QURANİ-KƏRİMDƏ ŞƏFAƏT (1)

:

Sual: Şəfaət, Qurani-Kərimin “Bəqərə” surəsinin 123-cü ayəsi ilə ziddiyyət təşkil etmirmi?

Cavab: Peyğəmbəri-Əkrəmin və məsum imamların (ə) qiyamət günü şəfaət etməsi ilə “Bəqərə” surəsinin 123-cü ayəsi –وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلاَ تَنفَعُهَا شَفَاعَةٌ وَلاَ هُمْ يُنصَرُونَ  (Qorxun elə gündən ki, (o gün) heç kim heç kimin işinə yarıya bilməz, heç kəsdən (gördüyü pis işlər müqabilində) əvəz qəbul edilməz, heç kəsin şəfaəti fayda verməz və (Allahın əzabından xilas olmaqda) onlara (günahkarlara) heç bir kömək də göstərilməz!) – ilə ziddiyyət təşkil etməsini ondan əvvəl və sonrakı ayələrə diqqət yetirilmədən, yalnız onun zahiri mənası nəzərdə tutulduğu təqdirdə, güman etmək olar. Həm də, bu zaman şəfaətin yalnız Allaha məxsus olması ilə bağlı ayələrə əsaslanmaq, Onun izni ilə Peyğəmbəri-Əkrəmə (s) və məsum İmamlara (ə) şəfaətin icazə verilməsinə toxunan bir çox ayələrə göz yummaq lazımdır.
İzah: Qiyamətdə şəfaət məsələsi müsəlmanların nəzərində qəti və şübhəsizdir və heç kim onu danmır. “Bəqərə” surəsinin 123-cü ayəsində isə bu məsələ iki səbəbə görə inkar edilir:
1. Ondan əvvəl və sonrakı ayələrə əsasən, bu ayə yəhudilərin və İsrail oğullarının qiyamət günü şəfaət olunacaqlarına etiqad bəslədikləri ilə əlaqədardır. Onlar elə təsəvvür edirdilər ki, axirət aləmində də, fani dünyada olduğu kimi, dostluq əlaqələri sayəsində ilahi əzabdan nicat tapacaqlar.1 Odur ki, bu ayədə qeyd olunan “vəttəqu” (qorxun) ibarəsi İsrail oğullarına aiddir. Ondan əvvəlki ayə isə belədir:

يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

“Ey İsrail övladı, sizə verdiyim neməti və sizi aləmlər üzərinə üstün etdiyimi xatırlayın!”2
2. Bu ayədə Allahdan başqasının müstəqil şəkildə, yəni Onun izni olmadan şəfaət məqamına malik olduğu inkar edilir.
Bu məsələnin daha da aydınlaşması üçün bir neçə nöqtəni qeyd etməyi lazım görürük:
1. Şəfaətin mənası: “Şəf” (شفع) sözündən alınmış şəfaət (شفاعت) sözü lüğətdə cüt, artırmaq, vasitəçilik etmək kimi müxtəlif mənalarda işlənmişdir.3 Əllamə Təbatəbai bu haqda yazır: “Şəfaət cüt və ikilik mənasını daşıyan “şəf” sözündən götürülmüşdür. Bir termin kimi isə şəfaətçi ehtiramının, onun təsir qüvvəsinin şəfaət olunacaq nöqsanlı vasitə ilə birgələşməsinə və nəticədə, həmin nöqsanlı vasitənin şəfaətçi vasitəsi ilə təkmilləşməsinə deyilir. Belə olan halda, məlum nöqsanlı vasitə, şəfaət olunmaq niyyətində olan şəxsin şəfaəti qəbul olunacaq dərəcədə təkmilləşir və lazımi həddə yüksəlir.4
Şəfaətin mahiyyəti, əslində, şəfaət olunmaq istəyən şəxsin ləyaqətinin, qabiliyyətinin tamamlanması, lazımi səviyyəyə yüksəlməsindən ibarətdir. Yəni şəfaətçi elə bir iş görür ki, şəfaət olunmaq istəyən şəxsin nöqsanlılığı sıfıra enir və lazımi şəkildə təkmilləşir. Ağlın hökmünə görə, kamil olmayan hər hansısa bir varlıq tam kamil mənbədən bəhrələnməli və təkmilləşməlidir. Əgər bu təkmilləşmə prosesi üçün kifayət qədər qabiliyyətə malik deyilsə, müxtəlif vasitələrlə bu qabiliyyət və istedada yiyələnməlidir. Bu heç bir qanuna nəinki zidd deyil, əksinə ağlın gəldiyi qənaətin tələbidir. Başqa sözlə, şəfaətin mənası bu deyil ki, kimsə nöqsanlı vəziyyətdə və heç bir şərtin mövcud olmadığı halda onun üçün edilən şəfaət qəbul olunacaq, əksinə şəfaət, günahkar şəxsin, özünü təkmilləşdirməsi, islah etməsi və bu yolla haqqında görüləcək cəza tədbirini aradan qaldırılması deməkdir. Məsələn, “istisqa” namazı (quraqlıq zamanı yağış yağması üçün qılınan namaz) qılındıqdan sonra yağışın yağması havada heç bir dəyişiklik aparmadan baş vermir, əksinə öncə Allah-Taala yağışın yağma səbəblərini meydana gətirir, sonra isə təbii yolla yağış yağır. Məsələn, küləyə buludu (quraqlıqdan) od tutub yanan istiqamətə aparması göstərişini verir:

(بَلَدٍ مَّيِّتٍ وَاللَّهُ الَّذِي أَرْسَلَ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَسُقْنَاهُ إِلَى)

“Buludları hərəkətə gətirən küləkləri Allahdır göndərən! Biz (o buludları) quru (ölü) bir məmləkətə tərəf qovub, öldükdən sonra torpağı onunla dirildirik.”5

Ardı var...

Kitabın adı: Həqiqət sorağında
Tərcümə edən: Rza Şükürlü

ARDINI BURADAN OXUYUN


1. “Əl-mizan fi təfsiril-Quran”, Əllamə Məhəmmədhüseyn Təbatəbai, 1-ci cild, səh.155.
2. “Bəqərə” surəsi, ayə 122.
3. “Məcməül-lüğat”, Yazıçılar heyəti, səh.543; “Fərhənge bozorge camee novine ərəbi be-farsi”, Əhməd Səyyah, “şəfaət” sözü.
4. “Əl-mizan fi təfsiril-Quran”, 1-ci cild, səh. 155.
5. “Fatir” surəsi, ayə 9.

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!