şər işlər törətmək, xeyirxahlıq, xəyanət və əmanətdarlıq kimi qüvvələrə malikdirlər. Onlar inanırlar ki, ruhlar əbədi olaraq diridirlər və ölən şəxslərin ruhu ya dünyada əbədi qalır, ya asimana qayıdır, yaxud da qaranlıq zülmətlərdə öz həyatını yenidən başlayır.
Bu ruhların meşələrin dərinliklərində, şəhərlərin xəlvət guşələrində məskunlaşması da mümkündür. Animistlərdən bir qrupu inanırlar ki, ruh həmişə öz cəsədinin kənarında qalaraq onu qoruyur; çünki ruhla bədənin taleyi bir-biri ilə tam şəkildə əlaqədədir. Bu təfəkkürə əsasən hər kim cənazəyə hörmətsizlik etsə, onun ruhu nə vaxtsa ondan intiqam alacaq, ona qarşı hörmətsizlik edən şəxs ağır cəzalara düçar olacaqdır. Əksinə, hər kim ölülərə hörmət qoyarsa, vəfat edənin ruhu bir keşikçi kimi onu qoruyacaq, özünə və ailəsinə xeyir-bərəkət, sağlamlıq və toxunulmazlıq ərməğanı gətirəcəkdir. Buna görə da animistlərin çoxu öz ölülərini xüsusi qayda-qanunlar əsasında, təzə paltarlar və bəzək əşyaları ilə birlikdə dəfn edirlər. Onlardan bəziləri ölülərin asayiş və rahatlığını təmin etmək üçün onları xüsusi mərasimlə qəbirlərindən çıxardaraq yenidən başqa bir yerdə torpağa tapşırırlar.
Animistlərin etiqadlarından biri də tənasüxdür. Yəni, onlar inanırlar ki, ölümdən sonra insanın ruhu ya əbədi olaraq onunla qalır, yaxud da başqa bir cismə keçir. Hər hansı bir cismə daxil olan ruh daha sonra ya ruhlar aləminə seyr edir, yaxud da üçüncü bir cismə nəql olunur. Beləliklə, həmin ruh bir cismdən digərinə ötürülür. Bu cism insan bədəni, bitki, cansız əşyalar da ola bilər. Vəfat edən şəxsin ruhunu daşıyan şəxs və ya əşya onun qohum-əqrəbası tərəfindən xüsusi hörmətə layiq görülür. Animistlər ruhların növbənöv fəaliyyət və iş görmək qabiliyyətinə malik olduğuna inanırlar. Onların etiqadına əsasən insan ölmədən də ruh müvəqqəti olaraq insanın bədənindən çıxıb, uzaq məsafədən onun əməl və rəftarlarını nəzarət altında saxlaya bilər. Ruhların bəzən hər hansı bir cisimdən oğurlanması və ya dəyişdirilməsi halları da baş verir. Amerikalı hindulardan birinin nəql etdiyi məşhur hekayə də bunu əks etdirir: Müharibələrin birində bir qəbilənin başçısı düşmənlərin hücumundan qorunmaq məqsədi ilə öz ruhunu ağacın üstündə yerləşdirir. Düşmənlər hücüm etdikdən sonra onun cismini tapırlar, amma nə qədər ox atsalar da onu öldürə bilmirlər. Nəhayət onun hiyləsini başa düşüb görürlər ki, onun ruhu ağacın budaqları arasındadır; onun ruhuna ox atmaqla cismini də məhv edirlər.
Bu əqidəyə əsaslanan animistlər təsəvvür edirlər ki, insanın cismi ilə əlaqədar olan hər bir şey, yaxud insanın cismindən ayrılan bədən üzvləri, o cümlədən tük, dırnaq, hətta ifrazatlar da insan ruhunun bir hissəsidir. Ruh bu əşyalara və həmin üzvlərə daxil olmuşdur. Başqa ruhlar da onlara təsir edə bilər. Deməli, mümkün qədər çalışmaq lazımdır ki, insanın bədəni ilə əlaqədar olan şeylərin heç biri düşmənlərin əlinə düşməsin; çünki onlar sehr və cadu qüvvəsindən istifadə etməklə onların sahibinə əzab-əziyyət verə bilərlər.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

Ardı var...

ARDINI BURADAN OXUYUN

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!