ZİL-QƏDƏ AYININ FƏZİLƏTİ VƏ ƏMƏLLƏRİ

:

Zil-qədə ayının təqvimi:

1 zil-qədə: Bir rəvayətə görə hicri-qəməri 173-cü il zil-qədə ayının 1-i Xanım Fatimə Məsumə (s.ə) dünyaya gəlmişdir.1

11 zil-qədə: İmam Əli ibn Musa ər-Rzanın (ə) səadətli doğum günüdür (hicri-qəməri 148-ci il)

23 zil-qədə: Bəzi rəvayətlərə görə İmam Əli ibn Musa ər-Rzanın (ə) vəfat günüdür (hicri qəməri 203-cü il). Bu gündə o həzrəti ziyarət etmək yaxşıdır. (Baxmayaraq ki, məşhur rəvayətə görə İmam Rzanın (ə) vəfat günü səfər ayının axırıncı günüdür.)3

25 zil-qədə: İmam Rzanın (ə) buyurduğu bir hədisə istinadən, bu gün "Dəhvul-ərz" günüdür. Yəni bu gün ilk torpaq arazi (quru ərazi) suyun altından üzə çıxmışdır, belə ki, yer üzü o vaxtlar tamamilə su ilə örtülübmüş. Bəzi hədislərə istinadən, suyun altından üzə çıxan və tədricən genişlənən ilk quru ərazi Məkkə torpaqları, xüsusilə də Kəbə evinin yerləşdiyi yer olmuşdur. Buna görə də Məkkə "Ummul-qura", yəni "abadlıqların anası" adını almışdır.4
Zil-qədə ayının axırıncı günü: İmam Məhəmməd Təqinin (ə) vəfat günüdür (hicri-qəməri 220-ci il). Mötəsim Abbasi onu Bağdadda zəhərlədib öldürtdü. Şəhid olarkən o həzrətin cəmi iyirmi beş yaşı var idi. Onun pak cənazəsini Bağdad yaxınlığında yerləşən Kazimeyn şəhərinə gətirib babası İmam Musa Kazimin (ə) kənarında dəfn etdilər. Bu şəhərin Kazimeyn adlanmasının da səbəbi elə budur (əvvəllər bu şəhər "Qureyş qəbirləri" adlanırmış)."5
Hədislərin birində o həzrət buyurub: "Mən Məmunun ölümündən otuz ay sonra rahatlığa çıxacağam."6 O həzrət bu hədisdə Məmunun ölümündən iki il yarım sonra şəhid ediləcəyinə işarə etmişdir. Həmçinin, o, Bəni-Abbas hökuməti tərəfindən nə qədər təzyiq altında olduğunu çatdırmaq istəmişdir.

Zil-qədə ayının fəziləti:
Zil-qədə ayı "haram aylar"dan birincisidir. Bu ayda müharibə etmək, hətta İslam düşmələrinə qarşı belə, haramdır. Əlbəttə, əgər müsəlmanlara qarşı müharibə qaldırsalar və müdafiə olunmaq lazım gələrsə, bu, istisna hal daşıyır. (Digər "haram aylar" zil-hiccə, məhərrəm və rəcəb aylarıdır.) Bu dörd ayda atəşkəs etmək insanların dincəlmələrinə, həcc ziyarətini yerinə yetirmələri və ibadətlə məşğul olmalarına, iqtisadi çətinlikləri həll etmələrinə, müharibənin amillərinə yenidən nəzər salıb ona son qoymaq üçün çıxış yolları axtarmağa, müharibənin ürəkyaxıcı nəticələrini aradan qaldırmağa zəmin yaratmaqdan ötrüdür.
Allah evini ziyarət etmək istəyənlər bu ayda dünyanın müxtəlif yerlərindən Məkkəyə tərəf yola düşürlər. Bəzi dəstələr ilk öncə Mədinə şəhərinə gəlib Həzrət Peyğəmbərin (s) və İmamların (ə) qəbrini ziyarət edirlər, bu şəhərdə İslamın tarixi abidələrini görürlər. (Çox təəssüflər olsun ki, nadan vəhhabilər bu dəyərli tarixi abidələrin əksəriyyətini məhv etmişlər.) Bəzi dəstələr isə Məkkə şəhərinə gəlib "təməttu umrə"ni yerinə yetirir, böyük siyasi ibadət olan həcc ziyarətini gözləyirlər.
Kəbəni təvaf etmək, əzəmətli camaat namazında iştirak etməklə mənəviyyatlarını qidalandırırlar. (Allah bu ziyarəti bütün arzulayanlara qismət etsin.) Həcc ziyarətinə növbəti dəfə və ya dəfələr nail olmaq isə xatirələri yeniləyir.
Seyid İbn Tavus bu ayın fəziləti barədə deyir: "Bu ay çətinliyə düşənlərin dua etmələri üçün yaxşı zamandır. Zülm və sitəmin aradan qalxması, zalımın məhv olması üçün dua etmək təsirlidir." Həmçinin yazır: "Bu ay "duaların qəbul olunması ayı" adlanmışdır. Odur ki, onu qənimət hesab edin ve hacət orucu tutun." 8

Zil-qədə ayının əməlləri:
Bu ayın bazar günü (yekşənbə günü) qılınan namaz: Həzrət Rəsulallahdan (s) bu ayın bazar günü qılınan bir namaz nəql olunubdur. Hədisdə bu namazın fəziləti barədə buyurulur ki, kim onu qılsa, tövbəsi qəbul olunar, günahları bağışlanar, bu namaz onun özünə və ailəsinə xeyir-bərəkət gətirər, kiməsə borcu varsa və ya onun boynunda kiminsə haqqı varsa, Qiyamət günü bu kəslər ondan razı qalar, dünyadan imanlı gedər, qəbri geniş və işıqlı olar, ata-anası ondan razı qalar, Allah onun ata-anasını da bağışlayar, onun nəsli də bağışlanar, ruzisi artar. Ölüm mələyi onun canını alarkən onunla xoş davranar və canını rahat alar.9 Həzrət Rəsulallah (s) bu namazın qaydasını belə bəyan etmişdir:
Bazar günü qüsl et və dəstəmaz al. Dörd rəkət (iki rəkət-iki rəkət) namaz qıl. Hər rəkətdə bir dəfə "Həmd", üç dəfə "İxlas", bir dəfə "Fələq" və "Nas" surələrini oxu. Namazı qılıb qurtardıqdan sonra yetmiş dəfə "istiğfar" et (bağışlanma dilə). Sonra de:
لا حول و لا قوة إلا بالله العلى العظيم
"Uca və əzəmətli Allahdan qeyri hərəkət və qüvvə yoxdur." Daha sonra de:
يا عزيز يا غفار، إغفر لي ذنوبي، و ذنوب جميع المؤمنين و المؤمنات، فإنه لا يغفر الذنوب إلا أنت
"Ey izzətli, ey çox bağışlayan, mənim günahlarımı və bütün mömin və möminələrin günahlarını bağışla, çünki Səndən qeyri kimsə günahları bağışlamır."10  Hədisin davamından belə başa düşülür ki, bu namazı bu aydan qeyri vaxtlarda da qılmaq olar. 

Bu ayda üç gün oruc tutmaq: Həzrət Rəsulallah (s) buyurub ki, hər kim "haram aylar"in cümə axşamı, cümə və şənbə günlərini oruc tutsa, ona bir ilin ibadəti yazılar."11

Zil-qədənin on beşinci gecəsi: Həzrət Rəsulallah (s) buyurub ki, zil-qədə ayının on beşinci gecəsi mübarək bir gecədir. Allah bu gecə mömin bəndələrə rəhmət nəzərini salar. Kim bu gecə Allaha ibadətlə məşğul olsa, çoxlu savab əldə edər... Gecə yarı olduqda Allaha ibadət edib namaz qılın. Allahdan öz istəyinizi diləyin, çünki bu gecə kimsənin istəyi cavabsız qalmaz.12

Zil-qədənin 25-i ("Dəhvul-ərz" günü): Qeyd etdik ki, bu gün ilk torpaq ərazi suyun altından üzə çıxdı və tədricən genişləndi. Bu gün bir neçə əməl yerinə yetirilir:
1) Hədislərin birində Əmirəl-möminin Əli (ə) buyurur: "İlk rəhmət asimandan yerə zil-qədə ayının 25-də nazil olmuşdur. Buna görə o hər kim bu günü oruc tutsa və bu gecəsini ibadətlə məşğul olsa, yüz ilin ibadətinin savabını əldə edər."
Həmçinin o həzrət buyurmuşdur: "Əgər bu gün bir dəstə Allahı zikr etməklə məşğul olsa, onlar dağılışmamış Allah onların istəklərini həyata keçirər. Allah bu gün min-min rəhmət nazil edər və bu rəhmətin bir qismini bir yerə toplaşıb Allahı zikr edən, bu günü oruc tutub gecəsini ibadət edən kəslərə şamil olar."13
2) Günün əvvəlində (günəş bir qədər yuxarı qalxdıqdan sonra) iki rəkət namaz qılmaq müstəhəbdir: hər rəkətdə "Həmd"dən sonra beş dəfə "Şəms" surəsini oxuyun. Namazın salamından sonra bu duanı oxuyun:
لا حول و لا قوة إلا بالله العلى العظيم؛ يا مقيل العثرات، اقلنی عثرتی؛ یا مجيب الدعوات، أجب دعوتی؛ يا سامع الأصوات، اسمع صوتی؛ و ارحمنی و تجاوز عن سيئاتي و ما عندى، يا ذا الجلال و الإكرام.
"Uca və əzəmətli Allahdan qeyri hərəkət və qüvvə yoxdur. Ey sapqınlıqlara göz yuman, mənim sapqınlıqlarıma göz yum! Ey duaları qəbul edən, mənim duami qəbul et! Ey səsləri eşidən, mənim səsimi eşit! Mənə rəhm et, günahlarımdan və pis əməllərimdən keç, ey cəlalət və ikram sahibi."14

Kitabın adı: Yeni Məfatih
Hazırladı: Rəsul Mahmudzadə


1. Furuği əz kovsər, (Xanım Fatimə Məsumənin (s.ə) həyatı), s.32.
2. Muntahəl-amal, İmam Rzanın (ə) həyatı; Biharul-ənvar, c.49, s.9, hədis: 16 və s.10,hədis:17
3. Muntahəl-amal, İmam Rzanın (ə) həyatı.
4. Biharul-ənvar, c.11, s.217, hədis: 29.
5. Muntahəl-amal, İmam Məhəmməd Təqinin (ə) həyatı.
6. Biharul-ənvar, c50, s.64: Kəşful-ğummo, c.2, s.363.
7. İqbal, s.306.
8. İqbal, s.307.
9. İqbal, s.308.
10.Öncəki qaynaq.
11.Öncəki qaynaq.
12.İqbal, s.309.
13.İqbal, s.312.
14.İqbal, s.314.

Tags: MÜXTƏLİF DİNİ MÖVZULAR, TARİX

Çap

Bismillahir-Rəhmanir-Rəhim. ƏsSəlamu ələykə ya Rəsuləllah - ƏsSəlamu ələykə ya Vəliyyəllah!