ƏBƏDİ HƏYAT - 10

:

İZAHLAR
Əbədi və xoşbəxt həyatın əsasını təşkil edən bu iki prinsip (Allahın ədaləti və ilahi hikmət) haqda bir qədər məlumat verməyi məqsədəuyğun bilib, onları qısa şəkildə izah edirik.

1. ALLAHIN ƏDALƏTİ
Ədalətin ümumi məfhumu hər hansı bir şeyi öz həqiqi sahibinə çatdırmaqdan ibarətdir. Bir şəxsin öz haqqından məhrum və başqa birinin buna sahib olması zülm və ədalətsizliyin bərqərar olması deməkdir.
Şagirdlərdən imtahan götürən müəllim əgər onlardan bəzilərinin qiymətini kəsib, bəzilərinkini isə artırarsa, ədalətsizlik etmiş olur.
Ədalətin bərqərar olunması üçün bəzən bərabərliyə diqqət yetirmək lazımdır. Bərabərlik deyildikdə, hamıya eyni gözlə baxmaq nəzərdə tutulur. Yəni hər bir şəxsin haqqı lazım olan həddə ödənilməlidir. Çoxa layiq olan çox, aza layiq olana isə az verilməlidir. Belə olduqda, heç bir ayrı-seçkiliyə yol verilmir. Amma bəzən bərabərlik deyildikdə, hamının eyni qaydada təmin olunması nəzərdə tutulur. Bu isə ədalət prinsiplərinin tam ziddinədir. Belə ki, hər bir şəxs öz zəhmət və istedadına müvafiq olaraq təmin olunmalıdır. Birinin çox, digərinin isə həddindən artıq az zəhmət çəkməsinə ictimaiyyətdə xüsusi diqqət yetirilməlidir və bərabərlik şüarı altında onların hamısını eyni qaydada təmin etmək ədalətdən uzaq olar. Demək, Allahın ədaləti deyildikdə, ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, hər bir varlıq ilahi nemətlərlə bacarıq və istedadı çərçivəsində təmin olunur. Nəyin və ya kiminsə, nədənsə məhrum olması heç də ədalətsizlik deyildir. Sadəcə olaraq, həmin varlıq məhrum olduğu şeyi ixtiyarında saxlaya bilməsindən və ona malik olmağa qüdrəti çatmamasından irəli gəlir.
İnsan digər canlılardan fərqli olaraq, özünəməxsus istedad və bacarığa malikdir. Heyvanlar bütün işlərini təbii qanunlar əsasında yerinə yetirirlərsə, insan öz həyat və fəaliyyətini şüur və düşüncə ilə həyata keçirir. O, əxlaq, elm, zövq və digər ilahi xüsusiyyətlərə malik olduğu üçün digər varlıqlardan daha üstün hesab olunur. O, bəzən hər şeyi öz hədəflərinə nail olmaq üçün qurban verir. Quran insanın səadət və xoşbəxtliyini iman və xeyirli işlərdə görür. O, əbədi həyat arzulayan və Allahın razılığını qazanmaq istəyən bir varlıqdır. Çünki insan əbədi həyat arzulamaqla yanaşı ona doğru sövq olunur.
Demək, insan əbədiyyata layiq və qadir bir varlıqdır. Onun ruhunu maddiyyat təşkil etmir. O, daim kamala doğru hərəkət edir. İnsanın dünyəvi həyatı axirət dünyası ilə müqayisə edildikdə, onun dünyəvi həyatı ana bətnindəki doqquz aylıq mərhələyə bənzəyir. Belə ki, ana bətnində görmə, əsəb, eşitmə, cinsi orqan, qan dövranı, tənəffüs və sair orqanlar ixtiyarında olsa belə, onlardan istifadə edə bilmir. O, bütün bunlardan yalnız dünyaya gəldikdən sonra bəhrələnə bilir. Bu dünyada da o, görmə, eşitmə və sair qabiliyyətlərə malik olmağına baxmayaraq, bu dünyada axirətdə müşahidə edəcəyi həqiqətləri dərk etməyə qadir olmur. İnsan özünün iman və xeyirxah işləri ilə həyatdan zövq alır. İman və xeyirxah işlər yalnız insanın əbədi həyatında və əbədi həyatı üçün özünün həqiqi məna və məfhumunu kəsb edir.
İnsan əbədi həyata yalnız iman və xeyirxah işləri ilə deyil, küfr və dinsizliklə də nail olur. Amma bu əbədi həyat din, iman və xeyirxah işlərlə əldə olunan həyatdan çox fərqlidir. Quran bu əbədi həyatı əzab-əziyyət, işgəncə və bədbəxtçiliklərlə dolu olan “Cəhənnəm” adlandırır.
Heç də belə təsəvvür etmək lazım deyil ki, insan iman və xeyirxah işləri tərk etməklə heyvanlıq (şüursuzluq) dərəcəsinə enəcəkdir. Xeyr,belə olduqda, Quran insanın ondan da aşağı mərhələyə endiyini bəyan edir: “İnsan heyvandan daha aşağı mərhələyə enir və Allahla olan rabitəsini birdəfəlik qət edir.”
Əgər əbədi bir həyatın varlığını qəbul etməsək, onda ilahi qanunlar çərçivəsində yaşayıb saleh işlər görən insanlarla, qanuna tabe olmayıb üzdəniraq və nalayiq işlər görən insanları ədalətə riayət etməyən müəllim və şagirdlərin misalına çevrilir. Belə ki, müəllim il boyu zəhmət çəkib dərs oxuyan və imtahanda müvəffəqiyyət qazanan şagirdlərlə yanaşı, əsla dərsə diqqət yetirməyən, sinifdə ədəb qaydalarına riayət etməyib imtahanda da müvəffəqiyyət əldə etməyən şagirdlərə yüksək və eyni qiymət verir və yaxud onların hər ikisini yüksək qiymətdən məhrum edir. Bu zülm və ədalətsizlikdir.
Bu mətləbi sadə dillə də ifadə etmək olar. Belə ki, Allah-taala insanları iman və saleh əməllərə dəvət etmişdir. İnsanlar da bu dəvətin qarşısında iki mövqe tuturlar: bəziləri bu dəvəti qəbul edib onun fikri, əxlaqi və əməli qanunlarına riayət edirlər, digərləri isə qanundan boyun qaçıraraq fəsad, pozğunluq, zülm və ədalətsizliklə məşğul olurlar. Məlum məsələdir ki, bu dünyada hamı öz əməlinin mükafat və ya cəzasını lazımınca almır və ədalətli bir məhkəmənin qurulması labüd bir məsələyə çevrilir. Belə ki, insanların bəziləri ömürlərini xeyirxah işlər, bəziləri isə fitnə-fəsad törətməklə başa vurur və dünyalarını mükafatlandırılmadan və ya cəzalandırılmadan dəyişirlər. Demək, insanların ədalət prinsipləri üzərində mükafatlandırılıb və ya cəzalandırılması üçün axirətin olması lazım və zəruridir.

2. İLAHİ HİKMƏT
İnsanların gördüyü işlər iki qismə bölünür:
1. Heç bir nəticə verməyən, səadət və kamala çatdırmaqda təsiri olmayan əyləncə və işlər. 
2. Müqəddəratımızı həll edən və bizi səadət və kamala çatdıran faydalı işlər.
Birinci qismə aid olan işləri puç və batil, ikinci qismə aid olan işləri isə əqli və həkimanə adlandırılır.
Demək, bizi kamala çatdıran işlər, gördüyümüz faydalı və xeyirxah əməllərdir. Allahın hikmətli işləri necə? O, da özünün gördüyü bəzi hikmətli işləri ilə kamala çatır və ya əksinə olaraq ondan məhrum olur!
O, heç bir şeyə ehtiyacı olmayan mütləq bir varlıqdır. Onun gördüyü bütün işlər xeyir və hikmətdir. “Hikmətli işlər” Allah və insan barəsində müxtəlif məna kəsb edir. Bu məfhumu insana aid etdikdə, onun mal və səadətə çatması üçün atdığı uğurlu addımlar və gördüyü xeyirxah işlər nəzərdə tutulur. İlahi hikmət deyildikdə isə, insanların səadət və kamala sövq edilmələri nəzərdə tutulur.
İnsanı kamala çatdıran hikmətli işlərə gəldikdə, mühüm bir məsələyə diqqət yetirmək lazımdır. O, da bundan ibarətdir ki, insanın gördüyü işlər və hasil etdiyi nəticə arasında həqiqi rabitənin mövcud olmasına heç bir zərurət duyulmur. Yəni kamal insanın gördüyü işin nəticəsi deyil, ondan bəhrələnməsidir. Məsələn, dəmirdən maşın düzəldir, daşdan ev tikir, parçadan paltar tikir və s. Evin tikilib və ya maşının düzəldilib hazır olması kamal deyil, ondan səmərəli istifadə və bəhrələnmək kamal hesab olunur.
Amma Allahın gördüyü işlər və nəticə arasında həqiqi rabitə bərqərardır. Yəni hər bir işin nəticəsi həmin işin kamalı deməkdir. Allah yaratdığı hər bir varlığı kamala doğru istiqamətləndirir və onu son mərhələyə çatdırır. Adi toxumun göyərərək buğdaya çevrilib səmərə verməsi, onun son mərhələsi və kamala çatması deməkdir.
Bu günlər bir çoxlarının, haqqında mübahisə etdikləri məsələlərdən biri də dünya və təbiətin daimi dəyişkən və qeyri-sabit olmasının isbatı haqqındadır. Belə bir əqidəyə əsaslananlar dünyanın daim hərəkətdə olduğunu və yetkin nəticəyə çatmadığını iddia edirlər. Yəni dünya hər hansı bir mərhələni arxada qoyduqdan sonra, yeni mərhələlərlə üzləşir və beləliklə, yeni-yeni mərhələləri keçərək həqiqi məqsədə nail olmur. Dünyanın keçdiyi mərhələləri yalnız o zaman həqiqi hesab etmək olar ki, nəticədə son və həqiqi məqsədə çatmış olsun. Demək, dünya özünün son mərhələsinə çatmayırsa, puçluqdan savayı bir şey deyildir.
Quran onların cavabında deyir: Əgər yalnız dünya və təbiət nəzərdə tutulsa, belə bir fərziyyə ilə qənaətlənmək olardı. Əgər torpaq üzərində göyərmiş ot saralıb aradan getməklə və dünyaya gəlmiş hər bir varlıq müəyyən müddət keçdikdən sonra məhv olmaqla nəticələnsəydi, belə bir naqis fərziyyəyə əsaslanmaq olardı. Amma varlıq deyildikdə, biz yalnız təbiət və dünyanı nəzərdə tutmamalıyıq. Dünya “ilk gündür”. Zaman dövr edir və növbə “sonuncu günə” çatır, dünya “getmək”, axirət isə “çatmaq” deməkdir.
İmam Əli (ə)-dan bu haqda nəql olunmuş hədislərdən birində belə buyurulur: “Dünya ötüb keçmək, axirət isə qalmaq mənzilidir.”
Dünyaya məna verən axirətdir. Çünki hərəkət və fəaliyyətə məna verən də məhz sonuncu məqsəddir. Əgər əbədi axirət dünyası olmasaydı, dünyanın heç bir məna və məfhumu olmazdı. O, heç bir mərhələləri keçmədən məqsədə çata bilməzdi. Belə olduqda, yaradılış puç və hədər sayılmalı idi. Amma bəşəriyyətə Allah tərəfindən peyğəmbərlər göndərilmiş və bu həqiqətin mahiyyəti onlara bəyan edilmişdir. Peyğəmbərlər insanların dünya və təbiət barəsində düçar olduqları səhv düşüncələri saf əqidə və təfəkkürlə əvəz edərək, onları haqqa hidayət etmişlər. Bütünlüklə olmasa da, Allaha iman gətirmiş şəxslərin etiqadlarının əsas hissəsini axirət gününə və əbədi həyata olan iman təşkil edir.

Kitabın adı: Əbədi həyat
Müəllif: Əllamə Şəhid Mürtəza Mütəhhəri

 

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!