İBTİDAİ DİNLƏRİN ORTAQ XÜSUSİYYƏTLƏRİ

:

İbtidai dinlərin müxtəlif fərqlərlə yanaşı, çoxlu ortaq cəhətləri də vardır. Bu ortaq cəhətlər bütövlükdə bütün ibtidai dinlərin vahid bir ideologiya və eyni mənbədən qaynaqlanmasını göstərir. İbtidai icma və qəbilələrin dünyanın müxtəlif nöqtələrində dağınıq şəkildə yaşamalarına görə, əlifba və yazışmaların olmadığı bir şəraitdə onların mədəniyyət, etiqad və adət-ənənələri yalnız şifahi şəkildə söylənilərək sinədən-sinəyə keçməklə sonrakı nəsillərə ötürülmüşdür.

Keçən dərslərdə qeyd olunduğu kimi, səmavi elçilər tərəfindən təkallahlıq ayininin əsası olan - Allah Təalanın əbədi və əzəli kimi qiymətləndirilməsi bütün dinlərdə oxşar və eyni şəkildə nəzərə çarpır. Buna görədə, belə nəticə almaq olar ki, ilahiyyatçıların ümumbəşəri dinlərdəki etiqadların hamısının əsas və kökünün tovhid, təkallahlılıq olması fikrinin doğruluğu barədə nəticəyə gəlmək olar. Amma zaman keçdikcə dini məsələlərin qavranış və şərhinə nöqsanlı bəşəri duyğu və ambissiyaların müdaxiləsi və eyni zamanda öz mənfəətlərini güdənlərin, dünyapərəstlərin dini əqidələri təhrif edərək onlarda dəyişikliklər aparması nəticəsində təkallahlılıq təhrifə məruz qalmış və ağlasığmaz, şirkə qarışmış formaya düşmüşdür.
Bu müqəddimə ilə ibtidai dinlərin müştərək xüsusiyyətlərini bəyan edərək onların ortaq cəhətlərini ayrı-ayrılıqda araşdırırıq.
1. MÜQƏDDƏS BİR ƏŞYA
İbtidai icma və qəbilələrlə əlaqədar aparılan ilkin araşdırmalar göstərir ki, onların özəl bir məkan, yaxud müəyyən bir əşya barədə xüsusi əqidə, məramları olmuş və bu kimi münasibətlər tədricən müqəddəsləşdirilərərək xüsusi ehtirama layiq olmuşdur. Bu ehtiram hissi onlara qarşı ehtiyatlı rəftar və müdafiə, digər adi şəxs və əşyalara münasibətdən təmamilə fərqli şəkildə təzahür etmişdir . Güman etmək olar ki, bu cür müqəddəslik və ehtiramın kökündə müqəddəs şeylərin fövqəl-təbii qüvvəyə malik olması, xeyir və yaxşılıq, yaxud şər və pislik mənşəyi ola bilmələrinə dair etiqad dayanır. Nəticədə, bu əşyaların hörmətini saxlamaq iki şeyə görə ola bilərdi: ya onların şərr və qəzəblərindən amanda qalmaq, yaxud da onların xeyir-bərəkət və mərhəmətlərindən bəhrələnmək.
2. MANAYA ETİQAD
Bütün ibtidai qəbilələr müəyyən mənada qeybi və mənəvi qüvvəyə, bu qüvvənin bütün əşyalarda olduğuna və hər bir yerdə tapıla biləcəyinə, fövqəladə həyati təsirlərinə inanırdılar. İbtidai insanlar bütün işlərində bu fövqəl-təbii qüvvədən kömək diləyirdilər.
3. SEHR VƏ CADU
İbtidai cəmiyyətlərdə yaşayan insanlar baş verən hadisələrin düzgün və real qavrama, məntiqi təhlil imkanına malik olmadıqlarından, ətraflarında cərəyan edən prosesləri anlamaqda aciz qaldıqlarından özlərini xatircəm etmək, işlərin axarını xəyali olaraq öz xeyirlərinə yönəltmək üçün bir sıra xurafatçı işlərə, o cümlədən cadugərlik və sehrkarlığa əl atırdılar.
Əlbəttə unutmaq olmaz ki, sehr və caduya müraciət əslində onların fövqəl-təbii qüvvələrə etiqad bəsləməsinin, öz ətraflarında baş verən hadisələrdə onların müəyyən təsirlərinə inandıqlarının inikası idi. Başqa sözlə desək, sehr və cadu müqəddəs ruhlar və mana ilə əlaqə yaratmaqla əzazil ruhların şərrinin dəf edilməsində, o ruhların onlara hakim kəsilməsinin qarşısını almaqda, bu müqəddəs ruhlardan düşmənlərə qalib gəlib onları məğlub etməkdə, eləcə də əleyhdarlarının sehr və cadularının xoşagəlməz təsirlərini neytrallaşdırmaqda istifadə üçün bir vasitə idi. Sehr və caduya qarşı dərin inam hissi cadugərlik və sehrbazlığın geniş yayılmasına və bu təbəqənin cəmiyyətdə mühüm mövqeyə çıxmalarına səbəb olurdu.
Cəmiyyətdə sehrkar və cadugərlər iki dəstəyə bölünürdü: onlardan bir qrupunun fəaliyyəti camaatın xeyrinə və sosial vəziyyətlərini yaxşılaşdırmağa xidmət edirdi. Sehrkar həkimlər də belələrindəndir. Onlar xüsusi ictimai mövqeyə malik idilər və öz sehr, caduları ilə xəstələrə şəfa verməyə çalışırdılar. Bu cadugərlər xəstəliyi xəbis və şər ruhların bəzi bəd əməllərinin mənfi təsirləri kimi qələmə verirdilər. Falçılar, gələcəkdən xəbər verənlər, tilsim işləri ilə məşğul olanlar və s. həmin dəstədən hesab olunurdular. Digər bir dəstə isə sehr, cadu ilə camaata zərər yetirən cadugərlər idi və onların işi ölüm, xəstəlik, çətinlik, quraqlıq və s. problemlər yaratmaqdan ibarət idi.
4. TABUYA ETİQAD
Burada qeyd ediləsi məqam bundan ibarətdir ki, tabuya etiqad sırf totemizm ayini üçün xarakterik deyildir, bu etiqad bütün ibtidai dinlərdə müxtəlif adlarla, müxtəlif formalarda və müəyyən mənada oxşar tərzdə mövcud olmuşdur.
Qısa şəkildə izah etmək istəsək, tabu bütün qəbilə üzvlərinin totemə, ruha və onların müqəddəs və möhtərəm saydıqları hər bir şeyə hörmət və çərçivənin gözlənilməsinə deyilir.
5. TƏMİZLƏNMƏ VƏ PAKLANDIRMA
Tabuya hörmət və ehtirama riayət vacib olduğundan, ibtidai icmaların üzvləri bu qaydalardan çıxaraq onları pozan hər bir şəxsi çirkli və nəcasət sayırdılar. Doğuş, ölüm, qan tökmək, tabuya toxunmaq, qana bulaşmaq və s. işlər insanın murdarlanmasına səbəb olurdu. Onların nəzərində bu kimi işlər qəbilə üzvlərinin həyatında və hətta bütün canlılar üçün xoşagəlməz dolaşıq vəziyyətlərin yaranmasına səbəb ola bilərdi. Buna görə də onlar öz ruhlarını paklaşdırmaq üçün xüsusi ritual və mərasimlər keçirirdilər. Belə rituallardan oruc tutmaq, baş qırxdırmaq, dırnaq tutmaq, bədəni yerə çırpmaq, tüstünün qarşısında dayanmaq, odun içində qaçmaq, suyun üstündən tullanmaq, qanla bədəni yumaq, yaxud bədənin hər hansı bir üzvünü yaralamaq və s. qeyd etmək olar. Adətən bu əməllər xüsusi dua və zikrlərin müşayiəti ilə icra olunurdu.
6. DİRİ ZƏNNETMƏ
Daş dövründə yaşamış ibtidai qəbilələr, eləcə də müasir dövrdə həmin əqidələrlə uyğun həyat sürən insanlar varlıq aləminin bütün ünsürlərini diri və canlı hesab edirlər. Onların etiqadına görə bütün əşyalar və cansız varlıqlar insanlara və yaxud əşyalara təsir göstərə biləcək gizli bir ruha malikdirlər. Bu ruhlarda insanların ruhuna bənzər xüsusiyyətlər, duyğu, hisslər olduğu üçün iradə və qüdrətlərilə bütün aləmi əhatə edə bilər və bu zaman həddindən artıq təhlükəli və zərərli olurlar. Müvafiq olaraq, insanlar da onları razı salıb sevindirə bilsələr, həyatda xeyir-bərəkət, firavanlıq, rahatlıq və uğur əldə edə bilərlər. Bu ruhların razılığını qazanmağın yolu qarşısında sədaqət, vəfadarlıq və dərin ehtiram hissini izhar etməkdir.
İbtidai icmalar arasında əşyaların və cansız varlıqların ruha malik olma əqidəsi o qədər inkişaf etmişdi ki, hətta onlardan bəziləri dağ, daş, dəniz və s. də erkək və dişi cinsinə mənsub olduğuna inanmış və onların izdivacından, vüsalından başqa dağ, daş və dənizlərin yarandığını güman etmişlər.
7. TƏBİƏTƏ SİTAYİŞ
Yuxarıda qeyd etdik ki, ibtidai icmalar hər bir şeyin ruh və canının olmasına inanırdılar. Bilmək lazımdır ki, gedən proseslər arasında daha çox təsirli, bərəkətli, həyat və varlığın rövnəqvericisi olanlar, ibtidai insanların həyatlarının asılı olduqları fenomenlər diqqəti özünə daha artıq cəlb edirdi. Belə ki, bu fenomenlərə qarşı münasibətdə sırf ehtiram və müqəddəslikdən daha irəli gedərək onlara sitayiş etməyə başlayırdılar. İbtidai insanların məişət şəraiti və yaşadıqları mühitin coğrafi mövqeyi barədə aparılan araşdırmalarda sübuta yetirilmişdir ki, hər bir bölgədə varlıq simvolları və təbii fenomenlər camaatın məişət vəziyyətinə, onların ətrafındakı təbii şəraitə mütənasib olaraq müqəddəslik və ehtirama layiq görülmüşdür. Belə ki, onlar üçün daha artıq həyati dəyərə malik olan hər bir təzahürə daha çox pərəstiş və hörmət olunurdu. Misal üçün, Avropanın şimalındakı meşə zolaqlarında ağaclar müqəddəs sanılır və onlara sitayiş edilirdi. Çünki, yerli camaatın ehtiyac və güzaranı ağacları kəsib satmaqla təmin olunurdu. Onlar böyük gövdəli və uzun ömürlü ağacları qırarkən dodaqlarının altında sanki bağışlanmalarına zəmanət verəcək xüsusi duaları zümzümə edirdilər. Buna əks olan hallar da var idi. Torpağın və əkinin məhsuldarlığı yalnız yağışdan asılı olan quraqlıq səhra sakinləri daha çox səmaya və buluda ehtiram qoyurdular.
Bunun ən yaxşı sübutu müxtəlif məntəqələrdə yaşayan insanların səmavi ruhların razılığını əldə etmək və yağış istəmək məqsədi ilə keçirdikləri ibadət mərasimləridir.
Müasir dövrdə də svilizasiyalı xalqlar və səmavi dinlərin ardıcılları arasında belə əqidə və ideyalar üçün zəminələr müəyyən qədər nəzərə çarpır. Necə ki, neçə əsr bundan əvvəl insanların əsas qida rasionunu təşkil edən çörək və buğda indinin özündə də təkallahlı din ardıcılları arasında ilahinin digər nemətlərlə müqayisədə daha çox ehtirama malikdir. Onu murdarlamaq, ayaq altına salmaq, zibillə birlikdə atmaq və s. işlər günah sayılır. Əgər yolun kənarında bir tikə çörək görərlərsə, dərhal onu yerdən götürərək öpür və əldəyməz bir yerə qoyurlar.
Cahiliyyət dövründə ərəblər bütləri bəzən xurmadan düzəldirdilər. Çünki, bu məhsul bolluğuna görə ərəblərin ən əsas qida maddəsi hesab olunurdu. Ərəblər xurmanı bütə çevirməklə, ona sitayiş və müqəddəsləşməsinə zəmin yaradırdılar.
8. QURBANLIQ
Əvvəldə qeyd olunduğu kimi, ibtidai insanlar müxtəlif şəkil, hal və formaları olan qeybi qüvvələrin mövcudluğuna inanırdılar. Onların fikrincə, bu qüvvələr firavanlığın, bol nemətlərin mənşəyi və təbiət aləminin müqəddəratına hakimdirlər. Bu əqidənin sahibləri sehr və cadudan istifadə etməklə həmin naməlum qüvvələrin rəğbətini qazanmaq, onlardan öz mənafelərinin təmini üçün istifadə etmək istəyirdilər. Bu məsələ ibtidai insanların heç vəchlə qalib gəlinməsi mümkün olmayan bir çox təbii hadisələr qarşısında aciz qalıb məğlubiyyətləri ilə barışmalarına, varlıq aləmində əlyetməz, dünya işlərinin çoxunu idarə edən bir, yaxud çoxlu sayda böyük qüdrətlərin varlığına inanmalarına səbəb olmuşdur.
İbtidai insanlar bu güc və ya güclərin razılığını cəlb etmək, öz məqsədlərinə çatmaq üçün onların qarşısında öz acizliklərini izhar etmiş, təmənna və yalvarışla, hədiyyə və qurbanlıq verməklə bu fövqəl-təbii gücləri razı salmağa çalışmışlar. İndinin özündə də, müxtəlif şəkillərdə qurbanlıq mərasiminin keçirilməsinin bütün ibtidai dinlərdə, eləcə də böyük ilahi və qeyri-ilahi dinlərin çoxunda xüsusi bir ayin kimi yayılmasının şahidiyik. Müxtəlif dinlərdə mövcud olan qurbanlıq mərasiminin əsas fərqlərini üç mövqedən araşdırmaq olar:
1. Fövqəl-bəşər güclərlə əlaqədar təfəkkür tərzi burada əzəli və vahid Allahın varlığı, növlərin rəbbi, qəbilənin ulu babasının ruhu və s. məsələlərdə dinlər arasında çoxlu fərqlər və fikir ayrılıqları nəzərə çarpır.
2. Qurbanlığın seçilməsi; onun növündən asılı olaraq, heyvanlardan tutmuş insana və hətta qəbilənin ən əziz üzvlərinin qurbanlıq edilməsi baxımından fərqlər var.
3. Qurbanlıq etməkdə məqsəd və niyyətlərin fərqli olması.
9. ÖLÜLƏRƏ HÖRMƏT QOYULMASI
İbtidai insanlar ölülərə, xüsusilə öz ulu babalarına xüsusi hörmət bəsləyirdilər. Bu kimi ehtiramlar bəzi hallarda pərəstiş və sitayiş həddinə cəlib çatırdı. Onların etiqadına müvafiq olaraq, heç bir insan, hətta heç bir heyvan öldükdən sonra tamamilə məhv olub aradan getmir və ölümdən sonra onun ruhu əbədi qalaraq insanlar arasında dolanır. Ruhlar ölümdən sonra heyvanların, yaxud müxtəlif əşyaların vücuduna da daxil ola bilər. Bu etiqada əsasən ibtidai insanlar ölülərə hörmət qoyulması və onların ehtiramının qorunub saxlanılmasını özlərinə vacib hesab edir, ölülərinə əzab-əziyyət verilməsinə mane olurdular. Onlar inanırdılar ki, ölülərlə bağlı qadağalara riayət edilməməsi, onlara hörmətsizlik ölülər tərəfindən onlara əzab-əziyyət, çətinlik və bəla gəlməsinə səbəb ola bilər.
10. İNSAN, TƏBİƏT VƏ VARLIQ RUHUNUN VƏHDƏTİ
Bütün ibtidai dinlərdə insanla təbiət arasında qarşılıqlı əlaqə və bağlılıq müşahidə olunur. Sanki, insanla təbiət arasında müəyyən bir “qohumluq” əlaqələri mövcuddur. İbtidai insan əslində özünü təbiətin ayrılmaz bir hissəsi, hətta onu özünün ata-babası sanır. Sonrakı mərhələdə ibtidai insan özü ilə təbiət, fövqəl-təbii varlıq aləminin mənşəyi olmasına inandığı qüvvə və sirli ruh arasında əlaqə qururdu. İbtidai insan varlıqların çoxluğunu, rəngarəngliyini təcrübədən keçirdikdən sonra bütün varlıq aləminin vəhdətinə və bütövlüyünə inanırdı.
11. VARLIQ ALƏMİNİN MƏNŞƏYİNƏ QOVUŞMAQ MEYLİ
İbtidai insanlar varlıq aləminin mənşəyi barədə, öz zehinlərindəki təsəvvür və məlumat əsasında müxtəlif vəsflər, cürbəcür adlardan istifadə edirdilər. Bununla belə, onların hamısı varlıq aləminin mənşəyinin əzəli, əbədi bir varlıq olması, onun qüdrətinin bütün sirli və qüdrətli ruhların fövqündə olması məsələsində eyni fikirdə olmuşlar. Bu yenilməz varlığın razılıq, diqqət və mərhəmətini cəlb etmək üçün ibtidai insanların əməl, rəftar və qayda-qanunları bu həqiqəti çatdırır ki, əqidələrinə görə, onlar yalnız əzəli bir varlıqla əlaqə yaradıb ona qovuşmaqla həqiqi səadət və xoşbəxtliyə nail ola bilərlər.
12. EŞQ VƏ SİTAYİŞ
Dediyimiz kimi, ibtidai insanlar varlıq aləminin mənşəyi ilə əlaqə yaradıb ona qovuşmaq, bununla da onun razılıq və diqqətini cəlb etmək üçün öz məbudlarına sitayiş etməyə, yaxud onların təsəvvürünə görə, onun təzahürlərinə pərəstiş etməyə yönəldilər. Bilmək lazımdır ki, onlar bu işin həyata keçməsi üçün özlərinin yeganə məhbubunun razı qaldığı hər bir şeyi yerinə yetirirdilər. Bu işlə özlərinin hörmət və məhəbbətlərini sübuta yetirir, bu yolla bir tərəfdən əmin-amanlıq, asudəçilik duyur, digər tərəfdən isə bunlardan öz həyat və təkamülləri yolunda ehtiyacları olan şeyləri diləyirdilər. Əslində onların kamilliyə olan meyllərinin məbuda pərəstiş və sitayişə səbəb olduğunu görürük.
13. ƏBƏDİYYƏTƏ ETİQAD
İbtidai insanlar cismani ölümdən sonra ruhun yeni həyat qazandığına inanırdılar. Onların etiqadına görə ruhlar insanın ölümündən sonra da onların arasında yaşayır, insan və digər varlıqların bədəninə keçir. Bu cür ruhun digər predmetlərə keçidinə, tənasüxə etiqadın məntiqi əsaslı olmadığı sübuta yetirilsə də, hər halda belə inanclar ibtidai insanların ölümündən sonra varlıqların məhv olmasını qəbul edənləri və insan həyatının fövqündə başqa bir həyatın olmasına inandıqları reallıqdan xəbər verir.
14. İXTİYAR VƏ SEÇKİ
İbtidai insanların fikrincə varlığın həqiqətləri və özü, əşyalar, insanların bütün əməl və davranışları iki qrupa bölünür:
1. Müqəddəs (sakrəh);
2. Qeyri-müqəddəs (profan).
Onların əqidəsinə görə bir nəfər qeyri-müqəddəs – profan əşya və rəftarı müqəddəsləşdirmək istəsəydi, prinsipcə müqəddəs olan varlıqlara pənah aparmalı idı. Bu varlıqlara qovuşub onlarla vəhdət təşkil etməklə qeyri-müqəddəs profanın müqəddəs olan sakrəhə çevrilməsinə imkan yaranırdı. Bunun əksinə olaraq bir şəxs müqəddəs varlıqlara hörmətsizlik etsəydi, onun ruhu murdarlanardı və həmin şəxs bu bəhsin beşinci bölməsində göstərilmiş paklaşma, və saflaşdırılma metodlarından biri ilə özünü paklamalı idi. Bu etiqadlar toplusundan belə nəticə çıxır ki, ibtidai insanlar həm özləri, həm də başqaları üçün seçki və ixtiyara yer qoymuş, öz talelərini əvvəlcədən təyin olunmuş və dəyişilməz bir təqdir hesab etməmişlər.

Kitabın adı: Dinlərlə tanışlıq
Tərcümə edən: A. Mehdiyev

 

Tags: DİNLƏR VƏ MƏZHƏBLƏR

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!