TƏVƏSSÜL ETMƏK ALLAHA ŞƏRİK QOŞMAQDIR? (1)

:

Bismillahir-Rəhmanir-Rəhim

(Əhli-sünnənin tanınmış mənbələrindən istifadə etməklə vəhhabilərin təvəssül barədəki şübhələrinə cavab)

Mövzular
Təvəssül etmək tövhiddir, yoxsa şirk?
Birinci: Təvəssül barədə vəhhabilərin əqidəsi
İkinci: Təvəssülün mənası
Üçüncü: Təvəssülün Quranda əsas və kökü
1. İlahi övliyalar Allahın izni ilə çətinlikləri aradan qaldırırdılar
2. İlahi övliyalardan “Allahdan bağışlanmalarını” istəmək
Dördüncü: Peyğəmbərə (s) o Həzrətin sağlığında təvəssül etmək
1. Kor bir kişinin Allah Rəsuluna (s) təvəssül etməsi
2. Quraqlığın aradan qalxması üçün dua
Beşinci: Peyğəmbərə (s) dünyaya gəlməmişdən qabaq və vəfatından sonra təvəssül etmək
1. Nə üçün şirk?
2. Peyğəmbərə (s) dünyaya gəlməmişdən qabaq təvəssül etmək
3. Peyğəmbərə (s) vəfatından sonra təvəssül etmək
a)     Bilal ibn Harisin Peyğəmbərə (s) təvəssül etməsi
b)     Əbu Əyyub Ənsari Peyğəmbərin (s) qəbri kənarında
c)     Peyğəmbər (s) qəbrinin (s) bərəkəti
4. Digər ilahi övliyalara təvəssül etmək
a) Peyğəmbərin (s) əmisinə təvəssül etmək
b) İmam Kazimin (ə) qəbrinə təvəssül etmək
c) İmam Əli ibn Musa ər-Rzanın (ə) qəbrinə təvəssül etmək
d) Peyğəmbər (s) xanədanı (Əhli-beyti) nicat vasitəsidir
Altıncı: Bir suala cavab
Bir dialoq (müzakirə) barədə məlumat
Yeddinci: Təvəssülün fəlsəfəsi
a)     Qəbul olunmaqda ən yaxın yol
b)     Çoxlu təlaş və səylərə görə təşəkkür
Quranda Peyğəmbərə (s) hörmət göstərilməsi və o Həzrətin təriflənməsi
Səkkizinci: Təvəssül şirk deyil, eynilə tövhiddir

Xülasə
Təvəssül etmək tövhiddir, yoxsa şirk?
Vəhhabilər tərəfindən irəli sürülən və son illərdə şiddətli şəkildə təbliğ olunaraq yayılan və onların açıq-aşkar azğınlıq əqidəsi hesab edilən bəhanələrdən biri Allahın Rəsuluna (s), o Həzrətin Əhli-beytinə (ə) və ümumilikdə, ilahi övliyalara təvəssül etməyin düzgün olmamasıdır. Hazırda vəhhabi firqəsi bu müqəddəs şəxslərə təvəssül etməyi düzgün hesab etməməklə yanaşı, təvəssül edənləri müşrik adlandırır və onların qanının (öldürülməsinin) mübah olduğunu söyləyirlər. (Unutmayın ki, təvəssül məsələsini vəhhabi firqəsindən başqa, bütün islami firqələr qəbul edir). Biz burada sözügedən nəzəriyyəni bir neçə mövzu ətrafında araşdıracağıq:
1. Təvəssül barədə vəhhabilərin əqidəsi.
2. Təvəssülün mənası.
3. Təvəssülün Quranda əsas və kökü.
4. Peyğəmbər (s) həyatda olduğu zaman o həzrətə təvəssül edilməsi.
5. Peyğəmbərə (s) dünyaya gəlməmişdən öncə və vəfatından sonra təvəssül edilməsi.
6. Bir suala cavab.
7. Təvəssülün fəlsəfəsi.
8. Təvəssül şirk deyil, eynilə tövhiddir.

1. Təvəssül barədə vəhhabilərin əqidəsi
Təvəssül barədə vəhhabilərin əqidəsi o qədər aşkar və məşhurdur ki, kim Hicaza səfər etsə, həmin ölkədə, xüsusən də, Mədinə şəhərində bu qrupun Peyğəmbər (s) və ilahi övliyalara təvəssül edənlərlə kobud və təhqiredici rəftarını müşahidə edə bilər. Kiminsə Peyğəmbərin (s) qəbri kənarında dayanıb o Həzrətə xitab etməsi və ya o Həzrətdən Allah yanında ona şəfaət etməsini istəməsi, yaxud da maddi və mənəvi hacətlərinin o Həzrət sayəsində həyata keçməsini diləməsi onun Ərəbistanın “nəhy əz munkər və əmr be məruf” qrupları ilə üzləşməsi və “şirk çomağı” ilə (məzəmmət olunaraq) oradan qovulması üçün kifayətdir.
Onların xətibləri də cümə namazı və digər xütbələrində Allah Rəsulu (s) və ilahi övliyalara (imamlara, imamzadələrə) təvəssül etmək məsələsinin şirk olduğunu təkrar edirlər. Bu təkrarlardan camaat təngə gəlib. Daha sonra sözlərinə belə əlavə edirlər:

«مَنْ يُشْرِکْ بِاللهِ فَقَدْ حَرَّمَ اللهُ عَلَيْهِ الْجَنَّةَ»

"Kim Allaha şərik qoşsa, şübhəsiz, Allah Cənnəti ona haram edir."1
Bundan əlavə, hər il on adda və müxtəlif dünya dillərində milyonlarla kitab Ərəbistanda çap olunaraq, digər ölkələrin zəvvarlarının ixtiyarında qoyulur və eyni zamanda, dünyanın müxtəlif məntəqələrinə göndərilir. Həmin kitablarda təkrarlanan və əks etdirilən mətləblər vəhhabilik məzhəbinin əsas göstəricisi kimi təvəssülün qadağan olunmasıdır.
Bu nəzəriyyəni Ərəbistanda vəhhabi firqəsinin əsasını qoyan Məhəmməd ibn Əbdülvəhhab öz kitabında aşkar şəkildə qeyd etmişdir. O, açıq-aydın belə deyir:

من عبدالله ليلا و نهاراً ثمّ دعا نبيّاً او وليّاً عند قبره، فقد اتّخذ إلهين اثنين ولم يشهد أن لا اله الاّ الله

"Əgər bir kəs bütün gecə və gündüzdə Allaha ibadət eləsə və Peyğəmbərin (s) və ya ilahi övliyaların qəbri kənarında dayanıb onları çağırsa və onlardan hacət istəsə, həqiqətdə, özünə iki məbud seçmiş və tək olan Allahdan başqa, heç bir məbudun olmamasına şəhadət verməmişdir."2
Həmçinin, onun nəzərincə, həqiqi müsəlman özü ilahi övliyalara təvəssül etməməklə yanaşı, belə fərdlərdən uzaq olan və onları kafir hesab edən kəsdir. O, belə yazır:

لا يصحّ دين الإسلام الاّ بالبراءة ممّن يتقرّب إلى الله بالصلحاء و تکفيرهم

"İslam dini saleh kəslərin vasitəsi ilə Allaha yaxınlaşmaq istəyənlərdən uzaq olmaq və onları kafir hesab etməkdən başqa, digər şeylə düzgün deyil."3
Bu səbəbdən, Məhəmməd ibn Əbdülvəhhab belə fərdlərin qanının axıdılmasını mübah hesab edir və yalandan belə deyir:

إجماع المذاهب کلّهم على أنّ من جعل بينه وبين الله وسائط يدعوهم انّه کافر مرتدّ حلال المال والدّم

"Bütün məzhəblərdə özü ilə Allah arasında vasitə seçərək onları çağıran kəsin dindən çıxmış kafir, eyni zamanda, mal və qanının halal olması barədə fikir birliyi vardır."4
Hicazda rəsmi təşkilata malik olan Səudiyyə müftiləri öz fətvalarında Əhli-beytə (ə) təvəssül edənlərin kafir hesab edilməsi xəttini davam etdirir və aşkar şəkildə buna israr edirlər. Bəzi Səudiyyə müftiləri əhli-kitabdan olan qadınlarla evlənməyi caiz (icazəli) hesab etdiyi halda 5, şiələrlə evlənməyi düzgün saymır və bunun səbəbini belə izah edirlər: "Şiələr Əhli-beyti səsləyir və onlara təvəssül edirlər və bu da ən böyük şirkdir."6)
Bu məsələ də, məsihilərin rəsmi olaraq üçlüyə (ata, oğul və müqəddəs ruha) etiqadlı olduğu haldadır. Digər bir sualın (isiftaatın) cavabında yazmışlar:

إذا کان الواقع کما ذکرت من دعائهم عليّاً والحسن و الحسين و نحوهم فهم مشرکون شرکاً أکبر يخرج من ملّة الاسلام فلا يحلّ أن نزوّجهم المسلمات، و لا يحلّ لنا أن نتزوّج من نسائهم و لا يحلّ لنا ان نأکل من ذبائحهم

"Əgər deyildiyi kimi olsa, yəni onlar Əli, Həsən və Hüseyni çağırsalar (məsələn, ya Əli, ya Həsən və ya Hüseyn desələr), müşrikdirlər və İslam dini və müsəlmanlıqdan xaric olurlar və onlarla evlənmək haramdır. Onlara qız vermək və onlardan qız almaq olmaz. Onların kəsdikləri heyvanlar da halal deyil."7
Nəticədə, vəhhabilər təvəssül etməyi şirk və ilahi övliyalara təvəssül edənləri müşrik hesab edir və onlarla evlənməyi düzgün saymırlar. Eyni zamanda, onların kəsdikləri heyvanları da halal bilmirlər. Bilirik ki, digər islami firqələr din rəhbərlərinə təvəssül edirlər və onların müxtəlif şəhərlərdəki ziyarətgahları da bu iddiaya şahiddir. Deməli, belə çıxır ki, onların hamısı müşrik və kafirdir, həmçinin, mal və qanları da halaldır?! Bu yerdə onların saysız-hesabsız terror, qətliam və qan tökmələrinin mənbəyi aydın olur.
Höccətül-İslam Səid Davudi

Ardı var...

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!