ŞƏFAƏTİN ALLAHIN YEGANƏLİYİ İLƏ ƏLAQƏSİ (1)

:

 Sual: Peyğəmbərlər və imamların (ə) şəfaəti mütəal Allahın yeganəliyi ilə necə uyğun gəlir?

İzah: Məlum olduğu üzrə, müsəlmanların nəzərində şəfaət qəti bir məsələdir. Bəzi ayələrdən başa düşüldüyü kimi, Allahın izni ilə Peyğəmbəri-Əkrəm (s) və məsum imamlara (ə) şəfaət məqamı verilmişdir. Lakin vəhhabilərin və onların başçısı İbn Teymiyyənin nəzərinə görə, Peyğəmbəri-Əkrəmdən (s), imamlardan və digər ilahi övliyalardan şəfaət istəyən şəxs müşrik (Allaha şərik qoşan) sayılır. Çünki Peyğəmbəri-Əkrəmi (s), imamları (ə) və başqalarını Allahla üz-üzə qoyur və bu da tövhidlə (Allahın yeganəliyi ilə) uyğun gəlmir.
Cavab: “Şəfaət” sözü vasitəçilik, xahiş etmək1 və istənilən məqsədə çatmaqda həmkarlıq etmək, yoldaş olmaq mənasını daşıyır.2 Teologiya elmində isə peyğəmbərlərin və övliyaların Allahdan bəzi bəndələrin günahlarının bağışlanması, rəhmət və məğfirətə şamil olmasını istəməsinə “şəfaət” deyilir.3
Müsəlmanlar Peyğəmbəri-Əkrəmin (s) dövründən tutmuş indiki zamana qədər, həmişə həqiqi şəfaətçilərdən ölümdən sonrakı aləmdə şəfaətə nail olacaqlarını istəmişlər. İslam alimlərindən heç biri belə bir istəyi İslam qanunları və üsullarına əks bilməmişdir. Hicri qəməri tarixi ilə 7-ci əsrdə yalnız İbn Teymiyyə bu məsələyə və bir çox İslam qanunlarına qarşı çıxmışdır. Ondan üç əsr sonra isə Məhəmməd ibn Əbdülvəhhab Nəcdi yenidən müxalifət bayrağını qaldıraraq İbn Teymiyyənin məktəbini dirçəltmişdir.4
Vəhhabilər şəfaətin mahiyyətini qəbul edir və yalnız bir sıra hökmləri və xüsusiyyətlərində xüsusi nəzər verirlər. Onların nəzərinə görə, şəfaət o zaman düzgün sayıla bilər ki, insan birbaşa mütəal Allahdan Peyğəmbəri-Əkrəmin (s) və digər şəfaətçilərin onun haqda şəfaət edəcəyini istəsin. İbn Teymiyyə deyir:" Əgər bir şəxs “Peyğəmbərdən (s) Allaha yaxın olduğu üçün mənə bəzi işlərimdə şəfaətçi olduğunu istəyirəm!" ” – desə, Allaha şərik qoşmuşdur. Məhəmməd Əbdülvəhhab da deyir: “Ancaq Allahdan şəfaət diləmək olar və başqalarından şəfaət istəmək düzgün deyildir. " Şəfaət istəyən şəxs isə belə deməlidir: “İlahi, Qiyamət günü mənim işlərimə Muhəmmədi (s) şəfaətçi et!”5
Burada şəfaətin Allahın yeganəliyi ilə uzlaşmasının aydınlaşması məqsədilə şəfaətlə bağlı ayələrə əsaslanmağı və nəticədə həqiqi şəfaətlə qeyri-həqiqi şəfaəti ayırd etməyi lazım bilirik.
Şəfaətlə bağlı ayələri yeddi qismə bölmək olar. Biz burada nümunə olaraq hər qismə uyğun bir ayəni qeyd etməklə kifayətlənirik:
1. Şəfaətin mütləq şəkildə inkar edilməsi: Bəzi ayələrdə şəfaət ümumiyyətlə inkar edilir. Qurani-Kərimdə buyurulur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِمَّا رَزَقْنَاكُم مِّن قَبْلِ أَن يَأْتِيَ يَوْمٌ لاَّ بَيْعٌ فِيهِ وَلاَ خُلَّةٌ وَلاَ شَفَاعَةٌ وَالْكَافِرُونَ هُمُ الظَّالِمُونَ

“Ey iman gətirənlər! Alış-veriş, dostluğun və şəfaətin mümkün olmayacağı gün (Qiyamət günü) gəlməmişdən əvvəl sizə verdiyimiz ruzidən xərcləyin. Kafirlər isə zülm edənlərdir.”6
Digər ayələrdə qeyd olunan nişanələrdən başa düşülür ki, bu ayələrdə şəfaətin mütləq şəkildə inkar edilməsi nəzərdə tutulmur, əksinə burada şəfaətin bir qismini (batil şəfaəti) inkar etmək məqsədi daşıyır.
2. Yəhudilərin məqsədinə uyğun şəfaətin inkar edilməsi: Qurani-Kərimin “Bəqərə” surəsinin 48-ci ayəsində buyurulur:

وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا شَفَاعَةٌ وَلاَ يُؤْخَذُ مِنْهَا عَدْلٌ وَلاَ هُمْ يُنصَرُونَ

“Qorxun o gündən ki, heç kəs heç kəsin karına gələ bilməsin, heç kəsdən şəfaət qəbul olunmasın, heç kəsdən (ilahi əzabdan xilas olması üçün) fidyə alınmasın və onlara heç bir kömək göstərilə bilməsin.”

Bu ayədə İsrail övladlarının özləri ilə əlaqədar şəfaəti inkar edilir. Onlar deyirdilər: “Biz peyğəmbərlərin övladlarıyıq, günahımız nə qədər böyük olsa da, ata-babalarımız bizə şəfaət edəcəklər.”
3. Kafirlərdən şəfaətin inkar edilməsi: Quran ayələrində açıq-aşkar buyurulur ki, Qiyamət günü kafirlərə şəfaət edilməyəcək. Belə ki, buyurulur:

فَمَا تَنفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ

“Şəfaət edənlərin şəfaəti onlara fayda verməyəcək.”7
4. Bütlərin şəfaətçi olmalarının inkar edilməsi: Bəzi ayələrdə bütlərin şəfaətçi olmaları inkar edilir. Məsələn, bir ayədə buyurulur:

وَمَا نَرَى مَعَكُمْ شُفَعَاءكُمُ الَّذِينَ زَعَمْتُمْ أَنَّهُمْ فِيكُمْ شُرَكَاء لَقَد تَّقَطَّعَ بَيْنَكُمْ وَضَلَّ عَنكُم مَّا كُنتُمْ تَزْعُمُونَ

“(Bütpərəstlərə deyiləcək:) Artıq sizin (vaxtı ilə) öz aranızda Allahın şərikləri iddia etdiyiniz şəfaətçilərinizi görmürük. Şübhəsiz, aranızdakı bağlılıqlar qırılmış və (Bizim şəriklərimiz olmalarını) güman etdikləriniz nəzərdən itmişdir.”8
Bütpərəstlər ağac və daşdan yonduqları bütlərə pərəstiş etməklə mütəal Allahın dərgahında şəfaət olunacaqlarını güman edirdilər.
5. Şəfaət Allaha məxsusdur: Bəzi ayələrdə şəfaətin Allaha məxsus olduğu bildirilir. Bir ayədə buyurulur:

قُل لِّلَّهِ الشَّفَاعَةُ جَمِيعًا لَّهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ

“De: Bütün şəfaət Allaha məxsusdur. Göyləri və yerin mülkiyyəti və hakimiyyəti Ona məxsusdur. Sonra siz Ona tərəf qaytarılacaqsınız.”9
6. Şəfaət Allahın izni ilədir: Bəzi ayələr şəfaətçidə Allahın izni və icazəsinin önəmli şərt olduğunu açıqlayır. Həmin ayələrdən biri də “Bəqərə” surəsinin 255-ci ayəsidir:

مَن ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلاَّ بِإِذْنِهِ

“Allahın izni olmadan (Qiyamətdə) Onun hüzurunda kim şəfaət edə bilər?”10 Yəni o şəxslər (Qiyamət günü) şəfaət edə biləcəklər ki, Allah-Taala onlara şəfaət icazəsi versin.

7. Şəfaətçilərin xüsusiyyətləri: Bəzi ayələrdə şəfaətçilərdən söz açıldığı kimi, onların xüsusiyyətlərinə də toxunulmuşdur. “Ənbiya” surəsinin 27-28-ci ayələrində buyurulur:

لَا يَسْبِقُونَهُ بِالْقَوْلِ وَهُم بِأَمْرِهِ يَعْمَلُونَ. يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنِ ارْتَضَى وَهُم مِّنْ خَشْيَتِهِ مُشْفِقُونَ

“(Mələklər) Ondan qabaq söz danışmaz, yalnız Onun əmri ilə iş görərlər. (Allah) onların öndəkilərini də, arxalarındakını da bilir. Onlar (Allahın) razı olduğu (izn verdiyi) kəslərdən başqasına şəfaət etməz və Onun heybətindən qorxarlar.”11
Ümumiyyətlə, qeyd edilənlərdən belə qənaətə gəlirik ki, şəfaəti inkar edən ayələr onu tamamilə inkar etmir və şəfaəti təsbit edən ayələr isə ilk öncə onun Allaha məxsus olduğunu bildirir. Digər ayələrdə də göstərilir ki, mütəal Allah özünəməxsus bu haqqı həqiqi şəfaətçilərə həvalə edəcək və onlar Onun icazəsi ilə şəfaət edəcəklər. Bunu nəzərə alaraq şəfaətlə Allahın yeganəliyi arasında heç də ziddiyyət yoxdur. Qurani-Kərimə görə, Allahdan başqalarının şəfaəti Onun izni ilə düzgündür.12
Bunu da qeyd etməliyik ki, şəfaətin mənası şəfaət sahibindən şəfaət olunacaq şəxs üçün nə isə istəməkdir. Belə olan surətdə Peyğəmbərin (s) və ya başqasının şəfaəti Allaha dua etməkdir. Şəfaətçi Allaha dua edərək günahkarın bağışlanmasını, ehtiyaclarının ödənilməsini istəyir. Deməli, şəfaət bir növ duadır. Qurani-Kərimdə əməlisaleh şəxslərin dua etməsi tövsiyə olunmuşdur. Səhabələrin də həyat tərzində göstərilir ki, onlar Peyğəmbəri-Əkrəmdən (s) şəfaət istəmişlər. İbn Teymiyyəyə görə isə, diri şəxsdən dua və hacət istəmək düzgün əməl sayılır. Nizam Nişapuri مَن يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُن لَّهُ نَصِيبٌ مِّنْهَا...  (Yaxşı işə vasitəçi olana kamil bir pay düşür...)13 – ayəsinin təfsirində belə yazır: “Həqiqətdə, şəfaət müsəlmanlara dua etməkdir.”14

Fəxri-Razi də şəfaəti Allah dərgahında dua, raz-niyaz kimi məna etmiş və الَّذِينَ يَحْمِلُونَ الْعَرْشَ وَمَنْ حَوْلَهُ يُسَبِّحُونَ بِحَمْدِ رَبِّهِمْ وَيُؤْمِنُونَ بِهِ وَيَسْتَغْفِرُونَ لِلَّذِينَ آمَنُوا رَبَّنَا وَسِعْتَ كُلَّ شَيْءٍ رَّحْمَةً وَعِلْمًا فَاغْفِرْ لِلَّذِينَ تَابُوا وَاتَّبَعُوا سَبِيلَكَ وَقِهِمْ عَذَابَ الْجَحِيمِ (Ərşi daşıyanlar və onun ətrafında olanlar öz Rəbbini həmd-səna ilə təqdis edir, Ona (qəlbən) inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər: “Ey Rəbbimiz, Sənin rəhmin və elmin hər şeyi ehtiva etmişdir. Artıq tövbə edib Sənin yolunla gedənləri bağışla, onları cəhənnəm əzabından qoru!)15 – ayəsinin təfsirində yazmışdır: “Bu ayədə ərşi daşıyanların günahkarlar üçün şəfaət istəməsi sübut edilir.” Demək, Fəxri-Razinin nəzərində şəfaət, şəfaətçinin günahkarı dua etməsi deməkdir.
Bəli, şəfaət duadır.16 Hədislərdə də deyilir: “Bir müsəlmanın başqa müsəlmana dua etməsi şəfaətdir.” İbn Abbas Peyğəmbəri-Əkrəmdən (s) belə nəql edir: “Hər zaman bir müsəlman ölsə və Allaha şərik qoşmayan qırx nəfər onun cənazəsinə namaz qılsa, Allah-Taala onların ölən şəxsə şəfaətini (duasını) qəbul edər.”17 Bu hədisdə dua edənlər şəfaətçi kimi tanıtdırılırlar.
Əhli-sünnə rəvayətlərinə əsasən, müsəlmanlar müəyyən bir zamanda imamın və yaxud digər müsəlmanların hüzuruna gedib, onlardan istəyirdilər ki, Allahdan yağış yağdırmasını diləsin. Belə istək şəfaətdən başqa bir şey deyildir.18 Məhəmməd ibn Əbdülvəhhab da diri insandan dua istəməyi caiz bilir.19

Ardı var...

İKİNCİ HİSSƏNİ BURADAN OXUYUN

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü


1. “Müfrədati əlfazil-Quran”, Rağib İsfahani, səh.457-458, “şəfaət” sözü.
2. “Ət-təhqiqu fi kəlimatil-Quran”, Həsən Müstəfəvi, 6-cı cild, səh.92.
3. “Fərhəngi istilahati mütəqabil və mütəşabih”, Əlirza Tahiri, səh.116-117.
4. “Ayini-vəhhabiyyət”, Ayətullah Cəfər Sübhani, səh.259 və 261.
5. “Sələfigəri, vəhhabiyyət və pasox be şübəhat”, Əliəsğər Rizvani, səh.458-459.
6. “Bəqərə” surəsi, ayə 254.
7. “Müddəssir” surəsi, ayə 48. Bax: “Əraf” surəsi, ayə 53; “Şüəra” surəsi, ayə 101.
8. “Ənam” surəsi, ayə 94. Bax: “Yunus” surəsi, ayə 18; “Zümər” surəsi, ayə 43; “Yasin” surəsi, ayə 23.
9. “Zümər” surəsi, ayə 44.
10. Bax: “Yunis” surəsi, ayə 3; “Məryəm” surəsi, ayə 87; “Taha” surəsi, ayə 109; “Səbə” surəsi, ayə 23; “Zuxruf” surəsi, ayə 86.
11. Bax: “Nəcm” surəsi, ayə 26; “Qafir” surəsi, ayə 7.
12. “Əl-ilahiyyat ələl-hudəl-kitabi vəs-sünnəti vəl-əql”, Ayətullah Cəfər Sübhani, səh.338-340.
13. “Nisa” surəsi, ayə 85.
14. “Tarixçeye-nəql və bərrəsiye-vəhhabiha”, Möhsün Əmin, tərcümə: Seyid İbrahim Seyid Ələvi, səh.258.
15. “Qafir” surəsi, ayə 7.
16. “Kəbir təfsiri”, Fəxri-Razi, “Qafir” surəsinin 7-ci ayəsinin təfsiri.
17. “Səhihi-Müslüm”, Müslüm ibn Həccac ibn Müslüm Nişapuri, 2-ci cild, səh.665.
18. “Səhihi-Buxari”, Məhəmməd ibn İsmayıl Buxari, 4-cü cild, səh.98.
19. “Ruykərde əqlani bər bavərhaye vəhhabiyyət”, Nəcmüddin Təbərsi, səh.68-69.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!