QURANİ-KƏRİMDƏ ŞƏFAƏT (2)

:

BİRİNCİ HİSSƏNİ BURADAN OXUYUN

ŞƏFAƏT İKİ NÖVDÜR
a) Təkvini şəfaət: Bu növ şəfaət geniş məna kəsb edir və bütün varlıqlara aiddir.

Belə ki, bütün məxluqat insanlara Allahın lütf və mərhəmət vasitəsi sayılır və həqiqətdə, onlar insanların ali məqsədinə çatmasında yardımçı rolunu ifa edirlər.
b) Təşrii şəfaət: Bu növ şəfaət bütün vasitəçiliklərə aiddir və insanı doğru yola, haqq şəriətə yönəldir. Onun bəzi qisimləri Allahın bəxşişinə, günahkar bəndənin bağışlanmasına gətirib çıxarır.
3. Qurani-Kərimdə şəfaət: Şəfaətlə bağlı ayələr iki qismə bölünür: bəzi ayələrdə şəfaət inkar edilir, bəzi ayələrdə isə şəfaətin Allahın izni ilə gerçəkləşdiyi bildirilir.
a) Şəfaəti inkar edən ayələr:

أَمِ اتَّخَذُوا مِن دُونِ اللَّهِ شُفَعَاء قُلْ أَوَلَوْ كَانُوا لَا يَمْلِكُونَ شَيْئًا وَلَا يَعْقِلُونَ. قُل لِّلَّهِ الشَّفَاعَةُ جَمِيعًا

“Yoxsa onlar Allahdan qeyrisini şəfaətçimi etdilər? (Ya Peyğəmbər!) De: Onlar heç bir şeyə malik olmadıqları və heç bir şey qanmadıqları halda (şəfaətmi edəcəklər)?!” “De: Bütün şəfaət Allaha məxsusdur.”1

وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلاَ هُمْ يُنصَرُونَ

“Qorxun o gündən ki, (heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən (ilahi əzabdan xilas olması üçün) fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin.”2

وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلاَ تَنفَعُهَا شَفَاعَةٌ وَلاَ هُمْ يُنصَرُونَ

“Qorxun elə gündən ki, (o gün) heç kim heç kimin işinə yarıya bilməz, heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!”3

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لاَّ بَيْعٌ فِيهِ وَلاَ خُلَّةٌ وَلاَ شَفَاعَةٌ

“Ey iman gətirənlər! Alış-veriş, dostluğun və şəfaətin mümkün olmayacağı gün (Qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən xərcləyin.”4
Göründüyü kimi, bu ayələrdə, xüsusilə, sonrakı üç ayədə qiyamət günü şəfaət açıq-aydın inkar edilir.
b) Şəfaəti təsbit edən ayələr:

إِنَّ رَبَّكُمُ اللّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُدَبِّرُ الأَمْرَ مَا مِن شَفِيعٍ إِلاَّ مِن بَعْدِ إِذْنِهِ

“Rəbbiniz göyləri və yeri altı gündə xəlq edən, sonra ərşi yaradıb hökmü altına alan, hər işi yerinə qoyan (sahmana salan) Allahdır. Onun izni olmadan heç bir şəfaət edən ola bilməz.”5

يَوْمَئِذٍ لَّا تَنفَعُ الشَّفَاعَةُ إِلَّا مَنْ أَذِنَ لَهُ الرَّحْمَنُ وَرَضِيَ لَهُ قَوْلًا

“O gün Rəhmanın izn verdiyi və söz danışmağına razı olduğu kəslərdən başqa heç kimin şəfaəti fayda verməz.”6

إِنَّ يَوْمَ الْفَصْلِ مِيقَاتُهُمْ أَجْمَعِينَ. يَوْمَ لَا يُغْنِي مَوْلًى عَن مَّوْلًى شَيْئًا وَلَا هُمْ يُنصَرُونَ. إِلَّا مَن رَّحِمَ اللَّهُ إِنَّهُ هُوَ الْعَزِيزُ الرَّحِيمُ

“Şübhəsiz ki, (haqqı batildən, yaxşını yamandan, mömini kafirdən) ayırd etmə günü onların hamısının (bir yerdə olma) vaxtıdır. O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz. Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz, O, yenilməz qüdrət və mərhəmət sahibidir.”7

وَقَالُوا اتَّخَذَ الرَّحْمَنُ وَلَدًا سُبْحَانَهُ بَلْ عِبَادٌ مُّكْرَمُونَ. لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَ. يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَى وَهُم مِّنْ خَشْيَتِهِ مُشْفِقُونَ

“(Kafirlər) dedilər: “Rəhman (mələklərdən Özünə) övlad götürdü.” O pakdır, müqəddəsdir. (Belə şeylərdən tamamilə uzaqdır!) Xeyr, (mələklər Onun övladı deyil, xəlq etdiyi) möhtərəm qullardır. (Mələklər) Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. (Allah) onların öndəkilərini də, arxalarındakını da bilir. Onlar (Allahın) razı olduğu (izn verdiyi) kəslərdən başqasına şəfaət etməz və Onun heybətindən qorxarlar.”8
Bu ayələr qiyamətdə şəfaəti Allahın izni, icazəsi ilə sübuta yetirir. Hər iki qisimdən olan ayələrə diqqət yetirdikdə, belə qənaətə gəlmək olar: qiyamətdə şəfaət bir sıra qanunlara bağlıdır. Orada şəfaət müstəqil şəkildə yox, əksinə mütəal Allahın izni, icazəsi ilə olacaqdır, yəni şəfaət yalnız Allaha məxsusdur. Lakin peyğəmbərlər və ilahi övliyalar Allahın lütf və mərhəmətinə şamil olaraq Onun izni ilə şəfaət edəcəklər.
Deməli, qiyamət günü şəfaət qəti bir məsələdir. İslam alimləri də buna etiqad bəsləmişlər. Əgər onların arasında fikir ayrılığı olsa da, yalnız şəfaətin məna və məzmunundadır. Müsəlmanlar arasında yalnız mötəzilə və xəvaric firqələri şəfaətin mahiyyətini qəbul etdikləri halda, onu təfsirində başqa firqələrə əks çıxmışlar. Onların nəzərinə görə, qiyamət günü günahkarlara şəfaət edilməyəcək və Peyğəmbəri-Əkrəmin (s) şəfaətinin nəticəsi günahkarların ilahi əzabdan qurtulması yox, müti və xeyirxah bəndələrin mükafat və dərəcəsinin artırılmasıdır.9

BƏZİ İSLAM ALİMLƏRİNİN NƏZƏRLƏRİ

Əllamə Təbatəbai “Bəqərə” surəsinin 48-ci ayəsinin təfsirində şəfaəti həm inkar, həm də sübut edən ayələri qeyd etdikdən sonra belə nəticə alır: “Bəzi ayələr şəfaəti inkar etsə də, onu sübut edən ayələrə diqqət yetirdikdə, qəbul etməliyik ki, Quran ayələri şəfaət predmetinin əsasını iradsız sübut edir. Lakin bəzi ayələr onu Allaha məxsus bir əsas kimi tanıtdırır və Allahdan başqasının isə Onun izni və istəyi ilə şəfaət edəcəyini sübut edir.”10
Fəxri-Razi “Bəqərə” surəsinin 48-ci ayəsinin təfsirində şəfaəti şübhəsiz və müsəlmanların yekdil qəbul etdikləri bir əsas kimi qəbul etmişdir. Əlbəttə, mötəzilə firqəsinin şəfaətin təfsirində başqaları ilə fikir ayrılığına da toxunmuşdur.
Şeyx Tusi bu ayənin təfsirində yazır: “Bu ayə kafirlər barəsində nazil olmuşdur. Çünki Peyğəmbəri-Əkrəm (s) möminlərə şəfaət edəcək və o həzrətin şəfaətinin nəticəsi günahkarların ilahi əzabdan qurtulmasıdır.”11
Fəttal Nişapuri عَسَى أَن يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَّحْمُودًا (Ya Peyğəmbər!) Ümid var ki, Rəbbin səni bəyənilmiş bir məqama çatdırsın!” – ayəsindəki “bəyənilmiş məqam”ını Peyğəmbəri-Əkrəmin (s) qiyamət günü böyük şəfaət məqamı ilə əlaqələndirir. O həzrətdən nəql olunan bir rəvayətdə belə buyurulur: “Bu elə məqamdır ki, mən onunla ümmətimə şəfaət edəcəyəm.”12
Mərhum Təbərsi “Bəqərə” surəsinin 48-ci ayəsinin təfsirində yazır: “Bütün müsəlmanlar Peyğəmbəri-Əkrəmin (s) qiyamət günü şəfaət edəcəyini qəbul etmişlər. Hərçənd, onun keyfiyyəti ilə bağlı mötəzilə və digər firqələr arasında fikir ayrılığı vardır. Onların əqidəsinə görə, şəfaət yalnız müti bəndələrə şamil olacaq. Bizim əqidəmizə (şiələr) görə isə şəfaətlə günahkarlar cəhənnəm əzabından qurtulacaqlar. Şəfaət məqamı yalnız Peyğəmbəri-Əkrəmə (s) yox, hətta məsum imamlara, seçilmiş bəndələrə, möminlərə və əməlisalehlərə də aiddir.”13
Əbül-Fütuh Razi uyğun ayənin təfsirində belə yazır: “Bu ayə yəhudi və kafirlər haqqında nazil olmuşdur. Mötəzilədən başqa, bütün müsəlmanlar şəfaəti qəbul edirlər.”14 O, bundan sonra qiyamətdə şəfaəti sübut edən ayələrə toxunmuşdur.
Məymun ibn Məhəmməd Nəsəfi də buna işarə etmiş və müsəlmanların nəzərində Peyğəmbəri-Əkrəmin (s) qiyamət günü şəfaət edəcəyini şübhəsiz bir məsələ kimi bildirmişdir.15
Hətta vəhhabi alimləri şəfaəti ümumi şəkildə inkar etmir, Peyğəmbəri-Əkrəmin (s) Qiyamət günü Allahın izni ilə şəfaət edəcəyini qəbul edirlər.16
Deməli, “Bəqərə” surəsinin 123-cü ayəsi kimi şəfaəti inkar edən ayələrə əsasən, şəfaət Allahın iznindən asılıdır. Yoxsa şəfaət qəti və şübhəsiz bir əsasdır və onda şəkk etmək İslamın digər məsələlərində şəkk etməklə bərabərdir.

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Zümər” surəsi, ayə 43-44.
2. “Bəqərə” surəsi, ayə 48.
3. “Bəqərə” surəsi, ayə 123.
4. “Bəqərə” surəsi, ayə 254.
5. “Yunus” surəsi, ayə 3.
6. “Taha” surəsi, ayə 109.
7. “Duxan” surəsi, ayə 40-42.
8. “Ənbiya” surəsi, ayə 26-28.
9. “Şərhu üsulil-xəmsə”, Qazi Əbdülcəbbar, səh. 463-465; “Mosuətu müstələhati elmil-kəlamil-islami”, Doktor Səmi Zəim, 1-ci cild, səh.667.
10. “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Məhəmmədhüseyn Təbatəbai, 1-ci cild, səh.155-157.
11. “Ət-tibyanu fi təfsiril-Quran”, Şeyx Tusi, 1-ci cild, səh.213, “Bəqərə” surəsinin 48-ci ayəsinin təfsiri.
12. “Rövzətül-vaizin”, Məhəmməd ibn Fəttal Nişapuri, səh.549.
13. “Məcməül-bəyan”, Fəzl ibn Həsən Təbərsi, 1-ci ild, səh.223.
14. “Ruhul-cinan”, Əbül-Fütuh Razi, 1-ci cild, səh.164-175.
15. “Təbsirətül-ədillə fi üsulid-din”, Məymun ibn Məhəmməd Nəsəfi, 2-ci cild, səh.792.
16. “Kəşfül-irtiyab fi ittibai Məhəmməd ibn Əbdülvəhhab”, Seyid Möhsün Əmin, səh.192.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!